Rafiq Tağı: “Ədəbiyyatda inqilab üsulları məqbuldur”
Tarix: 29-06-2017 10:24
Baxış sayı: 1623
- Son vaxtlar ədəbi mühitdə bir çalxalanma, qabarma hökm sürür. Sanki illərlə yığılıb qalan dərdlər boy verir. Həllini gözləyir. Nə baş verir?
- Həyat özü bunu diktə edir. “Çalxalanma və qabarma”lar dəniz və okeanların, eləcə də cəmiyyətlərin romantik halıdır. Marinist rəssam Ayvazovskinin rəsmlərinə baxıbsınızmı?
Dəniz dalğalı daha gözəl görsənir.
Əvvəlcə ədəbiyyatda inqilablar olur, sonra həyatda. Ədəbiyyat həyatdan öndə getməlidir, arxada yox. Rusiya cəmiyyətində bir əsrlik inqilab ərəfəsinin ədəbiyyatı bunun sübutudur. Dəyişiklikləri, proqresi ədəbiyyat yaradır. XX əsr rus ədəbiyyatı da demokratiyaya keçidi əsaslandırmışdı. Ədəbiyyat ictimai analeptikdir.
Bizdə hər şey tərsinədir. XX əsr ədəbiyyatımız millətin taleyində əsasən uyuşdurucu rol oynayıb. Zaman-zaman davamız da bu. Bizim misalımızda ədəbiyyat daim həyatın dalınca sürünür. Təbii hadisə deyil bu və bir az da klassik poeziyamızla şərtlənir.
Bizdə klassik poeziya elə indi də millətə ictimai biganəlik aşılamaqdadır.
Ədəbiyyatımızdakı hadisələri bəzən məcburi qızışdırmalı oluruq. Əlbəttə, yalnız bu halda zorakılıq keçərlidir. Ədəbiyyatda inqilab üsulları məqbuldur.
- Çağdaş ədəbiyyatımızda gedən proseslər yazar kimi sizi qane edirmi? Bütün bu hay-küylər lazım idimi?
- İnkişaf məni qane edir. “Hay-küy” vulqar sözdür. Bəyəm hamı susub oturmalıdır? İnsanlar danışdıqca, fikirlər itiləşir. Söz sözü çəkir, fikirdən fikir doğur. Onsuz Azərbaycan cəmiyyəti fikir və ideya yoxsuludur. Əfsus, olan fikir və ideyalar da düşmənçiliklə qarşılanır. Bu, ictimai bəlamızdır. Amma keçəcək. Cəmiyyətlərdə bu tipli xəstəliklər tez keçib gedəndir.
- Ədəbi mühitdə bir çox cəbhələşmələr və qruplaşmalar var və hələ də yaranır. Sizcə, bu cəbhələşmə və qruplaşmalar ədəbiyyatımıza hər hansı bir töhfə verə bilərmi? Yoxsa bəzi maraqların təmin olunmasından, kimlərinsə “mən də varam” iddiasından sonra süstlük yaranacaq?
- Demokratik cəmiyyətlərdə özünüidarəçilik qabiliyyəti olur. Daxili müvazinəti toplum özü tənzimləyir, yaxud tənzimləməlidir. “Cəbhələşmə və qruplaşmalar” bəzən kobud görünən demokratikləşmə əlamətləridir. Özü də demokratiyalarda bunların sayı qabaqcadan müəyyən edilmir. Hətta sonsuz sayda ola bilər.
Gəlin, bu ictimai birlik və qurumlara da naqis adlar verməyək. “Cəbhə” sözü artıq özü-özlüyündə düşmənçiliyi ehtiva edir. Qruplaşmalara mən demokratik inkişafın vacib faktoru kimi baxıram. Dialektikadır bu. “Maraqları təmin olunan” biri susacaqsa, yerinə başqası gələcək. Alternativlik toplumu xilas edir. Açıq cəmiyyətlərdə müəyyən qrupların iflası da qaçılmazdır və belə şey mütəmadi olur. Qorxunc deyil bu. Qorxunc olanı yenilənməyə cəhdlərin yoxluğudur.
- AYB-də qurultayqabağı bir çox hadisələr yaşanaraq, yaddaşlara həkk olundu. Anarla Şamo Arifin münaqişəsi, AYB üzvü olan şair Şaiq Vəlinin üç övladı ilə keçirdiyi aclıq aksiyası və sair. Bunların qurultay öncəsi baş verməsi təsadüfidirmi? Bir AYO-çu yazar olaraq, bu və digər hadisələrə münasibətiniz maraqlı olardı.
- Gəlin görək, axı, nə baş verib – stəkanda tufan. Şamo Arifin böyük tamaşanın kiçik personajı kimi hərdənbir ortaya atılması cansıxıcııdır. Həmişə də şəxsi mənafedən çıxış edir, Süleyman Rəhimovu gözdən salır.
Məncə, Süleyman Rəhimovla Şamo Arifi bioloji-genetik nazik xətdən savayı heç nə birləşdirmir.
Şəxsi maraqlar çərçivəsi mənim üçün darıxdırıcıdır.
- Hazırda belə bir deyim gündəmdədir: AYB – iqtidar, AYO – müxalifət. Bununla bağlı nə deyə bilərsiniz?
- AYB-nin iqtidarla işbirliyi əyandır. Bu, dövlətin zəifləməsinə gətirib çıxaran amildir. AYO isə siyasi müxalifətdə yox, əxlaq müstəvisində Şərə qarşı müxalifətdədir.
Şər həm iqtidar, həm də siyasi müxalifət səmtindən gələ bilər.
- Psixoloq Elmir Əkbər öz müsahibəsində “Rafiq Tağı nə həkim kimi, nə də yazar kimi özünü təsdiq edə bilməyib” ifadəsini işlədib. Sizcə, Elmir Əkbərin bu qədər aqressiv olmasına səbəb nədir?
- Elmir Əkbər psixoloq deyil, psixoterapevtdir. Bunlar bambaşqa şeylərdir. Bilirsiniz, bu iki sahənin hər birinin də öz qanunları var. Televiziyalarda psixoloq və psixoterapevt anlayışlarından xəbərsiz olduqlarından, Elmir, sadəcə, psixoloq rolunu icazəsiz mənimsəyib.
Bu, qalayçının zərgər, yaxud ginekoloqun kosmetoloq işləməsi kimi bir şeydir.
Əlbəttə, Elmir Əkbərin hamı kimi söz demək hüququ var. Ancaq bu hüquqdan ağzına gələni demək şəklində istifadə etməzlər. Bu qədər qeyri-peşəkar söz deməyi ona yaraşdırmadım. Sən demə, təzəcə doğulmuş quzu kimi onun sənətə-ədəbiyyata, hətta təbabətə də gözü bağlıdır. Bilmədiyi şeydən danışmağa həvəslidir. Əfsus, gənc bir həkim olaraq, toy proqramlarında “bərkiyir”; bu sarıdan ona ürəyim yanır. Psixiatrik məktəblər keçməyib; korrupsiyalaşmış cəmiyyətdə də təcrübə toplamağa elə bir yer yox. Mən bircə görüşdəcə onun içindəki aqressiyanı gördüm. Qınamıram, uşaqlığı müharibə dövrünə düşüb – bəlkə də ondandır. Doxsanıncı illər onu komplekslər içinə soxub. Yumurta bişirən istilərdə belə televerilişlərə kostyum və boğucu qalstukda gəlir: həyatda üzü qaranlıq səmtinə - ziyalı qılafındadır. Onun özünə qəşəng bir psixoterapevtik müalicə gərəkdir. Bir Azərbaycan kişisi kimi də Samir Bağırov dərəcəsində incədir. Elmirin işi-peşəsi içindəki, ona əziyyət verən, aqressiyanı ört-basdır etməkdən ibarətdir.
Məncə, “Onun yarısı” toy proqramındansa, döyüş bölgələrində psixoterapevtə ehtiyac daha böyükdür.
- Rafiq bəy, xəstələrinizə kitablarınızdan heç bağışlamısınızmı?
- Olub. Həkim kimi mənə marağı yarandığına görə də, xəstə yazdıqlarımı maraqla oxuyub.
Bir iş var ki, xəstələrimin 95 faizi mənim yazıçı olduğumu bilmir. Bildirmirəm.
“Mərkəz” qəzeti