Həmişəlik dinc tramvaylı şəhər

Tarix: 13-06-2024 00:23
Baxış sayı: 130

Deyilmiş sözlərdən qoy mən də deyim: Bakı arzularımın ilk şəhəri olub. Əlbəttə, bu
illüziya bir kəndçi balasının sadəlövhlüyündəndi... Ancaq mən xoşbəxtliyi heç vaxt
fərz etdiyim yerdə tapmadım. Bir zaman xoşbəxtlik dalınca qırmızısını qızıla
bənzətdiyimiz Moskvaya da yürümüşdüm. İndi Bakını idealizədən tam uzağam.
Eləcə Moksvanı, İstanbulu, Nyu-Yorku da. Artıq qəti bu fikirdəyəm ki, xoşbəxtlik
coğrafiliklə bağlı deyil. Əksinə, coğrafilik ömür itkisidir.
Hər halda, gəncliyimin Bakısı haqqında xatirələrim şirindir. Onu ilk dəfə 1964-də,
yaşımın 14-də Astara-Bakı qatarıyla gəlib, səhər alatoranında işıqlarının çoxluğu və
onların düzümünə təəccübləndiyim, qənşərindən içi süd işıqlı dinc tramvaylar
keçən vağzalında gördüm. Atamlaydıq. Əvəz əmimgilə düşdük. Düzü, şəhər həyatı
məişət planında – ağ və pambıq kimi yumşaq çörəkləri, ya məsələn, tualetin-zadın
yaxınlığıyla xeyli cazibədar görünürdüsə də, həm də sanki qeyri-təbii və darıxdırıcı
idi. Əmim bunu duyub – “adam şəhərdə darıxmaz”, - dedi. Bir yandan da, o,
patriotluğa heç cür oxşamayan yalançı heyranlıq və məğrurluqla mənə şəhəri
göstərməyə başladı. Çənəsinin altına salıb, hansı gözəl binanın qabağında
dururduqsa, onun tarixçəsini soruşur, bilmədikdə, danlayırdı: “Məktəbinə afərin,
bilikli oğlan!” Mən ləbbeyk susurdum. Ömrümdəki ilk ekskursiyadan ölgün
qayıtdım. Sonradan özüm də Bakının görməli yerlərini kimlərəsə göstərməyə
məcbur olanda, elə bil Sibirə gedərdim.
Hə, Bakı... Qəribədir, həmişə də bu şəhərə can atmışam, orda qalmaq istəmişəm.
Bir dəfə bu məqsədlə az qalmışdı Brejnev dövrünə xas saxta nikaha girəm. Mən
Azərbaycandakı bütün şəhərləri Bakıdan maraqsız bilmişəm. Bakını on ildən çox
yaşadığım Moskvadan da uca tutmuşam. Bakılı tanışlarım mənə orda həsəd
aparardılar, mən də onlara – burda.
Ola bilsin, Bakı mənə həyatımdakı təzadlı roluna görə əzizdir. Burda mən özümü
guya reallaşdıra bilmişəmsə də, həm də hesab edirəm, hələ elə şey yoxdur. Vaxt
olub, ədalətsiz insanları Bakını gözümdən salıb da. Görün ki, əslində mən
ədəbiyyata vaxtında, hətta bir az tez gəlmişəmsə də, Bakı mənə dalını çevirib.
Tərbiyəsiz! Ədəbiyyata gəlmək üçün də, Bakıdan başqa yerimizmi var! Mən əbədi
qəlb ucalıqlarına yox, daim əbədi sandıq diblərinə itələnmişəm. Xəritədə quşa
bənzətdiyim Azərbaycan da məni qanadlarına almadı. I Pyotr kartofu ruslara döyə-

döyə yedirtdiyi kimi mən yazılarımı biganə azərbaycanlılara zorla oxutmuşam. Hər
iki halda məram xeyirxah, nəticə uğurludur.
Həri, qardaşlar, Bakı Bombeydir. Burda ala qarğa bala çıxarmaz. Burda tərəzilər
çəp, çəp tərəziləri çəkənlər bivecdilər. Burda inqilablar da yalandan olub. Qoçuları
qorxaq şəhər! Adamları “giridovoy”lara, milisə-polisə bac verən şəhər! Burda
anasının əmcəyini kəsənləri dılğır bir məmur qabağında əyilən gördüm. Burda
siyasətçilər ərdo kimidirlər. Mən türklərin böyüklüyünə Bakıda şübhələndim. Mən
islamdan burda çiyrindim. Mən tərsalığı qəbul edib monastıra gömülmək
səfsəfəsinə də burda düşmüşəm. Hələ bunu da mənə çox görür, ağız büzürlər.
Demək, vicdan azadlığı haqqında Konstitusiya maddəmiz haralardansa köçürmə
və saxta, üzr istəyirəm, “girdirmə”dir. Bu şəhərdə optimizmə səbəb yox...
 
Şirin xatirələrdən acı təəssüratlarımacan gəlib çıxan tramvaylar da tökülüb-
itməkdə... İçlərində sanki müharibə olubsa da, onlar yenə dincdilər.

Digər xəbərlər

Muğan tərəflər

“Azərbaycan siyasətində aryerqardçı düşüncələr” Konspekt.

KÜ­­LƏK AĞ­­ZIN­­DA YAR­­PAQ

STAN­­­Sİ­­­YA AP­­­TEK­­­Çİ­­­Sİ

Faciə janrlı puplisistika

Şərhlər