Tarix: 20-05-2019 15:38
Baxış sayı: 1660
Mən bu əhvalatı yaş ötə-ötə, ömür keçə-keçə gördüyümdən, süjetli qurmağa məcburam. Həm də onsuz elə ömür özlüyündə süjet deməkdir.
...Bu gün qatarla keçəcəyim stansiyada dinməz 10 il işləmişəmsə də, sonra təmiz 15 il ordan ayağım kəsilib. Oranın camaatı da sanki heç yerə çıxmayıb: nə birini bir yerdə gördüm, nə biri haqqında bir söz eşitdim. Barı qəzetlərdəsə adları çıxa, ya şəkilləri görünəydi. Aptekçi Miridən başqa hamını, hətta onların adlarını da, unutmuşdum. Açığı, özümdə də namərdlik oldu: get-gəl eləmədim, simsar sandığım adamları arayıb-axtarmadım. Hər şey yalandan, onlarla ünsiyyətim də sanki yalnız məvacib xatirinə imiş. Fikir vermişəm, bir vaxt nazirlikdən təyinatla-zorla göndərildiyin yer sonra həyatından silinmiş kimi olur.
* * *
Dəmir yolu stansiyası yeməlidən yeməli yerdi. Miri ömrünün çoxunu buranın aptekinə qoyub, hələ qalanını da qoymaq niyyətində idi. "Ömür qoy, həyat götür, - bay, ölməyəsən, bunun dəhanından çıxan hikmətə bir bax. - Mən aptekimdə ən uzun sroklu dərman yerindəyəm". Pasport adı Mirməmməddi. Camaat əziz-əziz onu "Miri", simicliyinə görə də "cuhud Miri", - deyə çağırardı. Stansiya lotularının dilindəsə "Mamed", bəzən də "Mameduşka" idi. Görün, seyidə "Mamed", ya "Mameduşka" deyərlər? Hətta - "Mirmameduşka"? Tez-tez heç özünün də inanmadığı bir şey fikrindən keçərdi - "Cəddim bunların belini qıracaq". Kimi iflic vurur, kimin beli sərpir, ya radikuliti-yeli tərpənirsə, demək, onu cəddi tutub. "Cəddim cəzası" - eşşək adamlara sözü bu olurdu.
"Mamed Miri, Mamed Miri.
Adamı yeyər diri-diri".
Mirinin daz başı hazır çırtmalıqdı. Hə, guya ağıllı baş tük saxlamaz. Boyu bir qarışdı, saqqalı iki. Pişik kimi də arxasını yerə vurmaz, "mən Lenin boydayam", - deyərdi. Çil-çil dərisinin rəngi yumurta sarısına çalardı. Evi rayon mərkəzində - stansiyada özünü paytaxt adamı kimi aparar. Yerişi bir cür, duruşu bir başqa cür. Ancaq dili də var, dilçəyi də. Onda can dərmanı nə desən, tapılardı. Aptekdə yoxdusa, evindədi, evində də olmasa, demək, "eləsi heç farmakopeyada yoxdur". Onun "yoxdu"suna camaatda inam çoxdu. Lakin ölkədə asan tapılan dərman bəzən Miridə çətin tapılardı. Aldım qoz, satdım qoz - asan dərmanın "xeyri" quru hambalçılıqdı, deyərdi. "Cuhud" ayaması bir az da bu cür hərəkətlərindəndi.
"Cuhud Miri, cuhud Miri.
Adamı udar diri-diri".
Yox, haqqüçünə, Miri qurd oğlandı. Defisiti Bakıdan da yox, gedib birbaşa ölkənin göbəyindən dartıb gətirirdi. "Moskva ölkənin ürəyi yox, göbəyidir", - deyərdi. Bakı "aptekar"larını heç şeytan da aldatmaz. Əksinə, onlar şeytana papış tikər. Müqayisədə moskvadakılar imam övladı kimidilər. Vallah, oranın "alkaş"ı da övliyadır elə bil. Həm də şəhər elə olar da-a. Hansı metro deşiyindən çıxırsan, buyur, sənə qəşəngcənə bir aptek. Pəncərələri önündə - gül dibçəkləri. Qardaş, axı, cuhudlar qurub - bu ölkə ağılsız ola bilməz. Get-gedə öz "cuhud" ayamasından da xoşu gəlirdi. O, yaşlılığında cavanlığından daha çox "cuhud"du.
Miri yağlı müştərini qardaşdan əskik bilməz. "Yağlı müştəri" yalnız "importnı" dərmanlar uda bilən alicənab insana deyilir. Sovet dərmanları yetim-yesir üçündü. O, Sovet dərmanlarını göz qabağına, şüşə altına düzür; qiymətləri də üstündə. Vitrində marqansdan tutmuş, pipetkayacan hər şey görərsən. Ftalazol da var, onun əksi purgen də. Nədənsə, içəridən yod iyi əskik olmaz. Elə bil Miri yodu bilə-bilə ağzıaçıq qoyurdu. Hə, apteki əlli yerdən nəzarətdədi - dərman demirlərmi, buyurub gözlərinə soxsunlar. Allah göstərməsin, ilişərsə, əlli-ayaqlı gedər. Dövlət dovşanı arabayla tutur. İmarətini də alıb, uşaq bağçasına döndərərlər.
Miri müştərini adnan yox, başqa cür tanıyar: beşqəpiklik dərmana beşlik atan müştəri, qəpiyə gülləatanı. Qalını, naziyi. Müştərinin mərdi-namərdi var. Adamı var, eşşəyi var. Əli-Vəli, Pirvəli, ya Həsən-Hüseyn - adlar artıq şeylərdi. Əsas da kasıb iki gözünün düşməni idi. Bu da - onların. "Miri gec-tez kasıb əlində öləcək", - bax, bu sözü məclislərdə öz qulağıyla eşidənlər olub.
Həyətdə gəzişən, hərdən qapıdan içəri boylanan, sanki Mirini axtaran xoruz da özünü şübhəli aparır. Bəlkə də bu xoruz onu güdmək üçün göndərilib.
Aptek kollektivi ikicə nəfərdən ibarətdi - müdir və xadimə. Yəni Miri və Toma. Sonradan biləsi, Tamara kim ola - Alikin anası. Ətli-canlı, yaman da suyuşirin bir arvaddı. Arada söz gəzirdi ki, artıq qəriblik Aliki adam eləyib, gəlməyi "vot-vot"dadı. Tomanın əri ölüvay bir şeydi; bədbəxt yeridiyi yerdəcə yatardı. Düz yolda ayağı topuq vurur. Hava dönən kimi də dizləri top kimi şişir. Arvadı aptekə düzələndə, çırtıq çalıb oynamışdı. ...Bir gecə cuhud Miri yuxuda görəsi ki, Tomanın budlarını bərk-bərk qucaqlayıb. O, Tamaranın dadını yuxuda biləsi, sabahı zarafata salıb bir-iki barmağını ona toxundurdu. Arvad pomidor kimi qızardısa da, dinmədi. Ara açılışanda, o, Miriyə deyərdi ki, elə batmış əri də birinci onun budlarına aşiq olub. "Əlbəttə, sənin budların başından qiymətlidir", - Miri də - Tomaya. Tomanın yeganə qorxusu oğlundandı. Mağıl Marıdaydı, baş-qulağı dincdi. Hərçənd başqa analar kimi ondan ötrü darıxardı da. Yaşı otuza çatıb, artıq iki dəfə türmədə olub, amma hələ bir dəfə də evlənməyib. Kökəlmir də. Denən, yetim, kökəl, barı bir hey-hərəkətin olsun. Özün də tez-tez bıçaqlaşan adam, üstəlik, vaxtın keçir - halva deyil, arvadla iş görməyə güc lazımdı ey! Düzdü, axır-axırda Miri darıxmağı ona tərgidə bilmişdi. Elə darıxmağı təzəcə tərgitmişdi də ki, Alik Marının daşını atıb qayıtdı. Ay xoş gəldin, beş gəldin. Ancaq bu gəliş Mirini heç açmadı. "Qənimim gəlib, - bir gün Tomaya şikayətlənirmiş. - Onu üstümə Əzrayıl özü göndərib". Odey, iki Miri uzunluqdadı, Türkmənistanın qaramatı da üzündə. Qayış kimi əzələləri gündə işıldaşırdılar. Aptekin qənşərindən kölgəsi keçəndə, adamın canına vahimə oturur. "Vallah, mən canavar ürəyi yemişəm", - hərdən Miri ehtiyatlanır. Ancaq artıq gecdi; fil qulağında yatmaq da olmazdı. Yatdın, batdın. Hərəkət lazımdı.
- Tezbazar onu gəldiyi yerə qaytarırsan, - bir gün Miri Tomaya qəti tapşırıq verdi. - Bu nədi? Stansiyada avaralanır.
- Mənim sözümə çox baxandı!
- Elə et, baxsın.
- Eşitmişəm qız istəyir.
- Durub oğlan istəməyəcək ki? Səninki də boş-boş qırıldatmaqdı.
- Onsuz başıma daş düşüb, yaman gündəyəm. Bizdən qulağı bir şey çalsa, batmışıq.
- Evlənməyi hələ tezdi. Həm də qayıdıb Marıda da evlənə bilər. Oralarda azərbaycanlı burdan çoxdur.
Küçədən ötkəm bir səs gəldimi, Miri ürəyini yeyir. Xüsusən kişi səslərindən hürkür. Elə bilir gələn ya orqan işçisidi, ya da Alik. Ancaq get-gedə Alik onun üçün orqan işçilərindən qorxulu olurdu.
"Miri! Miri!
Adamı yeyər diri-diri...
Görək bizə
dərman verir, ya vermir!"
Bay, görürdün, lotu bir müştəri özünü atdı içəri. Onda yenə ürəyi yerinə gəlirdi.
* * *
Bu da stansiya. Vaqondan düşəndə, qabağıma uzun-uzun, ələm kimi qara kölgələr çıxdı. 15 ilin təsiri bilinir: indi mən qatarın ixtiyarındayam - getdisə, getməliyəm. Buraları gəzib yad eləmək üçün yarımca saata gümanım gəlirdi. Onda da fikir vermişdim, indi də elədir: stansiyada zaman qısa və kəsik-kəsik, məcburi proseduralar şəklində olur. Dedim bir aptekə dəyim, heç olmasa, Mirini görüm. Ancaq perrondan dəli kimi ora-bura ha boylandımsa, keçmiş aptek gözümə dəymədi. Bu necə işdi - axı mən onu həmişə burdan görmüşəm. Bay, hə, ay budu, at tövləsinə bənzər qaramtıl bir bina qənşərimdə durub. Qabağı sərhəd kimi kəsib. Hərçənd ora-burasındakı iplərdən sallanan alabəzək paltarlar, xüsusən də rəngli uşaq donları binanın qorxunc ruhunu bir az öldürürdü də. Qanım bərk qaralmışdı. Evi qaçaraq dolanıb keçdim. Ürəyimə nəhs şeylər gəlir, beynimə qara-qura fikirlər doluşurdu. Vay, düz qorxmuşam - nəinki Miri aptekdə yoxdu, heç aptekin özü yerli-dibli yoxdu. Onun hamarlanmış yerində paslı dəmirlər, üstü mismarlı taxta parçaları, naməlum nadinc otlar gözə dəyirdi. Axı, hanı aptek?! Bir az aralıda sükut içrə sallanan yelləncəklər uşaq meydançasını sallaqxanaya bənzədirdi. Birdən yolun başında qarğa bir kişi görsəndi. Yeriyəndə ayağını balaca çəkirdi. Uşaq kimi onun yanına qaçıb, salamlaşdım.
- Orda aptek olub? Bax, o boş yerdə?
Kişi lal-dinməz yeriməyində idi. Mən də qarabaqara düşdüm onun dalına.