DİRİLƏR HAQQINDA SUSMAQ, ONLARI ÖLDÜRMƏK KİMİ BİR ŞEYDİR (Bilal Avarlı)

Tarix: 02-08-2016 16:28
Baxış sayı: 1855

DİRİLƏR HAQQINDA SUSMAQ

           ONLARI ÖLDÜRMƏK KİMİ BİR ŞEYDİR

 

  Düşünürəm, Şərqdə azərbaycanlılar qədər Avropanı dəlicəsinə sevən ikinci bir xalq varmı? Bu həmin Avropadır ki, iki dünya müharibəsi törədib, qədim yaşayış məskənləri olan Hindistanın, İraqın milli mədəniyyətini dağıdıb, Yaponiyada iki böyük şəhərin dinc əhalisinin başında atom bombasını sınaqdan keçirib. Tarixdə elə bir fakt yoxdur ki, müsəlman kilsəsini dağıtsın, ancaq yüzlərlə məscid, içərisində Allaha ibadət eləyən möminləri ilə birlikdə bombardman edilib. Avropa həm də faşizmin beşiyidir. Əlbəttə, hər cür müqayisə yolverilməzdir, lakin alqı-satqının bir qədim ənənəsi var: tərəzinin ağır gözündən götürərlər! Biz şərqli olaraq Avropadan nəyi götürürük?

 

   Qərb və Şərq düşüncəsini qarşılaşdırmaqda məqsədim var. Bu düşüncə tərzlərini müqayisə etdiyinə görə ciddi şəkildə cəzalandırılmış Rafiq Tağı Azərbaycan ədəbiyyatının klassiki Cəfər Cabbarlının "Od gəlini" dramının qəhrəmanı Elxan kimi oxucunun qəlbinə şübhə toxumu səpir: Haqq kimdədir?! Avropanın mərkəzində yaşayan alman xalqının psixoloji portretini "antibəşəri ideyalar daşıyıcısı" kimi xarakterizə edən və islami dəyərlərə özəl baxışları ilə fərqlənən Rafiq Tağı ədəbi şöhrətin zirvəsinə XXI yüzilliyin əvvəllərində yüksəlmiş çağdaş Azərbaycan yazıçısıdır. O, 80-ci illərdən ədəbi yaradıcılıqla məşğul olur. Sovetlər imperiyasının paytaxtı Moskvada təcili yardımda işləyən yazıçı - həkim Azərbaycan müstəqillik qazanandan sonra doğma vətənə dönmüş, şəfalı əllərinə və şəfalı sözünə burada daha çox ehtiyac olmasını güman edərək siyasi hadisələrin qaynar nöqtələrinə can atmış, baş verənlərdən baş çıxarmağa çalışmışdır. Rasim Qaracanın təbirincə desək, Rafiq Tağının fenomenal ədəbi mübarizəsi Azərbaycan sovet nəsrinin simvolik ölüm hökmü kimi meydana çıxmışdır.

 

   Bu kiçik girişdən sonra deyim ki, mən düşüncə tərzinə görə avropalı, naturasına görə şərqli olan Rafiq Tağını Qərb yeniliyinə meyilli Şərq təfəkkürlü bir oxucu kimi sevirəm, yaradıcılığına və özünə rəğbətim var. Ən azından ona görə ki, Rafiq Tağı özünü dünya oxucusuna təbliğat "maşını" olmadan çağdaş Azərbaycan

ədəbiyyatının nümayəndəsi kimi tanıdan yeganə yazıçıdır. Doğma Azərbaycan dilində yazdığı kiçik bir məqaləsi ilə Avropaya göstərdi ki, biz varıq. Biləcəri amili şərtidir, dünya onu heyrətdə qoyan yazıları elə Azərbaycan dilində də oxuya bilər, necə ki, bunu Amerikanın Azərbaycandakı səfiri Ənn Dersi edir.

 

   Rafiq Tağı ilə şəxsi tanışlığım yoxdur, onu Meydan hərəkatından tanıyıram. Əvvəl cəsarətli bir həkim kimi, sonra cəsarətli bir yazıçı kimi. Mənə elə gəlir ki, Rafiq Tağı adlı yazıçı əslində hərəkatın məhsuludur. Ancaq o, bir yazıçı olaraq bir təəssürat adamıdır. Meydan hərəkatında çoxlarına "çatmayan" hadisələr baş verirdi. Bunlardan birini xatırladım: bir qrup adam Azdramda Hüseyn Cavidin "Peyğəmbər" əsərinin tamaşaya qoyulmasına etiraz edənlərin imzasını toplayırdı. Hələ də anlamıram ki, bu addımı atanların məqsədi nəydi? Hərəkat qəfil gələn sel kimi bir şeydi, axar sular duruldu, mövqelər aydınlaşdı. Sonralar Rafiq Tağının Əbülfəz Elçibəy və Heydər Əliyev haqqında mübahisəli yazılarını oxudum. Qırmızı və mavi əksliklərinin vəhdət, yoxsa təzad olduğunu çoxları anlamadı. Rafiq Tağı oxucunun gözü qarşısında müdrikləşirdi. Bəla burasındadır ki, müdrik oxucu azalırdı. Bəlkə də müdrik sözü yerinə düşmür, bunu bizim klassik arif sözü ilə də əvəzləyə bilərəm. "Kimisəyə məxsus olmayan" və çağdaş yapon nəsrinin siması sayılan Xaruki Murakami deyir ki, "bütün həyatın boyu eyni işi görmək olmaz, əgər get-gedə müdrikləşmirsənsə, yaşamağın mənası yoxdur". Yazıçı özü mübariz olmalıdır ki, qəhrəmanları da mübariz təsir bağışlasın. Həyatdan küsmüş adam hansı dahiyanə fikri ortaya qoya bilər? Söhbətimin əvvəlində Avropanın mənfiliklərini nahaq qabartmadım. Ədəbi düşüncə tərzinə, ədəbi axtarış səviyyəsinə görə Şərq Avropadan doğrudan-doğruya irəlidə olub. Ancaq bu artıq tarixdir, buna görə də Şərq gənclikdə elədiyi qoçaqlığın xatirələri ilə yaşayan qocanı xatırladır. Xalqların yaşı deyilən bir bioloji-demoqrafik ifadə var. Bu mülahizəyə görə Avropa xalqları qocalmış xalqlardır. Qafqazda ən gənc xalq (doğum və artım faktlarına görə) Azərbaycandır. Amma gənclik çevikliyi avropalılara məxsusdur. Niyə? Ona görə ki, bizdə yenilik, ixtira, kəşf, tapıntı vaxtında dövlət dəstəyi görmür. Nəticədə çevik düşüncə Avropaya üz tutur.

 

  Avropada düşüncə yaşayış tərzinin təminatçısıdır. Azərbaycanda isə sərbəst düşünmək və fikrini sərbəst ifadə etmək, az qala, ölümə bərabərdir. Belə adamlar rahat yaşamaq hüququnu itirirlər. Rəhmətlik Sabir demişkən, nəinki görmək, eşitmək və danışmaq, hətta anlamaq qadağandır.

 

   Rafiq Tağı gurultulu ittihamlarla AYB sıralarından xaric ediləndən sonra, 2005-ci ilin sonlarında onun nəsr əsərlərindən ibarət ikicildliyi nəşr olundu. Rasim Qaracanın təbirincə, "Azərbaycan ədəbiyyatının canlı klassiki" R. Tağının ikicildliyinin ("Şahzadə Dipendranın məhəbbəti" və "Ucaboy liliput" kitablarının) nəşr olunduğu tarix "ədəbiyyat tariximizin dönüş nöqtəsidir". Ədəbiyyat aləmində baş verən bu "qeyri-adi hadisəyədək" 80-90-cı illər ədəbi nəslinin nümayəndələri belə bir arzunun gerçəkləşəcəyinə və əsərlərinin çoxcildliyinin nəşr ediləcəyinə ümid edə bilməzdilər. Bu imtiyaz yalnız və yalnız rus ədəbiyyatı klassiklərinə məxsus idi.

 

Siyasi mühit R.Tağı nəsrinin acılığını həzm edə bilmir. Məsələn, "Tapdaqıstan, Laplandiya" hekayəsinin ilk abzası belə başlayır: "Quruca adı var - "prezident". "Prezident" əslində, bir şah vəzifəsidir. Bu iki söz sinonimikdir. Gəl gör, o, şahların yerişini yeriyə, onların kiçik bir dırnağı ola bilərmi?" İndi R. Tağı ironiyasının tükürpədici ifadəsini nəzərdən keçirək: "...hərəmxanası olmayan şaha prezident deyilir. Əslində, şahın prezidentdən fərqi də bundadır". Yaxud elə həmin hekayədə bütün qadınları qıcıqlandıra biləcək bircə cümlənin "ağırlığına" diqqət yetirək: "Bir Allah, bir də o bilir ki, arvadlarda xanım-xatınlıq boş bir şeydir, zahiridir". Hər oxucunun həzm edə bilmədiyi belə fikirlər yalnız və yalnız Rafiq Tağıya məxsus şəkildə ifadə olunub. Müəllifinin təhlükəsizliyi sarıdan oxucunu qorxuya salan bu yazıların sahibi, gör indi, nə ürək sahibidir. Birdimi, ikidimi belə ifadələr?! Görünür, yazıçı əlinə qələm alanda hansı eyforiya altında olduğunu unudur, heç nədən və heç kimdən çəkinmir, daxili azadlığının diqtəsi ilə yazır. Yoxsa bu qənaətə gəlməzdi ki, "məhkəmələrin ədalətə dəxli yoxdur. Məhkəmə həqiqəti aşkarlamır və olsa-olsa, ədalətin imitasyon icraatıdır". Yaxud: "Xalq" nədi - "kütlənin" məcazi adı. Kütləsə hır-zır qanan deyil, adamı bir anın içindəcə fələyin badına verər".

 

   Bilirsiniz, maraqlısı nədir? Maraqlısı odur ki, R. Tağı bu sətirləri yazanda nə həbs olunmuşdu, nə də üzünə duranların boz üzlərini görmüşdü! "Əzab kasıbların keyfiyyətidir", yaxud "Killerlər Rusiya hərbi arsenalının simvolikasıdır" kimi yonulub rəndələnməyə ehtiyacı olmayan həmvar fikirlərin müəllifi Rafiq Tağı müstəqillik dövr Azərbaycan ədəbiyyatının hələ ki, dünya ədəbi arsenasına çıxarmalı olan yeganə nəhəng simasıdır.

 

   Rafiq Tağı dərki belədir ki, bəşəriyyət ümumən gopçudur, iqtidar yaxınları xalqın başını piyləyir, müxalifət isə həqiqəti yalnız hakimiyyətə gəlmək naminə deyir. R. Tağı sözünü o dərəyə-bu dərəyə vurub demir, birbaşa, çəkinmədən söyləyir. Bədii əsərdə bu qədər çılpaq həqiqət müəllifinə ölüm hökmü oxuyur, desəm, mübaliğəyə yol vermiş olmaram. "Əxlaq ən yaxşı libasdır" deyən yazıçı bu libasın altında hansı eybəcərliklərin gizləndiyini, bizim cənublular demişkən, haça-püçəsinəcən açıb tökür. R. Tağının elə ironik ifadələri var ki, prototipinin sinəsinə tuşlanmış snayper gülləsi qədər yandırıcı, kəsici və deşicidir: "Üzücü protokol saatları", "Prezident iqamətgahı qarşısında jurnalistlərlə əlüstü qartaqart" və sair kimi "qarğa, məndə qoz var" deyən, qırmızı şriftlərlə qabardılmış söz birləşmələri kimlərinsə əsəblərini tarıma çəkir.

 

Rafiq Tağı, görünür, ömrünün sonunadək assosiativ həbsxana reallığından bəhs etməkdən doymayacaq, bu qismətin və yaşantının günah, yaxud savab olduğunu dərk edənədək qələminin bir ucu baş verənləri sərgiləməyə can atacaq, fanatizm onun təsəvvür etdiyindən güclü imiş. Fiziki və mənəvi sağlamlığına xidmət etdiyi adamcığazların öz xilaskarlarına qarşı qəddar və amansız olduqlarını sonradan anladı. Rafiq Tağı hələ uzun müddət "Tayqa xəyalları" ilə yaşayacaq, rəhmətlik atası "Bayıl"dakı yaşlı balasına baş çəkməyə gələcək və sonda kamerasına girib saçlarını oxşayan bu illuziyanın külək olduğunu anlayacaq. Ürəyi Yeni Zelandiyaya atlanan və müsəlman aləmi üçün Salman Rüşti qədər "təhlükəli" olan bu keçmiş məhbus "ekstremal" şeirlərində "Avropa və biz" məqaləsindəki iddialarından ekstremal görünmür:

 

 

Əsatir kimi dolaşaydım

Təbiətin Ensiklopediyasında

adlarını tapacağım

ağaclar arasında.

Nə bir tövbə, nə bir tabu...

 

   Tövbə etməsə də qəzetlərin yazdığı görə, müsəlmanları "təhqir" edən

 

   R. Tağı yazısındakı "ekstremal" fikirlərin düzgün anlaşılmamasını bildirməklə

üzünə duranlardan üzr istəmişdi. Qanunlarımızda yaşayış yerini tərk etməmə haqqında maddə mövcuddur. Bilmirəm, cinayət məcəlləsində sovet rejiminin sürgün maddələrindən əsər-əlamət qalıbmı?! Deyək ki, R. Tağı kimi düşünənlərin yaşayış yerini Tayqa deyilən yer olmasa da, Qarabağın ermənilər yaşayan hissəsinə, yaxud Naxçıvana dəyişmək olar. Beləliklə, Rusiyada bir qarın çörək axtaranlar, Dubayda gözəlliyini istismara verənlər və siyasi baxışlarına görə ölkədən kənarda yaşamağa məcbur edilənlər cərgəsini azad düşünənlər və tabuqıranlarla zənginləşdirib Azərbaycan üçün taleyüklü seçkiləri qocaların və əlsiz-ayaqsızların (təfəkkür baxımından) ümidinə qoymaq olar.

 

    Həmkarım İbrahim Selin bu fikri ilə razılaşıram ki, Azərbaycanda hələ də sivil qanunlarla deyil, islam şəriəti ilə mühakimə etmək ənənəsi qalmaqdadır. İran dini rəhbərinin, Salman Rüşti haqqında verdiyi fitvanın tilsimini qırmaq üçün xalq yazıçısı, millət vəkili Əkrəm Əylisli öz nüfuzundan istifadə edərək "Peyğəmbərin tükü" hekayəsini tərcümə edib mətbuata çıxardı. Amma "Şeytan ayələri"ni çap etməsini Samir Sədaqətoğluna heç cür bağışlamaq istəmirdilər. Azərbaycanı Avropa ilə müqayisə etməyi isə Rafiq Tağıya bağışlamadılar. Bu söhbəti təsadüfi xatırlamadım. R. Tağının AYB-nin sıralarından xaric edilməsi nə xalqa, nə dövlətə xəyanətinə görədir, bu sadəcə onun Azərbaycan ədəbiyyatının klassikləri haqqında, konkret olaraq, Səməd Vurğun haqqında kəskin tənqidi yazı yazmasıyla bağlıdır. 1930-cu illərdə Yazıçılar İttifaqından çıxarılan şair və yazıçıları həbs, sürgün və güllələnmə gözləyirdi. "Ədalət" xatirinə həmin yazıçılar taleyinin həll olunduğu yığıncağa dəvət olunur, onlara özünümüdafiə üçün söz də verilirdi.

 

    Bu ənənə sonralar da davam etdirilmiş, 1946-cı ildə Mikayıl Rəfiliyə axırıncı dəfə şiddətli töhmət elan olunmaqla ona "səhvlərini islah etməyə" vaxt verilmişdir. Rasim Qaraca bu olayı tutuşdurur, R. Tağının AYB sıralarından çıxarılmasında yol verilmiş haqsızlığı analoqu olmayan hal kimi xarakterizə edir: "1946-cı ildə Stalin rejiminin tüğyan etdiyi illərdə, heç olmasa, Rəfiliyə xəbərdarlıq edilir, özünü bəraət üçün ona söz verilirdi. Demokratik Azərbaycan Respublikasında isə bir yazıçını mənsub olduğu təşkilatdan xaric edərkən ona nə xəbərdarlıq edilir, nə də haqqında qərar çıxarılan iclasda iştirakına ehtiyac görülür" (Alatoran, 2004, No 2, s. 9-10). Qeyd edim ki, bu məqalə Rafiq Tağını müdafiə edən cəmi bir neçə yazıdan biridir. Yeri gəlmişkən, mən Səməd Vurğun haqqında Rafiq Tağı kimi sərt düşünmürəm, onu sovet rejimi kontekstindən çıxarıb milli-əxlaqi dəyərlər baxımından qiymətləndirmək yanlış yanaşmadır.

 

Davamı var.

 

Bilal Alarlı

Digər xəbərlər

Rafiq Tağı: " Bəlkə təklif edək: yazıçı yaşmaq da vursun?" söhbətləşdi Ayxan.

Firuz Haşımov: "Rafiq Tağı üzərində inkvizisiyanın müasir variantı"

Bizdən ötrü darıxma

Mikelancelonun səhvləri

YA­­­­RIM­­­­ÇIQ TA­­­­RİX­­­­ÇƏ­­­­LƏR

Şərhlər