Həmişəlik dinc tramvaylı şəhər

Tarix: 23-01-2017 03:54
Baxış sayı: 578

Deyilmiş sözlərdən qoy mən də deyim: Bakı arzularımın ilk şəhəri olub. Əlbəttə, bu illüziya bir kəndçi balasının sadəlövhlüyündəndi... Ancaq mən xoşbəxtliyi heç vaxt fərz etdiyim yerdə tapmadım. Bir zaman xoşbəxtlik dalınca qırmızısını qızıla bənzətdiyimiz Moskvaya da yürümüşdüm. İndi Bakını idealizədən tam uzağam. Eləcə Moksvanı, İstanbulu, Nyu-Yorku da. Artıq qəti bu fikirdəyəm ki, xoşbəxtlik coğrafiliklə bağlı deyil. Əksinə, coğrafilik ömür itkisidir.

 

Hər halda, gəncliyimin Bakısı haqqında xatirələrim şirindir. Onu ilk dəfə 1964-də, yaşımın 14-də Astara-Bakı qatarıyla gəlib, səhər alatoranında işıqlarının çoxluğu və onların düzümünə təəccübləndiyim, qənşərindən içi süd işıqlı dinc tramvaylar keçən vağzalında gördüm. Atamlaydıq. Əvəz əmimgilə düşdük. Düzü, şəhər həyatı məişət planında – ağ və pambıq kimi yumşaq çörəkləri, ya məsələn, tualetin-zadın yaxınlığıyla xeyli cazibədar görünürdüsə də, həm də sanki qyeri-təbii və darıxdırıcı idi. Əmim bunu duyub – “adam şəhərdə darıxmaz”, - dedi. Bir yandan da, o, patriotluğa heç cür oxşamayan yalançı heyranlıq və məğrurluqla mənə şəhəri göstərməyə başladı. Çənəsinin altına salıb, hansı gözəl binanın qabağında dururduqsa, onun tarixçəsini soruşur, bilmədikdə, danlayırdı: “Məktəbinə afərin, bilikli oğlan!” Mən ləbbeyk susurdum. Ömrümdəki ilk ekskursiyadan ölgün qayıtdım. Sonradan özüm də Bakının görməli yerlərini kimlərəsə göstərməyə məcbur olanda, elə bil Sibirə gedərdim.

 

Hə, Bakı... Qəribədir, həmişə də bu şəhərə can atmışam, orda qalmaq istəmişəm. Bir dəfə bu məqsədlə az qalmışdı Brejnev dövrünə xas saxta nikaha girəm. Mən Azərbaycandakı bütün şəhərləri Bakıdan maraqsız bilmişəm. Bakını on ildən çox yaşadığım Moskvadan da uca tutmuşam. Bakılı tanışlarım mənə orda həsəd aparardılar, mən də onlara – burda.

 

Ola bilsin, Bakı mənə həyatımdakı təzadlı roluna görə əzizdir. Burda mən özümü guya reallaşdıra bilmişəmsə də, həm də hesab edirəm, hələ elə şey yoxdur. Vaxt olub, ədalətsiz insanları Bakını gözümdən salıb da. Görün ki, əslində mən ədəbiyyata vaxtında, hətta bir az tez gəlmişəmsə də, Bakı mənə dalını çevirib. Tərbiyəsiz! Ədəbiyyata gəlmək üçün də, Bakıdan başqa yerimizmi var! Mən əbədi qəlb ucalıqlarına yox, daim əbədi sandıq diblərinə itələnmişəm. Xəritədə quşa bənzətdiyim Azərbaycan da məni qanadlarına almadı. I Pyotr kartofu ruslara döyə-döyə yedirtdiyi kimi mən yazılarımı biganə azərbaycanlılara zorla oxutmuşam. Hər iki halda məram xeyirxah, nəticə uğurludur.

 

Həri, qardaşlar, Bakı Bombeydir. Burda ala qarğa bala çıxarmaz. Burda tərəzilər çəp, çəp tərəziləri çəkənlər bivecdilər. Burda inqilablar da yalandan olub. Qoçuları qorxaq şəhər! Adamları “giridovoy”lara, milisə-polisə bac verən şəhər! Burda anasının əmcəyini kəsənləri dılğır bir məmur qabağında əyilən gördüm. Burda siyasətçilər ərdo kimidirlər. Mən türklərin böyüklüyünə Bakıda şübhələndim. Mən islamdan burda çiyrindim. Mən tərsalığı qəbul edib monastıra gömülmək səfsəfəsinə də burda düşmüşəm. Hələ bunu da mənə çox görür, ağız büzürlər. Demək, vicdan azadlığı haqqında Konstitusiya maddəmiz haralardansa köçürmə və saxta, üzr istəyirəm, “girdirmə”dir. Bu şəhərdə optimizmə səbəb yox...

 

Şirin xatirələrdən acı təəssüratlarımacan gəlib çıxan tramvaylar da tökülüb-itməkdə... İçlərində sanki müharibə olubsa da, onlar yenə dincdilər.

Digər xəbərlər

Rafiq Tağının qardaşından Həmid Herisçiyə: “Siz İran casususuz!”

«Article 19» Rafiq Tağı və Samir Sədaqətoğlunu dərhal azad etməyə çağırır

Rafiq Tağı ilə bağlı Avropa Məhkəməsinə şikayət hazırlanır

"Xəstəxanada öləcəyini hiss etdim, hər yandan mühasirəyə alınmışdı..."

Zəminə Rəhimqızı ilə söhbət (2)

Şərhlər