PROFESSOR FELDMAN
K |
afedranın şefi qırmızı adam çıxdı. Təzə ay girər-girməz professor Feldmanı kabinetinə çağırıb:
- Çıx təqaüdə, - dedi. Təkbirlikdə, əmr formasında.
- Niyə və nə üçün?
- Təqaüdə çıxmaq nə vaxtdan təəccüblü iş olub?
- Axı, əvvəl bu barədə söhbət yox idi?
- Əvvəl heç nə olmur. Hər şey sonra olur.
Amma guya tez də yumşaldı: onu qınamasın, bu qərar onluq deyil. Yuxarıdan gəlib - rektordan. Məncə, sorğu-sual yersiz və artıqdır, dedi. Əmrin nöqtə-vergülünə toxunmaq da olmaz. Yaraya məlhəm ola, rektor deyib, institutda bir qoca belə qalmamalıdır. Həşərat kimi artıb-çoxalıblar. Sizinki kafedra deyil, bir şef kimi ona da təpinib, qocalar evi, müavinət idarəsidir. Bu, qanan üçün ölümdən betərdir.
- Bəs ona deyə bilmirdiniz ki, ölkənin rəhbərləri də ucdantutma qocalardır?
- Məndən elə qəhrəmanlığı çıx.
- Eşşəyə gücünüz çatmır, palanı döyürsünüz.
Kafedra müdiri birdən-birə, oturduğu yerdəcə simmetrik-rəsmi görkəm aldı. Yəni görüş bitdi, gedə bilərsən. Əclaf saman altdan su yeridəndir. Rektora heç kim də yox, gedib özüciyəz qarğa, qarğa, məndə qoz var, deyib. Nəfəsi yalanla gedib-gəlir. Pambıqla baş kəsər. Camaat çörəyi burnuna yemir.
Professor Feldman bu gün gedib elə sabah işə qayıdanacan anladı ki, dövlətlə qoz-qoz oynamaq yaramaz. Sovet hökuməti dovşanı arabayla tutur. Qanun qabağında atılıb-düşməyinə dəyməz; hətta onu dılğırlar yaradırsa da. Çəm-xəm yersizdir. Tabeçilik vacib və qaçılmazdır.
Hə, düzdü, quru adlar üstündə qalacaq, ancaq tutduğun vəzifələri tərk etməlisən. Orden-medalların gərəksiz metal parçasına dönəcək. Elə şeyi nəvələrə də oynatmağa verirsən, bəyənməyib bir kənara tullayırlar. Dönürsən lələkləri yonulmuş qart xoruza. İnsanlarla ünsiyyətin yalnız dükan-bazarda olur. Amma elə ilk günlərdəcə dəridən-qabıqdan çıxırsan ki, işdə səni unutmasınlar. Hər dəfə bir bəhanəylə keçmiş nömrələri yığırsan. Vay səni, sənin telefonunda başqası oturub. Bağrın çatlayır, az qalır havalanasan.
Əlbəttə, adam istəyər ki, dost-tanış, yar-yoldaş hələ ölmədiyini bilsin.
Ölsəm, yasıma gəli-in-n!..
Amma zəngləri get-gedə seyrəldirsən. Çünki hər dəfə səninlə bir az da soyuq danışırlar. Bəziləri hətta salam-kalamsız soruşur: "Sizə nə lazımdır?" Qalırsan mat-məəttəl. Deyəcəksən "heç nə", deyəcəklər bunun başı işləmir. Onlara nə var, bunu üzünəcə deyə bilərlər - "Başın çatmır". Yaman sırtıq bir nəsil dünyaya gəlib. Elə vaxtında təqaüdə çıxır. Yox, təqaüdə çıxmır, aradan çıxır.
Professor dünyanı görə-görə gəlib. Bir vaxt onun öz iştirakıyla təqaüdə ötürdükləri də baş-beynini çox aparıb.
"Nə var, nə yox?"
"Hər şey var, heç nə yox".
"Yaxşısan?"
"Tutaq ki".
Sorğu-sualdan heylər çəkilir, can üzülür. Bir ay belə, beş ay belə, axır heyvancığaz özüciyəz başa düşür ki, deyən, artıq ayıbdır. Zəngləri tamam kəsir. Bununla da sanki qeybə çəkilir. Onun öldü-qaldısından bir kəs xəbər tutmur da. Getdikcə ad-familiyası, hətta sifət quruluşu unudulmağa başlayır. Rast gələrsə, hətta onunla təzədən tanış olmaq olar. Onu hüzürlərdə görməyə də lüzum görmürlər. Hüzürdə yalnız perspektivli insanlar arzulanır. Bir iş var ki, təqaüdə gedənin öz yasına da ayaq qoymurlar. Ölmüsən - əcəb eləmisən. Təqaüdçüdən can qurtarmaq üçün onu həmişə çoxdan ölmüş bilirlər. Bu kafedranın keçmiş işçiləri bütünlüklə keçmişdə ölmüşlər cərgəsindədir.
İndi bu oyunlar öz başına gələcək.
Kabinetindəcə bir alma götürüb xartıltıyla dişinə çəkdi. Arvad onu yaxşı öyrədib: tez-tez dəmi gəlir almanın. "Mənim də siqaretim - budur", - tələbələri qarşısında öyünərdi. Hər səhər arvad çantasına beş-altısını qoyar, bərk-bərk də tapşırar: hara getsə, harda otursa, çəksin dişinə. "Alma bədənə xeyirlidir", - onun hikmətamiz sözlərindən olmaz. Apteklərin vitamini rədd olacaq. Onlar hayana dönə, dərman sayılır. Udanacan da ödün ağzına gəlir.
Sənədləri almalardan domba-domba əzik olur.
Hə, nanay-nanay qurtardı, vaxtı ayın axırınacandı. Neyləməli? Ayıb-ayıb şikayətəmi getsin? Gedəcəksə, nə desin? Desinmi müharibə veteranıdır? Yoxsa tələbələrinə sevgisini önə çəksin? Bu lap yalvarmaq çıxar, şit görünər. Həm də ürəklərində düşünəcəklər: ayının min oyunu bir armudun başındadır - hərif yüksək maaşı əldən buraxmaq istəmir.
Ancaq kor-kor, gör-gör, saç ağarıb, diş tökülüb - burda kimin nə günahı? Bəlkə axır gününəcən kafedrada yuxulamaq niyyətindəsən? Yatıb xoruldamaq? Bax, bu nömrə keçməz! Keçməyəcək!
Heç vaxt da yaşamadı. Eləcə yaşamağa hazırlaşdı. Məktəb, institut - günləri-ayları güvə kimi yeyən şeylər. Üstəgəl, dörd il müharibə. Müharibə həyatının ən lüzumsuz əlavəsi idi. Sonra da gözlərinin nurunu fənər kimi arxiv sənədlərinə işlətdi. İndi bir şey oxuyanda, az qalır eynəyini yazıya yapışdırsın, sətirlər üzərində sürüşdürsün.
Di xoş gəldin, professor!
Yox, görünür, lax adamdır. Alim - şefi kimi olar. Masası üzərində günəbaxan ləçəyi, soğan pərdəsi, ya zəfəran gülü rəngində beş-altı telefon aparatı. Bülbül kimi cəh-cəh vururlar. Qapısı üstündəki lövhəni, yalan olmasın, bir saata güclə oxuyarsan. Məqalə boyda bir şeydir. İlahi, insanda nə qədər titul, ad-san olar! Fotoqrafa lövhənin şəklini atdırıb. Çoxaldıb qonaqlara paylayır: qoy ayaq üstə zəhmət çəkməyib, evdə rahatca oxusunlar. Alimə kəşflər yox, adlar daha vacibdir. Həm də onsuz indi hər şeyi bilmək sarsaqlıq əlamətidir.
Qanun professor Feldmana göz ağardanda, şefə diş ağardır.
"Ayın axırına nə qaldı ki?"
Artıq birgə deyib-güldüyü kollektivdə sıxıntı keçirir. Uşaq kimi də hamıdan utanır. Elə bilir, tələbələri ona gülür. Təqaüdə getmək onların nəzərində kursda qalmaq kimi ayıb bir işdi. Yəqin oturuşu-duruşu, danışığı da köhnəlib. Özü özünü Nuh əyyamından qalma adam yerində görür. Cəbhə yoldaşları haqda söhbətlərini qəfil tərgidəsi oldu. Gərək bunu çoxdan eləyəydi. Onlardan danışanda, hamını əsnəmək tutar, camaat birbəbir dağılışardı - hələ sağ olsunlar ki, dağılışanda, sanki bir az utanırdılar.
Tələbkarlığını tamam yerə qoydu. Tələbkarlıq əslində demaqoqluğun bir formasıdır.
İndən belə toydu onun işi. O, xəstəlikdən-zaddan yox, bəlkə də darıxmaqlıqdan öləcək. Ye, iç, yat - xoşbəxtliyin bu son görüntüləri onu bədbəxtliyə yuvarladacaq. Şişib porsuğa dönə bilər. Otaqlar, mətbəx, arvad... Hə, arvad təqaüd adı eşidəli, onunla hüquq dilində danışır. Keçən həftə dilindən qaçırası ki, hətta ona nifrəti var. Mübarəkdir! Nigahları olmasa, deyir, onunla bircə gün də qalmaz. Amma gör ha, qırx il qala bilib!
Artıq mədəni tədbirlərin də ləzzəti qaçdı. Kinolar ləğv olunur. Evlərinə gəzməyə gedəcəyi cəbhə dostlarından sonuncuları da bildir-inişil qırılıb-çatıldı. Müharibədən sağ qayıdanlardan axıra bir tək özü qalıb. Ölümə yeganə namizəd özüdür. İndi cəbhədaşlarının bircə qəbirlərinə baş çəkə bilir. Əslində bu da gəzməkdir. Qəbir üstünə getmək dünya keflərindən biridir.
"Tələbələrimə kimlər dərs deyəcək?"
Professor hər gün evə dönəndə, beş-üç kitab götürür. Hamısı şəxsi kitablarıdır. Dövlətin deyil. Elə bil yalnız işin axırında köçür. Bu köçməyi də nə bir it bilir, nə qurd. Niyə də bilsinlər? Ancaq köçməkdən təhqiramiz şey yoxmuş dünyada. Haçansa gördüyü köçən ailələri, ələlxüsus onların açıq havadakı yorğan-döşəklərini xatırlayanda, indiyəcən birtəhər olur. Hə, elə plan cızıb ki, işdəki kitablarını ayın axırınacan daşıyıb qurtaracaq. Axı, niyə də aşağıda taksi saxlatdırsın? Qutu-qutu kitablar aşağıya gedəndə, niyə də sıralanıb tamaşasına dursunlar?
Yazı makinasını bir qırağa qoydu. Bax, bu, dövlətindi. Təhvil verəcək. Mebel - yerində qalır. O da dövlətinkidi. Bircə şirəsi çəkilib, cəcəyi qalmış can sənindi - buyur, onu özünlə götür.
Güzgü qabağına keçib, qadın kimi azı yüzüncü dəfə özünə baxdı - gah yaxından, gah uzaqdan. Qabaqdan-daldan. Üzündəki xırda çapıq yerlərini diqqətlə süzdü. Yox, zarafatsız, yaman düşüb. Hökuməti nə qınayasan! Qırışlarıylaca uşaq qorxutmaq olar. Eynəyinin şüşələri durbin kimidir.
Qarşıda Çin səddi kimi təqaüd dururdusa, özünü didib-tökməyə dəyərdimi? O, zır avam olub. Daim özünü qısa-qısa, korluq çəkə-çəkə yaşadı. Həyat nemətlərindən yan keçdi. Sanki onların ona dəxli yoxmuş. Arvadından savayı bir arvad görmədi. Əsas da buna yanır. Ölüvaylığına sədaqət adı qoydu.
Hərdən də təsəlli üçün özünü sorğu-suala tutur: professor Qriqorovdan nəyin artıqdır? İşə gəldiyi yerdəcə infarkt tutdu, dombalaq aşdı. Öz maşınındaca keçindi. Özü yolnan gedirmiş, dedilər, Əzrayılı kolnan. Amma cərrahiyyə kafedrasında səsi gələndə, əməkdaşlar siçan deşiyini satın alardılar. Vaqankov qəbiristanlığında torpağa elə quyladılar ha, cınqırı da çıxmadı. "Bu da ölməyə vaxt tapdı!" - aspirantları yasındaca deyinirdilər. İndiyəcən də adı çəkiləndə, üz-gözlərini turşudurlar. Bir növ, öldüyünə görə ondan inciyiblər. İnciyiblər də yox, zəhlələri gedir.
Qriqorovun bəxti bir onda gətirdi ki, onu təqaüd adıyla işdən qovmadılar.
Xa-arrt - professor almadan böyük bir dişdəm götürdü.
Gör onun yerinə nə qədər diş qıcayan tapılacaq. Bütün Moskvanı çaxnaşdıracaq, yüksək dairələri bir-birinə vuracaqlar.
Adamın anasını belə ağladarlar. Dissertasiya müdafiələrində hamını it kimi qapardı. Sual sual üstündən! Hə, nə olub? Dünyanı düzəltmək bir sənə qalıb? Şefə quyruq bulamaq hər oğulun işi deyil. Demaqoqluğusa xalam da bacarar.
Axırıncı kitablarını qoltuğuna vurub həyətə enəndə, birdən ağlına gəldi ki, günü sabah nəvələrdən birini dartıb yanına gətirsin. Beşcə addım atmamış da çənədən özünə oxşar şeytanın üstündə dayandı. Gərək ona dilini bal eləyə...
1983 - 2003