Qəribə adamdır bu Rafiq Tağı

Tarix: 22-07-2017 16:35
Baxış sayı: 2210

Görkəmli yazıçı, gözəl hekayə ustası Rafiq Tağı mənim ömrümün ən gözəl dövrü olan gəncliyimin və gəncliyimin ən şirin çağları olan tələbəlik illərinin xatirə toruna düşmüş bir qızıl balıqdır. Tələbəlik illərindən əlavə mən Rafiqlə o vaxtlar çox dəbdə olan və şairlərin, nasirlərin, elə Rafiq Tağının özünün də çıxdığı ədəbi dərnəklərdə qızğın şer müzakirə və mübahisənin ən qaynar yerində olardıq. Sonralar tale elə gətirdi ki, həyat sərnişin qatarı kimi bizi müxtəlif vağzallara səpələdi. Mən əvvəlcə Tibb Universitetinin hospital pediatriya kafedrasında ikiillik kliniki ordinaturanı qurtardım. Sonra taleyin gərdişi ucbatından tərpətdikcə səni öz kamına çəkən torf bataqlığına bənzəyən rayon mühitinə düşdüm. Nə isə... bunlar sonranın söhbətidir...

Tale Rafiqi əvvəlcə Sabirabadın tozlu Yolçubəyli kəndinə, sonra Masallıya, daha sonra isə indi bir çoxlarının çörək dalınca getdikləri Rusiyanın qarlı-şaxtalı çöllərinə göndərdi. Rafiq Tağı Moskvada da çox müvəffəqiyyətlə son dərəcə gözəl hekayələrini yazırdı və çap da olunurdu. Onun bir çox hekayələrini o vaxtlar mən Moskvanın müxtəlif ədəbi jurnallarında oxumuşdum. Mən Rafiq Tağının hekayələrini şer kimi oxuyuram. Bu da təbiidir. Çünki o, ədəbiyyata şerlə gəlib, sonra nəsrə keçib və Rafiqin nəsri indi də öz postikliyini saxlayıb. İndi Azərbaycanda , keçid dövrü deyilən bu boz dövrdə söz, fikir, ilahi vergi olan “şer” nə qədər hörmətdən düşsə də, yəni az oxunsa və heç oxunmasa da, yenə öncə sözdür, yenə söz qalacaqdır... Və Rafiq Tağı da söz sahiblərindən biridir.

Mən Rafiq Tağı haqqında söz demək istəmirəm və əgər demək istəsəm - yəqin ki, ömür vəfa etsə deyəcəyəm,  onun təkcə “Vahif Əsədovun ölümü” hekayəsi bəs edərdi ki, bu maraqlı yazısı barəsində ən işıqlı fikirlər, ən gözəl sözlər söyləyim. Ancaq bu kiçik yazıda ona başqa aspektdən baxmağa çalışacağam... Rafiq Tağı eşitdiyini öz qurumuş cübbəsində saxlayan deyil. Bir də görürsən ki, hamının bildiyi və astadan ehtiyatla bir-birinə pıçıldadığı sözü Rafiq ucadan dedi. Bəlkə də bu belə deyilməli deyil. O dəqiqə aləm qarışır, mərəkə qopur, hər yanı vızıltılar bürüyür, arılar uçuşur. Bu arılardan bəziləri Rafiqi elə sancır ki, yeri uzun müddət göynəyir. Sonradan məlum olur ki, vay-dədə, bu elə-belə arı deyilmiş... Sonra özün-özünə deyirsən, ay Rafiq Tağı, sənin nəyinə lazımdır, arı pətəyinə çöp uzadırsan?.. Bir də fikirləşirsən ki, onda bu sözü kim deməlidir? Rafiq eşitdiyini bəlkə ona görə çinədanına saxlamır ki, həm də həkimdir? Axı, o bilir ki, infarktın bir səbəbi də cavabı deyilməyən reaksiyalardır. Sözün cavabını vermədin, ürəyinə qalıb infarktı əmələ gətirən səbəblərdən biri olacaqdır.

-          Onsuz da indi səssiz infarktlar dövrüdür... Bu səbəbdən Rafiq Tağı azad fikrin carçısına, açıq sözün simvoluna çevrilib.

Hətta tam həqiqət olan, lakin indiki zaman üçün də hələlik qorxulu sayılan fikirləri o, yazmaqdan və deməkdən çəkinmir.  Bu səbəbdən onun bir ləqəbi də dostlar arasında Karinadzedir... Bəzən Rafiq Tağı haqqında elələri yazı dərc etdirir ki, onun yaradıcılığından demək olar ki, xəbərləri yoxdur. Məsələn “Vahid Əsədovun ölümü”nü, ümumiyyətlə, son dərəcə gözəl hekayələrini oxumayıblar. Yazı xətrinə, yazırlar.

Əzizlərim! Rafiq Tağını oxuyun, özü də diqqətlə oxuyun. O, XX əsrin sonu, XXI əsrin əvvəli üçün ən maraqlı, ən oxunaqlı, ən məhsuldar yazıçıdır.

İndi fikirləşirəm, sakitlikdir. Birdən görəcəksən ki, Rafiq Tağı yenə də nəsə ucadan dedi, yenə aləm bir-birinə dəydi. Hərdən ətaləti qovmaq da yaxşı şeydir.  Qeyd etdiyim kimi Rafiq eşitdiyini qurumuş cübbəsində saxlamır. Lakin onun qurumuş cübbəsində “həyat işığı daim yaşıldır”.

 

Tofiq Xəlil

09.01.2003

Digər xəbərlər

Rövşən Yerfi: "Ölümü ilə ölümsüzlüyə qovuşdu"

Kənddə qar

Sima Ənnağı . Psixoloji təhlil : Rafiq Tağının “Kaspar evi”

Sürreallıqlarımız

“Qara rəng mütləq həqiqət deyil”

Şərhlər