Millətin qaçqına çevrilməsi halı

Tarix: 13-06-2024 00:39
Baxış sayı: 51

Millətin qaçqına çevrilməsi halını, nəhayət, mən də gördüm. Gec gördüm – güc
gördüm. Yəni mən indi arxayınca deyə bilərəm: bu cür şeyi az görmüşəm – naz
görmüşəm. Tarix: 12 sentyabr 1998-ci il: dünən yox, srağagün yox, tasrağa gün.
Qaçanlar heç – azərbaycanlılardı. Qovanlarsa erməniləri əvəzləmiş Azərbaycan
polisləri idi. Yəni mənə deməsəydilər ki, qovanlar Azərbaycan polisləridir, mən
deyərdim: erməni “qardaş”larımızdır. Filhəqiqə, ermənilər üzdən Azərbaycan
polislərinə çox oxşayırlar. Onu desəm olar, deməsəm olmaz ki, Azərbaycan xalqı
artıq qaçmaq ustası olub. Ən bərkqaçanlarsa onun başçılarıdır. Tutaq bunlar heç.
 
Bakıda millət qaçqına çevrilərkən Qarabağ səmti qaçqınlarının ayıbı tamam üzə
çıxmışdı: sən demə, onlar da bizim kimi təhlükə duyanda “ daban əlli altı”
qaçırmışlar. Azərbaycanın hər yerində insan eyni cür qaçırmış. Amma həmin gün
hansı Leyli öz Qeysini qaçan görərdisə, ondan üz döndərərdi.
 
Həri, qardaşlar, yəqin vahiməni Allah insana sonradan xəcalət çəkmək üçün verir.
 
Çürük ömrünün qalan hissəsini daim xalqa bağışlamaq istəyində bulunan padşah
Azadlıq meydanını ona çox gördü. Padşahın iç dünyası polis dəyənəklərində
aritmik nəbz kimi atırdı. Qardaşlar, Qarabağı ermənilər, Azadlıq meydanınısa artıq
iqtidar tutmuşdur. Millət içdən və dışdan sıxışdırılmaqda, hər cür savaş divarda
gəzən motosikl kimi onun qabırğaları çənbərində fırlanmaqdadır. Yəqin tezliklə
Azərbaycanda ermənilər, bir də H.Əliyev tayfası qalacaqdır. Görən ac millət qırılıb-
çatılanda Heydər Əliyev barı torpağa öz əlilə bir paya sanca biləcəkmi? O ömrü
boyu torpağa yalnız simvolik ağaclar basdırmışdır. Əlinin sənəti nə olduğunu hələ
də bilmədiyim bir insan Azərbaycandakı bütün həyat sahələrinin başlanğıcında
özünü görür. Yəqin Azərbaycan xalqının tarixi onun doğum günündən
hesablanmalıdır: həri, Azərbaycan xalqı ən təzə xalqlardandır. Olsun ki,
Azərbaycan xalqının ömrü Heydər Əliyevin uzun ömrü qısalığındadır.
 

Heydər Əliyev Azərbaycanda yeganə taxt-tac uzurpasiyası mütəxəssisidir.
Demokratiya əlifbası onun üçün Çin heroqlifləri kimi anlaşılmazdır. Şərq diktatoru
üçün demokratiya yəcuc-məcuc dili kimi mürəkkəbdir.
 
Ancaq divin canı şüşədə, Azərbaycan padşahınınsa canı mitinqlərdədir. Yaxud
padşah mitinqdən şeytan sancaqdan qorxan kimi qorxur. Diktatura bəşəriyyətin
xroniki zöhrəvi xəstəliyidir. Ancaq hər bir diktator gec-tez İndoneziya-zad
sindromundan leş olub gedir.
 
Mitinqlərlə təşrih olunarkən Azərbaycan diktatorunun içindən humanizm çıxmadı.
Hərçənd hərdən humanizm onun dili ucunda ziyil kimi görsənir. Padşah qəlbində
şölələnən humanizm qəbiristanlıq şamları kimi tezsönəndir. Ömrü boyu balta ilə
işləmiş insan zərgər ola bilməz. H.Əliyev 50 milyondan çox insanın həyatına nöqtə
qoymuş Sovet diktaturasının kamil varisidir. O, Sovet diktaturası cinayətlərinə tam
şərikdir. H.Əliyev artıq müstəqil Azərbaycanı diktatura ənənələrinə
yoluxdurmuşdur. Onun diktaturadan gətirdiyi çamodanlardan ən üstdə çıxan şey
polis dəyənəkləri oldu. Dəyənək silah növüdür və qızıldan qiymətli başları
partlatmağa qadirdir. Xalqın cavab olaraq iqtidar üzərinə daş və butulkalarla yerişi
bəlkə çevriliş cəhdi sayılacaqsa, onda yəqin iqtidarın dəyənəklərlə xalq üzərinə
yerişi sallana-sallana toya getməklik hesab olunmalıdır. H.Əliyevin bütöv millətləri
öz yerindən-yurdundan Orta Asiyanın ilan mələşən çöllərinə köçürmüş bir
rejimdən xoş xatirələri ən azı anormallıqdır. Həri, Azərbaycan prezidentinin keçmiş
həmkarları cəlladlar olmuşdur.
 
Ancaq artıq getdikcə Azərbaycanda avtoritarizm çat verməkdədir. Bu çat
avtoritarizmin üstündən çəkilən qara xəttə çevriləcəkdir. Mən bir dəfə demişəm,
avtoritarizm siyasi tərbiyəsizlikdir və despotların məktəbxana tərbiyəsi görməməsi
əlamətidir. Normal universitet təhsilli, humanizmdən xəbərdar insan heç vaxt
despota çevrilməz, bunu özünə rəva görməz. Avtoritarizm qıllı bir kişinin camaat
içində trususuz gəzməsi qədər eybəcərdir. Kəbəyə başı soxmaqla da haqqı
anlamamış kəslərdən daha heç vaxt heç nə gözləmək olmaz.
 

Qardaşlar, dövlətdə avtoritarizmin ləğvi savadsızlığın ləğvi kimi vacib bir işdir.
Azərbaycan padşahı ancaq və ancaq xalqımızın əsrarəngiz mifik təfəkkürü
sayəsində qüdrətli görünərdi. Demokrat maskalı zöhhak yəqin Qərb dünyasını
maskarad bilir. Lakin qərb dünyasını aldatmaq asan göründüyü qədər də çətindir.
Azərbaycan padşahı hələ də Naxçıvan dialektində danışan qoca kişidən başqa bir
şey deyil. Bizdə belə danışqan qocalar çox-çoxdur. Mən içi xırda ehtiraslarla zəngin
dövlət başçısına müdrik deməzdim. Azərbaycanda tayfa başçısı təsadüfən dövlət
başçısı olmuşdur. Əldən natəmiz oyunçu bir qiyam gözqırpımında “damka”ya
çıxmışdır. H.Əliyev heç vaxt demokratik yolla hakimiyyətdə olmayıb. Heç əsgərlik
də çəkməmiş bir kişinin Ali Baş Komandan kimi səriştəsinə mən şübhə edirəm.
Heydər Əliyev ömrü boyu yalnız silahsız insanlara qalib gəlmişdir.
 
İndi Azərbaycanda gələcək hakimiyyətin oğurlanması prosesi gedir. Zaman hamını
oğurluq anına sürükləyir. Bu dəfə Azərbaycan xalqı hakimiyyət oğurluğunu görüb
heç kəsə deməsə, mən ondan üz döndərəcək, onun özünü oğurluq iştirakçısı
sayacağam. Belə bir xalqın sonra heç kəsdən xoşbəxtlik diləməyə haqqı
olmayacaqdır. Mən oğurluğa rəvac vermiş xalqa dişimin dibindən çıxanı deməyə
özümü haqlı sayacağam.
 
Həri, indi Azadlıq meydanı bizim üçün Qarabağ yolu üstündə alınası vacib strateji
məntəqədir.
 
Bu gün əksər ləyaqətli siyasətçilərimiz polis başları ilə bəzəkli parlament
divarlarından dışarıda qalmışdır. Ümumiyyətlə, polis başları Azərbaycan divarları
fonunda gəzəri pannolar kimi görsənən vacib arxitektura ünsürüdür. Azərbaycan
parlamenti artıq müğənni və çalğıçılar, bəzən hətta zurnaçılar dəstəsinə bənzəyir.
İndi “millət vəkilləri”miz yalnız toy məclislərini yola verməyə qadirdirlər. Onların
stixiyası qız alıb-qız verməklikdir. Azərbaycan parlamenti abortiv səciyyəlidir. Bu
gün Azərbaycan anaları prezident məddahları doğan kimidirlər. Məddahlıq fiziki
mövcudluq sənətinə çevrilmişdir.
 
Qardaşlar, Azərbaycanda hər hansı iqtidar dılğırı Konstitusiyanı istənilən müddətə
qapada bilər. Bu il Azərbaycan konstitusiyası hələlik 365 yox, 355 gün işləməyə

məcbur edilib. Burda onu desəm olar, deməsəm olmaz ki, Əkrəm Əylislimiz də
oturub-durub qəzetdən-ekrandan mənə mitinqlərin gərəksizliyini anladır. Əfsus, o,
bəşər azadlıqları ixtiraçıları həndəvərində Qulliver yanında cırtdan kimi
görsənərdi. Sən demə, Əkrəm Əylisli ömrü boyu yaradıcılıqla demokratiya
əlifbasından bixəbərcəsinə məşğul olubmuş. O, “xalq yazıçısı” adı alıb kama
yetmişdir. O, eşşəklərin atılıb insan boyunlarına minməsinin lirik-sentimental
seyrçisi imiş. Həri, əlifbanı bilməyənlər sonra həmişə axsayırlar.
 
Ölmədim, axır mən də millətin qaçqına çevrilməsi halını görə bildim: dünən yox,
srağa gün yox, tasrağa gün. Lakin qaçqınlar arxadakı mənasız və düşkün həyata
çırpılıb təzədən millət olurdular. Qardaşlar, qaçqınların təzədən millətə çevrilməsi
mənzərəsi gözəl idi. Mən həmin mənzərəyə Bethovenin 9-cu simfoniyasından
parçalarla musiqi tərtibatı verərdim. 
 
Müsavat, 15.09.1998

Digər xəbərlər

Əsəd və Zeynəb

Tehran Əlişanoğlunun Rafiq Tağı ilə söhbəti

Rafiq Tağı ilə bağlı Avropa Məhkəməsinə şikayət hazırlanır

Rafiq Tağı ilə Arzu Abdulla söhbətləşdi

Tehran Əlişanoğlunun Rafiq Tağı ilə söhbəti

Şərhlər