“Heydər Əliyev 5 noyabrda demokratiya illüzionisti kimi parlaq bir nömrə göstərdi”

Tarix: 24-01-2017 07:47
Baxış sayı: 459

 

-          Rafiq müəllim, seçkiyə münasibətinizi bilmək istərdik.

 

R.T – 1995-ci il parlament seçkisi ərəfəsində “Azadlıq” qəzetində “Komediya günü” adlı bir yazım çıxmışdı. Mən Azərbaycanda seçki günlərini həmişə komediya günləri saymışam. Düzü, 5 noyabrda Heydər Əliyevdən yaman xoşum gəldi. Müxalifəti barmağına yaxşı doladı. H.Əliyev müxalifət partiyalarını komedik teatrın səhnə rekviziti kimi işlədib tarixin anbarına tulladı. O, demokratiya illüzionisti kimi parlaq bir nömrə göstərdi.

 

-          Belə çıxır, müxalifət seçkiyə getməli deyildi?

 

R.T – Bizim siyasətçilər qəribə məxluqdurlar. Bir-birinə inanmır, ancaq dostluq edirlər. Yaxud dostdurlar, yalandan düşmənçiliyə “qurşanırlar”. Sözü bir yerə qoya bilmirlər. Onsuz, xalq da artıq bu adamlara inanmır. Əcəb də eləyir. Fanatların inamı bu hesabdan deyil; onların inamı bütün hallarda patoloji hadisədir. Bəli, müxalifət seçkiyə getməməli idi. Bir gün bir məclisdə demişdim, indi yenə deyirəm ki, vallah, mən az-çox xarizması olan bütün siyasi liderlərimizdən müdrikəm. Hələ 3-5 ay əvvəldən bu acınacaqlı mənzərəni görür və öncəgörmələrimi partiyalardakı camaatımıza deyirdim. Görünür, bizim siyasətçilər qocalmasalar müdrik ola bilmirlər. Azərbaycanda “ideal seçki” yalnız axşam saat 7-ə kimi mümkündür. Sonra quldurluq başlanır. Heydər Əliyev seçkilər günü yalnız axşamacan demokratdır.

 

-          Niyə, Axı müxalifətdən də seçilən oldu. Məsələn, Vaqif Səmədoğlu, Şirzad Əyyub...

 

R.T – Gəlin, açıq danışaq. Əslində Vaqif Səmədoğlu siyasətdə prinsiplərdən uzaqdır. Elə ona görə də seçildi. Rəhmətlik qardaşı Yusif Səmədoğlu kimo ona da heç vaxt heç nəyin dəxli yoxdur. Bir vaxt onlar iqtidarla müxalifəti öz aralarında ata malı kimi bölmüşdülər. Millətin taleyi belələri üçün meydançadakı top kimi maraqlıdır. Yalnız. Şirzas Əyyub Milli Məclisdə boş kreslo tutanlardandı. Bu rol təzə parlamentdə də gərəklidir. Başqa kimi deyim? Götürək Molla İbrahimxəlil kimyagər kimi Əli Kərimovu Kərimov Əliyə çevirən buzurguvar Mirmahmud Fəttayevi. Düzü, onu belə cılız təsəvvür etməzdim. Onu da ildırım sürətilə yuxarı başa çıxardılar. Yəqin onsuz “demokratiya”nın bir çaları çatışmırdı.

 

-          Əli Kərimovu xatırladınız. Son vaxtlar onun haqqında fikirlər haçalanıb...

 

R.T – Bu məsələdə mən Demonqresə “malades” demədim. Əli Kərimovu tanımaq nə deməkdir? Adama deyərlər, tanıyırsan tanı, tanımırsan tanıma. Mən burada Əli Kərimovu Günəşə-zada bənzətmək fikrindən uzağam. Ancaq “göydə Günəşi danmaq” da kişilikdən deyil. Əli Kərimovu tanımayıb “erməni”yə çevirmək doğru işdimi? Əli bəyin artıq kifayət qədər siyasi təcrübəsi var – heç insafdımı, onun üstündən çalın-çarpaz xətt çəkəsən?

İndi-indi yetişən siyasətçilərimizin başından Heydər Əliyev kimi basmaqla nəyə çata bilərik? Özümüz də gecəli-gündüzlü azadlıqdan, demokratiyadan dəm vururuq. Mən Əli bəyin üstündən xətt çəkənləri absurd teatrın personajlarına bənzətdim.

 

-          Axı, deyirlər, o, Əbülfəz Elçibəy xəttindən uzaqlaşmışdı...

 

R.T – Məndən sizə əmanət, heç vaxt ölü nöqtədə dayanmayın. Bəyəm, Əbülfəz Elçibəydən irəli getməyə artıq yasaq qoyulub? Mən heç iqtidarı da qəvi düşmən saymıram. Ordakılar da Azərbaycan xalqının övladlarıdır. Düzdü, onlar bir az tox və doymuş, qudurmuş övladlardır. Biz onlara demokratik üsullarla qələbə çalmalıyıq, vətəndaş müharibəsi yolu ilə yox. Bizə balta lazım deyil. Mən müxalifətin “sıra nəfəri”yəm. Müxalifət deyəndə - haqq və ədalətin, həqiqətin. Ancaq, məsələn, Nazirlər Kabineti sədrinin müavini Elçin Əfəndiyev gənclik dostumdursa, onunla zəngləşməyə, görüşməyə hansı xər mənə qadağa qoya bilər?

 

-          Biz hər şeydən danışdıq, parçalanmış ADP-dən  başqa...

 

R.T – Mən birləşmə və ayrılmalara sakit baxıram. Dialektik proseslərə ancaq sevinmək lazımdır. Əksliklər tərəqqiyə səbəb olur. Kəmiyyət keyfiyyətə çevrilir. Ancaq onu deyim ki, nə yaxşı, ADP-də İlyas İsmayılovu İsmayılov İlyasa çevirmədilər. Onunla gözəl çay süfrəsi arxasında, gülər üzlə ayrıldılar. Azərbaycanda yeganə sivil ayrılıq nümunəsinin şahidi olduq. İlyas İsmayılov seçkidən əvvəl də gedə bilərdi. Lakin hər şeyi əxlaq çərçivəsinə saldı: seçkiyə mane olmamaq üçün ayrılmanı sonraya saxladı. Mən onun Ədalət Partiyasına yalnız uğurlar diləyə bilərəm.

 

 

-           Siz hansı qanadda qalırsınız?

 

R.T – Partiyalar parçalananda insanlar eybəcər görünür. Mən indilikdə azadlığımı həm də hər hansı siyasi partiyadan uzaqlaşmaqda görürəm. Uca səslənməsin, onsuz mənim haqq-ədalət uğrunda külüng çalmağa imkanlarım çoxdur. İndiyəcən mənim üçün partiya, sadəcə, əlavə bir vasitə idi, onu da inzibati-bürokratik səciyyəli gördüm. Belə işi xoşlamadım...

(Ş.Mətləbqızı)

 

“Azadlıq”, 10.11.2000

Digər xəbərlər

Həyat və Əxlaq

Siyasət və mən

Rafiq Tağının 50 manatı

Azərbaycanda hüquq

Rafiq Tağı ilə Arzu Abdulla söhbətləşdi

Şərhlər