Tarix: 20-05-2019 15:24
Baxış sayı: 1379
İqor Jelezov bir yol "yatıb" çıxıb. Yumşalıb. Muma dönüb. Artıq suyu üfürə-üfürə içir. Əvvəlki xasiyyətiylə indikində yerlə göy qədər fərq var. Fironluğu buraxıb. İnqilabçılığından təkcə məişət tənqidçiliyi qalıb.
Həkim olan kəs də Leonid İliçlə - o boyda Brejnevlə kəllə-kəlləyə gələrdi?
Uzun adam ola, getdiyi evlərdə başı tavana dəyir. "Təcili yardım"dan çıxmalıyam, deyir. Alçaq insanların uydurduğu bu alçaq "xruşşovka"larda xəstə üstünə rahat getmək də olmur. Moskva evləri sökülüb təzədən tikilməlidir, vsyo. Dəfələrlə başı lampaya dəyib; az qalıb da üzü yana. Olduğu türmə kameraları bu mənzillərdən hündürdü. Həm də arxitektura cəhətcə onlardan qat-qat üstündülər.
İqor əsas da tikinti işçilərinə ilişir. Onları qaralayıb. Arxitektordan tutmuş, malaçıyacan - bircəsi əlindən qurtula bilməz. Hərçənd onun fikri olsa-olsa ictimai rəyin tərkib hissəsi sayılar. Bunun ölkədəki demokratik mərkəziyyət prinsipinə elə bir isti-soyuğu yox; ona qətrə də xələl gətirməz. Tənqid və təzyiq ancaq yuxarıdan aşağıya hərəkətlidir. Aşağıdan yuxarı tənqidlər asdı-kəsdini, həbsləri şərtləndirir. Bu tənqidlərdə dramatizm güclüdür. Onları Bethovenin tragik simfoniyaları müşayiət edə bilər.
İ.Jelezovun işi-peşəsi təzə evlərə mız qoymaqdı. Oturub-durub onları "kibrit qutusu" adlandırır. Onun nəzərində "dolqostroy"lar ölkənin tənəzzülünü daha çox rəmzləndirir. Hərdən tində durub burnunu divara dirəyər, bir gözünü qıyıb baxar. Görsün binanı əyri tikiblər, ya düz? Əyri tikililər barəsində qəzetlərə məqalə çıxarmaq niyyətindədir.
"Uzunun ağlı topuğunda olar", - ona baxanlar gülüb keçir.
Hə, İqor Jelezov Moskvada çox belə evlər kəşf edib. Öz "kəşf"lərini də elmi tədqiqat institutları kəşflərindən əskik tutmaz. Onlar tətbiq olunarsa, konkret müsbət nəticələr də verər. Mücərrəd şeylər onluq deyil. Plan da qurub: ömür yetsə, bütün Moskvanı əldən çıxarmaq. Bu şəhərin əyriliklərinə dözməmək! Zarafat deyil, Aleksandr Puşkin doğulub Moskvada! Təkəbbürlü arxitektorların yalanını çıxarmaq mənə borc olsun, deyir. Tarixi evlərin qəmbərqulusunu tapmaq, memarlıq və arxitekturadakı riya və yalanları aləmə faş etmək.
Bir gün də, əlində yığılıb-açılan "metrə", nataraz bir binanın en-uzununu ölçür, bloknotunda qeydlər aparırdı. Başını da tez-tez qaldırıb kəlləyə baxır. Hayıf, hündürlüyü ölçə bilmir. Hündürlük göylərlə bağlı keyfiyyətdir. Hündürlüklər ancaq dövlətin ixtiyarındadır. Tikinti nazirliyi səviyyəsində dövlət ona bu barədə badalaq gələ bilərdi. Ancaq neynək, onsuz hündürlükdəki nöqsanların insan həyatına sən deyən təsiri yoxdur.
- Binaları ölçməkdə sənin iş-gücün qurtarıb?
- Bə bunları soruşmaqda sənin də iş-gücün qurtarıb?
Bu da onun yerli bir ağsaqqalla dialoqu.
Qulaq gündə təzə söz eşitməsə, kar olar. "Evlər düz tikilməyəndə, vətən zay olar", - deyir İqor.
Günəşli-sazaq bir gündə Kostromadan "təkmilləşmə"yə gəlmiş çoxdankı həkim dostuyla muzeyə yollandılar. İqor muzeylər barəsində naşılığını boynuna alır. Ancaq Puşkin muzeyinin ilk "nöqsan"ını hələ ora çatmamış, uzaqdanca oxudu.
- Kölgəsi səhərlər çaya düşür.
- Nə olsun ki? - dostu təəccüblə ona baxdı.
- Muzeylər elə inşa edilməlidir ki, kölgəsi gedib çaya çatmasın.
- Axı, niyə?
- Kölgə çaydan su çəkər. Rəsmlər nəmləşər.
Kostromalı gözlərini döyə-döyə qaldı.
İqor Puşkin muzeyinin önündə durub, onu soldan sağa, sağdan sola, altdan da yuxarı xeyli süzdü. Deyən, ürəyində hesab aparırdı. Hələlik bir söz demədisə də, başını bulaya-bulaya pilləkənləri qalxdı. İnteryerdə az qaldı şoka düşsün. Zallar qəh-qəhə çəkib adamın üzünə gülürdü. Divarlar göz qamaşdırır, portretlərin şövqü çöhrələri nurlandırırdı. Əcəb bu parıltılara tənqidi yanaşasan! Vərdiş onu dinc qoymurdusa da, hələlik dilini dinc qoymuşdu. İndilikdə bu muzey ona görə tənqidə layiqdi ki, ondakı tənqid ruhunu öldürür. Ancaq hələ bir dayan. Bir-iki zalla iş bitməz. Buranın estetikasını axıracan əxz etməli. Onun baxışları buranın estetikası ilə hökmən toqquşmalı idi. Muzeydəki klassisizm onun nihilizmi qabağında tab gətirməyəcək. Bir həkim olaraq, ondakı zövqlər muzeylər estetikasının dışında formalaşıb. Olana da qanedir. Həyatda sağlamdan çox xəstə görüb. Dirilərdən çox olmasa da, çox da ölü görüb. Ölü də ki, özü hətta keçmiş estetika mütəxəssisi olmuş olsa belə, estetik dünyadan çox-çox uzaqlarda durur. Üstəlik, ən müqəddəs ölü də artıq antigigiyenikdir və onda bu durum dəqiqəbədəqiqə güclənir. Elə bu səbəbdən də cəld aparıb torpağa quylayırlar. Hörmət-zad əfsanədir, ölü, faktiki olaraq, ailədən, cəmiyyətdən mədəni şəkildə rədd edilir.
Zalların birində təsadüfən gəlib Mikelancelonun üstünə çıxdılar. Bax, bu ayrı məsələ! Mikelancelo tənqid obyekti kimi maraqlı tapıntı sayıla bilər. İqor Jelezov üçün mövcud siyasi situasiyadan mədəniyyət müstəvisinə keçid labüddü və indi buna göydəndüşmə bir şərait yaranmışdı. Hər hansı tarixi və mədəni hadisəyə tənqidi baxış zaman keçdikcə daha təhlükəsiz görünür. Zamanın uzunluğu ilə tənqidin şiddəti düz mütənasibdir. Yəni zaman artdıqca tənqidin şiddətlənməsi gözləniləndir. O bu qanunu öz kəşfi sayır. Zamanın minimum həddi müqabilində Brejnevi tənqid vüsəti də minimum həddində olmalı idi. Hətta sıfırdan minus səviyyəsinə - şit təriflər həddinə enmək də mümkün və məqbuldu. Öz tapıntısı olan obyektiv qanun bunu tələb edirdi. Amma o, rəftarındakı taktiki səhvlərlə bu obyektiv qanunun ziddinə getmişdi. Tutulub qoduqluğa basılmağı zərurət idi. Əlbəttə ki, ictimai obyektiv qanunların pozulması həbsləri qaçılmaz edir. Mikelancelonun eksponatı nəhəng bir kişi fiquru idi. Əvvəlcə o, eksponatda müəllif adının dəqiq yazılışını yoxlamağa girişdi. Tənqid - lap yaxınlıqdaydı. "Mikelancelo Buonarroti" - yox, burda səhvlik yoxdu. Alqış bu muzeyə! Ancaq tamaşaçı bu monumentin yanında cırtdana oxşayır. İnsanın öz təxmini ölçülərindən böyük yaradılması nə dərəcədə doğrudur? Bu iş Allahın da ziddinə deyilmi? Budur, əzələləri aydınca seçilir. Onları adbaad nümayiş etdirmək də olar. Hərçənd Mikelancelonun bu sahədə bilgiləri yalnız bisavad tamaşaçıda heyranlıq doğurar. Biliklərdə təəccüblənəsi heç nə yoxdur. Bu əsərdə yaradıcılıq vüsəti yox, bəsit anatomik bilgilər əsas rol oynayıb. Mikelancelonu sənətçi yox, obrazlı şəkildə "anatom" adlandırmaq daha düzgün olardı. Amma o, anatomiya biliklərini heykəltaraşlığa soxuşdurmaqda səhv edib. Heykəltaraşın sənətdə anatomik manipulyasiyalarına yalnız zırramalar heyran qalar. Bədii əsərdə əzaların təbiətlə uzlaşdırılması heç bir əhəmiyyət kəsb etməz. Tarixi yaddaş və müqəddəsləşdirmə ehtirası məğmunların xüsusiyyətidir. Tarix - öyrənilməsi kütləyə xas əlamətdir. Fövqəlinsan tarixi faktlara ilişib qalmır. Yeri gəlsə, o heç tarixi tanımaq istəmir də.
- Bay, Mikelancelonun əsas səhvini tutdum! - İqor sevincək qışqıranda, hamı, bədənini olmasa da, başını ona sarı çevirdi.
- Kişilərdə sol yumurta aşağı olar! Bunda əksinədir!
- Bədii əsər sənin üçün anatomiya eksponatı deyil, - dostu onu dümsüklədi. Dinmə. S-s-s.
- Yaxşı, anatomiya eksponatı deyilsə, onda niyə bütün əzaları düzgün göstərilib? Bədii əsərdə niyə də təkcə yumurtalar təhrif olunmalıdır?!
- Burda yumurtaların funksiyası heykəlin kişi olduğunu vurğulamaqdan ibarətdir. Vəssalam.
- Düz vurğulaya bilməzdi?
- İndi neyləyək, Mikelancelonu gilyotinadan keçirək? Ya ona cinayət işi açdıraq?
- Realistik əsər reallıqla uyuşmalıdır. Mikelancelo bu əsərində realizmə ləkədir.
- Vay səni! Korladın ki.
- Axı, sol yumurta aşağı olmalı ikən, sağ niyə aşağıda göstərilsin? Bunu mənə izah et! Yoxsa bunun da bədii əhəmiyyəti var?
- Bu, təsadüfi səhv ola bilər.