Tarix: 22-07-2017 16:34
Baxış sayı: 1845
Siyasət və Ədəbiyyat
Bu yazı bəzi məqamlarına görə mübahisəli görünə bilər. Təbii, “Siyasət və Ədəbiyyat” polemika mövzusu kimi maraqlı, mübahisəli, təzadlı fikirlər doğurub, yəqin həmişə də doğuracaq.
Elə hesab edirik siyasət və sənət adamlarımız bu polemikada iştirak edəcəklər.
Bəri başdan onlara öz təşəkkürümüzü bildiririk.
Siyasət yalnız insan toplumları üçün səciyyəvidir və onun inkarı namümkündür. Hər bir siyasətdə toplumun həyatını tənzimləmə məramı olur. Lakin onda ədəbiyyatı idarəetmə ehtirası gülüncdür. Ədəbiyyatla yüksələn siyasət, həmçinin siyasətə dayaqlanan ədəbiyyat abortiv sayılmalıdır. Siyasət ayrılıqda nə qədər pak görünsə də, ədəbiyyat ölçüsündə bu paklıqdan bir iz qalmır. Ədəbiyyat siyasətdəki naqislikləri faş etmə xüsusiyyətinə malikdir. Ədəbiyyat siyasətin Axilles dabanıdır. Ancaq siyasət heç cür ədəbiyyatsız ötüşmür, onsuz özünü natamam sanır. Hərçənd siyasət ədəbiyyatda əks oluna bilərsə də, onun ədəbiyyata təcavüzü bağışlanmazdır. Onu deyim ki, siyasət böyük ədəbiyyatlara heç vaxt sirayət edə bilməyib. Siyasətin sirayət etdiyi həmişə zəif ədəbiyyatlar olub. Hətta bu keyfiyyət ədəbiyyat meyarı sayıla bilər. Böyük talant sahibləri V.Mayakovski və A.Fadeyev heç də böyük ədəbiyyat yaratmamışdılar. Onların talantı harmoniyadan məhrumdu, sosrealizm damğalıydı, ümumbəşəri ağrılara həssas deyildi. Bu tipli ədəbiyyatlar, kommunist, ya faşist olsun - istənilən dominant ideologiyayaqul ola bilərdi. Leqal Sovet ədəbiyyatı büsbütün siyasətlə süslənmişdi və sanki kölələrin ədəbiyyatı idi. Onda hətta lirika da siyasət çalarlı olurdu. Siyasətə üz göstərməyən ədəbiyyatları “böyük” adlandırmağa hamımız borcluyuq. Əsilliyi totalitar dövlətin siyasətinə “pro” yox, kontr-reaksiya verən ədəbiyyatda tapasan. Bəşəriyyət II Dünya müharibəsindən sonra faşist yox, anti-faşist ədəbiyyatını tanıdı. Siyasətlə Siam əkizi olan ədəbiyyat ölümə məhkumdur. M.Qorkinin “Klim Samkinin həyatı”, M.Şoloxovun “Sakit Don” əsərləri əslində anti-totalitar əsərlər idi. Sadəcə Sovet dövləti insanların fikrini yayındırmaqla bu ölməz əsərlərdən faydalanmaq istəmişdi. Hərçənd onlar da bütün Sovet quruluşu boyu öz işlərini görmüş, cəmiyyətdə adekvat reaksiya doğura bilmişdilər: dolayı olsa da, diktaturanın dağılmasında onların da rolu şəksizdir.
Ədəbiyyat siyasətlə öldürülür, siyasət ədəbiyyatla ucaldılır. Siyasətdə ölüm, ədəbiyyatda həyat əlamətləri güclüdür. Siyasət xaosa, ədəbiyyat harmoniyaya səbəb olur. Bəşəri dəyərlər hər cür dövlət siyasətindən əvvəl yaranıb və siyasət çərçivəsinə sığmır. Ədəbiyyat bəşəri dəyərlərin meydanı, siyasət tək-tək dəyərlərin oyun səhnəsidir. Bu mənada ədəbiyyat siyasətdən qədimdir. Ədəbiyyat əbədi və tarixi, siyasət müvəqqəti və ötəridir. Dövlət bəşəri dəyərlərdən yalnız özünə sərfəliləri götürür, sərfəli olmayanları əzazilliklə tapdayır. Dövlət insandakı patriotizm duyğusunu hər vəchlə oyadır, bununla da onu başqa məqamda cinayət sayacağı ölüm işinə təhrik edir. Sovet dövləti çeçeni xoxola, talışı çukçakaya rəsmi qardaş elan eləmişdisə də, insanı öz doğma qardaşından bilmərrə ayırmışdı. Qardaş qardaşa elementar köməkdən məhrumdu. Kosmopolit Puşkin göylərə qaldırılırdısa, millətçi şairlər QULAQlarda çürüdülürdülər. Ədəbiyyat partiyalı olmağa məhkumdur. Lev Trotski Oktyabr çevrilişindən cəmi 3-4 il keçməmiş yeni sosialist “neoklassika”sının yaranmasını sevinclə bildirir və onu “NƏP” kimi “inqlabın balası” sayırdı. Hətta Marietta Şaginyanı xristianlıqda günahlandırdığı F.Dostoyevskiyə qarşı qoyur, onun bir “vaqon”dan düşüb başqa “vaqon”a minməsini alqışlayırdı . 60-cı illər ədəbiyyatı Sovet dövlətinin dünyanı aldatması aktı idi. Dünya bu ədəbiyyatı oxudusa da, ona inanmadı. 60-cıların göbək çiyəsi marksizm-leninizmdən qopmamışdı. Sovet dövlətində 60-cı illər yox, “sandıq” ədəbiyyatları həqiqətlə yüklü idi. Əlbəttə, DTK həndəvərində əsl ədəbiyyat görünə bilməzdi və görünmürdü də. Xalq əsl ədəbiyyatları bayaq dediyimiz “antiradiasion” “beton sandıq”larda qoruyurdu. Əsl ədəbiyyat bütün zamanlar üçün, qondarma ədəbiyyat isə yalnız öz dövrü üçündür. Bizdə “Sovet ədəbiyyatı”nın ruhu hələ xeyli yaşayacaq. Sinifli ədəbiyyat ölməyinə ölür, amma siyasətdən gec ölür. Ancaq “sovet dəyərləri” artıq gülüş doğurur və postmodern ədəbiyyatın obrazlarına çevrilməkdədir. Lenin mifi dağıldıqdan sonra ortada qalan şeytan oldu. Bəşəriyyət üçün miflər yox, onların içindəki ilkin həqiqətlər vacibdir. Bəşəriyyət primitiv mifləşdirmə qabiliyyətilə özünü düz yoldan sapdırır. Ədəbiyyat heç vaxt mifləri nəzərə almamalı, onların vasitəsilə yaranmalıdır. Miflərlə zəngin ədəbiyyatda yalan güclü olur. Qədim yunan mifologiyası Avropa mədəniyyətini məğmun günə qoyub, ona “ikincili” keyfiyyəti verib. Ədəbiyyat miflərsiz yaranarsa, daha qüdrətli olar. Ağıllı bir insan sağlığında mifləşdiriləndə, özü öz surətinə təəccüblənir, hətta öz mifoloji obrazından imtina edir. Lev Tolstoyda mifologiya minimum həddində olduğundan, onda həqiqətlər daha çılpaq, daha sərrastdır. Biz heç də həqiqətin qara qaşına, qara gözünə aşiq deyilik; əslində həqiqət orientir üçün arzulanır. Okeanda gəmilər mifoloji yox, real orientirlərlə irəliləyir.
Azərbaycandakı siyasət ədəbiyyatda yalnız satirik təcəssümə layiqdir. Xalqdan kənarda quraşdırılan siyasət şar kimi havadan asılı qalacaq. Yaxud bizdə dövlət xalqdan yüksəkdə “uçan boşbaq” təəsüratı oyadır. Ona itaət göstərən ədəbiyyatda, görünür, ləyaqət hissi yoxdur.
Siyasətdən uzaq gələcəklərə quru sənədlər, ədəbiyyatdansa canlı həyat qalır. Hər bir halda həyat sənəddən üstündür. Biz keçmişdən şahları yox, şairləri oxuyuruq. Hər hansı siyasət bircə fərmanla ləğv oluna bilər. Ədəbiyyatsa əzəli və əbədidir. Ədəbiyyat siyasətin ən vacib elementlərini əbədiyyət boyu daşımağa qadirdir. Gələcək nəsillər keçmişlərin siyasətini ədəbiyyatlarla araşdıra bilər.
F.Dostoyevski siyasətdə xristianlıq elementləri arzulayırdı. Bizlərin də istəyi böyük ədəbiyyatlardakı bəşəri ideyalardan dövlətimizin siyasətində, yoxa lənət, barı azacıq görməkdir. Azad insanlar həmin ideyaları “islami” adlandırmaq ixtiyarındadır.
26-28 noyabr, 1996