Əbülfəz Elçibəy / GÖY DASTAN

Tarix: 25-03-2015 11:24
Baxış sayı: 2180

 

 

Azərbaycanın taleyində müsbət nihilizm effekti

Dinc mübarizə etüdləri

 

         Dünyadakı vətəndaş və həm vətən müharibələri fonunda ixtira edilən hər hansı dinc siyasi mübarizə üsulu artıq çataçat yenilik sayılır. Bu yeniliklər özü yenidir – qabaqlar indikilərdən betər ancaq yalançı və müvəqqəti sülhlər olardı ki, onlara da yenilik deməyə mənim dilim gəlməz. Ümumiyyətlə, qardaşlar, dünyada sülh deyilən şey yoxdur, olsa-olsa yalnız “müharibələr arasında fasilə” var. “Sülh” “fasilə”nin bədii adıdır. Həri, orası düzdür ki,yalnız əzilənlərə xas dinc mübarizə üsulları daha çox maymaqlığa dəlalət edir. Mən gendən-genə də yox, lap yaxından tanıdığım bir nəfərin üç gün - üç gecə  əlləri göydə dualarının şahidiyəm ki, göyçək bacısını qaçırtmış bir nacinsin qəlbinə Allah insaf salsın, qızı buraxsın. Əlbəttə, duaları müstəcab oldu: düz üç gün – üç gecədən sonra onun, düzü, çiçək kimi solmuş atabir-anabir bacısını doğurdan-doğruya buraxdılar. Onsuz ta bəsdi – çox saxlayıb neyləyəcəkdilər ki! Yəni qardaşlar, burada dua dinc mübarizə üsulu kimi ortaya çıxmış oldu. Hərçənd dinc mübarizə yolu tutmuş, həm də elə öz bacısına oxşar bu oğlana qəsəbələrində “matişgə” ləqəbi yapışdırdılar. İndi biz də bu ləqəbi yapışdıranlar barəsində “vəhşilər” deməyə məcburuq. Müharibələr – zadlar əslində dinc mübarizə xoşlamayan bu cür yava insanların əlindən çıxır.

         Bir vaxt hərəmxana nəzarətçilərinin xədim elənməsi də yenilik idi. Xədim mübarizə sevməyən dinc bir məxluqdur. Üstəlik, dünyada hələ heç bir xədim hər hansı zənəndən bircə çimdik götürməyib də. Düzdü, Ağaməhəmməd şah Qacar gözəlləri nəinki çimdikləyər, hətta onları maç edər və qıdıqlayardı da. Çifayda, hissiz-duyğusuz tərzdə. Təsəvvür elə ki, quru bir odun yaşıl bir ağacı qucaqlayır… Maç-zad özlüyündə şah Qacar üçün maraqsız idi. Lakin o, insanlardakı bu bir cür əcaib ehtirasa daim təəccüblənər, başqa cür əcaib ehtirasla onun təqlidinə girişərdi. Ancaq bunlar heç.

         Qardaşlar və bacılar, qurban olum kişili-qadınlı sizlərə, dünyada nə qədər yenilik olarmış! Mənim Yer üzündən get-gedə xoşum gəlir; düzü, əvvəllər əsasən nainsaf canavarlarına görə ondan zənd-zəhləm gedərdi. Üstəlik, paradoksa bax ki, üzərindəki daimi yeniliklərlə Yer məhz köhnə qayda üzrə hərlənir. Hərçənd bu hərlənmə hərdən başgicəllənməyə bənzəyir. Həri, köhnə dediyimiz əbədi harmoniya qanunları bütün yeniliklərdən üstün, etibarlı və həm həyati vacibdirlər. Hər yenilik yeni qanun demək deyil ki! Sizə yenə və yenidən deyirəm ki, təbiətdəki obyektiv qanunlar büsbütün köhnədirlər və ilkin kodlar şəklində göylərdən göndərilmişlər. Bu anlamda köhnəni təzədən, bəzən hətta qocanı cavandan üstün tutmaq olar və bu lazımdır. Haçansa bu qoca-cavan söhbətini dilimdən eşitmiş mənə bərk inanan, bilmirəm nədən məni öz kumiri sanan bir oğlan, dediklərimi müstəqim tərzdə başa düşərək, keçən il gedib özünə kaftar bir arvad almışdı. Kaftarın saçı aptek pambıqları kimi ağappaqdı; daldan çəkilmiş şəklində o, hazırca yetişmiş pambıq qozası idi. Həri, qardaşlar, əgər insan filosof olacaqdısa, qocalıqda artıq olmuş olur. Cavanda hər şey proyekt, qocadasa nəticə halındadır. Qoca sosial rənglidir və ondakı alın yazıları artıq oxunub qurtarmışdır. Qocaya baxıb hətta hər hansı cavanın taleyini yozmaq da mümkündür. Cavan problemin qoyuluşu, qoca onun həllidir. Cavanlıq hələ gəvəzəlik və projektlər dövrüdür. Hələlik “yubka” dalınca səkən bir kəsdən sonra nə biləsən nə olacaq; bəlkə heç uşağı da olmadı. Amma qoca – uşağı olacaqdısa, artıq olub. Qocalıq bəşəriyyətin esxatoloji sonluğuna daha çox oxşayır və sanki qoca bu sonluğa illüstrasiyadır. Mən qocaya  baxanda həmişə elə bilmişəm Mehdi Sahibəzzamanın – qurban olduğumuz 12-ci imamın zühur anı artıq yetişmişdir.

         Qabağı yaxşı görmək üçün indi bir az dala qayıdıram. Yeni əslində köhnənin təzahürüdür. Bir az pessimistcəsinədirsə də, Ekklesiast gör nə deyib və üstəlik, gör nə düzgün deyib ki, bu gömgöy göy qübbəsi altında hər şey fanidir, heç nə təzə deyil. Həri, hər şey köhnədir – nə olubsa, o da olacaq, yaxud hər nə olacaqsa, artıq olub. Qardaşlar, mübarizədə dinc yanaşma metodu bəlkə tarixdə artıq olmuşdur da. Di gəl, mən dincliyi əslində bəşər xislətinin deformasiyası təzahürü sayıram. ...Xədimlik təbiətin rekonstruksiyasıdır və bəlkə də məcburiyyət üzündən, əmin-amanlıq üçün düşünülüb. Siz də görübsünüzmü – xədim elə dincdir, sanki mömindir. Seksual intriqalar, ədavət, ay nə bilim, intiqam, hər cür çəkişmə-didişmə və müharibələr onun yatıb yuxusuna da girməz. Üzr istəyirəm, hərədən ikicə yumru şeyi çıxarıb atmaqla hətta zırpı dünya müharibələrinin də qarşısını almaq mümkündür. İkicə yumru şeyi qoparıb tullamaqla Freyd nəzəriyyəsini tamam heçə endirmək və fikir tarixindən silmək olar. Hər bir çətin məsələ-misalın çox asan həlli yolları var. Humanist ideyalar “istehsalı” və hamının bacı-qardaşlaşması naminə mən daim kütləvi kastrasiya tərəfdarı olmuşam, olacağam da.

         Müharibələrin ləğvi bəlkə yalnız insanların “yumru”suzlaşdırılmasıyla mümkün ola. Mən “Hərb və sülh” romanı adının da təzə illüstrasiyası üçün solda bir yumru, sağda isə yumrusu götürülmüş bir boşluq fikirləşmişəm (həyatım boşluqlarla dolu olduğundan, artıq onlara oxşar boşluq çəkməyi bacarıram).

         Qardaşlar, bütün anormal və sxolastik, qeyri-həyati humanist ideyaları bəşəriyyətə əsasən impotent asketlər vermişlər. Hətta özü  dünyanın sevimlisi və öz sevimlisi Lev Tolstoy olan Mahatma Qandi heydən-zaddan düşəndə başqaları cəhənnəm, öz halalca arvadıyla  yatmağı da əxlaqsızlıq və günah bir əməl bilmiş, bu şeytani şeydən bilmərrə üz döndərmişdi. Bəşəriyyət də bunu eşidib ona “böyük” deməyə məcbur olmuşdu. Amma axı, ay balam, öz aldığındı – bu yazıq arvadda nə günah! Renessansdan qalma qaxsımış bir şey olan humanizm gərək onun başında çatlayaydı?! Həri, arvaddan imtina, sən demə, böyüklük və böyük əxlaq əlaməti imiş. Mənə elə gəlir, Mahatma Qandinin yeganə əxlaqsızlığı heydən-zaddan düşənə qədərki dövrdə arvad almağı olmuşdur; arvad ondakı əxlaqsızlığın danılmaz sübutudur.

         Qardaşlar, biz gör nə oğraş əsrdə yaşadıq ki, hər hansı dılğırın öldürülməsi faciə kimi qavranılırdı, halbuki padşahlar dılğır ölümündə elə bir faciə görmürdülər.  Stalin öldürülən insanları meşə qırılarkən kənara sıçrayan talaşalara bənzədərdi. O, öldürmə işinə sosial problemlərin həlli kimi baxırdı. Həri, dünyada heç nə olduğu kimi deyil. Hipotetik xoşbəxtlik  naminə milyonlarla insanın dalından dəymək olar və bu lazımdır da. Mən buna dinc mübarizə üsulu, qanqal kimi çoxalan bəşəriyyətin bir növ redaktəsi işi deyərdim. Hərb elan olunmadan törədilən bütün qırğınlar əslində dinc sayılmalıdır. Hər şeyin başı rəsmiyyətdir (bədəni –qalan şeylər). Məsələn, ailə üzvləri, artıq-əskikliyindən asılı olmayaraq, həmişə sənəddə göstərilən qədərdir. Onsuz tarixçilər sonradan hər şeyi sənədlərlə öyrənir. Despotların sənədatında hər şey humanistcəsinədir. Mən bir neçə diktatorun tarixcəsini öz gözlərimlə oxumuş və görmüşəm ki, müasiri olan tarixçilər onların məmləkətində qurdu quzu ilə dinc yanaşı gəzən təsvir ediblər. Elənçi tarixçilərin qələmindən şoruldayan tarixçələrdə qurd həmişə gözütox olur.

         Həri, qardaşlar, saxtakarlıq da dinc mübarizə üsuludur və bəşər tarixinə onu Heydər Əliyev gətirmişdir. 200 ildən artıq bir dövrdə Amerika demokratlarının yadına belə şey qətiyyən düşməmişdir. Heydər Əliyev saxtakarlıq mahatmaqandisidir. Azərbaycandakı prezident seçkisi saxtakarlığına pambıq “pripiska”larının ali forması, onların kvintessensiyası da demək olar və bu lazımdır. Beləliklə, qoy heç kəs dilinə-zadına gətirməsin ki, dinc mübarizə üsulları effektsizdir. Əksinə, qoy hamı dilinə-zadına gətirsin ki, dinc mübarizə üsulları çox effektlidir. Mən bir dəfə demişəm və sağlıq olsa ömrümün “yerdə qalan”, üstəlik, nəzəri cəhətcə ən şərəfli hissəsində də mütəmadi deyəcəyəm ki, silah mübarizə vasitəsi ola bilməz və elə yaxşıdır ki, diktaturalarda onları yığışdırırlar. Hər hansı vətəndaşın əlindəki silah diktator üçün şeytana göstərilən sancaq yerindədir. Bəzən hətta ov tüfəngləri də yığışdırılır – diktatorlar ovu ləğv eləməyə meyillidirlər. Hə, yox, silah insana aid alət deyil. Silah bəşəriyyətə iblis diktəsilə göndərilib. İblis insanı silahlarla özünə oxşadıb. Bəşər təkcə humanizm ibarələri ilə iblisdən seçilir.

         Bunu qoyub ona gedirəm. Lakin amma ancaq taxt-tac oğurluğu artıq Azərbaycanda bir ənənəyə çevrilmişdir. Qardaşlar, taxt-tac oğrusunun  cibgirdən fərqi təkcə oğurlanan şeyin miqyasındadır. Taxt-tac oğrusu bu peşədə cibgirləri cibinə töküb tum kimi çırtlamaq iqtidarındadır. Əslində taxt-tac oğrusu, hər hansı cibgirlə əkiz qardaşdır. Amma lakin ancaq onlar qardaşın biri olmaqla ölkənin yuxarı başındadır, biri-aşağı. Cibgir siyasətdə təsadüfən yüksələ bilərdisə, hökmən taxt-tac oğrusu olacaqdı. Yaxud taxt-tac oğrusu təsadüfən “ictimai nəqliyyat”a möhtac qalardısa, hökmən cibgirə çevrilərdi. Ancaq amma lakin mən hərdən xəyali şkalada özümü İsa peyğəmbər xanasına salır və Varavva xanasındakı padşaha tez-tez əfv diləyirəm.

***

 

         Qardaşlar, gör haçandır sözümü hərlədib-fırladıb Əbülfəz Elçibəyin üstünə gətirmək istəyirəm, gəlmir… Mənim sözlərim özüm kimi tərsdirlər. Onlar “ora get”, “bura gəl” göstərişlərimi ideoloji “ustanovka” sayır, bəlkə elə bu səbəbdən də məni saymırlar. Bax, indidən hamı ilə şərti şumda kəsirəm: mən sözə görə məhkəmələrdə heç vaxt heç kəsə cavab verməyəcəm.  Mən öz sözlərimdən azadam. Mən olsa-olsa sözlərimin mirzəsiyəm, ancaq həm də onlarla daimi çəkişmədəyəm deyə, hamının təriflədiyi xəttatlığımı onlardan həmişə əsirgəyirəm. Əlyazmalarımda xəttim hədsiz eybəcərdir. Əlbəttə, kalliqrafik ustalığım  sözlərimi şərəfləndirmiş olardı.

         Abır-həyamızın töküldüyü XX əsrdə üzüm ayağınızın altına, bizim oğlan bir vaxtlar “Ə-bül-fəz El-çi-bəy” hayqıra-hayqıra böyürərdi. Qışqırmaqdan boğazı orda-burda deşilmişdi, deşiklərdən hava sızırdı. Onun uşaq nitqinin aksenti və həm ondakı dialektizm də “Əbülfəz Elçibəy”dəki hecalar, hərflərdi. İndiyəcən mən onun səs diskantında “Əbülfəz” və “Elçibəy” sözlərinin qalıqlarını duyuram. Ancaq uşaq Əb.El.-n “r”siz adını həmişə səhvsiz tələffüz edərdi. Kələki hicrətində də nə qədər sübuta çalışdımsa ki, ürəyinə başqa şey gətirməsin, o sevimli  insandakı bu sevilməz hərəkət olsa-olsa sufilikdəndir və üstəlik, Məkkə-Mədinə hicrəti bənzərlidir. Oğul, dedim, hicrət “qaçmağ”ın evfemistik adıdır və tarixlər boyu təkrarlanan şeydir. Şirin canı aradan çıxarmaq üçün  hicrət əzəl-binadan olub, olacaq da. Net, yox, o bunlara inanmadı və susdu. Elə bil  tutuquşunun  dilinə kilid vurdular. Hayıf, onun Əbülfəz Elçibəy  haqqında bilikləri tutuquşu biliyi səviyyəsindən irəli getmədi; mənim tək balamın sufiliyə dair bilikləri də təhrif səciyyəsində qaldı. Lakin yeganə təsəllim budur ki, bığ yeri yaxınlarda tərləyəsi bizimki üçün mifin biri vaxtında öldü. Hər halda, miflərindən biri əskik olduğundan onun xoşbəxtlik şansları çoxdur. Qardaşlar, mən “böyük” insanların özlərinə can sağlığı, onlardan törənən miflərə həmişə ölüm arzulamışam. Mən özüm bu dörd-beş ildə öz içimdəki mifləri illüzor “kalaşnikov”larla partapart güllələmişəm. Mən bir gün insanlara içimdəki mif qəbiristanlığını göstərəcəyəm, inşallah! Fəxri Xiyaban bənzərli Mif qəbiristanlığı kənarında yaşamaq mənə xoşdur. Onu desəm olar, deməsəm olmaz ki, mən içimdəki Mif qəbiristanlığı ilə  çölümdəki Fəxri Xiyaban arasındakı tutqun siyasi havalarda yuxu kimi dolaşmaqdayam. Tutaq bunlar da heç.

         Əbülfəz Elçibəy şəxsi-fərdi dördkünc mizlərin yuxarı başından  xəritədə qıraqları əyri ümumi-kommunal respublikanın yuxarı başına adlayan çağlarda mən bir hekayə yazmışdım. Hələ şeytanın da baş açmayacağı əlyazmamda uyuyan bu hekayənin məzmununu indi sizlərə danışmaqdan özümü saxlaya bilmirəm.

         ... Bir məmləkətdə padşahın işləri düz getmirmiş. Məmləkət qarpız kimi parçalanmaqdaymış. Padşah bunun səbəbini hey axtarır, axtarır, axır tapır. Bay, sən demə, uşaqlıqda onların  bir xarab qrammofon diskləri olubmuş; disk hey  fırlanır, fırlanır və hər dəfə  köndələn çat yerinə çatanda iynə dala hoppanırmış. Uzun sözün qısası, oradakı nəğmə barmaqlanmasa oxunmurmuş. Evrika – padşah məmləkətdəki bütün yamanlıqları qrammofonlarındakı bu cız şəkilli çatda gördü. Çat hələ uşaqlıqda onun içindəki olan-olmaz harmoniyanı pozubmuş...

         Həri, qardaşlar, Əbülfəz Elçibəyin böyüklü-kiçikli bütün qüsurları onun iç dünyasında elə dışarıdakı kimi harmoniya olmamasındandır. Ondakı alicənablıqlar, fikir veribsinizsə, karikatura effektlidir. Sonrakı ərəbşünaslığı və ondan gəlmə islamçılığının da harmoniyaya dəxli olmadı. O, ərəbşünas olmasaydı, islamçılıq bəlkə yadına düşməyəcəkdi də. Əbülfəz Elçibəyin islamçılığından ərəbşünaslıq qoxusu gəlir. İslamçılıq onda özünüzorlama nəticəsidir və əslində şəxsi-tarixi konyunktur-konformist maraqlardan törənmişdir. Islam onda həmişə müəyyən hikmətlərlə zahiri gözəlləşməyə xidmət edib. O, qəlbində islamı “qılınc”la təsdiqləmişdir. Ə.Elçibəy bütün romantiklər kimi ömrü boyu işin birini bilmiş, birini bilməmişdir. Yaxud işin dalını bilib, qabağını bilməyib və əksinə. O, primitiv  Sovet dissidentliyindən yüksəlmişdir. Göründüyü kimi, özül çox da  etibarlı deyil. Sovet dissidentliyi dünyadakı azadlıq mücahidliyinin  “birhüceyrəli” bəsit, infuzor forması olub. İnformasiyasızlıq bu “mücahid”liyin seçici əlaməti idi. Sovet dissidentləri yalnız oftalmoloji görüntüləri əldə dəstavüz edirdilər.

         Mənə elə gəlir, Əbülfəz Elçibəy haqqında indiyə qədər deyilib-yazılmış bütün müsbət-mənfi sözlər artıq tükənmək ərəfəsindədir. Zaman onun üçün qurtarmış və bəlkə yalnız fizioloji mövcudluğa kifayət edən miqdarda qalmışdır. “Zamansız”lığında Əbülfəz Elçibəy maraqsız olmuşdur. Onu desəm olar, deməsəm olmaz ki,  Əbülfəz Elçibəy zamanla münasibətini əzəldən düzgün qurmamışdır. O həmişə zamanın  arxasınca getmiş, ondan nəsə ummuş, daim “zamana ehtiyac” duymuşdur. O, zamanı yalnız eqoistik planda “dinc mübarizə” alətinə çevirmişdi. Mənim kimi fiziki zəifliyi hələ uşaqlıq və gəncliyində ondakı indi gördüyümüz zor xofu effektinə səbəb olmuşdur. O, zaman fonunda həmişə kölgə teatrı aktyoru kimi çıxış etmişdir. Əbülfəz Elçibəyin zamana təsiri olmamışdır.

         Lakin zamanı dəyişdirmək şəxsiyyət böyüklüyünün ilkin və bəlkə əsas xüsusiyyətidir.

         Çürüyüb pas atmış Sovet maşını məşəqqətlə dağılarkən Əliyev Əbülfəz adlı yalançı bir kommunist tamaşaya ilkin gələnlərdən idi. Bu maşını dağılan görməsəydi, Ə.Əliyev Əlyazmalar institutundaca ömrünün axırınacan demokratiya-diktatura, azadlıq-köləlik sofizmi ilə məşğul olacaqdı. Azərbaycan xalqı diktaturadan sonrakı romantik çağlarında fotogenik görkəmli Əbülfəz Elçibəyə tapınası oldu. “Əbülfəz Elçibəy çöhrəli xalq” məqaləmdə yazdığım kimi xalq ona onun kimi danışıb-güldüyünə, üzdən özünə oxşadığına, fəhmlə də duyduğu kimi məğmunluğuna görə ürəkdən bağlandı. Əlbəttə, bu, xalqın böyük bir aldanışı idi. Azərbaycan xalqının iradəsi Əbülfəz Elçibəyi tarixə səhvən prezident surətində cızdı. Əbülfəz Elçibəy mahiyyət etibarı ilə xalq iradəsinin ifadəçisi ola bilməz.

         Qardaşlar, Əbülfəz Elçibəy Kələkiyə qaçmaqla prinsiplərin fiziki-fiziolojilərinin mənəvi-siyasilərindən üstünlüyü və vacibliyini tam sübuta yetirmiş oldu. Onun nümunəsilə indi mən də bədənimə-zadıma ziyan gətirəsi hər hansı siyasi prinsipə qol qoymuram. Dəliyəm? Əksinə, siyasi eniş-yoxuşlarda mən qanımın hemoqramı, sidiyimin analizi ilə dinamik maraqlanıram. Onlardakı cüzi dəyişikliklər belə mənim üçün arzuolunmazdır. Qardaşlar, mən Əbülfəz Elçibəy təcrübəsi ilə, artıq əbədiyyət olmasa da, uzunömürlülük əxz edə bilmişəm. Bütün bu sosial-siyasi həngamələrdə Şirəli baba uzunömürlülüyü mənim üçün  qənimət oldu:  tanışım qaraçı bir baxıcı hələlik mənə 92 il ömür verib.

         Qardaşlar, Əbülfəz Elçibəy Azərbaycan siyasətinə pıqq eləmək təcrübəsi gətirmişdir. Əbülfəz bəy hakimiyyətə bir də gələrsə, pıqq elənəndə təzədən qaçmayacağına artıq məndə zəmanət yoxdur. Üstəlik, birinci “pıqq” facianə idisə, ikinci-üçüncülər komik olmuş olar. Görün bığı olub saqqalı olmayan mən sizlərə nə deyirəm: bugün öndər seçimində müxalifətin əlacı püşk atmağa qalarsa da, mən heç vəchlə Əbülfəz Elçibəyin bəxtinin gətirməsini istəməzdim. Həm özü, hm, bəlkə özü heç, millət yazıqdır çünki! (Adam əsəbiləşir). Əbülfəz Elçibəyin demokratik frazeologizmləri ilə artıq heç nəyə çatmaq mümkün deyil. Onun demokratiya uğrunda “kəşf”ləri hər dəfə velosiped ixtirasından uzağa getmir. Romantik dövrünü ötüb keçmiş xalq onun sözlərini artıq ibarəpərdazlıq kimi qəbul edir. Həyat öz reallıqları ilə Əbülfəz Elçibəyi çoxdan arxada qoymuşdur. Oyunda realizm romantizmi udmuşdur; realizmdə kulturizm elementləri güclüdür. Hörmətli Əbülfəz Elçibəydə, görünür, ölçü hissi yoxdur. Əlbəttə, mən bunun günahını yenə çatlı qrammofon vallarında görürəm. Günah nəticədə yox, həmişə səbəbdədir.

         Həri, qardaşlar, görürsünüz ki, mən heç kəsə, hətta taleyindəki facianəliyə - bir bu cəhətə görə hələ yenə sevdiyim Əbülfəz Elçibəyə münasibətdə də etiket gözləmirəm. Etiket həqiqətin üzünə çəkilən pərdədir; onda riya var. Etiket yaşmaq kimi üzü gizlədəndir. Lakin Azərbaycan, mən Amerika kəşf eləmirəm, yalnız həqiqətlərdən dirçələcəkdir. Mən bu sözlərimlə Əbülfəz Elçibəy fanatlarının gözündən düşəcəyimi də qabaqcadan gözümün altına almışam. Ancaq onların gözündə olmaq da heç vaxt mənim gözümdə olmamışdır. Mən fanatların hakimiyyətə apardığı insanları xalqa həmişə fəna gətirən görmüşəm. Ümumiyyətlə, tarixin bütün gorbagor fanatları əbədən kar və kor olmuşlar. Fanat hörmətində yalan var, yaxud bu hörmətdə həqiqət yoxdur deyə, mənə ləzzət eləmir. ...Əbülfəz Elçibəydə biliklər əsaslı, həmçinin iradə sabit deyil. Onun siyasi xəttində prinsipsizlik aşkardır. Rüşvət almamaqla az qala imam rütbəsinə yüksəlmək asan, həm də anormal bir şey olmaqla yalnız Azərbaycanda mümkündür. Bu gün Azərbaycan siyasətində onun barışdırıcılığı yalançı peyğəmbərlik kimi görsənir. Bədən yad toxumanı qəbul etməz. İndi bəzi partiyaların məcburi simbiozu gec-tez immun toqquşmalarına məhkumdur. Qızlarıyla deyə bilmərəm, mən faşistlərin özləriylə heç vaxt marçamarç edə bilməzdim. Qiyam havadarları da cinayətkar ikən, Azərbaycanın siyasi səhnəsində onlarla qol-boyun olmaq ən azı ağıl zəifliyi əlamətidir. Əbülfəz Elçibəy ömrü boyu böyük amalları yalnız imitasiya etmişdir. O, universitet kitabxanalarında bu amalların üzünü köçürmüşdür. Bu amallar onda heç də fitri deyil. Onun siyasi əqidəsi plagiatdır.  Bəşəriyyət ondan yüzillərlə qabaqdan da azadlıq ixtiraları ilə məşğuldur. O, acizliyini humanizm kimi təqdim etdi və mən olmasam da, xalq buna inandı. Onun üçün vətəndaş müharibəsi yox, məhz özünün fiziki məhvi qorxunc idi. Xalq hakimiyyəti ona birilliyə “əmanət ver”məmişdi. Onun ucbatından millətdə humanizm haqqında təsəvvürlər xeyli korlanmış, korşalmış və saxta keyfiyyət kəsb etmişdir. Minlərlə fəlsəfi yönümlər içindən sevib-seçdiyi sufilik də Əbülfəz Elçibəydə ötəri və bu haqda kitab oxuyandan-oxuyanadır. Bu haqda biliklər onda konspekt halındadır. Sufilik Əbülfəz Elçibəyin kişi kosmetikasıdır. Bir dəfə dediyim sözü bir də deməyə məcburam ki, hakimiyyət ehtiraslı insanda sufilik anaxronizmdir. Mən bir qardaş kimi Əbülfəz Elçibəyin öz dövrünü çoxdan keçdiyini anlamasını istərdim. Yoxsa sanki televiziyanın gecə verilişləri də qurtarmış, televizor yana-yana qalmışdır. Aktyor səhnədən vaxtında getməyi bacarmasa, gec-tez hörmətsiz olar. Don Kixot təcrübəsi ilə dövlət qurmazlar. Saysız müxalifət sənədlərinə gündə-günaşırı onun qol atmağına artıq heç bir lüzum yoxdur. Artıq onun qolu əyri-üyrü cəfəng xətdən başqa bir şey deyildir. Qol yalnız iradə ilə təsbit olunan halda güclüdür.

         Qardaşlar, Azərbaycan siyasətində Əbülfəz Elçibəy mahiyyətcə Heydər Əliyevin, Heydər Əliyev isə Əbülfəz Elçibəyin davamıdır. Eyni rəngin tündü Heydər Əliyevdir, açığı – Əbülfəz Elçibəy. Onlar bir-biri üçün siyasi klişe rolu oynamış, ən yaxın keçmişimizin sərt dönəmlərində bir-birini əvəzləmişlər. Bu “qardaş”lar yalançı əkslikləri ilə Azərbaycanda saxta dialektika mənzərəsi yaradıblar. Bu dialektika saxtakarlığındandır ki, Azərbaycanda tərəqqi hələlik baş tutmur.  Yalanlardan həyat törənməz, onlarla yalnız mücərrəd-irreal həyat tamaşası qurula bilər. Çatlı qrammafon valları Azərbaycanın taleyində hələ də fırlanmaqda, harmoniya pozulmaları davam etməkdədir. Mən yenə bütün günahları barmaqlanmasa oxunmayan nəğmələrdə görürəm.

         Qardaşlar, mən sizlərə çatlayan kimi qrammofon vallarınızı dərhal tullamağı məsləhət görərdim. Mənim məsləhətlərim hazır dədə-baba reseptləridir və həmişə daşdan keçən olur.

 

        

                                                                                                               12.11.1998

 

 

Digər xəbərlər

Yazıçı Rafiq Tağının ölümünün 40-cı günü tamam oldu

Tehran Əlişanoğlu – Bizdə “şeytan ayələri”

Rafiq Tağı - Sabirə müharibə elan etdi

Həmid Herisçi Rafiq Tağıya cavab verdi

İran və qloballaşma qaçılmazlığı

Şərhlər