Tarix: 20-05-2019 15:27
Baxış sayı: 1144
Anna Karenina mənim tək yaşadığımı təzəcə aldığım illüstrasiyalı "Anna Karenina" kitabından görüb. Anna "Anna Karenina"nın səhifələrindən bəşəriyyəti güdürmüş. Necə şirnikib, dişlərini necə itiləyibsə, XIX əsrdən birbaşa mənim yaşadığım XXI-ə adlayıb. Hələ yaxşıdı, XX-də onu "Kalaşnikov"la odlamayıblar.
Anna məşuqəyə ehtiyacım olduğunu havadanca oxuyub. XIX əsr rus klassik ədəbiyyatından boylanmaqla. O, XX əsr sevgilərinə təzəlikcə yekun vurub. Balansı bağlayıb. Xoşuma gəlməyi xoşuna gəlib. Əsas da gecə yatarkən soyunmalarım onda şəhvətlər oyadıb. Açığı, mən çox erotik soyunanam. Elə bunuca gözü tutub. Axı, onda və onun kimi sivilizasyon qadınlarda sevgi şəhvətlə başlayır. Şəhvətlər sevgilərin proloqudur. Onlar şəhvətə hətta birbaşa "sevgi" deyəndilər. Bu sözləri sinonim kimi başa düşürlər. Quru və qartımış Aleksey Karenin Anna üçün yalnız nigah kağızında əhəmiyyət kəsb edir.
O, gecənin bir aləmində, gözümə yuxu gethagetdə başımın üstünü kəsdirdi. Belə şey yatıb yuxuma da girməzdi. Mən gözüyumulu üstünə şığıdım. Onun Anna Karenina olduğunu iş işdən keçəndən sonra anladım. Özü də özü deyəndən sonra. Yoxsa yüz il qala onu tanımazdım. Axı gecə qara-cücə qara, cavan xanımların kimliyi bir o qədər rol oynamır. Bilsəydim ki, bu Anna o Annadır, yenə hərəkətlərimi tələsik yüz ölçüb, bir biçər, özümü cilovlayar, sığortalayardım. Yadıma düşəndə dəli oluram: gör mən neylədim. Gəlib-gəlib harda çamura batdım. Dimdiyimdən ilişdim. Əlimdən nə xata çıxdı. Cinayət Məcəlləsində ədəbi qəhrəmanla cinsi əlaqə maddəsi yoxdursa da, bu ən azı Lev Tolstoydan ayıbdı. Həm də onun hər hansı qəhrəmanını belə işə sövq etmək bağışlanmaz səhvdi. Səhv də yox - cinayət. Bir iş də var ki, onda gərək bütün qadınlarla xoş ünsiyyət cinayət əməli sayıla. Onda bəşəriyyətin kökü kəsilər ki. Olmadı elə, oldu belə, ona qarşı cinayət işi qaldırılar, həbs qəti imkan tədbiri seçilərdi. Məşhurlarla ilişgili işlər həmişə qorxuludur. Məhkəmələr də haq-nahaq onlara arxa durur. Bir sözlə, şöhrət - təhlükə mənbəyidir. İnandırım, Tolstoyun Annasına görə adamın atasına od vurarlar. Ancaq Tolstoyun yanında günahımı, ərindən boşanacağı təqdirdə, Anna Karenina ilə evlənməklə yuya bilərəm. Mən buna hazıram. Bir şərtlə ki, dünya ədəbiyyatından qopsun, ayrılsın. Dünyanın gözü qarşısında "Anna Karenina"dan - ədəbi obrazlıqdan çıxıb anama gəlin olsun. Özüm ondan bir-iki övlad da istəyərəm. Sözümün canı odur ki, onun ailə həyatı ədəbi qəhrəman şəklində mümkün deyil. Amma övladlarımızın Lev Tolstoyla bağlılığı gözəl bir iş olardı. Onlar həyatda yaxşı yer tutardılar.
Nə əcəb, Anna Vronskidən də bezib? Yoxsa o məni sınağa çəkirmiş: Tolstoya hörmətim qalıb, ya yox? İmtahandan lax çıxdım. Ancaq döşək kimi alta yıxılmaqla da sınaq qoymazdılar, axı! Digər tərəfdən, burda başqa suallar ortaya çıxır: əgər ona dəyib-toxunmasaydım, L.Tolstoya hörmətim qalmışmı sayılacaqdı? Görən, qadına hansı münasibət hörmətdir? Məncə, Anna Lev Tolstoyun təsir dairəsindən "Anna Karenina"nın ilk çapındaca çıxıb. Hətta onun ilk variantında - qaralama səviyyəsində. O, Tolstoyla birdəfəlik üzülüşüb. Yoxsa çapa qədər belə hoqqalar çıxarsaydı, Lev Nikolayeviç buna dözməz, onun dərsini yaxşı verərdi. Təxəyyülündəcə. Ən azı simasını dəyişdirərdi. Acıqca gözəlliyini azaldardı da. Üzünə eybəcər xallar qoyardı. Ya onu əxlaq mücəssiməsinə çevirərdi. Əxlaq da ki Anna üçün ölüm kimi bir şeydi. Hər halda, Anna "Anna Karenina"da eybəcər görsənəcəkdi. Lakin ədib onu şəhvət tuluğu şəklində həyata atıb. Elə bu da Annaya sərf edir. O, əxlaq qaydalarıyla yaşamaq istəməzdi. Bu iş onun üçün facianə olardı.
Vay, vay, Anna XIX əsrdən bu yana özü üçün sərbəst gəzir. Heç nə vecinə deyil. Siyasətə də qarışmır. Onunku subay kişiləri tora salmaqdı. Minlərcə oxucuya gəl-gəl deyib. Onları ələyib, əldən keçirib. Zöhrəvi xəstəliklərə də tutulmamış olmaz. Ancaq o, veneroloqu da eləcə "Anna Karenina" oxucuları arasından tapa bilərdi. Başqa əlacı yoxdu. Aşkarda dispanserə getmək imkanından məhrumdu. O öz məşuqlarını ömrünün hüdudlarından uzaqlarda çırtmalayıb seçir. Evli kişilərin evindəsə "Anna Karenina"dan burnunu çölə çıxarmaz. Onların arvadlarıyla saçyoldusuna çıxmağı Allah göstərməsin. Saçını ovuclayıb yerə qoyar, üzünü cırıb çənəsinə yapışdırar, cəmdəyini yun kimi didərdilər. Kitabda susmaq - onda bu əxlaq təzahürü qorxudan törənmişdi.
Bəlkə onun özünün də kimlərləsə təmiz ailə qurmaq niyyəti olub. Lakin şəhvətlə başlanan ünsiyyət adını kişi qoyan hər bir kəsi ailə qurmaqdan çəkindirər. Şəhvət qısa müddətdə maraqlıdır və sonrakı həyat gedişatına şübhələr doğurur. Hərçənd bu zəmində ailə quranlar da tapılır. Güman, onunla ailələr qurulub da, dağılıb da. Tolstoyun xatirinə ailəlik dövrünü xeyli uzadanlar da olmuş olar. Bir növ, Tolstoy faktoru ailələri möhkəmlədib. XIX və XX yüzillər mətbuatını yaxşı-yaxşı araşdırmış olsaq, Annanın kimlərləsə toyu xəbərlərinə də rast gələrik. Onu deyim ki, Tolstoyun bu ədəbi obrazına evlənən kəs qismən xoşbəxtdir. Cəmiyyətdə asanca şöhrət tapar. Əcəb bu şöhrətlərin Rusiya və başqa ölkələrdə, ələlxüsus Avropada izlərini axtarasan. Onların hətta Avropanın biznes tarixində, ölkələrin iqtisadi tərəqqisində də rolu inanılasıdır.
Hər halda, Anna Karenina indilikdə məni seçib. Deyən, şöhrət quşu gecdən-gec gəlib mənim də çiynimə qonmaq istəyib. Gərək bu informasiyanı cəmiyyətə ötürəm. Bunun başqa informasiyalardan nəyi əksikdir? Ondakı absurdluq və şok effekti yerli-yerindədir. Niyə də gizlin qalsın? Qoy cəmiyyət ondan faydalansın! Elə özüm də. Üstəlik, bu xəbər mənim ölkəmdə Lev Tolstoya meylləri daha da gücləndirər. Annanın xatirinə "Anna Karenina"nı oxuyanlar sayca artar. Annaya kitabdaca işarə vurar, ona göz edərlər. Qəlblərdə bəzi ümidlər yanar. Gələcək üçün planlar qurular. Gələcək işıqlaşar. Məğmun və naəlac kişilərə gələcək bağışlanar.
Ancaq hissə qapılıb Annanı basmarlamağım bəlkə də mənim səhvim idi. Öz ideallarıma xəyanət etdim. Əlbəttə, bu, Tolstoyun ruhuna böyük hörmətsizlikdi. Adama deyərlər, tutalım, Anna axmaq və çölədüşməydi, bə sənə nə olmuşdu? "Özünü saxlaya bilmirdin?" - soruşardılar. Həmin xəbəri aləmə faş etməklə də idbar bir nümunəni yaymış olardım. Şəhvət düşkünləri Tolstoyun bütün qadın qəhrəmanlarına vurrey hücuma keçərdilər. Vur-çatlasın xirtdəyə çıxardı. Eyş-işrət baş alıb gedər, Tolstoyun romanları ümumxanaya çevrilərdi. Hərçənd arada dünyaya uşaqlar da gələcəkdi. Mən burada günahı yenə Tolstoyda, Lev Nikolayeviçin özündəcə görürəm. Zəhmət çəkib, ədəbiyyatı ayağısürüşkənlərlə doldurmayaydı. Üstəlik də, onları əbədiyyətə ötürmək belə vacibdimi? Annalar belə matahdılar?! Tolstoy sevgiləri gərək namərdliklərdən keçirməklə göstərəydi? Başqa cür edə bilməzdimi? Yəqin o özü də əxlaqı düzgün təsəvvür etməyib. Əslində mənim tutduğum iş zorlama cinayəti kimi tövsif edilə bilər. Ancaq insaf da dinin yarısıdır, avara qadına münasibətdə "zorlama" istilahı kökündən səhvdir. Əslində Tolstoyun ədəbi qəhrəmanlarıyla bağlı heç bir məhəbbət macərasında cinayət tərkibi yoxdur. Anna məni sevərək yanıma gəldiyini çataçat özü qulağıma pıçıldamışdı. Amma biz də çörəyi qulağımıza yemirik - yəqin eyni sözü hamıya deyib. Onda məhəbbət öyrəncəli şeydi. Guya onu sevənləri o da sevir - borclu qalmağı qəbahət sayır. Özünə söz verib, əbədiyyət boyu bu barədə heç kəsə yox deməməli. Artıq bunu özünə vəzifə bilir. Axı, nə olan şeydi ondakı - heç kəsin könlünü qırmamalı! Lev Tolstoy zərif çöhrəli bu "yekaterina" qadınla hamını sədaqətsizliklərə sürükləyib. "Anna Karenina"nı oxumuş tək kişilər göydə Annanındı. Onlarla ünsiyyət qorxusuz-hürküsüzdür. Bəlkə də dünyanın bütün qitələrində onun yatdığı-sevişdiyi cavanlar olub. Aralarında hətta zəncisi də var. Amma Anna zənci balalarını da Tolstoyun nəvələri sayır.
Yox, Anna məni şərləyə də bilər, tutdura da. Lev Tolstoydan həya edib, onunla yatmasaydım, inan, evim yıxılar