Azərbaycanda siyasi idilliya ərəfəsi

Tarix: 23-01-2017 03:47
Baxış sayı: 558

Müxalifətin yanaqları allanıb – o, iqtidara müştaqdır. Lakin bu, Leyli məhəbbəti yox, mazoxist sevgisidir. Hərçənd alyanaqlar zərif dəri altındakı yaşıl-durğun venaları heç cür gizlədə bilmir.

 

Mən də həmişə müxalifəti həqiqət səmtində işaran bir şey sanmışam. Deməmişkən, müxalifət ilğım kimi heç də göründüyü yerdə deyilmiş. Azərbaycanda həqiqət nə müqəddəsliklər, nə də miflər səmtindədir. Qardaşlar, Azərbaycanda həqiqətin yeri bəlli deyil.

 

Ölkədəki siyasi tamaşada AXCP başçısına “peyğəmbər” rolu tapşırılıbmış. Üstəlik də, o, mənim kimi cansız olduğundan elə mənim kimi də humanizm natamamlıq kompleksinə düçardır. Görün sizə nə deyirəm, uşaqlıqdan cılız olanların hamısı humanistdir. Azərbaycanda humanistlik şillə-qapaz yeməmək üçündür. Can bütün siyasi hoqqabazlıqlardan üstündür. Qardaşlar, vətən gedirsə, bir gün yenə gəlir, can getdisə, ömür-billah bir də gəlmir. Azərbaycanda taxt-tacda can səbəbindən buraxılır. Əcəb can olmaya, siyasətdə atılıb düşəsən ortalığa. Tamaşa şəklində olanlarını demirəm, Azərbaycanda heç vaxt ölüm-dirim mübarizəsi olmayıb. Biz yüzillər boyu ancaq öldürülmüşük. Həm də insan bədəninə adi sancaq batırsa, dünya harmoniyası pozulmuş olur. Əlbəttə, harmoniya pozulması faciədir. Di gəl Azərbaycanda faciə yox, komediya önəmlidir. Harmoniyaya az-maz dəlalət edən yeganə şey komediyadır. Qardaşlar, mən diş timsalında can ağrısına yaxşı bələdəm. Bir gün həkim dişimi qurdalayanda gözlərimdən timsahınkılara bənzər gildir-gildir yaşlar axıdırdım. Hərçənd bu yaşlar həmin vaxt cəbhədən güllədən qəfil piruet cızın gedər-gəlməzə yollananlarımızın taleyinə üzgün idi. Həri, qardaşlar, əvvəl can, sonra – xalq. Humanizm nədir – riyakarlıq aktı. Bir də axı ət yeyən heyvanda nə humanizm...

 

Azərbaycanda “meydan”ı gözlərini açıb lirik-sentimental ədəbiyyatla tərbiyə  görmüş bir xalq törətmişdi və bu, əsl azadlıq istəyindən deyildi. Sizə necə deyim, millət küyə getmişdi. 20 Yanvar xalqın siyasi avamlığının məntiqi nəticəsi idi. XX yüzilin axırınacan gəlib çıxmış novruzəlilər artıq əbədilik kəsb ediblər. Ancaq mən demişəm, Azərbaycanda Novruzəli heç vaxt məktubu poçt qutusuna sala bilməyəcək. Qardaşlar, mən onu da demişəm ki, novruzəlilər padşahların özlərinə də ziyandır. Novruzəlilər padşahı ağa səviyyəsində kiçik təsəvvür eləyən məxluqlardır. Padşah üçün kölə yox, azad insan dəyərli olmalıdır. Kölələrlə oturub-duran padşah bu yumru dünya üzündə uzağa gedə bilməz.

 

Əbülfəz Elçibəy Novruzəlinin kiçik qardaşıdır.

Həm də müxalifət Azərbaycanda ucuz şöhrət mənbəyidir: qədimlərin “əzilən” pozası indiyəcən qara gəlir.

Azərbaycan antifaşistləri faşistləri ilə barışa biləsi ölkədir.

Bizdə müxalifət də iqtidarı düzüb-qoşan millətin əlindən çıxıb. Müxalifətlə iqtidarın torpağı bir yerdən götürülüb. Görək iqtidarla müxalifətin xalqın canındakı simbiozundan nə alınacaq. İqtidarı məğmun millətin müxalifəti zirək ola bilməz. Məğmun iqtidar dövlət səviyyəsində terrora, məğmun müxalifətsə dövlət çevirilişlərinə qabil olur. Çifayda, azad dünya nə ona bunu, nə də buna onu icazə verir. Ah,

Amerika-zad olmasaydı, mağıl indiyə dədə-baba qaydasınca “şıppıldağ”ı götürmüşdük...

 

Hakimiyyətə çatacaqsa da müxalifətin mübarizəsi perspektivsizdir. Müxalifətin yazıb-pozub şişirtdiyi “şar”ları da 90-cı illərdəki şişirdilib partladılmış iqtidar “şar”larının taleyi gözləyir. Hətta rəqəmləri şişirdilə bilən bir ölkədə insanları şişirtmək nə çətin işin ola... Sizə ibrətamiz bir əhvalat danışım: keçən həftə bizim nökərinizə bayrağımızdakı rəngləri uyğun üç şar almışdım. Mən ovurdlarımı şişirtdikcə onların üçü də partladı; uşağın əli boşda qaldı. Bəli, mən yalnız keçən həftə bilmişəm ki, şişirdilməyin axırı partlamaqdır.

 

Qardaşlar, partlayan hər bir şar məndə həmişə pessimizm doğurur. Pessimizm də, deyirlər, məni dəliyə oxşadır, ələlxüsus keçəl başlardakına bənzər saçım yuyulmayanda. Allahı sevərsiniz, indən belə yanımda partlayası heç nə şişirtməyəsiniz. Bu barədə sizlərə qabaqcadan minnətdarlığımı bildirirəm.

 

 

“Hürriyət”, 09.12.1997 

Digər xəbərlər

"Qafqazın qartalı Şaumyan belə..(S.Vurğun)

Köhnəlmiş mədəniyyətlər səmtində düşüncələrim

Əlverişli intihar hündürlükləri

Əbülfəz Elçibəy / GÖY DASTAN

Aşura kriminal durumu

Şərhlər