Azərbaycanda hüquq

Tarix: 04-04-2018 12:15
Baxış sayı: 2100

 

(Nəğmə)

 

 

Gəlsənə, Azərbaycanda bir qədər hüquqdan danışaq, hərçənd bu barədə söhbət mənə həmişə predmetsiz görünüb. İndiyəcən mən hüququ yox, Azərbaycanda məhz hüquqsuzluğu insanın həyat tərzi bilmişəm. Hüquqsuzluq Azərbaycan xalqı tərəfindən çeynənib-udulmuş, həzmi-rabedən keçirilmiş, komponentləri çoxdan onun surətinə çıxmışdır. Təsadüf deyil ki, karikaturalarımızda sual işarəsi insan duruşünün ən xarakterik cizgizisidir. Biz qarnıyoğunlar qarşısında binayi-qədimdən hörmətcil olmuşuq; indinin özündə padşahlığa da əsasən yoğun namizədi məqbul bilirik. Bizdə həyatın sürrealistik ifadəsi sürünmə şəklindədir. Türmələrimiz insanın azadlıqdan məhrumluq yerləri yox, cəhənnəmi yer üzünə mantar kimi qalxmış qır qazanlarıdır. Onlar nuvoriş-dustaqlar üçün tez-tez boşaldılmalı olur – Azərbaycanda amnistiyalar məcburi-sardonik humanizm aksiyalarıdır. Dustaq amnistiyaya yalnız artıq sındırılıbsa düşə bilər. Azərbaycanda azadlıq sındırılmış insanların gəzinti fəzasıdır.

 

Hüquqsuzluq Azərbaycanda etiraz doğurmur; onun iç divarları ədəbiyyat və sənətlə bəzədilmiş, yaşam üçün guya yararlı hala salınmışdır. Azərbaycanda ədəbiyyat və sənət ədalət və hüquqa dəxli olan bəlkə yeganə fəaliyyət növü sayılmalı "siyasət"ə həmişə xor baxıb. Bizdə ədəbiyyat və sənət şərə heç vaxt yox deməyib, sadəcə ona naz edib. Azərbaycanda ədalətsizlik araşdırılıb-çözələnmir, qəzavü-qədər məramı şəklində – olduğu kimi qəbul edilir.

 

Ədalətə biganəlik azərbaycanlının seçilən əlamətidir.

 

Azərbaycan xalqında hüquq fantaziyası yoxdur. Azərbaycan xalqı bütün hüquq hərəkətlərinə, o cümlədən inqilablara da həmişə zorla qatılıb. Sosial ədalətin intensiv bərpa əməliyyatı olan inqilab əslində bizlərə yaddır. Azərbaycanlı inqilaba bəlkə oğurluq və banditliyə imkan açılması mənasında yaxınlıq duyur. İndi Azərbaycan siyasətinin əks qütbləri arasında məsafə çox qısa, gediş-gəliş sürəti çox itidir. Siyasi "polina"lıq baş alıb gedir. İfrat patriotluqdan ştreykbrexerliyəcən uzanan yolda gözə dəyən siyasətçilərimiz ən azı hərdəmxəyal görünürlər. Azərbaycanda partiyalar əqidə işi kimi ortaya çıxmır. Azərbaycanda partiyalar müstəqilliklə alverə qurşanmış insan qruplarından ibarətdir. Onların dalınca nə qədər getmiş olsan da, hüquq və azadlıq deyilən şeylərə rast gəlməyəcəksən.

 

Azərbaycanda hüquq dil-ağız nahiyəsinə aid saqqız timsallı bir zaddır.

 

Bizdə hüquq qaçılmaz həyati təlabat deyil; bizlər ondan beynəlxalq dəbə uyğun yalnız söhbət aça bilərik. Qaçqınlarımız da Azərbaycan xalqı sayılırsa, mən onlarda hüquqa tələbat yox, olsa-olsa hümanitar yardımlara hədsiz hərislik görmüşəm. Gödən azərbaycanlı bədəninin ən vacib hissəsidir. Qarın toxluğu həyat konstantına çevrilmiş bu insanlar Azərbaycan xalqının mənəvi kasadlığını üzə çıxardılar. Ancaq neynək, onsuz biz bu kasadlığı gec-tez görməli idik.

 

Hərbi münaqişələr Azərbaycan xalqında mənəvi vakuumun aşkar görünən dövrüdür.

 

Bizdə xalq hərəkatları daim romantik duyğuların təzahürü olaraq ortaya çıxır. Di gəl neyləyəsən ki, romantik duyğularla həyat tənzimlənməz – bunu təcrübə göstərir. Mən demişəm, həyatın romantika ilə tənzimi cəhdi əsasən ibtidai millətlər üçün səciyyəvidir. Güneyimizdəki abortiv milli hərəkatlar da bunun nümunəsidir. Romantika ilə real qələbə qazanılmaz. Biz hələ romantik çağlarımızda barıtımızı atıb qurtarır, sonra fikir çəkmək üçün mütəkkələnir və qəlibli-yalançı şərqli filosofu görkəmi alırıq. Heç vədə müdrikləşməyən milli qəhrəmanlarımız da ta qocalanacan romantik qalırlar. Əlbəttə, romantikanı Azərbaycan xalqını digər xalqlara bənzədən, hərçənd çox da vacib olmayan, müsbət keyfiyyət saymağa da borcluyuq.

 

Azərbaycan türklərinin genealoji ağacı hüquqsuzluqla suvarılmışdır. Azərbaycan türkünün hətta təbəssümündə də bu hüquqsuzluğun nişanələrini görmək mümkündür. Azərbaycan türkünün təbəssümü plebey gülüşü şəklində deformasiyalıdır. Azərbaycan türkünün adət və ənənələri də hüquqdan kənarda formalaşıb; onlarda yüksək ideal nişanəsi, ya heç olmasa bir ədalət izi görməzsən. O bütün münaqişələrini cəngəllik qanunları əsasında – güc diktəsi altında çözələyir.

 

Azərbaycanda insan hüququ fərz elənmir də. Azərbaycanda hümanizm adətən tərs-avand yozulur: normal vətəndaşlar qalır, çaşıb daim canilərin hüquqlarını qoruyuruq.

 

Əfsus, azərbaycanlıya hüquqlarının müdafiəsi təklif olunanda, dişlərini ağardır.

 

Azərbaycan xalqı hüquq müdafiəçilərinə demaqoq damğası vurandır. Qərbdən hüquq müdafiəsi öyrənmiş tək-tək insanlarımız Azərbaycanda həmişə lağa qoyulub.

 

Konstitusiya Azərbaycan xalqının həyatında ən az rol oynayan formal bir sənəddir. Bizdə formalizm fatal qaçılmazlıqdır. Ümumiyyətlə, sənəd deyilən şey azərbaycanlıya həmişə qəribə-gülməli görünüb. Çünki əlbəttə, indiyəcən o, sənədatda öz hüququna dair bircə sətirin də işlədiyinə şahid olmayıb. Əksinə, sənəd onun hüquqlarının ansızın alınmasında daim şərti işarə rolu oynayıb.

 

Azərbaycanlı əbədən hüququn ən az rast gəlindiyi yerlərə sıxışdırılıb. Məişət azərbaycanlının qısnandığı axırıncı həyat guşəsidir. Məişət azərbaycanlı həyatında hədsiz qabarıqdır. Millətdə özünüqoruma effekti ailə miqyasında minimaldır. Azərbaycanlı ölkəsinin beynəlxalq hüquqlarını heç də özününkü saymır; onların pozulmasından ya xəbər tutmur, ya xəbər tutursa da, bu onun halına təfavüt etmir. Əksinə, o, ölkəsinin beynəlxalq hüquqlarının pozulmasından, olur ki, mazoxistcəsinə nəşə duyur; bəzən hətta bunu özünə sayğı bilir. Bir vaxt Seyid Əzimin də sezdiyi və xan "rədd ol" deyərkən sevinən dehqan xaraxteri bizdən əskilməyib.

 

Onu da deməliyəm ki, Azərbaycan xalqının hüquqsuzluğu dünyəvi qəddarlığın nəticəsi kimi qiymətləndirilməlidir. Mən bildirirəm, dünyada hümanizm qədər boş söz yoxdur. Mədəniyyət deyilən şey bəşəriyyəti barbarlıqdan uzaqlaşdıra bilməyib. Əksinə, mədəniyyət özü daim hərb timsalında "yüksək" barbarlıq nümunəsi kimi ortaya çıxır və tərslikdən mütəmadi Azərbaycana tuşlanır. Əfsus, azərbaycanlımın mədəniyyətlə təması ən çox sümükləri əcnəbi hərb maşınları altında xıncımlananda baş tutur. İndiyəcən dünyanın ən böyük qəddarlıqları ən mədəni xalqların əlindən çıxıb. Odur ki, hüquqsuz xalqlarda bəşər mədəniyyətinə biganəlik üstün xüsusiyyətdir. Bu biganəlik mədəniyyətə adekvat reaksiyadır. Azərbaycan xalqı artıq dünya mədəniyyətindən yaxşı heç nə gözləmir də. Azərbaycan xalqı hərdən dünya mədəniyyətinə xor baxmaqda haqlıdır. Bir vaxt quldarlığı və müstəmləkəçiliyi törətmiş mədəniyyətin xisləti dünyaya çoxdan bəllidir. Mən deyirəm, bütün bəlalar mədəniyyətin insanlar tərəfindən mütləq xeyir kimi qəbulundan başlanır.

 

Azərbaycanda hüquqsuzluq Ümumqafqaz kontekstində daha asan öyrənilə bilərdi. Qafqazda hüquqsuzluq bəşər alnına şiş dağlar arasında yazılmış və islamla təsbit olunmuşdur. İslam sayəsində Qafqazda hüququn maneə nişanları hədsiz çoxalmışdır. Hüquq axtarışında dinc yol görmədiyindən qafqazlı hələ də onun qan davaları və tayfa düşmənçiliyi kimi anlaşılmaz-təbii yollarına üstünlük verir. Azərbaycandakı sifarişli məhkəmələrdənsə sanki bu yol daha etibarlıdır. Azərbaycanda məhkəmə formal bir proseduradır. Azərbaycanda məhkəmə, iştirakçıları çoxdan bəlli, tragikomik bir oyun növüdür.

 

Azərbaycanda məhkəmə hətta boşanmanın həllində də sərbəst deyil.

 

Hüquqlarını qoruyarkən azərbaycanlı gec-tez mistikaya yuvarlanmalı olur. Azərbaycanlı hüquqlarının qorunması işini Azərbaycana nifrətlə bitirir. Azərbaycanda dustaq idealları ölmüş bir varlıqdır. Azərbaycanlı dustağın iç dünyası nekroloji effektlidir; o, ölmüş ideallarını sonrada nekroloji situasiyalarla tənzimləməyə can atır. İntiqam onun həyat devizinə çevrilir; insan dünya ilə tarazlığa yalnız bu yolla çatır. Həminki olmasa da, rastına düşən hər bir kəs intiqam obyekti ola bilər.

Azərbaycanda qazı təfəkkürlü hakimlərlə ədalətə çatmaq mümkün olan iş deyil. Onlarda mənəvi orientirlərin yoxluğu hüquqa ümidləri heçə endirir. "Hüquq sahəsi"nə azərbaycanlı adətən qeyri-əxlaqi məramla gəlir. Mənə həmişə azacıq görünmüş hüquqi biliklərimiz Azərbaycanda insanın hüququnu yox, hüquqsuzluğunu artırmağa yönəlir. Bu səbəbdən insan Azərbaycanda hüquq, həmçinin ona dair proseduralardan, yaxşısı budur, üz döndərməyi üstün tutur. Bugün insanları hüquqdan imtina edən Azərbaycanda hətta quldarlıq üçün zəmin mövcuddur. Bir gün qul alveri üçün tender elan edilərsə, buna heç kəs təəccüblənməz.

 

Azərbaycanda hüquq heç vaxt mədəniyyət dairəsində və onun elementi kimi başa düşülməyib. Bizdə mədəniyyət zaman-zaman çalıb-oynamaq kimi anlaşılıb. Düşmən azərbaycanlının çalıb-oxumaqlığına həmişə ürəkdən alqış deyib. Daim münaqişə obyekti olmuş Qarabağda bu daha bariz görsənib. Yağı çal-çağır sevən qarabağlını batində bambılı sayıbsa da, zahirdə onu həmişə təqdir edib. Mən deyərdim, Qarabağ musiqi mədəniyyəti hərbi məğmunluğumuzun vacib göstəricilərindəndir. Ümumiyyətlə, Azərbaycanda musiqi mədəniyyəti əksərən hərbi qələbələrdən yayındırıcı effektdə olub. Azərbaycanda mədəniyyət həmişə zənginlərin əyləncə vasitəsi kimi nəzərdə tutulub və elə onlar tərəfindən mənimsənilib də. Hətta ağlayıb-sıtqayan klassik ədəbiyyat da yüzillər boyu əslində əyləncə rolu oynayıb, toxqarına oxunub. Üstəlik, klassiklərimizdəki ağlar ruh Azərbaycanda tarixlər  boyu mövcud olmuş insan hüquqsuzluqlarından xəbər verir.

 

Ancaq Azərbaycanda ləyaqətli insanlar çoxaldıqca yəqin hüquqa ehtiyac da artacaq. Hüquq dominantı haçansa Azərbaycanda uca bir xalq varlığının sübutuna çevriləcəkdir. Əlbəttə, bu, gələcəkdə olacaq – gələcəyə də ta nə qaldı...

 

Avrasiya, 02/07/1998

Digər xəbərlər

Rasət Pirisoyu : "Yazıçı hərəkatının ilk şəhidi"

Heç kəsi öldürmək istəməyən

Divanə

ÜÇ DA­­YI­­QI­­ZI

Kiçik ailə xronikası: Xanhüseyn, Güllü, Sədəf, Əlihüseyn

Şərhlər