Həmid Kazımlı – “Axı sən nə istəyirsən, Rafiq Tağı?” Sənədli yumoresko

Tarix: 24-01-2017 07:29
Baxış sayı: 139

Uca saraya səs yayıldı: - Rafiq Tağını gətirirlər! Bu səsin əks-sədası çəkilər-çəkilməz Rafiq Tağı mələklərin müşayiəti ilə qəbul otağına gəlib çıxdı. Ona yer göstərdilər. Oturdu. Uca Tanrının köməkçisi asi bəndənin gətirildiyi haqda Sahibə məlumat verdi. Ona gözləməyi əmr etdilər. Yarım saat keçdi. Yaradan hələ də R.Tağını qəbul etmək istəmirdi. Bir saat ötdükdən sonra Rafiq həkim istər-istəməz fikirləşdi:

“Bəndəsi nə təhərdisə, Allahı da o sayaqdır”.

 

Nəhayət, ona içəri keçməyi əmr etdilər. Keçdi. Təsvirə gəlməz varlıqla üzbəüz kresloda oturdu. Sözə birinci Tanrı cənabları başladı:

-          Yazılarını oxuyuram. Daha dəqiqi Yerdən, sizin məmləkətdən gələn qəzetlərin hansını açıram, sənin şəklin, hekayələrin, bir də o janrı bilinməyən yazıların çıxır. Məhsuldar işləyirsən.

Rafiq Tağı adəti üzrə utancaq-utancaq gülümsədi, sol çiynini azacıq çəkdi (təvazökarlıq əlaməti olaraq).

Yaradan davam etdi:

-          Cəsarətin xoşuma gəlir. Hərçənd ki, arada mənə də ilişmisən. O, “Yeni Müsavat” qəzetinin bir köhnə sayını çıxarıb göstərdi.

-           Burada yazırsan ki, “Allah, varsansa sənə şükür, yoxsansa eybi yox”. Necə başa düşək? Mənə şəkk gətirirsən?

Rafir bəy qorxdu. İstədi desin ki, bu, heç mənim ifadəm deyil, onu o vaxt Böyükkişi əlavə edib. Ancaq tez ağlına gəldi ki, onsuz da Tanrıya hər şey əyandır. Odur ki, utancaq görkəm alıb susdu. Yaxşı ki, Yaradan da dərinə getmədi. Buyurdu:

-          Yaxşı, bəs mollalarla, kişilərlə nə intriqan var? Ayətullah da səndən gileylənir, Papa da.

Rafiq Tağı bu yerdə daha susmadı. O, Engelsin “Mən bütün dinlər puç və əfsanə hesab edirəm” kəlamı ilə başlayıb yarım saat dini zəmində toqquşmalardan, faciələrdən, ruhanilərin fırıldağından danışdı və sonda “Din xalq üçün tiryəkdir” – deyə fikrini tamamladı. Onun rəvan və həlim nitqi Ali Varlığa xoş gəldi. Ancaq O, bunu biruzə verməyərək:

-          Yaxşı, bəs padşahlarla nə işin var?  - deyə soruşdu.

Rafiq Tağı fürsəti əldən vermədən Yaxın Şərq və Latın Amerikası zonasında hökmranlıq edən padşahları “baqaj”a qoydu. Hələ üstəlik Yaradandan soruşdu ki, neujeli, “Sizin onların nə etdikləri barədə məlumatınız azdır?”. Bu söz əlbəttə ki, Uca Tanrının xoşuna gəlmədi. Dedi:

-          Ey asi bəndə, indi nə təklif edirsən, dinləri ləğv edəkmi? Müqəddəs kitabları yandıraqmı? Padşahları tutduqarmı?

Rafiq Tağı çıxılmaz vəziyyətə düşdü. Nə desin? Tez də deməyə söz tapdı:

-          Mümkünsə, Yerə təzə Kitab göndərin, camaat da...

-          Nə danışırsan? – Yaradan onu dayandırdı. – Kitab məsələsi çox çətin şeydir. Ağlın özünə getməsin. İldə bir kitabın çıxır. Ancaq mənim kitabım üçün bir aləm xərc lazımdır.

 

Rafiq Tağı istədi ki, desin, sponsor tapmaq lazımdır. Yaradan onun fikrindən keçənləri oxudu: - Xeyr, sponsorla da düzələn iş deyil. Ən azı 1 milyard tirajda çıxmalıdırsa, neçə milyon ton kağız lazımdır. BMT-də olan bütün dövlətlərin dilinə tərcümə olunmalıdır. Çox çətin məsələdir.

Araya sükut çökdü. R.Tağı daha bir təklif verdi: - Onda Yerə yeni bir rəsul göndərin, o düzüb qoşsun...

-          Rəsul? – Tanrı fikirdən ayıldı. Yox, bu variantı da müzakirə etmişik. Birdən onun yadına nəsə düşdü: - Yeri gəlmişkən, Rəsul Quliyev haradadır?

-           Amerikadadır – deyə R.Tağı cavab verdi. Deyilənə görə orda kitab yazır. Kitab sözünü eşidəndə Ulu Yaradan dik atıldı:

-          Ey asi bəndə, burada rəsmən bildirirəm ki, mən cənab Quliyevi nə özümə rəsul seçmişəm, nə də ona Kitab yazmağı əmr etmişəm.

Rafiq Tağı qorxub əlavə açıqlama verdi:

-          Yox, yox, Ulu Tanrı, onun kitabı siyasətdən, nöyütdən-zaddan bəhs edir. Onun kitabı ilə Sizin və mənim kitabım arasında fərq böyükdür. Yaradan sözünün səmtini dəyişdi:

-          Padşahlar haqqında verdiyin ifadənin üstündə durursanmı?

Rafiq Tağı: Ey Ulu Tanrım, durmağına dururam – dedi. Ancaq bu taxt-tacına and olsun, ya məni Şeremetyevodan qolu bağlı aparacaqlar, ya da heç litosfer qatına çatmamış Fidel Kastro gəmini partladacaq.

-          Yaxşı, yaxşı, nəzərə alarıq – deyə Tanrı onu sakitləşdirdi. Səni bağışlayıram. De görüm, ayrı nə probleminiz var, Yerdə?

Rafiq Tağı ürəkləndi: - Ey Ulu Yaradan! Yerin zibili çıxıb. Əlində bu boyda qalaktika var. Bizə buralarda bir planet düzəlt, gələk yaşayaq. Ekoloji fəlakət...

-          Üz vurma, doktor, and olsun müdrik bəndələrimin canına, bu saat üstümdə 6 milyard qaçqınım var. Təsəvvür elə ki, Qayalı planetinin yaraqlıları hücum ediblər Bağ-bağatlı planetinə, od vurub odlayıblar, onun camaatını birtəhər Ucqar planetdə yerləşdirmişəm. Sizin Ucara oxşayan bir yerdir. Əzab çəkirəm. Neyləyim Tək Allaham, hamısına özüm baxıram.

 

R.Tağı əlüstü fikirləşdi: Yaxşı olur Sənə, çoxallahlılığı ləğv elətdirəndə bilmirdin ki, belə olacaq. Sonra onlar sağollaşdılar. Ulu və Ali Varlıq R.Tağını mələkləri Cəbrayıla və Əzrayıla qoşub yenidən Yerə göndərdi.

 

Qeyd: R.Tağı XX əsrin ikinci XXI əsrin birinci yarısında yaşayıb-yaratmış Azərbaycan klassikidir.

2097-ci il, avqust

 

09.09.1997

Digər xəbərlər

"ÖLÜ ƏDƏBİYYATIN ƏLAMƏTLƏRİ" Tehran Əlişanoğluna

Rafiq Tağının "Yanaşı ulduzlar"ı

Lazım gələndə əsgər olanlar

Mələk

Rafiq Tağı ilə Həmid Herisçi arasında sərt İran polemikası

Şərhlər