“Rafiq Tağı ilə dərdləşmə”

Tarix: 07-07-2024 18:58
Baxış sayı: 58

Adətən bu stildə yazıların sərlövhəsi belə olur «filankəsə açıq məktub». Yəni hərə
qafasının və qanacağının çərçivəsində ürəyini soyutmaq üçün kiminsə qabırğasına
o ki var döşəyir. Cümlələrin də hikkəsi, hərbə-zorbası adamın yeddi qatından keçir.
Hətta axirətdə olan əzizləri də yerlərində rahatlıq tapmayıb o tərəf-bu tərəfə
çevrilirlər ki, ay o dünyada qalan balam, ciddi sözü elə de ki, onu «qeyri-ciddi»
başa düşməsinlər. Ya da ki, ay küncdə dayanıb hamını söyən balam, elə söy ki, onu
mənə qaytarıb qara dünyamı zil-qara eləməsinlər.
 
Bu yazıdaysa mənim fikrim başqadır. Çoxdandı dərdləşməyə adam axtarırdım. İndi
kimsəyə dərd əlindən dağa çıxdığını, ya rayona getdiyini desən təbii ki, qeyri-ciddi
alınar. Dərdi də gərək həmdərdə deyəsən. Dərdi gərək bölüşəsən, yoxsa adamı
yandırıb yaxar, yeddi qatından keçər. Dərd yuxu deyil ki, onu axar suya danışasan?
Mən dərdləşmək üçün Rafiq Tağını seçdim. Axır vaxtlar onun müsahibələrini,
açıqlamalarını, yazışmalarını, ardıncaysa sayını itirdiyim hekayələrini oxuyub
düşüncəmə hopdurandan sonra başa düşdüm ki, dərd ortağı tapmaq üçün tender
elan eləmək lazım deyil. Elə hazır özümüzdə varkən, niyə dağa-daşa, dilə-dişə
düşüm. Başladım dərdləşməyə. 

Rafiq Tağı, mən yazıçıların tez-tez müsahibə vermələrinə yaxşı baxmıram.
Yazmaqdan çox, danışmağa həvəslənən adamın nə vaxtsa sözü qurtaracaq.
Başlayacaq məlum regionun aşıqlarına oxşamağa, eləcə «neynim, neynim»
deyəcək. Müsahibə jurnalistə qonorar üçün lazımdır, yazıçıya isə çıxmayan ya da
çıxmaqda olan kitabını reklam eləmək üçün. Görünür bunu siz məndən yaxşı
bildiyinizdən, fikirlərinizi essevari yazışmalarda ifadə eləməyə üstünlük verirsiniz.
Yazıçıya yazmaq yaraşır. Belə olanda dönüb-dönüb redaktə eləmək, nəyisə
tündləşdirmək, nəyisə ağartmaq, qayçılamaq, rəndələmək rahat olur. Sonra adam
öz yazdığına baxanda, sözlərin hədəfə dəqiq tuşlandığını da götür-qoy edə bilir.
Yoxsa danışmağa nə var ki, sözlər hamısı adda-budda tökülüb-gedir, nabələd ovçu
kimi qabana güllə atırsan itə dəyir.

Dərdləri sıralamaq olarmı görəsən? Onda Vətən dərdi neçənci yerdə olar?
Qloballaşan, sərhədsizləşən dünyada Vətənin dərdə çevrilməsi inkişafının hansısa

mərhələsində natamamlıq yaşayan, ya da torpağı işğal altında olan bizim kimi
xalqlarda olar. Vətən niyə yük olmalıdır ki? Mən «dabanı əzilən kimi Vətənə nifrəti
şahə qalxan”ları başa düşmürdüm. Gördüm siz də başa düşmürsünüz. Anlaya
bilmirdim ki, bu torpağın günahı nədir ki, onun üstündə bu qədər naqis gəzir.
Azərbaycana Vətən deyib onun təəssübünü çəkmək üçün 5-ci sinfin «Ata Yurdu»
kitabını oxumaq lazım deyil, bu hiss kökdən, zatdan gəlməlidir. Vətəni sevməyən
adamda vicdan axtarmaq mənasızdır. Bildiyi və bəyənmədiyi yeganə bir dildə -
Azərbaycan türkcəsində məqaləvari, köşəvari, romanvari nəsə yazıb millətin
başının üstündə müəllimlik yox, dəlləklik eləmək fikrinə düşmək əməlli-başlı
xəstəlikdir. Siz həkimsiniz, bu xəstəliyin diaqnozunu bilməmiş olmasınız. 

Rafiq Tağı, Vətəni sevməyən adamlar inqilab eləyə bilməzlər. Bunu ancaq
yuxularında görə bilərlər. Sizin təbirinizcə desək, Azərbaycana xaricdən xaos ixrac
eləmək istəyənlərin hünəri çatıb sərhəddən heç qulpu qırıq fincan da keçirə
bilməzlər. Adamlar özlərini tankın altına ekzotika xatirinə yox, torpağı sevdiyinə
görə atır. «Əli və Nino»da bir fraqment var, əsərin qəhrəmanı sevgilisini
oğurlamaq istəyən erməninin ürəyinə xəncəri saplayandan sonra düşünür ki, bu,
əslində onun bəy kökündən, nəsil-nəcabətindən gələn güc imiş. Təkamüllə
dəyişmək üçün savad, təfəkkür, dünyagörüşü, bir sözlə intellektual keyfiyyətlərin
məcmusu lazımdır. Bu baxımdan bəli, sizinlə razılaşmamaq mümkün deyil ki,
«dünyanın yalnız inqilab yolu ilə dərki yarımçıqlıq təzahürüdür». 
Yazırsınız ki, «Dövlət çevrilişlərini ancaq quldurlar edir. İnqilabçılıq quldurluq
formasıdır. Quldurlar seçilməmişlərdir. Seçilməmişlərin bütün yaratdıqları
iblisanədir. Dünya tarixi, bizə ən yaxın olan sovet tarixi də, bunu tam sübuta
yetirib. İnqilabçı - cəmiyyəti talan etməyə ixtiyar qazanmış quldurdur».
Rafiq Tağı, Vətənə vurulanda sevgi adamın gözünü tutur. Pisi də adama əziz gəlir,
yamanı da, yaxşısı da, rüşvətxoru da, postmodernisti də. Bir dəli quyuya daş atıb
deyə Vətəni şimala, cənuba bölmək olmaz. Koroğlu güclüdür, yoxsa Babək
davasında hələ udan olmayıb. Mən toylarda oynanılan nə bilim filan yerdə
bizimdir mahnısını zümzümə eləmək istəmirəm. Amma Azərbaycan bizimdir, onun
şimalı da, cənubu da, bütün qütbləri də. Bir ağlı buxarlanmışın çürük lafına görə
mən Səttərxanı Cavad xandan, Xiyabanini Rəsulzadədən, Pişəvərini Nərimanovdan
ayıra bilmərəm. Mən Axundovu özəlləşdirib özümünkü eləyib, Təbrizə gedən
yolunun qabağını kəsə bilmərəm. Elə «ayır-buyur» siyasəti yürüdən farsın, rusun

hökumətləri də bunu istəmirmi? Onsuz da parçalayıb, xırdalayıblar bizi.
Vətənimizin haradan başlayıb harada qurtardığını bilirik axı? İndi nə olsun ki,
Azərbaycan türklərinin etnik-tarixi sərhədləri ilə müasir respublikamızın inzibati
sərhədləri üst-üstə düşmür. «Rayon-şəhərli» söhbətinin hələ də şüur altında ilişib
qaldığını nəzərə alsaq, onun üstünə şimal-cənub ayrı seçkiliyini də gəlməyə
dəyərmi? 
Yuxarıdakı abzasda deyəsən «postmodern» sözü işlətdim. Əslində mənim yazım
dərd haqqındadır, bu söz haradan gəldi düşdü bilmirəm. Gəlibsə qoy qalsın.
Neynək, bəlkə kiməsə lazım oldu. Allah canınızı sağ eləsin, ona yaxşı tərif
vermisiniz «postmodern baxış qloballaşmanı ehtiva edir. Postmodernizm bizdə
təbii gəlişir, intişar tapır, özü də təkcə ədəbiyyatda yox. Kimsə onu bura
gətirməyib, apara da bilməz». Yoxsa bu vaxta kimi mənə elə gəlirdi ki, postmodern
adlı şey kiminsə çantasındadır, atıb çiyninə çayxanadan-çayxanaya aparır. 
Ədəbiyyatımızda təzə tendensiyanı müşahidə edirəm, artıq dəlimiz ağıllı kimi
görsənə bilmir, artıq Hollivud filmlərinin təsiri altında da əsər yazılmır. Elə bil hər
şey nənəmin xəlbirindən ələnib keçir. Roman bumu da səngiyib, sən demə heç
bum deyilmiş, bir atımlıq barıt imiş. Qısır ədəbiyyatdan nə bəhrə gözləyəsən?
Söyüd ağacı sallana-sallana arxın qırağında dayanmağı bilir, heç turş alça da
gətirmir. Hər şeyin fısı yatandan sonra, deyəsən, keyfiyyət dəyişmələrinə keçməyə
yaxınlaşırıq. Hamımız buna hazır olmalıyıq. Birinci növbədə qəzetlərimiz.
Rafiq Tağı, qəzetlərimizdən gileylənirsiniz. İstəyiniz budur ki, «sensasiyanın da
Azərbaycana gərəkli olanı seçilməlidir». Daşdələnlik eləməyə nə var ki? O qədər
daşdələn, ağacdələn var ki? Əsas məsələ odur ki, «qonşu ölkələrdən Vətənimizə
sarmaşan dılğırlara münasibətdə qəzetçilikdən üstün vətəndaşlığımız yadda
saxlanmalıdır. Sən, qəzetçi olaraq, söz və mətbuat hüquqlarını pırpız saçların
üzərinə qaldırıb da, Azərbaycanı yıxmalı deyilsən. Azərbaycan hüquqlardan
üstündür».
Rafiq Tağı, mənim imzamın ayrı yükü var. Bu yazını oxuyandan sonra deyəcəklər
ki, budu ha Rafiq Tağı da yönünü iqtidara tərəf çevirib. Onda onlara məsləhət
görün ki, sizin «Heyvanlar üçün karvansara» hekayənizi oxusunlar. «Bədii əsər
heyvanatla nə qədər zəngin olsa, bir o qədər yaxşıdır. .. əsərləri heyvanla dolu
olan müəlliflər siyasi qorxunc sayılmır. Diktaturalarda belə olanlar qətiyyən

izlənilmir… asta-asta sözlərini deyirlər». Əsas da söz deməkdi. Sözün qurtarmasın,
Rafiq Tağı.

Digər xəbərlər

HƏ­­RƏ­­KƏT­­SİZ HEY­­KƏL­­LƏR

Bəşəriyyətin islam haqqında dediklərinə əlavələr

Məlahət Yusifqızı : "Adam öldürməzlər,adam!"

SO­­­NUN­­­CU XƏS­­­TƏ Tİ­­­RAN

"Feyziyyə ilə şənbə söhbəti"nin qonağı yazıçı Rafiq Tağıdır

Şərhlər