Tv - xəbər dizaynı

Tarix: 25-03-2015 11:31
Baxış sayı: 605

 
Artur Qənizadə təkotaqlı mənzilini TV-xəbər proqramı dizaynına uyğun qurmuşdu. Divarları müxtəlif rəngli iri kvadrat və düzbucaqlılarla bəzəmişdi.  Qısa mizi ensiz divara paralel qoymuşdu, uzunu uzun divara. Özü də uzunu qısaya perpendikulyar. Ayda-ildə bir gələn qonağı qarşısında sanki intervü götürmək üçün oturdur.
Arvadı ona iki il “intervü verib” boşanmışdı.

Üç gündən artıq birgə qaldığı adamla itlə pişik kimi dolanır; yanında tualetə girən əbədilik gözünün düşməni olur. Bir də axı adamlar ona xəbər alıb-verməyə lazımdı, birgə yaşamağa yox. Bu barədə televiziya  diktorlarının hüsnü özgədir. Onların bir qarabuğdayısı müqəddəs Məryəmə oxşayır, bəlkə elə müqəddəs Məryəm kimi də İlahidən övlada qalacaq. Əslində bütün qadınlar yalnız İlahidən övlada qalmalıdır.

Başqalarından həyata dair xəbər alırdısa, özü yalnız ölüm xəbərləri verirdi. Ölüm xəbərlərini həyatınkılardan üstün tutduğundan, elə bilirdi hamıya yaxşılığı keçir. Ancaq son macal ölüm xəbərlərini sağa-sola səpələməyi tərgitmişdi. Hərracdı bəyəm? Daha onları xoşladığına hədiyyə kimi bağışlayırdı. Xüsusən bayram ərəfəsində. Keçən 8 Martda hörmətini tutduğu tanışa (onun həyatında tanış səviyyəsindən yuxarı adam yoxdu) bir prezident ölümü xəbərini bağışlamışdı. 

Qapı qonşusuyla rastlaşanda, xəbərləri poçt markaları kimi dəyişdirib tez də aralanırdılar. Doqquzmərtəbəli “kibrit qutusu”ndakı gözcüklərdə yaşamaqla bahəm ölürdülər də və Artur bu xəbərləri həftələrlə evdə tapılmayan qonşusuna hesabat şəklində çatdırırdı. Qonşu da minnətdarlığını iş yerindəki qəzadan ölənlərlə bildirirdi. Ölüm xəbərinin qabağına həyat xəbərilə çıxmayacaqdı ki... Ədəbsizlik olardı.

Artur Qənizadə işindəki professora yalnız dünyəvi ölümlərdən xəbər verir.

Hamı ölümlərdən yorulur, bezirdisə də, Artur nə yorulur, nə bezirdi.

“Ölümlər mənim lovğa bəşəriyyətdən xilas anlarımdır. Birgə yaşamaq ehtimalına görə hamı gələcək düşmənimdir; bir-bir dənləndikcə də düşmənlərim azalır”.

Hələ bircə qarışlığında anası onu atdığından (əvvəl atası ikisini də atmışdı)... elə yaxşı ki, onlar yoxdu, yoxsa indiyə qocalıb daş kimi asılmışdılar boynundan. Allah onu onların ölümündən xilas etmişdi. Ölümdən qorxduğuna görə də daha evlənməyəcəkdi; birdən arvadı uşaq üstündə ölər, ya uşaq özü ölər. Qarşıda onu vahiməyə salan bircə ölüm qalırdı: özününkü. Artur Qənizadə təkölümdü. O, ölümü heçə endirə bilməsə də, minimumda saxlamağa qadirdi. Uzun yaşamaqla da onu zərərsizləşdirmək fikrindəydi.

Artuq Qənizadənin şakəri “yuxarı təbəqə”lərdəki mübarizəydi. Yuxarı təbəqələrdəki mübarizə sənə futbol yarışı deyil. İşindəki professorun – o boyda kişinin sevdiyi nədir: futbol. Futbol uşaq təfəkkürünə yaxın oyundur. Elə futbolu sevdiyindəndi ki, professordan gözü su içmirdi – yəqin dayaz adamdır.

Amma yuxarı təbəqələrdəki mübarizə həm oyundur, həm də ölümü olduğundan həyatdır. Bir də görürsən kimsə evindəcə  öldürüldü. Terror oyunda keçidlərdir, həm də hadisələrin düyününü açan şeydir. İki-üç terror qurbanından sonra Artur Qənizadə öz proqnozlarını yerbəyer edir. O, siyasi totalizatordu.
Ölümlər onu jenşen kimi tonuslandırır. Hətta ölüm eşidən kimi könlündən qadın keçir.

...Bəşəriyyət azalır...

Prezidentliyə namizədlər göstərilib qurtaranda (oyunun qızğın vaxtı) Artur Qənizadə akademiya qəzeti üçün “fəlsəfi” bir məqalə yazdı: “Ölkəyə kimi prezident seçməli? Candan zəiflərdə uşaqlıqdan humanizm  kompleksi yaranır ki, bu da xalqın rifahi üçün vacibdir. Heç vaxt eləsindən diktator çıxmaz. Demokratiyanın təntənəsi naminə namizədlərdən çəkicə ən yüngülü, astenik döş qəfəslisi, çiyin əzələləri sap kimi naziyi prezident seçməlidir”.

...Artur Qənizadə təkölümdü.
 
 
 
                                                                                              16.04 – 13.06.92

Digər xəbərlər

Rafiq Tağının kulis.az-a müsahibəsi (2)

Düşmən dostlar

“Forma gözəlliyi də estetik gücdür”

Ucaboy liliput

Zəminə Rəhimqızı ilə söhbət

Şərhlər