Rövşən Yerfi: "Ölümü ilə ölümsüzlüyə qovuşdu"

Tarix: 25-03-2015 10:48
Baxış sayı: 1110

 

(dost xatirəsi)

“Əziz dostum, gəncliyi mənim qərib gəncliyimə bənzəyən gözəl nasir Rövşən Həsənliyə xoşbəxtlik arzularıyla. Tağıyev Rafiq. 22.01.1991”

Bu sözləri Rafiq 1987-ci ildə çap olunmuş “Yanaşı ulduzlar” adlı ilk kitabını mənə bağışladığı zaman yazmışdı.
“Əzizim Rövşən Yerfiyə. Xoşbəxtlik arzuları ilə kiçik xatirə olaraq. R.Tağı. 30.05.2010”

Bu avtoqrafı isə Milli Kitab Mükafatı onluğuna daxil olmuş “Hekayələr” kitabına qeyd etmişdi. İndi onun xətti olan hər iki kitab evimdəki yüzlərlə kitabın içində dost xatirəsi kimi ən qiymətlilərinə çevrilib. Cümlələrə nəzər yetirəndə gülümsər çöhrəsini xatırlayıb yoxluğuna inana bilmirəm…

Bıçaqlanandan sonra xəstəxanada yatarkən haqqında ürəyimin hisslərini “Sadə, səmimi, mehriban Rafiq Tağı” adlı kiçik yazıda müəyyən qədər ifadə etməyə çalışmışdım. (Yazdığım cümlələri yenidən təkrarlamaq istəmirəm.) Gözləyirdim bir az yaxşılaşsın yanına gedim. Hazırlaşmışdım görüşəndə zarafatla deyəm: “Elə Mirzə Ələkbər Sabiri qınayırdın ki, milləti söyüb. Hə, de görüm Sabir haqlıdır, yoxsa sən?..”

Heyf ki, soruşa bilmədim. Qaldı haqq dünyasında görüşənə… Xasiyyətinə bələd olduğumdan təxmin edirəm ki, o, fikrindən dönməyəcəkdi. Yenə “bu millət gözəl millətdir” deyəcəkdi…
Rafiq millətini çox sevirdi. Baxmayaraq ki, “Tanrı türkü qorusun”, “Türkün türkdən başqa dostu yoxdur” ifadələri ilə heç cür razılaşmırdı. Onun üçün haqq, ədalət hər şeydən uca idi. Allah adamı idi, ancaq, dinə baxışı dözülməz idi. Qısa desəm, onun özünəməxsus, heç kimdə olmayan qəribəliyi, özgürlüyü vardı: Allahdan aşağı hər kəsdə nöqsan tapırdı. Çərçivələri sevmirdi, ehkamlara, tabulara, kimlərinsə bütləşdirilməsinə qarşı idi. Düşündüyünü gizlətmirdi, necə qarşılanacağından qorxmurdu, düşündüyü sayaq da yazırdı. İqtidarı tənqid edirdi, eyni zamanda müxalifəti də tənqidləyirdi. Adi halda mələk kimi olan bu insan yazılarında qəddarlaşırdı. Dost, qeyri-dost fərqi yox idi. Özü üçün yazılan, deyilən əks fikirləri də sakit, təmkinlə, küsmədən qarşılayırdı. Qibtə ediləsi yüksək mədəniyyəti vardı. Azad rəy, azad fikir mədəniyyətinin yaradıcısı kimi çağdaş ədəbi publisistikamızda heyrətamiz nümunə idi. Elə buna görə də Rafiqin xətrini çox istəyirdim, iradlarından incimirdim. Bilirdim ki, yazılarımın bir çoxunu bəyənmir. Görüşlərimizdə mən də həvəslənib onun hekayələrini tənqid edirdim: ”Rafiq, bu qədər terminləri, postulatları, əndirəbadi fikirləri hardan tapırsan?” Gülümsəyirdi: “Onun üçün çoxlu mütaliə etmək lazımdır”, – deyirdi. İki hekayəm daha çox xoşuna gəlmişdi: “Milçəklər”, bir də “Şanssız”. Sonuncunu oxuyanda telefonuma mesaj göndərmişdi:”…qəhrəmanın halına acıdım”. İlk dəfə hekayələrimlə tanış olanda mənə belə demişdi: “Sənin istedadın var, demirəm istedadsızsan. Gəl ki, istedadın bilirsən nəyə bənzəyir? Bir otaq boyda torpağın içində bi ovuc qızıla. Qızılı artırmaq üçün sən gərək tonlarla torpaq eşəsən…” İllər keçdikcə dostumun sözündəki dürüstlüyə əmin oldum. Son görüşümüzdə demişdim: “Gözün aydın, məni də yoluxdurdun, başlamışam süjetsiz hekayə yazmağa…”

Rafiqin yüksək cəhətlərindən biri də həmişə gənclərə, özündən cavanlara diqqət, qayğı göstərməsi idi. Oğlumu tanıyandan sonra hər görüşəndə, zəngləşəndə mütləq onu soruşar, salam çatdırmağı tapşırardı. Gənclər Rafiqi nahaqdan sevmirdilər, diqqətinə cavab olaraq onu “canlı korifey” adlandırırdılar. Gənclərlə ünsiyyətinin nəticəsi idi ki, həmyaşıdlarından fərqli olaraq internetdən fəal istifadə edirdi. Bir il əvvəl – 22.11.2010-da Facebookda səhifə açmasını təbrik etmişdim: “Rafiq, qədəmlərin uğurlu, səhifən mübarək!” Az bir müddət ərzində özünə minlərlə şəbəkə dostu qazanmışdı.

O, öldürülməyindən qorxmurdu. Qorxsaydı Rafiq Tağı olmazdı. Azad düşüncə yolunda, azad fikrə görə şəhid oldu, 21-ci əsr olsa da belə. Onu iki dəfə qətl etdilər: birini bışaqla, digərini səhlənkarlıqla, laqeydliklə…

Rafiq Tağı ölümü ilə xalqın qəlbində ölümsüzlüyə qovuşdu: Mikayıl Müşfiq kimi, Şıxəli Qurbanov kimi, Əli Kərim kimi…Onu öldürənlər, əslində Rafiqi əbədi yaşadacaqlarını dərk etməmişdilər…

Digər xəbərlər

Rafiq Tağının "Yanaşı ulduzlar"ı

Rafiq Tağı - Sabirə müharibə elan etdi

Rafiq Tağı - 63

Düzbucaqlı “QİRYƏT” yazısı

Siyasət və Ədəbiyyat

Şərhlər