Mədəniyyət və müharibə

Tarix: 25-03-2015 11:25
Baxış sayı: 2446


Azərbaycanda müharibələr lokal faciələr kimi yadda qalır. Hətta bizim üçün “elnən gələn dərd toy-bayramdır”. Ən şən insanlarımız qaçqın və köçkünlərdir. Düşməni vecimizə də almır, onun gözü qabağındaca mal-qoyun otarırıq. Sərhədyanı, ələlxüsus işıqsız rayonlarımızda doğum faizi yüksəkdir.

Ətağa cəddi, bir yandan bu, yaxşıdır. Xoşbəxtlik üçün qarı düşməni unutmaq kifayətdir.

Bircə burası düşünməyə əsas verir: bizdə milli orqanizmin müharibə zədələrinə reaksiyası mulyajlar təki mexanikidir. Barı zədələrdən biri fəsadlaşmır da ki, bundan ibrət alaq, dərs götürək. Dağdan gəlib, bağda oturmuşuq. Eşşəkdən düşüb, “Mersedes”ə minmişik. Kökəlməyi xoşbəxtlik sanırıq. Eynşteynləri atıb ayətullahları tutmuşuq. Araşdırmalarımız cənnət-cəhənnəm və cin-Şeytan mövzularındadır. Bütün bunlar, bir toplum olaraq, böyük ideallarla yaşamadığımızdan xəbər verir. İdeal nə olduğunu dərk etmirik də.

Bizdə yenilik olsa-olsa yad mədəniyyətlərin Azərbaycanda yeriməsindən ibarətdir. Yad mədəniyyətlər isə əksərən cinayət tərkibli olur. “Prorok”sevər Çingiz Abdullayev kimi bütün cinayətləri ancaq fərdlərdə görürük. Fərdin cinayətlərini görür və təsvir ediriksə də, bizə qarşı qlobal ideoloji cinayətləri görmür, onları yazmırıq.

Həri, tərəqqimiz içdən yox, dışdan gəlir. Ta orasını deməzlər ki, həmin bu tərəqqi də əsasən korrupsionerlərin məşğuliyyətidir.
İndiyəcən əxz etdiyimiz ən böyük yenilik yaşıl görməmişi ərəblərin dinidir.

İslama rast gəlməmək üçün türklər uzaq-iraq torpaqlardan qopmayaydı kaş.

İslam dünyagörüşü inkişafımızı əsrlərcə ləngitdi, mədəniyyətimizə adinamizm gətirdi.

Azərbaycanımızda mədəniyyətin rolu mənə həmişə qaranlıq qalıb. Heç “burcutmadan” götürək “Leyli və Məcnun”u, ya Üzeyir Hacıbəyovun silsilə operettalarını – millət nə hayda olub, bəstəçimiz nə hayda. Hətta dahilərimiz belə, tarixin qarmaqarışıq dövrlərində də, ayılmır. “Atılan toplara diksinməyiriz”.

Bizimki sevgi və hırıltıdır.

Elə “opera “Keroğlı” da “37” sindromuna biganəlikdən özgə bir şey deyildi.

Mədəniyyət yaradanlarımıza millətin taleyi həmişə qanqaraldıcı görünüb.

Açıqca deyirəm, mədəniyyətimiz müharibələrin dərkinə mane olur. Bizdə mədəniyyət funksional deyil.

Niyə beləyik? Kiçik araşdırmamız gərək.

Qardaşlar, Azərbaycanda müharibə dünyagörüşləri genişləndirmir. “Biz mədəni millətik” kompleksi torpaqlarımızın işğalına rəvac verir. Mübarizə qabiliyyətimizin yoxluğunu sülhpərvərliyə yozmuşuq. Milli özünüdərkimiz sıfır dərəcəsindədir.

Bizdə Vətən əxlaqdan deyil. Əxlaqı yalnız tumanbağını möhkəm dartmaqda görürük.

Bizdə əxlaq cinsi sferaya aid dəyərdir.

Klassik ədəbiyyatımız başda - mədəniyyətimiz həmişə millətin taleyindən kənarda və onu nəzərə almadan yaranır. Fərdin iztirablarını millətin iztirablarından üstün tuturuq. İnandırım, Şah İsmayılımızda belə sevgi iztirabları Azərbaycanın maraqlarından üstün idi. Axı, nələri deyim, xanlıqlara parçalanmış Azərbaycan sonradan dövlətlərə paylanmış oldu. Nadir şah Borçalını gürcülərin bir çar gədəsinə bağışladı. Bəh-bəhlə Rusiyanın tərkibinə daxil olduğumuzda, İrandakı torpaqlarımızı unudası olduq. XX yüzildə bu problemi Süleyman Rüstəmin ixtiyarına buraxdıq.

Şairlər dövlətin taleyini həll edəndə, o dövlətin ancaq buynuzları, bəlkə bir də dişbatmaz quyruğu qalar.

Şair sözünə inanan millət korafəhimdir.

Düşmənə nifrətimiz nəzərilikdən uzağa getmir. Millətimizdə müharibələr üçün təbii səfərbərlik qabiliyyəti yoxdur. Əksinə, hətta rəsmi səfərbərlik adı gəlsə, hamımız xəstə çıxacağıq. Onsuz da ölkə boyu milləti “əlil”ə çevirən “VTEK” fabrikləri daimi fəaliyyətdədir.

Bizdə cihad mümkün deyil, çünki islam qanda deyil, ölkədə teatral bir rekvizit materialıdır.

Dünyada bizim qədər öz dövlətini düşünməyən ikinci bir millət tapmazsan.

“Öz həqqimizi gözləməyə bitərəfiz biz”(Sabir).

Gəlin, bir az dərinə gedək. Müharibələrin permanent mövcudluğu mədəniyyətləri lüzumsuz edir. Mədəniyyətlərin insanı yaxşılaşdıracağı gümanı özünü doğrultmadı. Məncə, bəşəriyyətin indiyəcənki tarixi buna bariz sübutdur. Əksinə, mədəniyyətlər milli təkəbbürü artırır, daha qəddar müharibələrə zəmin yaradır. Gülməlidir: Mesrop Maştotsun b.e.-nın V əsrində yaratdığı əlifba bugün də ermənilərin torpaq iddialarına səbəb olur. Yaxud almanlar yanlış ari ideologiyası ilə faşizmə yuvarlanmadımı?

Hegel mədəniyyəti “insan tərəfindən yaradılmış ikinci təbiət” adlandırırdısa da, əlbəttə, bu, süni təbiətdir. Bütün süniliklərin əsasında mədəniyyətlər durur. İctimai fəlakətlərin qarşısını almayacaqsa, nəyə lazımdır bu.

Mədəniyyətlər insanlığın təbiətdən uzaq təxmini biliklərindən ibarətdir. Mədəniyyətlər təbiətə heç nə əlavə etmir. Əksinə, təbiət mədəniyyətlərin artması qədərində məhvə uğrayır. Bu anlamda bəşər əməyinə münasibətimiz pessimistikdir. Məncə, bu qədər əzici-öldürücü vasitələrə malik bəşəriyyətə canlıların əşrəfi demək absurddur.

İnsan Allahın uğursuzluğudur.

Allah insanı mədəniyyətlərsiz yaradıbsa da, ona naqis bir şey olan eqo əta edib və mədəniyyətlər məhz bu naqislikdən törənir.

Mədəniyyətlər insanın içindəki aqressiyanı daim gücləndirir. Mədəni cani daha qorxuncdur.

İnsanlığın boşboğazlığı, lüzumsuz bir əyləncəsi olan mədəniyyət elə onun da vaxtını alır və Şeytanın dərkinə sədd qoyur.

Qardaşlar və həm bacılar, gəlin, Azərbaycanımıza birgə gün ağlayaq.

Mənim zaman-zaman topluma ötürdüyüm həyəcan mesajları həmişə top-tüfənglə qarşılanıb. Bu top-tüfəng əsasən mədəniyyət içindəki rahatlığı pozduğuma görə olub. “Mirzə Cəlillə ayrılıq məqamı” adlı essemdə dedim ölkədə müharibədə gedir, gəlin millətin pozitiv enerjisini üzə çıxaraq, az qaldı başımı yaralar, “Tarix müqəddəs ölülərdən qiymətlidir” və “İki Tağıyev İlqar” adlı yazılarımda dedim ölkə prezidenti alkaş olmamalıdır, məni təpikləmək istədilər, “Torpağımız olsun, üstündə yüz Füzuli yetişəcək” dedim, ağzımdan vurdular, nə bilim, “Qafqazın qartalı Şaumyan belə...” (S.Vurğun) yazımda soruşdum ki, talantlı Səməd Vurğun Stepan Şaumyana niyə “Qafqazın qartalı” deyib, məni Yazıçılar Birliyindən kənara tulladılar; “Avropa və biz” yazımda isə Şərq bataqlığından çıxmağı təklif etdim, tutub qazamata basdılar... Çünki - “Öz qövmümüzün başına əngəlkələfiz biz”,

“Zülmətsevər insanlarız üç-beş yaşımızdan,
Fitnə göyərir torpağımızdan-daşımızdan...”(M.Ə.Sabir).

Burda da məqsədim toplumu mədəniyyətlərin rolu haqqında düşünməyə sövq etməkdir.

Fikrimcə, mədəniyyətlər müharibələri asanlaşdırır, intensivləşdirir.

İnsanlıq Allahdan uzaqlaşdığı məsafəcə Şeytana yaxın olur.

Mədəniyyətlər müəyyən vaxtlarda Şeytanın silahına çevrilir.

Mədəniyyətə sahib insana heç də yaxşı demək olmaz. Həm də mədəniyyətlər kütləyə xor baxan elitarlığı doğurmuşdur. Elitarlığın tərkibində kütləyə nifrət var. Elitarlıq əxlaqdan kənardır. Mədəniyyətə sahib olmayan kütlə daha məsumdur.

Gəlin, birlikdə baş işlədək. Biri düşünüb, mini yeməsin.

10 – 16 iyun 2011-ci il

 

Digər xəbərlər

Müharibələr və ana

Azərbaycanda hüquq

"Xəstəxanada öləcəyini hiss etdim, hər yandan mühasirəyə alınmışdı..."

Nəbinin hekayəti

Zəminə Rəhimqızı ilə söhbət

Şərhlər