Millətimiz. Əxlaqımız

Tarix: 02-04-2018 17:01
Baxış sayı: 14

 

/Axırı Şərqlə bitən yazı/

 

 

Biz bir millət olaraq harmonik yaşamağı bacarmırıq. Bizdə olsa-olsa diktaturalar harmoniya görüntüsü yaradır. İmkan düşən kimi xaos yolunu bərk tuturuq. Həmişə instinktlərimizin diktəsinə gedirik. Dünya düzənində yazıq millət sayılsaq da, 90-ın 20 Yanvarı ərəfəsində nə hoqqalardan çıxmadıq! “Yazıq”lığımız da, qəddarlığımız da mədəniyyətdən uzaqlığımızı tam sübut etdi. Dinimiz-ədəbiyyatımız içimizdə işləmir. Əfsus, “mədəniyyət” bizə yalnız riyakarlıqlar üçün lazım olur.

 

Türmələrdə canilər də mədəniyyət görüntüsü sayılası gözəl təsbehlər düzəldə bilir. Lakin gözəl təsbeh heç də cinayətlərə bəraət qazandırmır.

 

Həri, əslində biz milli komplekslər labirintində çıxılmaz və biçarəyik. Hər hansı müharibə başlayan kimi özümüzü itiririk. Bizdə qələbələrə inam çox azdır, ya heç yoxdur. Müharibə gumbultuları eşidiləndə, uca millət dərhal dovşan sürüsünə çevrilir.

 

Biz yalnız məişətdə uğur qazana bilirik. Əlbəttə, bir az Rusyəti-zadı fırlanırsan, artıq tikəcəyin ev – nəzəri cəhətcə hazırdır. Azərbaycanlı ancaq arvad alıb qələbə eyforiyası keçirə bilər. Bir vaxt qız götürüb qaçmaqla kişilik illüziyasına qapılardıq. İndi 70 kq-lıq sümüklü qəşəng bir qız, 5 kiloqram sümüksüz mal ətindən ucuz olub.

 

Azərbaycanda qız götürüb qaçmaq cinayəti yoxa çıxıb.

 

Azərbaycanlı yalnız sülh dövründə məğrur görünür. “Kişidi bu!” – torpaqları əldən getmiş atəşkəs azərbaycanlılarına baxanda, bu cür düşünməli olursan. Qardaşlar, sülh dövrünün dəyərləri saxta və müvəqqətidir. Biz  xroniki sülh dövrlərində cılızlaşdıq. “Qiryət” və namusu frazeologizm səviyyəsinə endirdik. Yalnız müharibələr bizi sülhdən qurtara bilər. Ancaq bəlkə bunlar heç.

 

Qardaşlar, əxlaq – güclü olmaqdadır. Zəifin namusu heç bir əhəmiyyət kəsb etməz. Namus – qorunma komponentini də nəzərdə tutur. Milli əxlaqımız arxaik elementlərlə süslüdür. Əxlaqsızlığa bax ki, əxlaqı təkcə xanımların döş-başı ətrafında cəm eləmişik. Vətən torpaqlarını əxlaq dairəsindən çıxarmışıq. Arvadlarına güldüyümüz hər hansı Avropa ölkəsində quş quşluğu ilə sərhədi poza bilməz. Gəlin boynumuza alaq: biz milli müqavimətsizik. Milli taqətsizlikdir faciəmiz. Bayaq dedim, bir milyon insanımız yer-yurdundan – Göyçədən-Qarabağdan dovşan sürüsü kimi Bakı səmtinə qaçdı. Bir milyon – hər hansı böyük bir xalq ola bilərdi, çifayda, dovşan oldu. Qulağımızın dibindəki çeçenlər sayca hələ heç vaxt bir milyona çatmayıb.

 

Qaçqınlarımız torpağı qoyub qaçmaqda cani sayılmalıdırlar. Qaçqınlıq cinayətlər sırasına salınsın!

 

Azərbaycanın boynundan bir milyon tüfeyli asılıb.

 

Qəhrəmanlarımız rahat mifoloji mətnlərdən real həyata burunlarını da çıxarmadılar. Ümumiyyətcə reallığımız mifolojimizə adekvat deyil. Qarabağ gedəndə, Koroğlu qırx qazan plov aşırıb, fıs vurub yatmışdı. Di gəl idarələrdə - küçələrdə rastlaşdığımız pota-pota adamlarımızın hər biri eşşək boyda bir Koroğludur. Açığı, mən artıq ermənidən qaçmış bu cəmdəkləri görəndə, çimçəşirəm. Baş yoxdu-yoxdu, barı canda qıvrılan gücü işə salaydılar. Bizim üzümüzü SSRİ ağ eləyirmiş. SSRİ-dən sonra millətimizin məğmunluğu aləmə faş oldu. Onun içində yaşıl həyat izi yox imiş. Biz özünə sərbəst çörək tapa bilməyən biabırçı insanlarıq.

 

Həri, Qarabağ gələcəkdə ancaq güclünün olacaq. Əsl ədalət də bundadır. Nəhayət bunu bilməyə borcluyuq ki, çağdaş dünyada əxlaq gücün təqdimatı ilə formalaşır. Gücsüz – ayağa dolaşır; onun əxlaqı hamıya mane olur. Yeri gəlmişkən, İslam da, Şərq də bizi natamamlıq kompleksinə düçar edib. İslam bizi VII əsrin bədəvi ərəblərinə bənzədir. Həyatımıza hədislərlə bəzəyirik. Bu nağıllar vaxt aparır, milləti geri atır. Şərq qatı ədalətsizliklərdən qurtulmaq naminə peyğəmbərlərə ehtiyac duyub. Şərqdə dinlər vəhşilikləri ram etmək məqsədi güdüb. Şərqdə dinlər mədəniyyət əlaməti yox, insanların qəddarlıqlardan qurtulmaq cəhdidir. Dünyanın ən ədalətsiz yeri həmişə Şərq olub.

 

Belə-belə işlər,

Qırılsın keşişlər.

Məni eşidər

Qəlbi genişlər.

 

Politika – Problem

№ 10 (27)  08-14 mart 2003-cü il

Digər xəbərlər

Rafiq Tağının Anara cavabı: "Rəsul Rza Anarın Axilles dabanıdır..."

Rövşən Yerfi: "Ölümü ilə ölümsüzlüyə qovuşdu"

Rafiq Tağı mükafatının qalibləri bəlli oldu

Qardaşı İlqar Tağının Rafiq haqqında müsahibəsi

Rafiq Tağı: “Müharibələr xalqların qarşılıqlı nifrətiylə yox, sadəcə, bir-biri üzərində qələbələrlə bitməlidir”

Şərhlər