Mirzə Ələkbər Sabir haqqında gecikmiş sözlər Rafiq Tağı - Sabirə müharibə elan etdi
Klassiklərdən müasirlərimizəcən, Sabirdən üzü bəri - milləti təhqir edənlərlə
yoxam.
Özü də millət onu təhqir edənləri səhvən klassik hesab edir və ictimai həyatda
yerdombalanı kimi çıxıb sancıcı nəzm quraşdıra bilənlərə qətiyyən borclu deyil.
Üstəlik, nəzm hələ mədəniyyət deyil.
Millətə qarşı satira düşmənçilik mövqeyi kimi dəyərləndirilməlidir. Özümüzə
tuşlanan “kalaşnikov”lar qanunsuz sayılıb yığışdırılmalıdır.
Müşküllərimizin həllində həyatından narazı tiplərin millətə qarşı fikirləri əldə əsas
tutula bilməz.
Qəmim ki, var mənim, ancaq budur: qiyamətdə
Ki, bir də görməliyəm iş bu millətin üzünü.
Biz bu misraları oxuyub da mazoxistcəsinə qəşş edirik. Bu sözlərindən sonra
mitilini yoxluğa tullamalı ikən, millət Sabirə heykəl ucaltdı.
Millətimizin yeganə qüsuru onun ifrat nəcibliyidir. Burda mən obyektiv idealist və
həm də bir az materialist kimi deməyə bilmərəm: ya Sabir, rahat yat, “qiyamət”
dediyin şey olası deyil – bir də nə sən bu millətin üzünü görəcəksən, nə də adına
“qeyrətsiz” dediyin millət sənin üzünü. Sabirin satirası ondakı ağıl zəifliyini üzə
çıxarır.
Ümumtürk kontekstini anlamaması, Şamaxı lotularını millət kimi görməsi onun
korafəhmliyinin göstəricisi idi. Poeziya qoxusu duyulmayan misralarında
dünyagörüş – sıfır həddində. Milli təəssübkeşlikdən bixəbərlik.
Onun nəzmi yalnız sosial ədalətsizliklər haqqındadır – bu, çox azdır. Məncə, onu
başqa dillərə tərcümə edib milləti təhrif olunmuş tərzdə təqdim etməyə ehtiyac
yoxdur.
Həm də axı, başqa millətlər ondan nə götürəsidir; olsa-olsa bu yerdəki insanların
yaşamağa haqqı olmaması qənaətinə gələr. Əlbəttə, bunu özümüz etiraf etmişik:
“Guya ki, biyabanda bitən bir ələfiz biz!”
Zülmətsevər insanlarız üç-beş yaşımızdan,
Fitnə göyərir torpağımızdan-daşımızdan:
Tarac edərək, bac alırız qardaşımızdan,
Çıxmaz, çıxa bilməz də bu adət başımızdan...
Əclafımıza çünki həqiqi xələfiz biz!
Öz qövmümüzün başına əngəl-kələfiz biz!
Niyə, balam?
Millətə qarşı tamam şər-böhtandır bu. İstənilən birimiz minlərlə sübut gətirər ki,
hər şey tərsinədir: heç nə də yox, bir milyona yaxın qaçqını-köçkünü olan bir
ölkədə sosial partlayışların olmaması bunun bariz nümunəsidir.
Siyasi savadsız Sabir uğursuz sabun alış-verişinə görə ancaq millətini günahkar
bilib və yalnız onu hədəf seçib. Pota dişli yağıların əhatəsində onun öz millətindən
savayı düşməni olmayıb: bircə onu tapdaq altına qoyur.
“Bir bölük boşboğazıq, heyvərəlik adətimiz”, “Kim nə deyər bizdə olan qeyrətə...”,
“Dindirir əsr bizi – dinməyiriz” – bu şeirlərin hələ tək adları çox şey deyir.
Burda mən istənilən şeiri yüngül tənqidlərə belə tab gətirməyəsi Sabirə bir az
insafla yanaşıb, yəni “Hophopnamə” “heyvərəliyi”ndən yan ötüb, mız-mızı ziyalı
mığmığalarımızı əzməyə möhlət götürürəm. Savaş qarşıdadır.
3-13 sentyabr 2011-ci il