Şərq – Qərb əsəb tarixi (unudulası yazı)
Tarix: 31-01-2016 15:55
Baxış sayı: 2128
Azərbaycanda ölümün imkanları hədsiz çoxalmışdır. Bir zaman tarixi-ümumbəşəri təqlidlə mən onu skelet şəklində, əlində də dəryaz təsəvvür edərdim. Sən demə, ölüm sonradan xeyli kökəlmiş və göyçəkləşmişdir. İndi ölümə toxunan elə san göyçək qıza təmas edir. Mən rəssamlara XXI yüzildən ölümü əndamlı çəkməyi məsləhət görərdim. Skelet bir obraz kimi ölümə heç cür uyğun gəlmir. Üstəlik, artıq şairlərimiz də onu çox istəyirlər. Onlar yəqin ölümdən erotik effekt duyurlar. Həri, ölüm Azərbaycan şairi üçün evdəki soğan-sarımsaq qoxulu arvadağadan min qat sevimlidir.
Qardaşlar, ölümü sevməyənlər yalnız həkim-zad dövrəsində hərlənənlərdir ki, mən onların sağalmaq həvəsində min cür naqislik görürəm. Denən ölməyib neyləyəcəksən – bic-bic işlər görməyəcəksən?! Azərbaycanda kim uzun yaşamaq istəyindədirsə, bil ki, onun məşğul olduğu bic-bic işlər həddən ziadədir. Yox, yəqin Azərbaycanda yaşamağı ləğv etmək və zamanı rahat buraxmaq vaxtı çatmışdır.
Amma heç nə də yox, şairlərimizin elə təkcə ölümə sevgiləri gələcək intiharların əlaməti sayıla bilər. Kim nə deyir desin, ölüm arzusu sosial hadisədir.
Azərbaycanda ölüm əsasən arıqlamaqla hasilə gəlir. Ağır təbiətli azərbaycanlılar çəkicə yüngülləşməklə gorbagor olurlar. Ancaq həm də bununla Yer şarı bir növ lüzumsuz yükdən qurtulmuş olur. Qardaşlar, azərbaycanlılar tonnajı yüngül xalqlardandır. Hayıf, insanlarımız arıqlamasaydılar, onlar millət kimi formalı qalacaqdılar. Köklük milli varlıq şərtidir. Ta qədimlərdən ərazimizdə millət əsasən köklərdən təşəkkül tapıb. Sizə bir hikmət söyləyim: kim millətdirsə, deməli, tarixdə kökləri çox olub. Arıq millətlər tarix səhnəsindən həmişə tez silinib gediblər. Eh, mağıl mütəmadi kökələ-kökələ birtəhər buracan gəlib çıxmışdıq. Lakin daha yaman üzülmüş və yoxluq təhlükəsi ilə üzləşmişik. İçimizdə vərəm çöplərinin xüsusi çəkisi artmışdır. Yenə deyirəm, mən köklüyü məzlum millətlərin mövcudluq şərti bilirəm. Qaça bilməyən kökləri torpağından qovmaq namümkün işdir. Arıqlarımız sürət səksən, “povorot” doxsan Qarabağdan çıxdılar. Bəy sən demə, Qarabağda hamı arıq imiş.
Qardaşlar, aclarımız get-gedə insan sifətindən dönüb meymuna oxşamaqda, həmçinin humanitar yardımlı Qərbi xoşlamaqdadır. Şərqli Qərbi aclıqda bəyənir və onda artıq qərbli arvadlarına fahişə demir. Filhəqiqə, Qərb mədəniyyəti aclığa qarşıdır. A kişilər, Qərb mədəniyyəti gör necə quraşdırılıbsa, gödəniyyəti də nəzərə alır. Yəni bu mədəniyyət realistcə-materialistcədir.
Şərqdəsə mədəniyyət hələ də gülə-bülbülə dair söz səviyyəsində qalıb. Şərq fəlsəfəni şirə şəklində hələ də güldən-bülbüldən çəkir. Şərq sözə ilişib qalmış, Qərbdəsə söz çoxdan arxada qalmışdır. Həri, Azərbaycan Qərbi yaman gündə tanıdı və indi ondan beşəlli yapışıb. İnan, Qərb desə xristian ol, Azərbaycan olar. İslam Azərbaycan üçün çoxda ürəkaçan deyil. Qərb Azərbaycanın bir növ xilas yeridir. Antarktida əriyəndə, Qərbi orda sel-su basarsa, burda Azərbaycan quru yerdəcə batasıdır. Azərbaycan Şərq cəngəlliklərində aza bilər. Şərq mədəniyyəti Azərbaycanı assimilyasiyaya meyillidir. Azərbaycan təkcə despotuyla Şərqə oxşar qalmışdır. Mən deyirəm, diktatura siyasi mədəniyyətsizlikdir. Öz aramızdır, Şərq demokratiyanı anlamaq qabiliyyətində deyil. Məsələn, İrandakı Quran mənşəli demokratiya araq, ya heç pivə içilməsinə kifayət etmir. Azərbaycanda hətta siyasi aclıq çəkəni döyüb öldürə bilərlər. Həri, Şərqdə demokratiya rudiment halındadır. Şərqin ən gözəl sənətləri də mənim üçün soyuq və darıxdırıcıdır. Nədənsə, miniatürlərə heyran oluramsa da, tez də soyuyur və onlardan qurtulmağa çalışıram. Şərq sənətində görünən yeganə bəşəri şey məhəbbətdir ki, onu da klassiklər çeynəyib maraqsız etmişlər. Klassiklərimiz məhəbbətdən yazmaq üçün Leyli və Məcnundan savayı obraz tapmayıblar. Şərqdə hikmətlər insanın ram edilməsi naminədir. Həri, mənim fikrim budur. Şərq hələlik, Qərbin dırnağına dəyməz. Mən Şərq mütəfəkkirlərinin qədim təxmini fikirləri önündə heç də ikiqat olası deyiləm. Şərq öz qədim tarixini yas yerləri kimi xalçalarla bəzəmişdir. Şərqdə keçmiş ölmüşdür. Qardaşlar, Şərqdə gələcəyin bütünlüklə Qərbin əlinə keçməsi təhlükəsi var. Qərbdə hər şey canlıdır və bayaq adını çəkdiyim bülbül kimi cəh-cəh vurur. Qərbdə bülbüllər qəfəssizdir. Onda rəqslər də azadlığa uyğundur. Qərb rəqsində “pa”ların amplitudası böyükdür. Həm də bu rəqslərdə hoppanmalar çox müşahidə olunur. Qərbdə hoppanışlar bəşər oyanışları şəklindədir. Onu deyim ki, qərblilər hoppanarkən çox vaxt əngin səmalara uçub gedirlər. Qərbdə azadlıq dini təzyiqləri istisna edir. Şərqdəsə din yaşamağa əngəldir.
Mən Qərbə İsa peyğəmbərin qədrini bildiyinə görə hörmət edirəm.
Müharibələri tüğyan etsə belə mən Qərbi Şərqdən həmişə üstün tutacağam. Müharibələrdə qayda-qanunu Qərb ixtira etmişdir. Humanizm Qərb İntibahına məxsusdur. Mən təkcə orda doğulmağım səbəbiylə haq-nahaq Şərqi öyən deyiləm. Biofizioloji tərəfkeşlik mənə yaddır. Zorakılıqlar sahəsində Qərb Şərqin yanında toya getməlidir. Qərbdə müharibələr Şərqdəkilərlə müqayisədə bir muştuluqdur. Əyləncədir. Avropa müharibələri qanuniləşdirilmiş qəşəng toqquşmalardır. Qərbdə elə müharibələr olur ki, onda söyüş söymək qadağandır, camaatın ana-bacısı var. Öldürmək olar, söymək yox. İnsanlar bir-birini söyüşsüz qırıb-çatır. Düzü, mən Qərb müharibələrinə heyranam. Şərq müharibələrindəsə söyüş seksoloji biabırçılıqdır. ...A kişilər, Napoleonun Borodino altındakı döyüşlərini, necə incə və zərif olubsa, ruslar indiyəcən hər il səhnələşdirib elə həmin yerdəcə göstərirlər. Avropa müharibələri səhnəyə asan gəlir. Şərqin naturalist müharibələrinəsə yalnız göz yummaqla baxmaq mümkündür. Qərbdə müharibələr gecələr yatıb, səhər oyanır. Qərb müharibələrində hətta əsgərin dincəlməsi qeydinə qalırlar. Qərbdə müharibə adicə bir işdir, fəlakət deyil.
Qardaşlar, azərbaycanlıların ayıbını təbiət örtür. Azərbaycanlı doqquzqurşaq təbiəti içi dolu rəngli nimçə kimi qabağına qoymuşdur. Azərbaycanda hər şey öz-özünə bitir; azərbaycanlının işi zəhmət çəkib həmin şeyi dərib, hop , ağzına atmaqdır. Di gəl neyləyəsən ki, bunu da bacarmır. Nədənsə, biz heç nədə püxtələşmirik.
Qərb Azərbaycanın mürəbbiyəsidir.
Gedək o yana. Azərbaycanda dövlət polis əməyinin məhsuludur. Azərbaycanda tayfa başçısı təsadüfən dövlət başçısı olub; ordan natəmiz oyunçu bir göz qırpımında “damka”ya çıxıb. Bizdə dövlət başçısı tayfa başçılığından irəli gedə bilməyib. Tayfa təfəkkürlü dövlət başçısı vətəndaş müharibəsini labüd edir.
Gələk bu yana. Məni siyasətə, adı nədi – Qoyya itələyib saldı. Onun sosial məzmunlu bir rəsmində eşşək beli əyili bir insanın boynuna minib şax oturmuşdur. Mən deyirəm, siyasət eşşəklərin boyundan düşürülməsi sənətidir.
Qardaşlar, avtoritarizm siyasi tərbiyəsizlikdir. Avtoritarizmdə siyasi həyat saxtadır. Görərsiniz, bu il Azərbaycan prezidenti beynəlxalq müşahidəçilər tualetə gedərkən seçiləcək.
Deyəsən, burda sözüm qurtarır. Ancaq bir daha xatırladıram : Azərbaycanda köklük fəzilət növüdür.
P.S – Nəğmə
Düzü yazılarımı senzorların bir daha oxumayacaqlarını eşidəndə, gözlərim doldu. Onlar mənə doğmalaşmışdı. Minimum oxucularım onlardı; onlar getdi, mən bəlkə də oxucusuz qaldım. Mən onlara olduğu kimi onlar da mənə nifrət etmirdilər. Biz sadəcə siçan-pişik oyununa düçar idik. Hayıf, mən onlarla şəxsi tanışlığa çalışmadım. Yanlarında günahkaram, mən onları Ezop dilimlə çox aldatdım. İqtidar da dövlətçiliyi qorumaları adıyla onları daim aldadırdı. Ömrü boyu şərəfsiz şərəfsiz işlərə məcbur edilmiş, hamı tərəfindən aldadılıb atılmış insanlara mən bu gündən qardaş deyir, onlara əlimdən gələn köməyi əsirgəməməyə söz verirəm. Əlləri heç yerə çatmasa, ünləri bir yana yetməsə - mən hazır. Gərək olsam – baş üstə.
...Senzorlarım getdi, mən bəlkə də oxucusuz qaldım. Minimum oxucularım onlardı.