Günəşlə gəzintidə

Tarix: 22-07-2017 16:31
Baxış sayı: 213

Günəşlə gəzintidə

Qarşımda uzanır mavi üfüqlər,

Torpaq səma ilə öpüşür sanki.

Sanıram zəmilər bağlayır kəmər –

Yollar üfüqlərlə görüşür sanki.

 

Gəzməyə çıxmışam Günəşlə bu gün,

O, göydən ayrılmaz, mən isə yerdən...

Duyğumu ovlayıb çöllər büsbütün,

Gözəllik önündə lal olmuşam mən.

 

Kəhrəba zəmilər sanki bir Xəzər...

Şəfəqlər parlayır orda zər kimi.

Başını aşağı büküb sünbüllər

Həyalı, utancaq gəlinlər kmi.

 

Qocaman taxılçı qalxır ayağa

Ürək buludlara dikir gözünü.

Sərnici, heybəni qoyub qırağa,

Qızılı dənizə vurur özünü.

 

Ömrünün çoxunu burada itirib –

Əməksiz günləri qatmır yaşına,

Səhəngdə bir parça bulaq gətirib,

Necə də həvəslə çəkir başına.

 

Torpağa baş qoyub yatır zəmilər,

Elə bil tarlalar ütülənibdir.

Əməkdən yorulmaz onun kimilər,

Əlləri zəhmətdə itilənibdir.

 

Zülməti silərək kipriklərindən,

Çox zaman çöllərdə açıb səhəri.

Onun zəhmətini duyub dərindən,

Torpaq da borcunu qaytarır geri

 

11 yanvar, 1969-cu il

Rafiq Tağıyev, Tibb institutunun III kurs tələbəsi

Digər xəbərlər

Tehran Əlişanoğlu: "Rafiq Tağının büt qırmaq sevdası gözündə qaldı"

Rafiq Tağı - Sabirə müharibə elan etdi

54 ziyalı Rafiq Tağı ilə bağlı beynəlxalq təşkilatlara müraciət etdi

Rafiq Tağı ilə bağlı Avropa Məhkəməsinə şikayət hazırlanır

Qardaşımın sevgiləri

Şərhlər