Əbülfəz Elçibəy / GÖY DASTAN
Azərbaycanın taleyində müsbət nihilizm effekti
Dinc mübarizə etüdləri
Dünyadakı vətəndaş və həm vətən müharibələri fonunda ixtira edilən hər hansı
dinc siyasi mübarizə üsulu artıq çataçat yenilik sayılır. Bu yeniliklər özü yenidir –
qabaqlar indikilərdən betər ancaq yalançı və müvəqqəti sülhlər olardı ki, onlara da
yenilik deməyə mənim dilim gəlməz. Ümumiyyətlə, qardaşlar, dünyada sülh
deyilən şey yoxdur, olsa-olsa yalnız “müharibələr arasında fasilə” var. “Sülh”
“fasilə”nin bədii adıdır. Həri, orası düzdür ki, yalnız əzilənlərə xas dinc mübarizə
üsulları daha çox maymaqlığa dəlalət edir. Mən gendən-genə də yox, lap yaxından
tanıdığım bir nəfərin üç gün - üç gecə əlləri göydə dualarının şahidiyəm ki, göyçək
bacısını qaçırtmış bir nacinsin qəlbinə Allah insaf salsın, qızı buraxsın. Əlbəttə,
duaları müstəcab oldu: düz üç gün – üç gecədən sonra onun, düzü, çiçək kimi
solmuş atabir-anabir bacısını doğurdan-doğruya buraxdılar. Onsuz ta bəsdi – çox
saxlayıb neyləyəcəkdilər ki! Yəni qardaşlar, burada dua dinc mübarizə üsulu kimi
ortaya çıxmış oldu. Hərçənd dinc mübarizə yolu tutmuş, həm də elə öz bacısına
oxşar bu oğlana qəsəbələrində “matişgə” ləqəbi yapışdırdılar. İndi biz də bu ləqəbi
yapışdıranlar barəsində “vəhşilər” deməyə məcburuq. Müharibələr – zadlar
əslində dinc mübarizə xoşlamayan bu cür yava insanların əlindən çıxır.
Bir vaxt hərəmxana nəzarətçilərinin xədim elənməsi də yenilik idi. Xədim mübarizə
sevməyən dinc bir məxluqdur. Üstəlik, dünyada hələ heç bir xədim hər hansı
zənəndən bircə çimdik götürməyib də. Düzdü, Ağaməhəmməd şah Qacar gözəlləri
nəinki çimdikləyər, hətta onları maç edər və qıdıqlayardı da. Çifayda, hissiz-
duyğusuz tərzdə. Təsəvvür elə ki, quru bir odun yaşıl bir ağacı qucaqlayır… Maç-
zad özlüyündə şah Qacar üçün maraqsız idi. Lakin o, insanlardakı bu bir cür əcaib
ehtirasa daim təəccüblənər, başqa cür əcaib ehtirasla onun təqlidinə girişərdi.
Ancaq bunlar heç.
Qardaşlar və bacılar, qurban olum kişili-qadınlı sizlərə, dünyada nə qədər yenilik
olarmış! Mənim Yer üzündən get-gedə xoşum gəlir; düzü, əvvəllər əsasən nainsaf
canavarlarına görə ondan zənd-zəhləm gedərdi. Üstəlik, paradoksa bax ki,
üzərindəki daimi yeniliklərlə Yer məhz köhnə qayda üzrə hərlənir. Hərçənd bu
hərlənmə hərdən başgicəllənməyə bənzəyir. Həri, köhnə dediyimiz əbədi
harmoniya qanunları bütün yeniliklərdən üstün, etibarlı və həm həyati vacibdirlər.
Hər yenilik yeni qanun demək deyil ki! Sizə yenə və yenidən deyirəm ki, təbiətdəki
obyektiv qanunlar büsbütün köhnədirlər və ilkin kodlar şəklində göylərdən
göndərilmişlər. Bu anlamda köhnəni təzədən, bəzən hətta qocanı cavandan üstün
tutmaq olar və bu lazımdır. Haçansa bu qoca-cavan söhbətini dilimdən eşitmiş
mənə bərk inanan, bilmirəm nədən məni öz kumiri sanan bir oğlan, dediklərimi
müstəqim tərzdə başa düşərək, keçən il gedib özünə kaftar bir arvad almışdı.
Kaftarın saçı aptek pambıqları kimi ağappaqdı; daldan çəkilmiş şəklində o, hazırca
yetişmiş pambıq qozası idi. Həri, qardaşlar, əgər insan filosof olacaqdısa,
qocalıqda artıq olmuş olur. Cavanda hər şey proyekt, qocadasa nəticə halındadır.
Qoca sosial rənglidir və ondakı alın yazıları artıq oxunub qurtarmışdır. Qocaya
baxıb hətta hər hansı cavanın taleyini yozmaq da mümkündür. Cavan problemin
qoyuluşu, qoca onun həllidir. Cavanlıq hələ gəvəzəlik və proyektlər dövrüdür.
Hələlik “yubka” dalınca səkən bir kəsdən sonra nə biləsən nə olacaq; bəlkə heç
uşağı da olmadı. Amma qoca – uşağı olacaqdısa, artıq olub. Qocalıq bəşəriyyətin
esxatoloji sonluğuna daha çox oxşayır və sanki qoca bu sonluğa illüstrasiyadır.
Mən qocaya baxanda həmişə elə bilmişəm Mehdi Sahibəzzamanın – qurban
olduğumuz 12-ci imamın zühur anı artıq yetişmişdir.
Qabağı yaxşı görmək üçün indi bir az dala qayıdıram. Yeni əslində köhnənin
təzahürüdür. Bir az pessimistcəsinədirsə də, Ekklesiast gör nə deyib və üstəlik, gör
nə düzgün deyib ki, bu gömgöy göy qübbəsi altında hər şey fanidir, heç nə təzə
deyil. Həri, hər şey köhnədir – nə olubsa, o da olacaq, yaxud hər nə olacaqsa, artıq
olub. Qardaşlar, mübarizədə dinc yanaşma metodu bəlkə tarixdə artıq olmuşdur
da. Di gəl, mən dincliyi əslində bəşər xislətinin deformasiyası təzahürü sayıram.
...Xədimlik təbiətin rekonstruksiyasıdır və bəlkə də məcburiyyət üzündən, əmin-
amanlıq üçün düşünülüb. Siz də görübsünüzmü – xədim elə dincdir, sanki
mömindir. Seksual intriqalar, ədavət, ay nə bilim, intiqam, hər cür çəkişmə-
didişmə və müharibələr onun yatıb yuxusuna da girməz. Üzr istəyirəm, hərədən
ikicə yumru şeyi çıxarıb atmaqla hətta zırpı dünya müharibələrinin də qarşısını
almaq mümkündür. İkicə yumru şeyi qoparıb tullamaqla Freyd nəzəriyyəsini
tamam heçə endirmək və fikir tarixindən silmək olar. Hər bir çətin məsələ-misalın
çox asan həlli yolları var. Humanist ideyalar “istehsalı” və hamının bacı-
qardaşlaşması naminə mən daim kütləvi kastrasiya tərəfdarı olmuşam, olacağam
da.
Müharibələrin ləğvi bəlkə yalnız insanların “yumru”suzlaşdırılmasıyla mümkün ola.
Mən “Hərb və sülh” romanı adının da təzə illüstrasiyası üçün solda bir yumru,
sağda isə yumrusu götürülmüş bir boşluq fikirləşmişəm (həyatım boşluqlarla dolu
olduğundan, artıq onlara oxşar boşluq çəkməyi bacarıram).
Qardaşlar, bütün anormal və sxolastik, qeyri-həyati humanist ideyaları bəşəriyyətə
əsasən impotent asketlər vermişlər. Hətta özü dünyanın sevimlisi və öz sevimlisi
Lev Tolstoy olan Mahatma Qandi heydən-zaddan düşəndə başqaları cəhənnəm, öz
halalca arvadıyla yatmağı da əxlaqsızlıq və günah bir əməl bilmiş, bu şeytani
şeydən bilmərrə üz döndərmişdi. Bəşəriyyət də bunu eşidib ona “böyük” deməyə
məcbur olmuşdu. Amma axı, ay balam, öz aldığındı – bu yazıq arvadda nə günah!
Renessansdan qalma qaxsımış bir şey olan humanizm gərək onun başında
çatlayaydı?! Həri, arvaddan imtina, sən demə, böyüklük və böyük əxlaq əlaməti
imiş. Mənə elə gəlir, Mahatma Qandinin yeganə əxlaqsızlığı heydən-zaddan
düşənə qədərki dövrdə arvad almağı olmuşdur; arvad ondakı əxlaqsızlığın
danılmaz sübutudur.
Qardaşlar, biz gör nə oğraş əsrdə yaşadıq ki, hər hansı dılğırın öldürülməsi faciə
kimi qavranılırdı, halbuki padşahlar dılğır ölümündə elə bir faciə görmürdülər.
Stalin öldürülən insanları meşə qırılarkən kənara sıçrayan talaşalara bənzədərdi.
O, öldürmə işinə sosial problemlərin həlli kimi baxırdı. Həri, dünyada heç nə
olduğu kimi deyil. Hipotetik xoşbəxtlik naminə milyonlarla insanın dalından
dəymək olar və bu lazımdır da. Mən buna dinc mübarizə üsulu, qanqal kimi
çoxalan bəşəriyyətin bir növ redaktəsi işi deyərdim. Hərb elan olunmadan
törədilən bütün qırğınlar əslində dinc sayılmalıdır. Hər şeyin başı rəsmiyyətdir
(bədəni –qalan şeylər). Məsələn, ailə üzvləri, artıq-əskikliyindən asılı olmayaraq,
həmişə sənəddə göstərilən qədərdir. Onsuz tarixçilər sonradan hər şeyi sənədlərlə
öyrənir. Despotların sənədatında hər şey humanistcəsinədir. Mən bir neçə
diktatorun tarixçəsini öz gözlərimlə oxumuş və görmüşəm ki, müasiri olan
tarixçilər onların məmləkətində qurdu quzu ilə dinc yanaşı gəzən təsvir ediblər.
Elənçi tarixçilərin qələmindən şoruldayan tarixçələrdə qurd həmişə gözütox olur.
Həri, qardaşlar, saxtakarlıq da dinc mübarizə üsuludur və bəşər tarixinə onu
Heydər Əliyev gətirmişdir. 200 ildən artıq bir dövrdə Amerika demokratlarının
yadına belə şey qətiyyən düşməmişdir. Heydər Əliyev saxtakarlıq
mahatmaqandisidir. Azərbaycandakı prezident seçkisi saxtakarlığına pambıq
“pripiska”larının ali forması, onların kvintessensiyası da demək olar və bu lazımdır.
Beləliklə, qoy heç kəs dilinə-zadına gətirməsin ki, dinc mübarizə üsulları
effektsizdir. Əksinə, qoy hamı dilinə-zadına gətirsin ki, dinc mübarizə üsulları çox
effektlidir. Mən bir dəfə demişəm və sağlıq olsa ömrümün “yerdə qalan”, üstəlik,
nəzəri cəhətcə ən şərəfli hissəsində də mütəmadi deyəcəyəm ki, silah mübarizə
vasitəsi ola bilməz və elə yaxşıdır ki, diktaturalarda onları yığışdırırlar. Hər hansı
vətəndaşın əlindəki silah diktator üçün şeytana göstərilən sancaq yerindədir.
Bəzən hətta ov tüfəngləri də yığışdırılır – diktatorlar ovu ləğv eləməyə
meyillidirlər. Hə, yox, silah insana aid alət deyil. Silah bəşəriyyətə iblis diktəsilə
göndərilib. İblis insanı silahlarla özünə oxşadıb. Bəşər təkcə humanizm ibarələri ilə
iblisdən seçilir.
Bunu qoyub ona gedirəm. Lakin amma ancaq taxt-tac oğurluğu artıq
Azərbaycanda bir ənənəyə çevrilmişdir. Qardaşlar, taxt-tac oğrusunun cibgirdən
fərqi təkcə oğurlanan şeyin miqyasındadır. Taxt-tac oğrusu bu peşədə cibgirləri
cibinə töküb tum kimi çırtlamaq iqtidarındadır. Əslində taxt-tac oğrusu, hər hansı
cibgirlə əkiz qardaşdır. Amma lakin ancaq onlar qardaşın biri olmaqla ölkənin
yuxarı başındadır, biri-aşağı. Cibgir siyasətdə təsadüfən yüksələ bilərdisə, hökmən
taxt-tac oğrusu olacaqdı. Yaxud taxt-tac oğrusu təsadüfən “ictimai nəqliyyat”a
möhtac qalardısa, hökmən cibgirə çevrilərdi. Ancaq amma lakin mən hərdən
xəyali şkalada özümü İsa peyğəmbər xanasına salır və Varavva xanasındakı
padşaha tez-tez əfv diləyirəm.
***
Qardaşlar, gör haçandır sözümü hərlədib-fırladıb Əbülfəz Elçibəyin üstünə
gətirmək istəyirəm, gəlmir… Mənim sözlərim özüm kimi tərsdirlər. Onlar “ora
get”, “bura gəl” göstərişlərimi ideoloji “ustanovka” sayır, bəlkə elə bu səbəbdən
də məni saymırlar. Bax, indidən hamı ilə şərti şumda kəsirəm: mən sözə görə
məhkəmələrdə heç vaxt heç kəsə cavab verməyəcəm. Mən öz sözlərimdən
azadam. Mən olsa-olsa sözlərimin mirzəsiyəm, ancaq həm də onlarla daimi
çəkişmədəyəm deyə, hamının təriflədiyi xəttatlığımı onlardan həmişə əsirgəyirəm.
Əlyazmalarımda xəttim hədsiz eybəcərdir. Əlbəttə, kalliqrafik ustalığım sözlərimi
şərəfləndirmiş olardı.
Abır-həyamızın töküldüyü XX əsrdə üzüm ayağınızın altına, bizim oğlan bir vaxtlar
“Ə-bül-fəz El-çi-bəy” hayqıra-hayqıra böyürərdi. Qışqırmaqdan boğazı orda-burda
deşilmişdi, deşiklərdən hava sızırdı. Onun uşaq nitqinin aksenti və həm ondakı
dialektizm də “Əbülfəz Elçibəy”dəki hecalar, hərflərdi. İndiyəcən mən onun səs
diskantında “Əbülfəz” və “Elçibəy” sözlərinin qalıqlarını duyuram. Ancaq uşaq
Əb.El.-n “r”siz adını həmişə səhvsiz tələffüz edərdi. Kələki hicrətində də nə qədər
sübuta çalışdımsa ki, ürəyinə başqa şey gətirməsin, o sevimli insandakı bu
sevilməz hərəkət olsa-olsa sufilikdəndir və üstəlik, Məkkə-Mədinə hicrəti
bənzərlidir. Oğul, dedim, hicrət “qaçmağ”ın evfemistik adıdır və tarixlər boyu
təkrarlanan şeydir. Şirin canı aradan çıxarmaq üçün hicrət əzəl-binadan olub,
olacaq da. Net, yox, o bunlara inanmadı və susdu. Elə bil tutuquşunun dilinə kilid
vurdular. Hayıf, onun Əbülfəz Elçibəy haqqında bilikləri tutuquşu biliyi
səviyyəsindən irəli getmədi; mənim tək balamın sufiliyə dair bilikləri də təhrif
səciyyəsində qaldı. Lakin yeganə təsəllim budur ki, bığ yeri yaxınlarda tərləyəsi
bizimki üçün mifin biri vaxtında öldü. Hər halda, miflərindən biri əskik olduğundan
onun xoşbəxtlik şansları çoxdur. Qardaşlar, mən “böyük” insanların özlərinə can
sağlığı, onlardan törənən miflərə həmişə ölüm arzulamışam. Mən özüm bu dörd-
beş ildə öz içimdəki mifləri illüzor “kalaşnikov”larla partapart güllələmişəm. Mən
bir gün insanlara içimdəki mif qəbiristanlığını göstərəcəyəm, inşallah! Fəxri
Xiyaban bənzərli Mif qəbiristanlığı kənarında yaşamaq mənə xoşdur. Onu desəm
olar, deməsəm olmaz ki, mən içimdəki Mif qəbiristanlığı ilə çölümdəki Fəxri
Xiyaban arasındakı tutqun siyasi havalarda yuxu kimi dolaşmaqdayam. Tutaq
bunlar da heç.
Əbülfəz Elçibəy şəxsi-fərdi dördkünc mizlərin yuxarı başından xəritədə qıraqları
əyri ümumi-kommunal respublikanın yuxarı başına adlayan çağlarda mən bir
hekayə yazmışdım. Hələ şeytanın da baş açmayacağı əlyazmamda uyuyan bu
hekayənin məzmununu indi sizlərə danışmaqdan özümü saxlaya bilmirəm.
... Bir məmləkətdə padşahın işləri düz getmirmiş. Məmləkət qarpız kimi
parçalanmaqdaymış. Padşah bunun səbəbini hey axtarır, axtarır, axır tapır. Bay,
sən demə, uşaqlıqda onların bir xarab qrammofon diskləri olubmuş; disk hey
fırlanır, fırlanır və hər dəfə köndələn çat yerinə çatanda iynə dala hoppanırmış.
Uzun sözün qısası, oradakı nəğmə barmaqlanmasa oxunmurmuş. Evrika – padşah
məmləkətdəki bütün yamanlıqları qrammofonlarındakı bu cız şəkilli çatda gördü.
Çat hələ uşaqlıqda onun içindəki olan-olmaz harmoniyanı pozubmuş...
Həri, qardaşlar, Əbülfəz Elçibəyin böyüklü-kiçikli bütün qüsurları onun iç
dünyasında elə dışarıdakı kimi harmoniya olmamasındandır. Ondakı alicənablıqlar,
fikir veribsinizsə, karikatura effektlidir. Sonrakı ərəbşünaslığı və ondan gəlmə
islamçılığının da harmoniyaya dəxli olmadı. O, ərəbşünas olmasaydı, islamçılıq
bəlkə yadına düşməyəcəkdi də. Əbülfəz Elçibəyin islamçılığından ərəbşünaslıq
qoxusu gəlir. İslamçılıq onda özünüzorlama nəticəsidir və əslində şəxsi-tarixi
konyunktur-konformist maraqlardan törənmişdir. İslam onda həmişə müəyyən
hikmətlərlə zahiri gözəlləşməyə xidmət edib. O, qəlbində islamı “qılınc”la
təsdiqləmişdir. Ə.Elçibəy bütün romantiklər kimi ömrü boyu işin birini bilmiş, birini
bilməmişdir. Yaxud işin dalını bilib, qabağını bilməyib və əksinə. O, primitiv Sovet
dissidentliyindən yüksəlmişdir. Göründüyü kimi, özül çox da etibarlı deyil. Sovet
dissidentliyi dünyadakı azadlıq mücahidliyinin “birhüceyrəli” bəsit, infuzor
forması olub. İnformasiyasızlıq bu “mücahid”liyin seçici əlaməti idi. Sovet
dissidentləri yalnız oftalmoloji görüntüləri əldə dəstavüz edirdilər.
Mənə elə gəlir, Əbülfəz Elçibəy haqqında indiyə qədər deyilib-yazılmış bütün
müsbət-mənfi sözlər artıq tükənmək ərəfəsindədir. Zaman onun üçün qurtarmış
və bəlkə yalnız fizioloji mövcudluğa kifayət edən miqdarda qalmışdır.
“Zamansız”lığında Əbülfəz Elçibəy maraqsız olmuşdur. Onu desəm olar, deməsəm
olmaz ki, Əbülfəz Elçibəy zamanla münasibətini əzəldən düzgün qurmamışdır. O
həmişə zamanın arxasınca getmiş, ondan nəsə ummuş, daim “zamana ehtiyac”
duymuşdur. O, zamanı yalnız eqoistik planda “dinc mübarizə” alətinə çevirmişdi.
Mənim kimi fiziki zəifliyi hələ uşaqlıq və gəncliyində ondakı indi gördüyümüz zor
xofu effektinə səbəb olmuşdur. O, zaman fonunda həmişə kölgə teatrı aktyoru
kimi çıxış etmişdir. Əbülfəz Elçibəyin zamana təsiri olmamışdır.
Lakin zamanı dəyişdirmək şəxsiyyət böyüklüyünün ilkin və bəlkə əsas
xüsusiyyətidir.
Çürüyüb pas atmış Sovet maşını məşəqqətlə dağılarkən Əliyev Əbülfəz adlı yalançı
bir kommunist tamaşaya ilkin gələnlərdən idi. Bu maşını dağılan görməsəydi,
Ə.Əliyev Əlyazmalar institutundaca ömrünün axırınacan demokratiya-diktatura,
azadlıq-köləlik sofizmi ilə məşğul olacaqdı. Azərbaycan xalqı diktaturadan sonrakı
romantik çağlarında fotogenik görkəmli Əbülfəz Elçibəyə tapınası oldu. “Əbülfəz
Elçibəy çöhrəli xalq” məqaləmdə yazdığım kimi xalq ona onun kimi danışıb-
güldüyünə, üzdən özünə oxşadığına, fəhmlə də duyduğu kimi məğmunluğuna görə
ürəkdən bağlandı. Əlbəttə, bu, xalqın böyük bir aldanışı idi. Azərbaycan xalqının
iradəsi Əbülfəz Elçibəyi tarixə səhvən prezident surətində cızdı. Əbülfəz Elçibəy
mahiyyət etibarı ilə xalq iradəsinin ifadəçisi ola bilməz.
Qardaşlar, Əbülfəz Elçibəy Kələkiyə qaçmaqla prinsiplərin fiziki-fiziolojilərinin
mənəvi-siyasilərindən üstünlüyü və vacibliyini tam sübuta yetirmiş oldu. Onun
nümunəsilə indi mən də bədənimə-zadıma ziyan gətirəsi hər hansı siyasi prinsipə
qol qoymuram. Dəliyəm? Əksinə, siyasi eniş-yoxuşlarda mən qanımın hemoqramı,
sidiyimin analizi ilə dinamik maraqlanıram. Onlardakı cüzi dəyişikliklər belə mənim
üçün arzuolunmazdır. Qardaşlar, mən Əbülfəz Elçibəy təcrübəsi ilə, artıq
əbədiyyət olmasa da, uzunömürlülük əxz edə bilmişəm. Bütün bu sosial-siyasi
həngamələrdə Şirəli baba uzunömürlülüyü mənim üçün qənimət oldu: tanışım
qaraçı bir baxıcı hələlik mənə 92 il ömür verib.
Qardaşlar, Əbülfəz Elçibəy Azərbaycan siyasətinə pıqq eləmək təcrübəsi
gətirmişdir. Əbülfəz bəy hakimiyyətə bir də gələrsə, pıqq elənəndə təzədən
qaçmayacağına artıq məndə zəmanət yoxdur. Üstəlik, birinci “pıqq” facianə idisə,
ikinci-üçüncülər komik olmuş olar. Görün bığı olub saqqalı olmayan mən sizlərə nə
deyirəm: bugün öndər seçimində müxalifətin əlacı püşk atmağa qalarsa da, mən
heç vəchlə Əbülfəz Elçibəyin bəxtinin gətirməsini istəməzdim. Həm özü, hm, bəlkə
özü heç, millət yazıqdır çünki! (Adam əsəbiləşir). Əbülfəz Elçibəyin demokratik
frazeologizmləri ilə artıq heç nəyə çatmaq mümkün deyil. Onun demokratiya
uğrunda “kəşf”ləri hər dəfə velosiped ixtirasından uzağa getmir. Romantik
dövrünü ötüb keçmiş xalq onun sözlərini artıq ibarəpərdazlıq kimi qəbul edir.
Həyat öz reallıqları ilə Əbülfəz Elçibəyi çoxdan arxada qoymuşdur. Oyunda realizm
romantizmi udmuşdur; realizmdə kulturizm elementləri güclüdür. Hörmətli
Əbülfəz Elçibəydə, görünür, ölçü hissi yoxdur. Əlbəttə, mən bunun günahını yenə
çatlı qrammofon vallarında görürəm. Günah nəticədə yox, həmişə səbəbdədir.
Həri, qardaşlar, görürsünüz ki, mən heç kəsə, hətta taleyindəki facianəliyə - bir bu
cəhətə görə hələ yenə sevdiyim Əbülfəz Elçibəyə münasibətdə də etiket
gözləmirəm. Etiket həqiqətin üzünə çəkilən pərdədir; onda riya var. Etiket yaşmaq
kimi üzü gizlədəndir. Lakin Azərbaycan, mən Amerika kəşf eləmirəm, yalnız
həqiqətlərdən dirçələcəkdir. Mən bu sözlərimlə Əbülfəz Elçibəy fanatlarının
gözündən düşəcəyimi də qabaqcadan gözümün altına almışam. Ancaq onların
gözündə olmaq da heç vaxt mənim gözümdə olmamışdır. Mən fanatların
hakimiyyətə apardığı insanları xalqa həmişə fəna gətirən görmüşəm.
Ümumiyyətlə, tarixin bütün gorbagor fanatları əbədən kar və kor olmuşlar. Fanat
hörmətində yalan var, yaxud bu hörmətdə həqiqət yoxdur deyə, mənə ləzzət
eləmir. ...Əbülfəz Elçibəydə biliklər əsaslı, həmçinin iradə sabit deyil. Onun siyasi
xəttində prinsipsizlik aşkardır. Rüşvət almamaqla az qala imam rütbəsinə
yüksəlmək asan, həm də anormal bir şey olmaqla yalnız Azərbaycanda
mümkündür. Bu gün Azərbaycan siyasətində onun barışdırıcılığı yalançı
peyğəmbərlik kimi görsənir. Bədən yad toxumanı qəbul etməz. İndi bəzi
partiyaların məcburi simbiozu gec-tez immun toqquşmalarına məhkumdur.
Qızlarıyla deyə bilmərəm, mən faşistlərin özləriylə heç vaxt marçamarç edə
bilməzdim. Qiyam havadarları da cinayətkar ikən, Azərbaycanın siyasi səhnəsində
onlarla qol-boyun olmaq ən azı ağıl zəifliyi əlamətidir. Əbülfəz Elçibəy ömrü boyu
böyük amalları yalnız imitasiya etmişdir. O, universitet kitabxanalarında bu
amalların üzünü köçürmüşdür. Bu amallar onda heç də fitri deyil. Onun siyasi
əqidəsi plagiatdır. Bəşəriyyət ondan yüzillərlə qabaqdan da azadlıq ixtiraları ilə
məşğuldur. O, acizliyini humanizm kimi təqdim etdi və mən olmasam da, xalq
buna inandı. Onun üçün vətəndaş müharibəsi yox, məhz özünün fiziki məhvi
qorxunc idi. Xalq hakimiyyəti ona birilliyə “əmanət ver”məmişdi. Onun ucbatından
millətdə humanizm haqqında təsəvvürlər xeyli korlanmış, korşalmış və saxta
keyfiyyət kəsb etmişdir. Minlərlə fəlsəfi yönümlər içindən sevib-seçdiyi sufilik də
Əbülfəz Elçibəydə ötəri və bu haqda kitab oxuyandan-oxuyanadır. Bu haqda
biliklər onda konspekt halındadır. Sufilik Əbülfəz Elçibəyin kişi kosmetikasıdır. Bir
dəfə dediyim sözü bir də deməyə məcburam ki, hakimiyyət ehtiraslı insanda sufilik
anaxronizmdir. Mən bir qardaş kimi Əbülfəz Elçibəyin öz dövrünü çoxdan keçdiyini
anlamasını istərdim. Yoxsa sanki televiziyanın gecə verilişləri də qurtarmış,
televizor yana-yana qalmışdır. Aktyor səhnədən vaxtında getməyi bacarmasa, gec-
tez hörmətsiz olar. Don Kixot təcrübəsi ilə dövlət qurmazlar. Saysız müxalifət
sənədlərinə gündə-günaşırı onun qol atmağına artıq heç bir lüzum yoxdur. Artıq
onun qolu əyri-üyrü cəfəng xətdən başqa bir şey deyildir. Qol yalnız iradə ilə təsbit
olunan halda güclüdür.
Qardaşlar, Azərbaycan siyasətində Əbülfəz Elçibəy mahiyyətcə Heydər Əliyevin,
Heydər Əliyev isə Əbülfəz Elçibəyin davamıdır. Eyni rəngin tündü Heydər Əliyevdir,
açığı – Əbülfəz Elçibəy. Onlar bir-biri üçün siyasi klişe rolu oynamış, ən yaxın
keçmişimizin sərt dönəmlərində bir-birini əvəzləmişlər. Bu “qardaş”lar yalançı
əkslikləri ilə Azərbaycanda saxta dialektika mənzərəsi yaradıblar. Bu dialektika
saxtakarlığındandır ki, Azərbaycanda tərəqqi hələlik baş tutmur. Yalanlardan
həyat törənməz, onlarla yalnız mücərrəd-irreal həyat tamaşası qurula bilər. Çatlı
qrammafon valları Azərbaycanın taleyində hələ də fırlanmaqda, harmoniya
pozulmaları davam etməkdədir. Mən yenə bütün günahları barmaqlanmasa
oxunmayan nəğmələrdə görürəm.
Qardaşlar, mən sizlərə çatlayan kimi qrammofon vallarınızı dərhal tullamağı
məsləhət görərdim. Mənim məsləhətlərim hazır dədə-baba reseptləridir və
həmişə daşdan keçən olur.
12.11.1998