Tarix: 20-05-2019 15:52
Baxış sayı: 1143
Məni yandıran əsas şey Cəmaləddinin aeroportdan birbaşa Lənkərana «yüyür»məsi oldu. Səkib getdi, çapıb vardı. Bizə dəymədi. Səməd onsuz elə mənim nəzərimdə də fərli-başlı bir insan deyildi; Camalın onu saymaması təbii və düzgün idi. Ancaq bə mən? Axı, o mənə də vız atmamışdı. Öləndə insan dəyişilərmiş. Ölüdə dirilikdəki xüsusiyyətlərin bircəciyi də qalmır. Əşi, axı, biz onunla birgə ən azı bir ton çörək yemişik. Bə bunların hörməti necoldu? Hayana getdi? Yerə, həm də göyə paralel tərzdə, izlənirmiş kimi - Bakı küçələrini oğrun-oğrun, sink tabutda gizlənə-gizlənə keçib. Elə bil Lənkəran qaçırdı - dalınca qaçdı.
- İşə bax, Cəmaləddin altı-yeddi gün qabaq ordan keçib, - Səmədlə çayxanada oturan saat əlimi oraq kimi əyri küçə səmtinə sarı uzatdım.
- Kim keçib?
- Dedim axı: Camal.
- Hardan?
- Ordan.
- Ora haradır?
- Ora elə oradır: gözünün içi. Dolamağa adam tapmadın?
- ...Bilsəydik, qabağını kəsərdik. Gəlin maşını kimi.
- Əbləh adam, heç zarafatın yeridir? Guya sən bilmirsən kimdən söhbət gedir?
- Sən öl, mən ölsəydim, elə etməzdim.
"Qurumsaq - bilirmiş".
- ...Özü də mən onu səndən fərqli, ölmüş sanmıram.
- Vallah, sən danışanda bişmiş toyuğun gülməyi gəlir. Bə rəhmətə getmək nə olan şeydi? Ölmək demək deyil?
- Hər halda, o ölməyib.
- Sağdır?
Camal Moskvaya gedənəcən hər bazar üçlükdə bulvara çıxıb havamızı dəyişərdik. Söhbətlərimizi görənlər bizə "üçqardaş" adı qoymuşdular. Moskvaya ölməyə gedibmiş - alnına yazılan avtomobil qəzasını becid reallaşdırmağa. Əlbəttə, Moskvanın yanında kəndə oxşayan Bakıda avtomobil qəzası ehtimalı azdı. Ancaq indi Cəmaləddin yoxdusa da, həmtayının başı üzülmüş toyuqlar kimi bunu vecimizə almırdıq. Ay budu ha, yenə təmiz havaya çıxmışıq! Sərgüzəştlərimizdən qalmırıq. Məncə, təmiz hava - əhlikeflik əlamətidir. Hələ təmiz havaya əlavə kimi də çaylamağa oturduq. Elə çay da kef-damaq rəmzidir. Düzdü, Səməd bunu inkar edir, belə şeylərə heç də mənim kimi baxmır. Dediyim kimi, mənsə hətta arsızlıq kimi baxıram və dediyimi sübut edərəm də. Təmiz hava - orqanizmi möhkəmlətmək istəyidir ki, dost ölümündən sonrakı basabasda bu, qəbahətdir. Təmiz namərdlikdir.
Hardasan-burdasan, növbəti görüşümüzdə Cəmaləddin söhbətimizin əvvəlindən ortasına sürüşdürüldü. Camal söhbətin ancaq ortasında yadımıza düşdü. "Yadımıza" deyəndə - bir tək mənim yadıma. Səməd özlüyündə Camalı bəlkə heç xatırlamayacaqdı da. Bir növ, onu xatirələrə bizləməklə qatdım. Vəzifəsi respublika əhəmiyyətli bir adam ölüb özünü söhbətimizin əvvəlinə soxuşdurmuşdu. Ondan xeylaq danışdıq. Böyük adamlar dirilikdə də özünü qabağa soxur, ölülükdə də. "Böyük adam" hətta yüz ilin dostunu da söhbətin əvvəlindən ortasına, hətta axırına sıxışdırmaq qabiliyyətinə malikdir. Səmədlə ikimiz söhbətlərdə iyerarxiya prinsipini həmişə gözləyən olmuşuq. Bu həm də bir az bizim bürokratlığımıza dəlalət edən şeydi. Camalın sağlığında söhbətlərimizdəki demokratizm bəlkə yalnız onun sayəsində idi. İndi etməsin, Camal adi dılğırı da şişirdib birinci söhbət mövzusu edə bilirdi. Camal dılğırı qaldırıb dağ başına qoyandı. Səməd isə onu hökmən ya axıra qısnayar, ya da söhbətdən tamam silərdi.
Hə, Camal bircə həftənin içində əlli-altmış faiz unudulmuşdu. Bu, çox pis göstərici idi. Tez yaddan çıxmaqda, bilməmişik, ya Camal özü zay imiş, ya da biz zay olmuşuq və elə indi də zayıq. Ya zəlzələdən, ya vəlvələdən, hər halda, Camal ölmüşdü və onun yoxluğu sarsıdıcı deyildi. Hətta mənim üçün də. Hələ onu söhbətin barı ortasındasa qanıma işləmiş ümummilli əxlaq saxladı, heç mən yox. Dediyim kimi, bunda Camalın öz günahı da az deyilmiş. Kimlərləsə dostluğu təkcə onları yedirdib-içirtməklə etməzdilər ki. Həm də məəttələm, o bizi nə sayırdı! Bəlkə heyvan sayırmış? Yalnız itə yal verib ondan sədaqət gözləyərlər! Ancaq biz sədaqətsizliyimizlə əslində itlərdən yüksəkliyimizi sübut etmiş olurduq. Hərçənd it sədaqəti effekti məndə Səməddən güclü alınmışdı - onu söhbətin ortasında mən xatırlamışdım. Mən Səməddən daha çox it idim. Unutmaqlığın sonrakı qırx-əlli faizi tez başa varacaqdı. Sonrakı unutmaqlıqlar əvvəlkindən həmişə tez hasilə gəlir. Biz hələ qırxın ortasınasa gedib çıxmamışdıq. Hələ "yara"nın bu isti çağında artıq o, söhbətin ortasındaydı. Söhbətin ortası qırxın ortası ilə düz gəlmirdi. Söhbətin ortası qırxın ortasından xeyli əvvəldə idi. Qırxın ortası bəlkə yalnız söhbətin axırı ilə uzlaşa. Biz qırxa yüz faiz unutqanlıqla gedib çıxacaqdıq. Yəni onda Cəmaləddin qəti yada düşməyəcəkdi. Biz heç qırxın fərqinə varmayacaqdıq da. İndən belə Camal yalnız həyətlərdə-küçələrdə təsadüfən ölü-zad görərkən yada düşəcək. Hə, axı, ölülər dirilər arasında daim son gəzintidə bulunurlar. Həyətdən-küçədən təkcə diri keçmir ki - ölü də keçir. Üstəlik, hər bir ölü özündən əvvəlkiləri yada salır. Ölülər həmrəydirlər. Dirilərdə həmrəylik qabiliyyəti yoxdur; hətta olsa da, bu xüsusiyyət onlarda yamaq kimidir.
- Rəhmətlik plovu beşəlli yeyərdi.
- İki ordu ilə də.
- Yox, beşəlli, ancaq tək ordla. Burasını düz de.
Hə, ağzına nə salırdısa, çataçat sol əngə ötürərdi. Sağ dişləri xarabdı.
Mənim arada işlətdiyim "rəhmətlik" də universal sözdü; unudulanlar üçün ad əvəzi idi. "Rəhmətlik" - əslində "şey" və "zad" kəlmələrinin sinonimidir. Oğul kimi də axıracan dişlərini düzəltdirmədi. Ona vaxt sərf etmədi; belə şeyi hədər bildi. Əlbəttə, onsuz da çoxu gedib azı qalmış ömürdə bu, boş itki olacaqmış. Dişlərə verəcəyini kef-damağa verdi. Eyş-işrətə. Minimum ömürdə maksimum dəmlər sürdü.
- Dişlərini düzəltdirsəydi, mayası batmışdı. Qəbirdə saf dişi neyləyəcəkdi? - Səməd bunu öz dişlərini ağarda-ağarda dedi. Ancaq onun bu çirkli təbəssümü yoluxucu imiş - mənə də keçdi. Sonra da təbəssümlər hırıltılarla əvəzləndi. Hər halda, bizim onun yoxluğu barəsində ağlaşmamız nəzəri-uydurma bir şeydisə də, bu cürəsi şeytanda da olan hırıltılarımız realdı. Biz indi eşşəklər kimi Cəmaləddin sarıdan qəlb ağrısı-zad duymurduq. Sağlığında söhbətimizin əvvəli də o idi, axırı da. İndi yoxdusa, sanki artıq bunun üstünü vurmağa, ondan danışmağa ehtiyac qalmırdı. Xatirələri cisminəcə qoşulub getmişdi. Xatirələrimiz sanki onun bədəninə yapışıqlı imiş. İndi mən Səmədi söhbətə zorla dartırdım. Bu avara artıq əngini yormaq, keçmiş dostuna enerji sərf etmək istəmirdi. Cəmaləddin dişə vaxt öldürmək istəmədiyi kimi, o da Cəmaləddinə vaxt öldürmək niyyətindən uzaqdı. Ölüyə - nə vaxt! Bir növ, dostluq sağ adamların istirahət vasitəsidir. Səmədin Cəmaləddinə münasibətindən mən özüm üçün əməllicə dərs götürdüm. Mən ölsəm, o, qırxım çıxmamış məni də unudacaqdı. İndiyəcən mən gərək ondan şübhələnəydim. Ən azı zövq müxtəlifliyimizə görə: mən arvadların nərmə-naziyini xoşlayanam, o - gonbulunu. Utanmaz - gör hərdən mənə nə deyir: "quş"lar nərmə-nazik vaxtı sənin olsun, onsuz sonra kökələcəklər - gonbul vaxtı mənim. Kobudun biri! Oğul kimi də, «gor evi» dediyimiz, daimi çayxanamızda əngə verə-verə Camalın hüzürünə getmədik. Hüzürə getməməyə hər dəfə də üzürlü bir səbəb tapdıq. Uşaq-muşaqlarımızın "azar-bezar"ı büsbütün bu dövrə düşdü. Ata-analarımız az qaldı qırılıb-çatıla. Bay, hamısı da gop. Mən ancaq indi qanıram ki, salamatlıq nə gözəl şeydir. Sağlığında Camal haçan - "getdik Lənkərana", demişdisə, biz yəhərlənib-atlanıb ondan qabaq getmişdik. Sən demə, bunu ayağımız altında kəsiləsi qoçların eşqinə edərmişik. Bir dəfə Səməd hətta uşağını qıçı sınmış halda evdə qoyub yüyürmüşdü.
Qırxdan xəbərimiz olmadı. Bəlkə hələ üstündən bir qırx da keçdi. Bircə onu eləyə bildik ki, Lənkərana gedib çatması güman olunan bir qəzetdə başsağlığı verdik. Bir başsağlığı ilə Camalı başımızdan elədik, onun dalından dəydik. Yarəb, Cəmaləddinin ata-anası da qəzet oxuya, ya oxumaya. Ancaq nəyimizə gərək: oxudu, ya oxumadı. Canları çıxıb oxuyaydılar. Biz borcdan çıxmalı idik, çıxmışdıq: nekroloqla da yox, başsağlığı ilə. Başsağlığı kişiyə çatmayacaqdısa da, bizim ona qiyabi-nəzəri təsəllimiz idi. Bu bizim özümüzü insan saymağımız üçün kifayətdi. Bizim onunla dostluğumuz onsuz artıq tanışlıq səviyyəsinə enmişdi. Hətta ondan da aşağı.
- Yaxşı ki evlənməmişdi. Uşaqları yetim qalacaqdı.
- Əksinə, uşaq ondan yadigar olardı.
- ...Arvad da, hop, atılıb gedəcəkdi bir başqasına.
- Qocaldıqca yaman imansız olursan ha!
- Bəyəm arvadlarda etibar var?
- Bə yoxdur?
Bunun sözünün ucundan tutub başqa mətləblərə gedib çıxmaq olardı. Ancaq ta dərinə getmədim; insafım yol vermədi.
Yazın ortasında sanki qəflət yuxusundan ayıldım: bay, Camalın ili çoxdan ötüb. Keçən il sink tabutda Moskvadan "gələndə" hələ yaz girməmişdi. Demək, qışda ölüb. Belə çıxır, onun dəqiq ölüm tarixi unudulmuş, bircə fəsil şəklində yadda qalmışdı. Neyləyək, yəqin artıq yaddaş üçün önəmli deyil də-ə. Di gəl, onun avtomobil qəzasına düşüb ölməsi səhih yadımdadır. Hə, bir il nağd keçib, ancaq hələ üç də deyil. İkinin içindəyik. Cəmaləddinin taleyinin rəqəmlə bəsit izahı bu cürdü. İndi Cəmaləddinə aid tarixlərin bircəsinin də rolu-əhəmiyyəti yoxdu - biz bu qənaətə gəlmişdik.
Yayın cırramasında Səmədlə təzə oyun tapdıq. Əylənmək-gülmək üçün hər dəfə birimiz evdən bir yumurta götürər, çayxanada yarpaqlar arasından süzülən gün işığı altına qoyardıq. Şüalar yumurtaya ox kimi sancılardı. Yalan olmasın, biz bir, uzaq başı, iki çayniki boşaldanacan yumurta bişər, ancaq düzdü, meh əsib yarpaqları yelləndirdikcə də - soyuyardı. Payızacan yığılan yumurtaların sayına görə həm görüşlərimizi hesablayacaq, həm də onların "bişmiş"ləri sayəsində arada neçə qızmar bazar olduğunu öyrənəcəkdik. Hə, Cəmaləddin bir də sentyabrın 3-də - düz yeddi "yumurta"dan sonra yadımıza düşdü. Onu yadımıza heç ad günüm də yox, bu "vacib tarix"i boş çayla ötüşdürməyimiz saldı. Mənim ad günümü hər il Camal keçirərdi. Dostumdusa da, həm də elə bil atam idi. Hər ilin 3 sentyabrı bizim restoran günümüzdü. Üçümüzün birlikdə üç ad günümüz olduğundan, ilin minimum 3 gününü restoranda keçirərdik. Yaxşıdı da ad günlərimiz üst-üstə düşməyib. Yoxsa restoranın ən azı biri, ən çoxu ikisi ixtisara düşəcəkdi. İndi Camal yoxdu, restoranın üçü də getmişdi işinin dalınca. İraq olsun, elə bil tək Camal yox, biz üçümüz də ölmüşdük. Ya da sanki ölkədə hərbi vəziyyətdi - restoranlar "bağlanmışdı". Səmədlə mən lütüşlər sinfinə mənsub idik. Elə indi də restoran görəndə, Cəmaləddinin sağlığındakı ad günlərim yadıma düşür. Cəmaləddin olmasaydı, biz həyatda restoranları yalnız dışarıdan görəcəkdik. Təsadüfən ailənin tək oğlu ilə dostluğumuz bizi bu biabırçılıqdan qurtarmışdı. Mən yalnız onun sayəsində menyü deyilən şe&sh