Rafiq Tağı ilə Arzu Abdulla söhbətləşdi

Tarix: 25-03-2015 10:54
Baxış sayı: 805

 

“Ədəbiyyat pula konversiya oluna bilməz”

- Rafiq bəy, necəsiniz? Çoxdandır səsiniz gəlmir.
- Deyim, eşidin. Ondan başlayaq ki, institut illərində mənim “Tibb kadrları uğrunda” qəzetində “Hörmətli sentyabr” adında kiçicik bir yazım dərc olunmuşdu. Sentyabra müəllim atamın xatirinə “hörmətli” deyirdim. Rəhmətlik atamın dərs ilinə coşğuyla başladığı sentyabr ayı mənə doğma idi. Ömrüm boyu da hər il sentyabrı həsrətlə gözləmişəm. Əsasən polemik yazılarımı, elə hekayələrimi də, bu ayda dərc etdirməyi xoşlayıram. Lakin bu 2009-n sentyabrı mənə düşmədi: oğlumun “formatlama” əməliyyatı nəticəsində, təsadüf üzündən, beş tamamlanmış, 3-4 dənə də yarımçıq hekayəm və bir essem kompüterdən, beləliklə də yer üzündən silinib getdi. Psixoloci şokdaydım. Deyirlər, xüsusi reanimasiya proqramları mövcuddur. Kim gəlib mənim kompüterimdə axtarıb tapa bilsə, tapılan hekayələrimin hamısını ona ithaf edəcəyəm. Mükafat da öz yerində.
Məncə, sualınıza cavab verdim.

- Deyəsən, artıq qəti şəkildə sübut olundu, bu ölkədə müstəqil yazıçı olmaq mümkün deyil. Ədəbiyyat siyasi hakimiyyətin təkərciyi və vintciyi rolunu Azərbaycanda hələ də oynayır?
- Niyə ki. Repressiv tədbirlərdən qorxmasan, müstəqillik mümkündür. Yazıçılıq riskli sənətdir. Cəmiyyət tərəfindən uğradığım növbəti obskurasiyaların birində Əsəd Cahangirin mənim haqqımda yazdığı kimi, yazıçılıq “insanların əsəbi üzərində gəzişmək və ordan yıxılmaq” sənətidir. Ədəbiyyatda rahatlıq axtardınsa, batdın. Ümumiyyətlə, ədəbiyyatla rahat həyata çatmaq istəyi absurddur. Sevginin izharından qonorar güdməzlər. Ədəbiyyat pula konversiya oluna bilməz.

- Bu yaxınlarda Azad Yazarlar Ocağının yeni sədri, gənc yazıçı Seymur Baycan xeyriyyə marafonuna start verdi. Neft və milyonlar səltənətində Azad Yazarların öz almanaxlarını buraxmağa pulu yoxdur. Bunu necə qiymətləndirirsiniz?
- Seymur Baycanın məramı gözəldir. Dövlətdən pul ummaqdansa, insanlardan kömək istəmək daha yaxşıdır. Bu, demokratiya prinsiplərinə də uyğundur. AYO-çular dilənçi deyil, sadəcə, insanlardan, onlara çatdırılası ərməğan üçün, qapı açmalarını istəyirik.

- Bəs Rafiq Tağının, öz kitabını buraxmaq imkanı varmı?
- Ağlamıram. Qarşıda 3-4 kitab buraxmağı planlaşdırıram.

- 3-4 kitab buraxmaq imkanınız var demək. Bu imkanlar sizə hardandır, Rafiq bəy, lütfən söyləyin. Axı, Seymur Baycanın ulusa səslənişindən bildiyimiz kimi, AYO-çular bir almanax buraxmağa pul tapmır…
- Biz dörd qardaş, üç bacıyıq. Bu özlüyündə kiçik bir ulusdur və mən bu ulusa səslənmişəm. Məncə, hər bir azərbaycanlının belə bir “ulus”u var. Şübhə sizi basmasın, mənim 3-4 arıq kitabımın qiyməti bir kök camışın qiymətindən baha olmayacaq.

- Azərbaycan müstəqil respublika olanda, siz Rusiyadakı işinizdən ayrıldınız, Moskvadakı evinizi Bakıya dəyişib, Vətənə qayıtdınız. Görünür, gələcək haqqında ülvi xəyallarınız olub. Nə idi o xəyallar?
- Mən Vətənə şəxsi mənafeyə görə yanaşmıram. Bakıya 1990-da köçdüm. Ülvi xəyalım qəriblikdən qurtulmaqdı. İnan, Moskvada, hələ uzaqdan, tar dınqıltısı eşidən kimi göz yaşlarım ovcumda olurdu. Elə bilirdim, Vətən ayaqlarım altından qaçıb, havadayam. Güman etməzdim də geriyə dönə biləm. Vətənin qədrini qəriblikdə bilirsən. Çoxumuz Vətənin necə böyük nemət olduğunu dərk etmir.
Yazılarımla bağlı hər dəfə başıma iş gələndə, ağız-ağıza verib yazanlar olurdu: Rafiq Tağı artıq xaricə qaçıb, ya qaçacaq. Barı indisə onlara bəlli oldumu ki, proqnozları səhv imiş. Mən həbsdə olanda, özü vətənindən qaçıb görməmiş kimi Almaniyadan bərk-bərk yapışan Orxan Aras adlı nə yazdığı bilinməyən birisi mənə şər atmışdı ki, guya mən “Avropa və biz” yazımı Avropa ölkələrinin birində sığınacaq almaq üçün yazmışam. Neyləmək olar, ruslarda belə bir məsəl var: hər kəs öz korlanmış əxlaqı çərçivəsində düşünə bilir.
Gəlsənə, sizə Moskvada yazılmış bir-iki şeirimi oxuyum…

Yaxın qəbir həsrəti

Uzaq yerin rahatlığı
Qüssəli -
Yaxın dostu demirəm,
Dəyməyə heç
Yaxın qəbir tapılmaz.

….Vətəndə başkəsən də
İnsaflıdır -
Həm sevimli,
Həm inadkar.
Koroğlu xasiyyətlidir
Vətəndəki cinayətkar

- Səməd Vurğun haqqında yazdığınız bir məqaləyə görə Yazıçılar Birliyindən xaric edildiniz. Başqa bir məqaləniz 13 ay yarım həbsdə yatmağınıza səbəb oldu. Hələ də bu vətəni sevirsiniz?
- “Vətəni sevməyən insan olmaz,
Olsa, ol şəxsdə vicdan olmaz”.
Bəyəm Vətən, məni öz siyahısından silməklə tarixi səhv buraxmış, Yazıçılar Birliyinin Ağsaqqallar və Gənclər Şurasından ibarətdir? Bəyəm Vətən absurd qərarlar çıxaran, mənə 3 il haqsız iş kəsmiş qazı xislətli hakimlərdən ibarətdir?
…Sevdiyin insanın da yaralarından üz-gözünə qan sıçraya bilər.

- Sizcə, Azərbaycan dövlətinin yaradıcı insanlarla və qurumlarla işləmək mexanizmləri demokratikdirmi?
- Yalnız bəbələr qayğıyla əhatə olunar. Yoxsa yaradıcı insanları dibçək gülləri sanırsınız? Dövlətin dövlət işi var. Yaradıcı birliklər özü-özünü idarə etməlidir. İnciməyin, liberal demokratiyanın nə olduğunu yaxşı başa düşsək, belə danışmarıq. O gün Vaqif Bayatlı Odər yaxşı bir söz dedi: dövlət yaradıcı insanlara, ya birliklərə yalnız kredit ayıra bilər, müəyyən müddətə. Dövləti istismar etmək lazım deyil. Dövlət Qarabağ problemi ilə məşğul olsun, ya kiminsə kitabını buraxdırmaqla?

- Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev bu vəzifəyə təyin olunduğu ilk günlərdə bütün təbəqələrdən olan yaradıcı insanlara diqqət göstərəcəyini söyləmişdi. Sizcə, onun bu vədini yerinə yetirməməsinə nə səbəb oldu?
- Vədin absurdluğu. Mədəniyyət və Turizm Nazirliyi ianə idarəsi deyil. Yeri gəlmişkən, hələ nazir olmamışdan da, nədənsə, mənim Əbülfəz Qarayevə simpatiyam var.

- Sizcə, ölkə başçısının mədəniyyət sahəsində hökm sürən bu ayrı-seçkilikdən xəbəri varmı?
- Hüquqi dövlətdə mədəniyyət işçisi yalnız maaş və qonorarla dolanmalıdır. Güman ki, dövlət başçısı pul vermirsə, mədəniyyət yaratmaq istəməyən parazitlərdən tezliklə qurtulmaq arzusundadır.

- Nə üçün xarici ölkələrdən sığınacaq istəmirsiniz?
- Mən bir dəfə yazdığım sözü burda da deməyə məcburam: dünyada ən gözəl sığınacaq yenə elə Vətəndir. Xarici ölkədən ötrü gözüm atmır. Öz xalqım nəcibdir. İnsanlarımız gözəldirlər. Burda bir misal çəkəcəyəm. “Avropa və biz” yazıma görə həbs olunduğum ilk günlərdə-həftələrdə “Bayıl”da yeganə nigarançılığım ailə-uşaqlarım barədə idi. Denən, bir insan, hətta mənə ölüm hökmü kəsmiş nardaranlılar belə, evə zəng edib hədə-qorxu gəldimi, yox. Onların davası bir tək mənlə idi. Ya hələ mən çöldəykən, denən, zəng edib söyüş söyən oldumu? Yox. Bəli, coşğun emosiyalar vardı, bu, təbii idi. Çünki insanlarımızda heysiyyət güclüdür. Onlar güclü emosiyalar caynağında belə özlərini saxlaya bilib, söyüşə-zada keçmədilər.

- Deputat olmaq istərdinizmi?
- Açığı, məni ədəbiyyatdan ayıran heç bir işlə məşğul olmaq istəməzdim. Nəinki deputat, hətta prezident kürsüsü də mənim üçün darıxdırıcı olardı. Biləsiniz, həkimliyim də vaxtımı alır. Gör həkimlik işinə ömrümdən nə qədər vaxt itirmişəm. Ancaq özümü nümunə göstərmədən, demək istərdim də, hər bir yazar iqtisadi müstəqillik naminə müəyyən bir işin qulpundan yapışmalıdır.

- Sizcə, Azərbaycan özünün dünya yazıçısını yetirəcəkmi?
- Azərbaycan öz dünya yazıçılarını artıq yetirib. Sadəcə, özümüzü görmürük. Ya özümüzə inanmırıq, ona görə də hərdən bu cür suallar ortaya çıxır. Həm də biz hələ intellektual potensialı milli sərvət saya bilmirik.

- Yazıçının siyasətlə məşğul olmağına necə baxırsınız?
- Başqasıyla işim yox, mən öz şəxsimdə bunu təcrübə eləmişəm, alınmayıb. Analizlərim nəyi göstərdi: yazıçı həqiqəti sevir və deyir, siyasətçi – yalanı. Kütlə həqiqəti deyən yazıçıdan da vaz keçmir, yalan söyləyən siyasətçidən də. Kütlə yalanı ümüdlərini tənzimləmək üçün sevir.

Söhbətləşdi: Arzu Abdulla

Digər xəbərlər

Siyasət və mən

"Qoy bir dəfə də məni çəksinlər..." fotojurnalist Elxan Kərimov haqqında elegiya

Düşmən dostlar

Əsəd Qaraqaplan: "Rafiq Tağının sağlığına!!!"

Rafiq Tağı ilə Həmid Herisçi arasında sərt İran polemikası

Şərhlər