Millətin qaçqına çevrilməsi halı

Tarix: 23-01-2017 03:58
Baxış sayı: 2163

Millətin qaçqına çevrilməsi halını, nəhayət, mən də gördüm. Gec gördüm – güc gördüm. Yəni mən indi arxayınca deyə bilərəm: bu cür şeyi az görmüşəm – naz görmüşəm. Tarix: 12 sentyabr 1998-ci il: dünən yox, srağagün yox, tasrağa gün. Qaçanlar heç – azərbaycanlılardı. Qovanlarsa erməniləri əvəzləmiş Azərbaycan polisləri idi. Yəni mənə deməsəydilər ki, qovanlar Azərbaycan polisləridir, mən deyərdim: erməni “qardaş”larımızdır. Filhəqiqə, ermənilər üzdən Azərbaycan polislərinə çox oxşayırlar. Onu desəm olar, deməsəm olmaz ki, Azərbaycan xalqı artıq qaçmaq ustası olub. Ən bərkqaçanlarsa onun başçılarıdır. Tutaq bunlar heç.

 

Bakıda millət qaçqına çevrilərkən Qarabağ səmti qaçqınlarının ayıbı tamam üzə çıxmışdı: sən demə, onlar da bizim kimi təhlükə duyanda “ daban əlli altı” qaçırmışlar. Azərbaycanın hər yerində insan eyni cür qaçırmış. Amma həmin gün hansı Leyli öz Qeysini qaçan görərdisə, ondan üz döndərərdi.

 

Həri, qardaşlar, yəqin vahiməni Allah insana sonradan xəcalət çəkmək üçün verir.

 

Çürük ömrünün qalan hissəsini daim xalqa bağışlamaq istəyində bulunan padşah Azadlıq meydanını ona çox gördü. Padşahın iç dünyası polis dəyənəklərində aritmik nəbz kimi atırdı. Qardaşlar, Qarabağı ermənilər, Azadlıq meydanınısa artıq iqtidar tutmuşdur. Millət içdən və dışdan sıxışdırılmaqda, hər cür savaş divarda gəzən motosikl kimi onun qabırğaları çənbərində fırlanmaqdadır. Yəqin tezliklə Azərbaycanda ermənilər, bir də H.Əliyev tayfası qalacaqdır. Görən ac millət qırılıb-çatılanda Heydər Əliyev barı torpağa öz əlilə bir paya sanca biləcəkmi? O ömrü boyu torpağa yalnız simvolik ağaclar basdırmışdır. Əlinin sənəti nə olduğunu hələ də bilmədiyim bir insan Azərbaycandakı bütün həyat sahələrinin başlanğıcında özünü görür. Yəqin Azərbaycan xalqının tarixi onun doğum günündən hesablanmalıdır: həri, Azərbaycan xalqı ən təzə xalqlardandır. Olsun ki, Azərbaycan xalqının ömrü Heydər Əliyevin uzun ömrü qısalığındadır.

 

Heydər Əliyev Azərbaycanda yeganə taxt-tac uzurpasiyası mütəxəssisidir. Demokratiya əlifbası onun üçün Çin heroqlifləri kimi anlaşılmazdır. Şərq diktatoru üçün demokratiya yəcuc-məcuc dili kimi mürəkkəbdir.

 

Ancaq divin canı şüşədə, Azərbaycan padşahınınsa canı mitinqlərdədir. Yaxud padşah mitinqdən şeytan sancaqdan qorxan kimi qorxur. Diktatura bəşəriyyətin xroniki zöhrəvi xəstəliyidir. Ancaq hər bir diktator gec-tez İndoneziya-zad sindromundan leş olub gedir.

 

Mitinqlərlə təşrih olunarkən Azərbaycan diktatorunun içindən humanizm çıxmadı. Hərçənd hərdən humanizm onun dili ucunda ziyil kimi görsənir. Padşah qəlbində şölələnən humanizm qəbiristanlıq şamları kimi tezsönəndir. Ömrü boyu balta ilə işləmiş insan zərgər ola bilməz. H.Əliyev 50 milyondan çox insanın həyatına nöqtə qoymuş Sovet diktaturasının kamil varisidir. O, Sovet diktaturası cinayətlərinə tam şərikdir. H.Əliyev artıq müstəqil Azərbaycanı diktatura ənənələrinə yoluxdurmuşdur. Onun diktaturadan gətirdiyi çamodanlardan ən üstdə çıxan şey polis dəyənəkləri oldu. Dəyənək silah növüdür və qızıldan qiymətli başları partlatmağa qadirdir. Xalqın cavab olaraq iqtidar üzərinə daş və butulkalarla yerişi bəlkə çevriliş cəhdi sayılacaqsa, onda yəqin iqtidarın dəyənəklərlə xalq üzərinə yerişi sallana-sallana toya getməklik hesab olunmalıdır. H.Əliyevin bütöv millətləri öz yerindən-yurdundan Orta Asiyanın ilan mələşən çöllərinə köçürmüş bir rejimdən xoş xatirələri ən azı anormallıqdır. Həri, Azərbaycan prezidentinin keçmiş həmkarları cəlladlar olmuşdur.

 

Ancaq artıq getdikcə Azərbaycanda avtoritarizm çat verməkdədir. Bu çat avtoritarizmin üstündən çəkilən qara xəttə çevriləcəkdir. Mən bir dəfə demişəm, avtoritarizm siyasi tərbiyəsizlikdir və despotların məktəbxana tərbiyəsi görməməsi əlamətidir. Normal universitet təhsilli, humanizmdən xəbərdar insan heç vaxt despota çevrilməz, bunu özünə rəva görməz. Avtoritarizm qıllı bir kişinin camaat içində trususuz gəzməsi qədər eybəcərdir. Kəbəyə başı soxmaqla da haqqı anlamamış kəslərdən daha heç vaxt heç nə gözləmək olmaz.

 

Qardaşlar, dövlətdə avtoritarizmin ləğvi savadsızlığın ləğvi kimi vacib bir işdir. Azərbaycan padşahı ancaq və ancaq xalqımızın əsrarəngiz mifik təfəkkürü sayəsində qüdrətli görünərdi. Demokrat maskalı zöhhak yəqin Qərb dünyasını maskarad bilir. Lakin qərb dünyasını aldatmaq asan göründüyü qədər də çətindir. Azərbaycan padşahı hələ də Naxçıvan dialektində danışan qoca kişidən başqa bir şey deyil. Bizdə belə danışqan qocalar çox-çoxdur. Mən içi xırda ehtiraslarla zəngin dövlət başçısına müdrik deməzdim. Azərbaycanda tayfa başçısı təsadüfən dövlət başçısı olmuşdur. Əldən natəmiz oyunçu bir qiyam gözqırpımında “damka”ya çıxmışdır. H.Əliyev heç vaxt demokratik yolla hakimiyyətdə olmayıb. Heç əsgərlik də çəkməmiş bir kişinin Ali Baş Komandan kimi səriştəsinə mən şübhə edirəm. Heydər Əliyev ömrü boyu yalnız silahsız insanlara qalib gəlmişdir.

 

İndi Azərbaycanda gələcək hakimiyyətin oğurlanması prosesi gedir. Zaman hamını oğurluq anına sürükləyir. Bu dəfə Azərbaycan xalqı hakimiyyət oğurluğunu görüb heç kəsə deməsə, mən ondan üz döndərəcək, onun özünü oğurluq iştirakçısı sayacağam. Belə bir xalqın sonra heç kəsdən xoşbəxtlik diləməyə haqqı olmayacaqdır. Mən oğurluğa rəvac vermiş xalqa dişimin dibindən çıxanı deməyə özümü haqlı sayacağam.

 

Həri, indi Azadlıq meydanı bizim üçün Qarabağ yolu üstündə alınası vacib strateji məntəqədir.

 

Bu gün əksər ləyaqətli siyasətçilərimiz polis başları ilə bəzəkli parlament divarlarından dışarıda qalmışdır. Ümumiyyətlə, polis başları Azərbaycan divarları fonunda gəzəri pannolar kimi görsənən vacib arxitektura ünsürüdür. Azərbaycan parlamenti artıq müğənni və çalğıçılar, bəzən hətta zurnaçılar dəstəsinə bənzəyir. İndi “millət vəkilləri”miz yalnız toy məclislərini yola verməyə qadirdirlər. Onların stixiyası qız alıb-qız verməklikdir. Azərbaycan parlamenti abortiv səciyyəlidir. Bu gün Azərbaycan anaları prezident məddahları doğan kimidirlər. Məddahlıq fiziki mövcudluq sənətinə çevrilmişdir.

 

Qardaşlar, Azərbaycanda hər hansı iqtidar dılğırı Konstitusiyanı istənilən müddətə qapada bilər. Bu il Azərbaycan konstitusiyası hələlik 365 yox, 355 gün işləməyə məcbur edilib. Burda onu desəm olar, deməsəm olmaz ki, Əkrəm Əylislimiz də oturub-durub qəzetdən-ekrandan mənə mitinqlərin gərəksizliyini anladır. Əfsus, o, bəşər azadlıqları ixtiraçıları həndəvərində Qulliver yanında cırtdan kimi görsənərdi. Sən demə, Əkrəm Əylisli ömrü boyu yaradıcılıqla demokratiya əlifbasından bixəbərcəsinə məşğul olubmuş. O, “xalq yazıçısı” adı alıb kama yetmişdir. O, eşşəklərin atılıb insan boyunlarına minməsinin lirik-sentimental seyrçisi imiş. Həri, əlifbanı bilməyənlər sonra həmişə axsayırlar.

 

Ölmədim, axır mən də millətin qaçqına çevrilməsi halını görə bildim: dünən yox, srağa gün yox, tasrağa gün. Lakin qaçqınlar arxadakı mənasız və düşkün həyata çırpılıb təzədən millət olurdular. Qardaşlar, qaçqınların təzədən millətə çevrilməsi mənzərəsi gözəl idi. Mən həmin mənzərəyə Bethovenin 9-cu simfoniyasından parçalarla musiqi tərtibatı verərdim. 

 

Müsavat, 15.09.1998

Digər xəbərlər

TEZQOCALAN, TEZÖLƏN

Muğan tərəflər

CƏ­­MA­­LƏD­­DİN. CA­­MAL

YAD­­LAR

Rafiq Tağı kulis.az ("Yazıçı laboratoriyası") saytına müsahibəsi

Şərhlər