Opera-balet

Tarix: 25-03-2015 11:31
Baxış sayı: 885

 

Mən baş-beynimdə yoğun bir soxulcan kimi eşələnən Hənifəni dartıb eşiyə çıxarmaq niyyətindəyəm. Demişəm, qurtarıb gedib, onu keçmişdən götürüb kiçik və dar bir hekayəyə basmalı! Yaddaşımda şad-xürrəm yaşayırdısa, qoy hekayəmdə canı çıxsın! Ona əcəb də olacaq. Həm də onsuz beş addım atan kimi mal dili kimi enli və ətli dili ağzından bir metr çölə çıxır. Qaraya çalan göy-həbəşi dodaqları onu qorxunc göstərir.
Məncə, Hənifəni hekayəyə həyatının son dövründə salmaq daha yaxşı olar. Qoy oxucu onu cavan təsəvvür etməsin. Qoy həyatdakı kimi hekayədə də fıs-fıs fısıldasın, məni oxuyanların zəhləsini töksün. İstərəm oxucu onun üstünə qışqırsın da - "İyli ağzını yana çevir!" ...Amma bu hekayəm onun ciyərlərindən qopan karbon qazı ilə dolu olacaq. Onu azaltmaq üçün də gərək hekayənin içində və çölündə yamyaşıl ağaclar düzəm.

Söyüd. Mən onu ən çox Kür sahilində görmüşəm. Arxlar qırağında yallı gedirmiş kimi sıralanarlar. Yarpaqları nazik-nazik, uzun-uzun - açıq yaşıldan tutmuş tünd yaşıla qədər. Ağlar günləri olur.

Mən Hənifə barəsində ancaq zəif hekayə yazmağı planlaşdırmışam. Bu filoloji özünəqəsd qaçılmazdır. Hərçənd yer üzündə zəif yazmaqdan da çətin bir iş ola bilməz. Bunun üçün talant gərək. Özünü artistliyə qoymaqla zəiflik imitasiyası da keçməz. Yazı həqiqətən zəif olmalıdır. Zəif yazını insanlar tez unudar. Bu hekayə unudularsa, Hənifə də onun içində cəhənnəmə vasil olar. Ən yaxşı halda bu onun üçün qulaqburması kimi bir cəzadır. Yazımda onu şıtır-pıtır quraşdırıb gedər-gəlməzə yollayaram. Dalınca da qara bir daş!

Alma. Yazda ağappaq çiçəkləri ağ gün təəssüratı oyadır. Gövdəsində yuxarı-aşağı qarışqalar gəzər. Nədənsə, bol məhsul verən alma bağlarına mənim yazığım gəlir.

Hekayəni məqalə, ya oçerk kimi yazmalı. Onda bəlkə zəif alına. Hər halda, məntiq üzrə, məqalə, ya oçerk oxunan kimi unudula da bilər. Təhqir deyil bu. Janr özü bunu tələb edir. İndiyəcən hər hansı məqalə və oçerkdə əbədiyyət iddiası görməmişəm. "Niyə ki? - soruşar. - Elə şey yoxdu", - deyə bilərlər. Amma axı, mən də bu dünyada bişey-mişey bilirəm. Xüsusən də, əbədi olanı əbədi olmayandan su asanı ayırıram. Hənifə barəsindəki yazımı məmnuniyyətlə maraqsız detallar, boş təsvirlərlə doldurardım. Cümlələri içiboş tüfənglərə döndərərəm. Kim yüz yol oxumuş olsa da, yadında bir şey qalmaz. Yorulub yazımı bir kənara tullayar. Bəlkə də zibil yeşiyinə. İçində də "həbəş".
Budur, mən artıq arabasının dibindən maddi sübut kimi "tapılmış" bir-iki ovuc buğdadan ötrü babamı fələyin badına verdirən, onu tutdurub Sovet türməsində çürütdürən, bağrını çatladan bir əzazil haqqında söhbətimə başlamışam. Burada mən Süleyman babamın meyidinin evə gətirilməsi səhnəsindən vaz keçirəm. Eşitdiklərimi yazmıram; hekayənin zəif alınması naminə. Hekayə təsadüfən qüvvətli alınarsa, evim yıxıldı. Babamın qatilinə əbədiyyətdə öz əlimlə yer ayırmış olaram. Mənfi obraz şəklində də əbədiyyətdə yaşamaq Hənifənin ürəyindən olardı. Süleyman babam nəzəri cəhətcə, həm də qeybdən uçub gələn sancıcı nəzərləriylə qeyrətimi oyatmaq istəyir. Di gəl, yazsam, bu yerlər də qüvvətli alınacaq. Qorxulu cəhətlərdən biri də məhz elə budur. İstədiyim nədir: qoy hekayəm bacardıqca quru alınsın. Sxematizm vacibdir. Qüvvətli bənzətmə və təşbehlərimi, ədəbi hiperbolanı-zadı soxuram, bir yeri var Hənifənin, ora. Amma bax, gör neçənci dəfədir ki, ağzımdan yava sözlər çıxır, qəlbimdə qaynayan, məni boğan həyəcanları boğa bilmirəm. Onları bir-bir yazsam, batmışam: hekayəm şah bir əsərə çevrilər.

Göyəm. Meyvəsi gömgöy olur. "Göyəm" deyəndə, ağacdan çox meyvə özü yada düşür. Həmişə də onu alçadan üstün tutmuşam. Göyəm sanki daha hörmətlidir. Nədənsə, göyəmi həmişə Aşıq Şakirə, alçanı Aşıq Pənaha oxşatmışam. Rəhmətlik xalamgildə uşaq vaxtı gördüyüm göyəmlikdən bir də heç yerdə görmədim.

Hənifənin fısıltısı hekayəmi başına götürüb; hər kunc-bucaqdan eşidilir. Qoy elə bacardıqca güclü fısıldasın da - bu, hekayənin xeyrinədir. Onsuz düzdüyüm ağaclar ab-havanı hökmən dəyişəcək, atmosferi təmizləyib-təzələyəcək.
Ancaq Hənifənin də ay birov-birov vaxtları olub ha! Otuzuncu illərdə qılıncının dalı da kəsib, qabağı da. Kəsdiyi başa sorğu-sual olmayıb. Bığı da Stalininkindən. O, "şəxsiyyətə pərəstiş" ləğv olunanacan "Stalin bığı"nda gəzib. Sonra elənci bığ qorxulu olub, bu onu dibdən qırxdırıb. Düz yayın axırınacan həmin bığın yeri qara üzdə ağ yamaq kimi görsənirmis.
Ağın eybəcər vaxtları da olur.
O, müharibədən sonra Stalin kimi də mədəniyyətə fikir verərmiş. Kolxoz klubunu tikdirib. İdarə binası qarşısında Lenin və Stalinin "zavodskoy" heykəllərini qoydurub. Stalin öz "svita"sıyla Moskvada Böyük Teatra gedəndə, bu da öz "partaktiv"iylə kluba gedərmiş. Yuxarı aşağıda əks edib. Aşağı yuxarıya oxşayıb. Yuxarı dəyişəndə, aşağı da dəyişib. Aşağı dəyişəndəsə, yuxarı dəyişməyib.
Despotlar mədəniyyətə milçək kimi qonur.
Hə, İosif Stalin Böyük Teatrı, Hənifə "Opera-balet"i sevib. Hənifə ömrü boyu "opera-balet"in dalısınca "teatr" sözünü işlətmədi; bunu xəyalına gətirmədi də. Ona həmişə elə gəlib ki, "opera-balet" bir ayrı şeydi, "teatr" bir ayrı şey. Bakının "Opera-balet"ində bircə dəfə olmağını kolxoz idarə heyəti iclaslarında bir-iki il danışarmış. Mədəniyyəti yüksəkdir - qoy camaatda buna şəkk-şübhə olmasın. Mədəniyyəti yüksək olduğuna görə də, hər bir kolxozçunun başında turp əkməyə ixtiyarı çatır. "Opera-balet"in Hənifəyə çatan əsas mənası orda nazəninlərin bolluğu idi. Huri-qılmanlar da cənnətdə elə gəzir. Orda cuşa gəlib, şuxlanıb, götürülürsən das b?d?nli kənd arvadlarının üstünə. Öz arvadına xəstə pişik kimi yan alırdısa, yad arvadların üstünə alıcı quş kimi şığıyıb. Nəhayət, on-on beş il get-gəldən sonra Hənifə operanı baletdən ayırd etməyə başladı. Operada oxuyurlar da, baletdəsə yalnız oynayırlar. Baletdə az qala lüt gəzirlər. Balet göbək rəqsi kimi bir şeydir. Opera paltarlı oxuyanlarına görə çox da maraq doğurmur.

Tut ağacı. Ağı heç, qaraları əldə qan kimi iz salır. Gur yarpaqları həyəti sərinlədər. Yarpaqlarının pıçıldaşmağı quşların civildəşməyinə bənzər.

1972-dən üzü bəri hər dəfə kəndə gələndə, məni yanına çağırtdırmasa canı çıxar. Həkimi həyatının bəzəyi bilər. Xəstəlikləri barəsində uzun nağıllar qoşub. Həyat və ölüm haqqında əsas informasiyaları həkimlərdən alır. Bu informasiyalar insanı hikmətə çağırır. Ayaqları sözünə baxmır deyə, "Opera-balet"dən əli çoxdan üzülüb. Yeyib-içdiyi - sıyıqdır. Hə, həyatının fıs-fıs dövrüdür. Ağ ciyərlərini ləzgi körükləri kimi basır. Otağının havası nəfəsindən daim ağır olar.
Mən onun səhhəti ilə bağlı işləri mexaniki icra edərdim. Ona şəfqətləri həmişə yersiz bilmişəm. Əfsus, mexaniki icraatlar da halına təfavüt edirdi: bir də gördün yaxşılaşdı. Süleyman babamı tutdurduğunu sanki unudub. Ya elə bilir mən bunu bilmirəm. İkimizin də "səy"lərimiz nəticəsində onsuz bircə fotosu da qalmayan, çöhrəsi məlul-məchul babam yer üzündə olmayıbmış kimi görünür. Məndə şəfqətin yoxluğu Hənifəyə şübhəli gələrdi. Hey istərdi məni güldürsün; bunun ucun az qala qıdıqlasın da. Xalqın boynunda oturduğu illəri ömrünün bəxtəvər çağları sayır. Yox, təbabət məni şit bir humanizmə sürükləyir. Axı, humanizm burda lüzumsuz deyilmi? Babasını həyatdan sildirmiş bir bədheybətin "böyük bayır"a, "kiçik bayır"a necə getməsi barədə söhbətlərinə məndən başqa kim həvəslə qulaq asar! Kim onun babasilinə zəli qoyar! Bəzən də həkimə, kolxoz iclasındaymış kimi, göstərişlər, əmrlər verir. Mən də az aşın duzu deyiləm, çörəyi burnuma yox, ağzıma yeyirəm: düzgün, ancaq mexaniki-quru tərzdə baxmağımla ondan babamın intiqamını yaxşıca alırdım. Neyləyəsən ki, tibbi üsulların hətta ürəksiz tətbiqi belə yaxşılaşmaya gətirib çıxarır, onu göz qabağındaca dirçəldirdi. Bəzən otaqda uçyaşar at kimi diri gəzir, ya arvadın üstünə bəd it kimi hurur.

Gilas. Kəndimizdə bu adda su sonası bir cüt gəlin vardı. Duz deyirəm, bir-birindən gözəldilər. Gilas ağacının sərçə boyda yarpaqları olur. Hər halda, onlar da karbonu udur, oksigeni buraxır.

...Ayın-günün xoş bir vədəsində Opera və Balet Teatrına getmişdim. Kassanın qabağında çoxdan ölüb getmiş Hənifə yadıma düşdü. Nə əcəb, o da burdan bilet götürüb? Bu müdhiş kassadan tez-tələsik aralanıb içəri keçdim. Bir zaman Hənifənin də oturduğu zalda oturmaqmı olardı? Ordan qaçaraq çölə çıxdım.
Təfsilata varmıram. Qoy hekayəm zəif alınsın.
Allaha şükür, deyən, hekayəm zəif alınır da. Ozünüz də sezdiniz, maşallah, süjet olduqca bayağıdır. Minlərcə kitabda belə faktlar sonsuz saydadır. Mənim diktatura tarixinə əlavələrim əslində artıqdı. Məqsəd olsa-olsa yogun soxulcana bənzər Hənifəni yaddaşımdan dartıb çölə çıxarmaq, onu zəif bir yazıda təzədən cəhənnəmə vasil eləməkdi. İstədiyimə çatdım. Onun ikinci ölümü daha maraqlı və faydalı olardı. Oldu da. Əfsus, bu yerdə özüm də öz hekayəmdən ayrılıram. Mən ona filoloji qəsd etdim. Hənifəni "öldürmək" xatirinə hekayəni şikəst günə qoydum. Hərçənd onun içini-çölünü ağaclarla bəzəmişəm də. Hekayəmdən "fıs-fıs"ın zəhərli nəfəsi ağaclarla rədd ediləcək.

16 avqust 1987 - 13 noyabr 2003-cü il
(təzədən işlənib: 30.IV.2009)

Digər xəbərlər

Boz inqilab

İki qardaş

Qardaşımın sevgiləri

Kənddə qar

Boz inqilab

Şərhlər