Mirzə Cəlillə ayrılıq məqamı

Tarix: 13-06-2024 00:41
Baxış sayı: 48

Bütün ədəbi məktəblər millətin çərçivəsini daraldır. Ədəbi məktəblərə heyranlıq
tərbiyəsinin axırı yoxdur. 
Cəlil Məmmədquluzadə XX əsr Azərbaycan ədəbiyyatının satirik ruhunda
günahkardır. Satira "usta"larımız pişik quyruğuyla oynayan kimi daim acı sözlə
əylənib millətin bütün önəmli keyfiyyətlərindən yan keçiblər. Onların fərasətindən
millət barmaq qatlayıb öz fəzilətlərini sadalaya bilməyi unudub. Amma
naqisliklərini əzbərdən bilir. Hamımız ağız-ağıza vermişik: murdarıq, yaramazıq,
pisik. Satirik ruh qanımıza yeriyib.

Düşmən millətimizi topla atəşə tutanda, Mirzə Cəlil sözlə tutub. Mirzə Cəlil ədəbi
kollaborasionistdir. Özü də həmişə düşmənin görüb-bilmədiyi yerləri nişan alıb.

"Molla Nəsrəddin" jurnalı bizdə natamamlıq kompleksinin səbəbkarıdır. Onun
ucbatından millətdə naqislik duyğusu artıq bioloji dominantlıq səviyyəsinə çatıb.
Mirzə Cəlildən sonra dürlü qəhrəmanlıq dastanları, comərdlik nəğmələri,
fəxriyyələr, nə bilim, bəhariyyələr yaranmayıb. Bu gedişlə yaranmayacaq da.
Qəhrəmanlığa dair hər şey qaldı "Molla Nəsrəddin"dən əvvəldə. Zaman sovuşur,
xalq yaradıcılığının qəhrəmanlıq mövzularındakı fasilə məndə vahimə oyadır. Bu
yüzildə yazarlarımızın az-çox igidlik mızıldayışlarısa səmimiyyətdən uzaqdır, çünki
Sovet ruhundan doğulmuşdur. Natamamlıq kompleksinə düçar kəslər
qəhrəmanlığı dərk etməz. 

Mirzə Cəlil millətin xarakiri aktıdır. Barı bundan sonrakı müharibələri udmaq
xatirinə intihar ədəbi məktəblərini tərk etməliyik. Əfsus, hələ ondan sonra da
qələbəyə yol uzundur, çünki hər şey dərinə işləyib, metastaz çoxşaxəlidir. Mirzə
Cəlil hər şeyi "anlayıb"sa, bununla böyük iş görməyib. O, ədəbiyyat tariximizdə
ölməzlər rəfində guşə seçməklə öz yerini bilməlidir. Onu fəal təbliğ və təşviqlə
natamamlıq kompleksimizi özümüz gücləndiririk. Bu minvalla XXI əsrdən etibarən
biz başqa millətlər arasına gəlin kimi yaşmaqla, bürüncəklə çıxmalıyıq. Amerika
qəhrəman kovboyla simvollaşırsa, Azərbaycan - "savadsız" novruzəlilərlə. Əslində

savad heç də alilik meyarı deyil. Kovboy bəlkə adını da yaza bilməz. Çeçen
deyiləndə, onun savadlı, ya savadsızlığı anılmır. Mirzəmizin nişangah seçdiyi molla
heç də həmişə iyrənc məxluq deyil, o da millətin bir övladıdır və onların əksəri
üçün Allah adı əzizdən əzizdir; peyğəmbərinin ismini eşidəndə, məsumluq
mucəssəməsinə çevrilirlər. Bu heç də Mirzə Cəlil kimi İsa, Musa və Məhəmmədi
milli çaxnaşmalara səbəb görmürlər. Mirzə Cəlil öz ateist savadıyla bəlkə də nurlu
bir mollanın yanında avam görünərdi. 

Bizə daha öldürücü yox, dirildici ədəbiyyat vacibdir. Millət Mirzə Cəlilin hər gün
yadına saldığı, təlqin yolu ilə təhtəlşüuruna yeritdiyi naqisliklərlə uzağa gedə
bilməyəcək. C.Məmmədquluzadə ədəbi satira məktəbi neçə nəsil yazarlarımızı
şikəst qoyub. Mirzə Cəlilə sevgilərlə M.Ə.Sabir, Ü.Hacıbəyov kimi nəhənglər də
milləti "yıxıb-sürümək" yolu tutmuşdular. Nə qədər gec deyil, ədəbi bütlərə sevgi
aldanışlarından qurtulmalıyıq. Sevgilərlə iş görülməz, görülsə də həmin iş başa
gəlməz.

Mirzə Cəlil N.Qoqolla bahəm Z.Freydə də mehr salsaydı, millətindəki qüsurların
heç də təkcə ona xas olmadığını hökmən görəcəkdi. Bəşəri yalnız instinktlər idarə
edir və bu instinktlər millətin əxlaq durumu ilə tən gəlməyə bilər. Əxlaq hər bir
xalqda təsadüfən uydurulur və milli əxlaq üslubları bu təsadüflərin sayı qədər olur.
İnstinktlərsə məğribdən məşriqə eynidir. Adəmdən başlayıb, xatəməcən də hər
yerdə eyni olacaq. Özünü ən çox mədəni adlandıran xalq daha çox şarlatandır.
Bəşəriyyətdə ən səthi şey mədəniyyətdir. Xalqların öz mədəniyyətləri ilə
öyünmələri oyunbazlıqdan başqa bir şey deyil, yaxud həyat və ölüm, varlıq və
yoxluq fövqündə buna heç problem demək olmaz.

"Hər şeyin təzədən dəyərləndirilməsi" vaxtı çoxdan çatıb. Hətta kağız üzərində də
amanabənd dayanmış müstəqilliyimizlə az öyünməliyik. Artıq, millətin gələcək
mövcudluğu naminə indidən həyəcan təbilləri çalınmalıdır. Mirzə Cəlil bizi
bağışlayar.
15.11.1995 "Yeni Müsavat" N38

Digər xəbərlər

Prokurorluqdan Rafiq Tağı ilə bağlı açıqlama

Üzümüzdəki ləkə: Rafiq Tağıya gecikmiş cavab

"Əldən çıxan böyük mühakimə şansı" Azad Qaradərəli yazır

Eklektik fikirlər

Düzbucaqlı “QİRYƏT” yazısı

Şərhlər