Tarix: 29-06-2017 10:43
Baxış sayı: 2523
Zakir Sadatlıya
Çoxdandı belə ağlamamışdım, bəlkə ona görədir ki, ağrılarım iti bir ülgüc kimi hər an canımı kəsir, həyat kompasını itirmiş adamlar kimi öz içimdə fırlanıram. Ağladım, iti ülgüc korşaldı, çox şeylər mənə daha aydın görünməyə başladı.
Bu o zaman idi ki, 5 iyun 2013-ci il tarixdə Park lnn oteldə Milli Kitab Mükafatının təqdimetmə mərasimi idi, geniş ekranda nümayiş olunan qısa bir filmdə Rafiq Tağı, Zakir Sadatlı, Zərdüşt Şəfizadə bizə baxırdı və Rafiq Tağı reanimasiya otağında barmaqlarını qatlayaraq ona neçə bıçaq zərbəsi vurulduğunu deyirdi. Zərdüşt Şəfizadə barmaqları arasında “Kent” siqaret qutusunu fırlayır və gözlərinin altı ilə həyata baxırdı. Zakir Sadatlı az qala ekrandan düz yanımıza düşəcəkdi. Ötən tədbirlərdə onlar bizimlə bir sırada oturmuşdular. İndi narahat oturduğumuz yerlərdən daha yuxarılarda arxayın dayanıblar... İndi onlar üçün AYB-dən istefa verib-verməməyin və buna görə internet səhifələrinin bir günlük qəhrəmanı olmağın heç bir mənası yoxdur. Bircə şey var, əbədi dünyada ruhun xoşbəxtliyi...
Vaxt vardı, belə tədbirlərin birində Rafiq Tağını mükafata layiq bilmədilər, o nə küsdü, nə incidi, sadəcə adəti üzrə gülümsündü. Rafiq Tağı bizə əl eləyib getdi. İndi bu günkü mərasim onun çöhrəsi ilə açılır, zal içini çəkir, mən də yarı əl çalır, yarı gülür, yarı da ağlayıram. Yanımda oturan Aydın Xan və Nuranə Nur məni sakitləşdirir.
Sağ olsun Nigar Köçərlini, lentdə də olsa ayrı düşənləri bizə göstərdi, yada saldı və ondan sonra mən bildim harada səhv və ya düz eləmişəm və burda niyə oturmuşam və niyə çıxıb getmirəm gələcəyimi hönkür-hönkür ağlamağa?
Zakir Sadatlı müsabiqəyə əsər təqdim edəndə sağ idi, indi qalibdir, özü yox. Əsəri birinci yerə layiq görülüb, məbləğ 3 min manat. Mükafatı qızı alır və sonda bir-iki kəlmə atası haqqında danışır.
Yadıma Əli Kərimin aşağıdakı iki misrası düşür:
Sən mənim qədrimi biləsən deyə,
Bu cavan yaşımda ölümmü indi.
Görəsən, Zakir Sadatlı sağ olsaydı, ona birinci yeri verərdilərmi? Əgər versəydilər, o vaxt Rafiq Tağıya verərdilər. Sağ idi Rafiq Tağı...
Zakir Sadatlının qızı danışır... Gözlərdə işıldayan yaşlar görürəm.
Bəlkə Rafiq Tağı gələn il bu mükafatı ala bilər? Çünki həyatda yoxdur, şansı var. Bəs kitabı mükafata kim təqdim eləsin?
Zakir Sadatlının qızı danışır...
Mən həmişə Zakiri nədənsə “İçərişəhər” metrosunun qarşısında görərdim. Həmişə də hava küləkli olar, Zakir də tələsərdi. Elə bilirəm bu səhnə min dəfə təkrar olub, bir an çəkən bu görüşlərin vaxtı həmişə axşam üstü olardı, ömrü də bir günün ömrü qədər...
Zakir Sadatlının qızı danışır...
Mənim üçün dünyada ən ağır şey qız övladının öz atasının xatirəsi haqqında danışmaq və onun adına olan mükafatı almaqdı.
Şairlər, yazıçılar qız övladlarını necə sevirlər, bunu mən yaxşı bilirəm. İtən eynəyin, kitabın və əlyazmanın yerini həmişə qız övladları yaxşı bilir... Qızlar analarına çox yaxın olduğundan ata itkisini iki qat duyurlar və ağlayırlar.
Zakir Sadatlının qızı danışır... Rafiq Tağının qızı qulaq asır.
Həyatı bütün xırdalıqlarına qədər bilirdi Zakir. Əfqanıstan kimi qarışıq bir ölkədə dəhşətli bir müharibə görmüşdü. Həyatın kürəsində bişib gəlmişdi Zakir.
Mən ağlayıram... Vaqif Bayatlı bir şeirində deyirdi:
Çox nahaq deyiblər, kişi ağlamaz,
Kişi də ağlayar, könlü-gözü var.
Lentdəki Rafiq Tağı, Zakir Sadatlı, Zərdüşt Şəfi ilə aramıza düşən məsafənin uzunluğu nəfəsimiz qədərdir. Nəfəsimiz dayansa, bəlkə də çata bilərik onlara.
Bəlkə heç çatmağımız da lazım deyil, onlar dayandıqları yerdə daha gözəldir.
Zakir Sadatlının qızı danışır, əlində mükafatın məbləği 3 min manat. Atasının indi ağrıları kəsib, daha ağrı kəsiciyə ehtiyac yox.
Son cümləsində qızın səsi titrəyir, mən bilirəm nə deyir, ah atamın müalicəsinə çata bilməyən pul... gecikən pul.