TEZQOCALAN, TEZÖLƏN

Tarix: 01-06-2024 23:22
Baxış sayı: 178

Sabir lazımi adamı gözləyəndə nə iş görsə, harda girələnsə, gözü körpüdə olar. Axtarmağa nə ehtiyac – istədiyin adam kənddə yoxsa, bax körpüyə, o kimi desən tapıb sənə göstərər.

Günortalar gözlərinin acısını almaq istəyəndə Sabir eyvanda üzü körpüyə uzanar. Üstündən gözlədiyi adam keçəndə körpü zəngli saat kimi onu “oyadar”. O da tez qalxıb, əvvəl divardakı güzgüyə baxar. Gərək gözlərinin bulaqları təmiz ola. Buna uşaqlıqdan vərdişkardı. Atası müəllimdi və uşaqlar sinifdə dik üzünə baxdığından o daim gözlərinə fikir verərdi. Bir də dırnaqlarına. Şagirdlərə əllərini parta üstünə qoydurub dırnaqlarını yoxlayanda nümunə üçün özününküləri göstərərdi. Sol əlinin çeçələ barmağınısa daim yumardı. O, birinci sinif uşaqlarına əsasən doqquz barmaq göstərərdi, onlarsa bunun fərqinə varmazdılar. Müəllim istəməzdi uzun dırnağı görsünlər; onda onlar da başlayardılar dırnaq uzatmağa və onda gərək maarif inspektorlarıyla üz-göz olasan.

Uzun dırnaqlı çeçələ barmaq müəllim üçün həm iş alətiydi, məsələn, paltarına yapışmış tükü onunla qoparardı, ya sapı qırardı, həm də bu o vaxt müharibədən təzə qayıdan bir kişi üçün yaraşıqdı. O, şıq geyinəndi: həmişə bostondan özünə qış kostyumu, çesunçadansa yay şalvarı tikdirərdi.

Kişi rəhmətə gedəndə Sabir də atasının xətrinə bir dırnağını tutmazdı. Ancaq o, çox əlləşdi, atasının yerişini yeriyə bilmədi. Papaqdan heç vaxt başı çıxmadı. Atası kimi özünə kostyumluq seçə bilmədi. Polşa firmasının buraxdığı kostyumuna da hər dəfə geyməmişdən gərək ütü çəkəsən, çünki bir dəfə geyilməklə torbaya dönür. Yaxşı ki, çox geyməyə ehtiyac yoxdur. Yay, payız toylarında hava hələ isti olur, tək köynək bəs edir, bir də təsadüfən üstünə çıxıb aldığı yaxşı ütü tutan şalvar. Qış canqurtarandır – toylara fasilə verilir, istəyirsən daim sırıqlıda gəz. İşin də ki, iş paltarı var.

Ayın on beş gününü Neft daşlarında qalır, qalan on beş gününüsə evdə. Hayıf, Neft daşlarındakı fəhləlik atasının xətrinə saxladığı dırnaqla tutmurdu: dırnaq işdə gah əyilir, gah sınırdı, ya da içi dolduğundan aypara şəklində qaralırdı. Onda bütün fikri o dırnaqda qalırdı deyə, getdiyinin ikinci-üçüncü günü verirdi qayçının ağzına. Evə qayıdandasa yenə atası yadına düşürdü, onda dırnaq təzədən başlayırdı uzanmağa.

Sabirin təsəllisi bu idi ki, adam elə hər sahədə atasına çatmasa yaxşıdır.

Saçla da çoxdan vidalaşmışdı. Ona nə oldusa əsgərlikdə oldu. Əsgərlik elə bil keçəlçilik məktəbiydi. İndi qocalıbqocalmamağını bilməkdən məhrumdu. Ağarmağa bircə üzündə, bir də sinəsində tük qalmışdı ki, bu da Sabiri qane eləmirdi. O eşitmişdi sinədə tük ağarar yetmiş, ya səksən yaşda, onunsa uşağının böyüyü hələ indi beşə keçib – ağarmışdı. Deyəsən, o, tezqocalan, tezöləndi.

Sabir işə gedirdi – müvəqqəti: iki həftəsini işləyib evə gələcək, evə də gəlirdi – müvəqqəti: iki həftəsini qalıb işə gedəcək. O hər yerdə müvəqqəti yaşayırdı. 

* * *

Mən işdən qayıdanda körpünü aşıb onların evinin tininə çatanacan Sabir aynada gözlərinin bulaqlarına baxıb çıxır qabağıma. Biz mexaniki surətdə salamlaşıb kef-əhval tuturuq. Yarım dəqiqəlik bu söhbətdə o da, mən də bir-birimizə bildiririk ki, kefimiz saz, damağımız çağdır. Bizim yerdə adamlar bir-birinin bir metrliyinə çatanda onlar arasında qısaqapanma kimi bu söhbət baş verir.

Sonra Sabir “bolniçni list” barədə xatırladıb, mənə göz vurur. Göz vurmaq o deməkdir ki, könlümü görəcək. Hüquqi dildə desə deyər “ay həkim, sənə rüşvət verəcəyəm, yaz”. Ancaq xoşagələn dili qoyub, xoşagəlməz dildə niyə danışasan! Rüşvət göz vurmaq şəklində ortaya çıxırdı: bir az məzəli, həm də etibarlı. Həmişə də axırda deyir qorxmayım, Neft daşlarında mühasibatda danışıb, onun tez-tez xəstələnməsini arayıb-araşdırmazlar. Sabir orda da yəqin əvvəl göz vurur... Bu, təhqiramiz olsa da, heç kəs təhqir olunmur, çünki onun o niyyəti yoxdur.

Hərdən özümü naza qoyanda Sabir mənə Amerikanı misal çəkər, deyər orda pula xor baxmırlar: xeyirxahlıq, minnətdarlıq, sevgi – hər şey pulla ölçülür. Bə pulu niyə yaradıblar – yumurta bükməyə? Deyir “sağ ol”dan mənasız söz yoxdur, “sağ ol” adam aldatmaqdır.

Sabir “bolniçni list”i alanda heç vaxt deməz bir yeri ağrıyır. Mən ona xəstəlik kağızında yazdığım diaqnoza uyğun əlamətlər sadalayıram ki, bərayi-ehtiyat, iş bədə düşsə, şikayətlənsin.

– Onsuz da hər yerim xəstədir. Gəlib yoxlasınlar. Hansı xəstəliyə dair istəsələr, məndə əlamət tapılar...

Sabir yenə xəstələnmişdi. Əvvəl mənə göz vurub, yazdığımı sonrakı gün alanda əlini cibimə salmışdı. 

Səhərisi işə gedəndə yolda eşitdim Sabir gecə keçinib. Onların evindən ağlaşma səsi gəlirdi. Ağlaşma elə zəifdi, elə bil oradakılar onun ölməyinə razıydılar, ancaq ölümü qeyd etməyə məcburdular.

Mənim ona verdiyim xəstəlik vərəqləri saxta deyilmiş, qoy indi onun işində bilsinlər! Ancaq mən heç vaxt onu müalicə eləmədim. O mənə dərdlərini sadalamaq əvəzinə, mən ona lazımi dərdlər sadalayırdım. Elə bil öz ağrıları azmış – Sabir mənim dilimdən onlarla xəstəlik öyrənmişdi. Bəlkə də o mənim öyrətdiyim xəstəliklərdən öldü. Sabir tezölən çıxdı.

O gün işdən qayıdanda körpüdən keçməyə qorxurdum, elə bilirdim bu dəfə onun qızları məni tutacaq, göz basıb əllərini cibimə salacaq və xahiş edəcəklər ki, atalarının hüzrünə gəlim.

Yanvar 1989

Digər xəbərlər

Qış gəldi

Rafiq Tağı ilə Arzu Abdulla söhbətləşdi

Bəşəriyyətin islam haqqında dediklərinə əlavələr

Bacımın rəng duyğusu

Qatilə didaktika dərsləri

Şərhlər