"Yazıçı mətbəxi"ndə Rafiq Tağı ilə Asif Hilaloğlunun söhbəti

Tarix: 31-03-2017 11:41
Baxış sayı: 95

"AVRASİYA QƏZETİ"

 

21.VI.1998

 

   - Siz öz əsərlərinizi necə yazırsınız (hazırlıq dövrü, onun müddəti)?

 

   - Əvvəlcə qəti əmin olduğum bir şeyi deyim ki, hər hansı sənət əsərinin ideyası göylərdən, ancaq və ancaq ilahi kodla ötürülür. Bəşər təfəkkürünün ölçülərindən olan"hazırlıq" anlamına yaxın bir proses əbədi-mistik dünyalarda baş verir. Onun dövrü sonsuzluqcadır. İdeya həmişə qəfil peyda olur. Mən hətta özüm buna təəccüb qalıram. Qapısı taybatay açılmış təzə bir dünya içərisinə şad-xürrəm daxil oluram. ...Hekayəni təxminən 2-3 saata, bir oturuma, sürətlə yazıram. Əlbəttə, ideya bəzən hər hansı dünyəvi səbəbdən yazıla bilmir, qalır sonraya. Bu "sonra" əsasən 1-2 il, bəzən 3-4 il də çəkə bilər. Ancaq ideya içimdə hey fırlanır, məni ruhən, hətta fiziki cəhətcə də tonusda saxlayır. Təzə ideyalar da həmişə əlvan rənglərlə axıb gəlir (bəzən mövzu daşqınına düçar oluram) , yazılır və olur ki, əvvəl yazılmayanlardan bəzisini sıxışdırıb aradan çıxarır da. Mən yazılmayıb qalan mövzuları yaddaş üçün qeyd etsəm, onlar dərhal korşalar, öləziyər. İdeyalar beynimdə sayrışanda, mən onları unutmuram. Yaddaş üçün qeyd hələ yazılmamış hekayənin dəfn yerinə çevrilir.

 

   - Əsasən hansı materialdan istifadə edirsiniz (avtobioqrafik, kitab materialı, müşahidə və qeyd dəftərçəsi)?

 

   - Qeyd dəftərçəm yoxdur. Bayaq dedim: haçansa yazacağım şeyi indidən qeyd etsəm, elə bil tilsim sınır, əsər yazılmır. Göydən enən ideya ilkinində heç bir bölgüyə sığmır, hərçənd sonradan hər hansı reallıqla hökmən uzlaşır. Bu reallığın seçimi mənim yox, ideyanın özü tərəfindən olur və tamamilə təsadüfidir. Avtobioqrafik, ya kitab materialı haçansa bir detal kimi gərəkli ola bilərsə də, heç vaxt əsərin məğzinə çevrilməz. Kim deyə bilər ki, qədim Misir ehramlarının məğzi onların kərpiclərindədir.

 

   - Canlı adamlardan prototip kimi çoxmu istifadə edirsiniz?

 

   - Canlı adamlar ancaq 10-15 il keçəndən sona prototipə çevrilirlər. Özü də onlar bu müddətdə görməsəm, ya uzun fasilələrlə görsəm. Tez-tez gördüyüm adamlar prototipə çevrilmirlər. Məndə prototip ədəbi obraza həm bənzəyir, həm də yox. Prototip heç vaxt ədəbi obraz kimi danışmırsa da, onda özünü görüb-tanıyır. Mən sanki kollaj üsulu ilə daim təzə insan yaradır və ona can üfürüb həyata ötürürəm. Prototip çox vaxt ədəbi obrazına etiraz edir. Mən Moskvada yaşayarkən "Ədəbiyyat və incəsənət" qəzetində "Coğrafiya şairi" adlı hekayəm çıxmışdı. Bir qədər sonra Masallıda iki ailə kənddəki evimizə hücum çəkibmiş. Prototiplər uzaqdan-uzağa məni də hədələyiblər.

 

   Bəzən də ədəbi obraz prototipsiz, bir növ heç nədən yaranıb və xub, ona da can üfürüb həyata ötürürəm. Hər halda, mən hekayələrimlə Yer üzündəki insanları xeyli çoxaltmışam, xüsusən də azərbaycanlıları.

  

- İşə başlamaq üçün ilk impuls (sifariş, eşitdikləriniz, gördükləriniz)?

   - Sifariş mənim üçün antiimpulsdur. Bir şey bəlkə özlüyündə yazıla biləcəkdisə də, sifariş olunan kimi hər şey ölüb gedir. Əlbəttə, eşitdiyim, gördüyüm və həm də oxuduqlarım impuls rolu oynaya bilir. Ancaq onlar adətən hər gün hamının haqqında danışdığı, ya qəzetlərdə  yazdığı böyük hadisələr yox, başqalarının əhəmiyyət vermədiyi, ya heç sezmədiyi cüzi, ötəri hallardan ibarətdir. Məsələn, "Vahid Əsədovun ölümü" adlı hekayəm üçün impuls qəzetdə rəhmətlik Vidadi Məmmədovun çay içdiyim yerdə qəfil gördüyüm nekroloqu olmuşdu.

 

   - Nə vaxt işləyirsiniz (səhər, axşam, gecə)? sutkada maksimum neçə saat?

 

   - Hər şey vaxt imkanından, özümü Axundov kitabxanasına tez, ya gec sala bilməyimdən asılıdır. Oraya qədəm basdımsa, vaxt büsbütün mənim olur. Kənarda həyat mənim ömrümün ritmini zorla özünə uyğunlaşdırır. Mən qəhərdən boğula-boğula həmişə öz ritmimi axtarıram. Bu dünya sanki mənimlə düşmənçilik edir. Mən dünya diktaturası altındayam. Sübh çağı, ya axşamüstü - şər qovuşanda, üstəlik də, hər iki halda tək oluramsa, yaxşı yaza bilirəm. Mən əsasən, gecəni yatmağa çalışıram. Ancaq yatmıramsa, məndə ideyalar qaynaşmağa başlayır, di gəl ondan sonra iki-üç gün özümə gəlmir, somsanmbul kimi gəzirəm. Heç vaxt da yazmağı planlaşdırmıram. Məndə hər şey təsadüfən alınır. Əlbəttə, bu təsadüfilik daim daxili formada olma zərurətindən doğur. İmkan versələr, sutkada 10-12 saat da işləmək həvəsindəyəm, lakin həmişə zamandan güc-bəla cəmi 5-6 saat qopara bilirəm.

 

  - Ayda təxminən neçə çap vərəqi həcmində yaza bilirsiniz?

 

   - Ayda bəlkə də 2-3 çap vərəqi həcmində yazılır. Lakin onları sonradan çox işləməli oluram və həmişə hələlik ortaya yazdıqlarımın az bir qismi çıxır. Hazırda mənim 500-600 artıq yazılmış, ancaq üstündə işləniləsi hekayəm var.

 

   - Yazı texnikası (karandaş, mürəkkəb, makina)? Yazı zamanı şəkil çəkirsinizmi?

 

   - Yazı zamanı şəkil çəkmirəm. Mən yalnız uşaqlıqda "yaxşı rəssam" olmuşam. Karandaşla yazmıram, karandaşla yazdığım şeyin pozulub-itəcəyindən qorxuram. Karandaş əlyazması uzunömürlü olmur. Bir vaxt mürəkkəblə yazmağı xoşlayardım. İndi mürəkkəb qələmlərini görəndə, nədənsə, ömrümün Sovet dönəmlərini xatırlayıram. Ömründə makinam olmayıb. Makina pulunun üstü heç vaxt düzəlməyib. Bir iş var ki, makina alsaydım da, onda bir sətir belə yazmayacaqdım. Makina taqqıltısı, texniki proses mənim nəzərimdə yazıya mane olan şeydir. Mən diyircəkli qələmlərə üstünlük verirəm, xüsusən "beh Ravan" firması qələmlərinə.

 

   - Yazının üzünü neçə dəfə köçürürsünüz? Sonuncu redaktə zamanı çoxmu ixtisar aparırsınız?

 

   - Yazının üzünü artıq özüm oxuya bilməyəndə, ən azı 3-4 dəfə köçürürəm. Axırıncı variantı komputerdə gərək özüm yazdıram - Molla Nəsrəddin kimi həmişə yazdığımın dalınca getməli oluram. Amma bu 3-4 dəfə üçün yazını 20-30 dəfə oxuyur, hey üzərində işləyirəm. Artıq oxuyarkən heç bir sözünü dəyişmədiyim variant axırıncı olur. İş prosesində təkcə ixtisar edilmir, nələrsə artırılır da.

 

   - Yazı üçün əvvəlcədən plan tutursunuzmu? İş prosesində plan dəyişilirmi?

 

    - Plan tutmuram. Planı ancaq oxumaq üçün tuturam. Planlı hekayə və şeir ola bilməz. "Azərbaycan" şeirini Səməd Vurğun planla yazmayıb.

 

    - Yazmağın hansı dövrü sizin üçün çətindir (əvvəli, ortası, axırı)?

 

    - Bəlkə də əvvəli. İlk sözlər məni real həyatdan qoparmağın da əziyyətini çəkdiyinə görə. Sonra hər şey bir an belə dayanmadan axıb gedir.

 

    - Sizi yazmağa sövq edən nədir (hiss, müşahidə, yoxsa təxəyyül)?

 

     - Hiss. Müşahidə elementləri, təxəyyül sonradan işə qoşulur. Ən sərt və realistik əsər də əvvəlcə idealizədən başlayır.

 

   - Əsəri bitirəndən sonra nə hisslər keçirirsiniz?

 

   - Əsəri bitirəndən sonra xoşbəxt oluram. Elə bilirəm dünya mənimdir. Bütün çətinliklər mənə müvəqqəti görünür. Hamıya mehriban oluram. Hekayə mənim qaraçuxamdır, məni həyatda saxlayır. Mən heç vaxt intihar etmərəm. Mən xoşbəxtlik ölüsüyəm.

 

   - Təkrar nəşrlərdə yeni əlavələr edirsinizmi, yoxsa hər şey əvvəlki kimi qalır?

 

   - Təkrar nəşrlərdə əsər yenə və yenə, dəfələrlə oxuyur və işləyirəm. Düzdür, əvvəlki hiss dəyişilmir, ancaq cila əlavələri həmişə olur. Heç nə əvvəlki kimi qala bilməz. Yalnız ölülər haqqında xatirələr əvvəlki kimi qalır.

 

   - Sizin yazılarınıza aid tənqidi qeydlərə və resenziyalara münasibətiniz necədir?

 

   - Mən onları maraqla oxuyuram. Özüm rastlaşmadığım fikirlər çıxan qəzeti sonra yerin dibindən olsa da tapdırıram. Ən "ifşaedici" yazıları belə hörmət-izzətlə saxlayıram. Onu deyim ki, "Mirə Cəlillə ayrılıq məqamı" yazım haqqında Ənvər Börüsoy tənqidi səciyyəli bir məqalə ilə "Avrasiya"da çıxış edibmiş. Mən bunu çox sonra eşitdim. Xüsusi olaraq məqalə çıxan nömrənin axtarışı üçün redaksiyaya gəldim. Qızlarla ilin əvvəlindən olan nömrələri ələk-vələk elədimsə də, bir şey hasilə gəlmədi. İndi mən onu tapmaq istərdim...

 

   - Yazı zamanı narkotik maddə, ya spirtli içkilərdən istifadə edirsinizmi?

 

   - Mən belə şeylərdən uzaq adamam. Hərçənd bir həkim kimi bu tipli adamlarla, o cümlədən perspektivsiz narkoman və "alkaş" sənətkarlarla çox rastlaşmışam. İş elə gətirib ki, mən hətta siqaret də çəkmirəm. İndi onkoloq dostum Məhərrəm hərdən özü çəkəndə siqaretin birini də hökmən mənə sırıyır. Çək, deyir. Bir siqaret səni pozacaqsa, qoy pozsun. Bax, belə.

Digər xəbərlər

Xalça şərqisi

Xuraman - kapoeyra uçuşlu qız

Eklektik fikirlər

Göylü Atalı : "Rəzalətin yaratdığı hədələr"

Həmişəlik dinc tramvaylı şəhər

Şərhlər