Rafiq Tağı - 63

Tarix: 25-03-2015 10:48
Baxış sayı: 949

Avqustun 5-də mərhum yazar, həkim Rafiq Tağının ad günüdür. Rafiq Tağının evində onun xanımı Mailə Tağıyeva, oğlu Asiman Tağılı, qızı Qəmər Tağılı ilə görüşdüm.

 

Rafiq Tağı 2011-ci il noyabrın 19-da Bakıda bıçaqlanıb, dörd gün sonra vəfat edib. İndiyədək bu cinayətə görə məsuliyyətə cəlb edilən olmayıb. Cinayət işi Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin icraatındadır.

 

- Mailə xanım, Rafiq Tağının ad günüdür. 63 yaşı tamam olacaqdı...

 

- Rafiq deyirdi ki, təqaüdə çıxmağa bir ilim var, Asiman işləyib ailəni dolandırar, mən də oturub yazılarımı yazaram. Qismət olmadı. Adamın inanmağı gəlmir Rafiqin yoxluğuna. Amma Rafiqsiz Rafiqin ömründən iki il ötür. İki ildir onsuzuq.

 

- Ad günlərini qeyd edərdimi?

 

- Rafiq çox sadə idi. Heç kimi narahat etmək istəmirdi. Ad gününü xüsusi qeyd etməyi sevmirdi. Elə ailə üzvlərimiz arasında, sakitcə qeyd edərdik. Xörək bişirərdim, süfrə açardım, ancaq heç kəsə deməzdik. Sonuncu dəfə 2010-cu ildə qardaşı onu dəniz adı ilə aparıb restoranda qonaqlıq vermişdi.

 

- Ailənin maddi durumu necədir, özünüz işləyirsinizmi?

 

- Dolanışığımız pisdir. Dövlət Qəmərə 170 manat təqaüd kəsib. Bu məbləğ heç kommunal xərclərin yarısı eləmir. Rafiqin qardaşları kömək eləməsə, dolanmaq olmaz. Özüm işləmirəm. Asiman əsgərlikdən yeni qayıdıb. Marketlərin birində işə gedir. Qəmər ali məktəbə qəbul imtahanından kifayət qədər bal toplayıb. Amma bilmirik ödənişli təhsil alsa necə olacaq. Sentyabrın 18-də Qəmərin 17 yaşı tamam olur. Yaşı tamam olan kimi təqaüd də kəsiləcək. Gərək təqaüd kimi yoldaşımın maaşını mənə verərdilər, 300-350 manat alırdı. Dövlət bununla maraqlanmır. Rafiq öz çörəyini qazanırdı, gedib dövlətdən heç nə istəməyib. Az-çox maaşla evini təmin edirdi.

 

Asimanı söhbətə qoşuram:

 

- Əsgərlikdən yeni qayıtmısan. Sənə necə münasibət göstərirdilər? Rafiq Tağının oğlu olduğunu bilirdilərmi?

 

Asiman:

 

- Əsgərlikdə son ana qədər heç kəs bilmədi ki, mən Rafiq Tağının oğluyam. Münasibət normal idi. Bir il çox asan keçdi. Məni incidən olmayıb.

 

- Niyə bildirmədin?

 

- Çoxunun anlayışı yox idi. Mətbuatla maraqlanmırdılar.

 

- Nə işlə məşğul olmaq istəyirsən?

 

Mailə xanım:

 

- Mən istəyərdim ki, Asiman bitirdiyi ixtisas üzrə işləsin. O, Qərb Universitetində politologiya ixtisası üzrə təhsil alıb. Asiman atasının sağlığından işləyirdi. Hərbi xidmətdən sonra da dedi ki, nə olsa işləyim, evə kömək edim.

 

- Atanın yoxluğunu az da olsa ailəyə unutdura bilirsənmi?

 

Asiman:

 

- Atamdan sonra bir il ailəmin yanında olmadım.

 

Mailə:

 

- Asiman ailəyə dayaqdır. Amma atasını heç unutmaq olmur...

 

- Rafiq Tağını xatirələrdə yaşatmaq çətindir...

 

- Çox çətindir... (Mailə xanım ağlayır)

 

- Həyat yoldaşınızı daha çox hansı peşəsi ilə xatırlayırsız?

 

- O, hər üç peşəsi ilə xatırlanır, həm həkim, həm yazıçı, həm də jurnalist kimi.

 

- Övladlarınızdan hansı daha çox atasına bənzəyir?

 

- Qəmər eynən atası kimidir. Həm xasiyyəti, həm də siması ilə atasına çox oxşadıram. Hərdən ona baxanda elə bilirəm atası sağdır. Asimanın da atasına bənzərliyi var.

 

- Rafiq Tağı necə insan idi, aranızda problem yarananda birinci kim güzəştə gedirdi?

 

- 22 il evlilik həyatımız olub. Ciddi çəkişməmiz olmasa da, həmişə birinci o güzəştə gedib. Rafiqdə kin yox idi, bir az tərsliyi vardı. Deyirdi bircə sən xasiyyətimə, kasıblığıma dözürsən. Başqası dözməzdi bəlkə.

 

- Rafiq Tağının ailəsi olmaq nə deməkdir?

 

- Mənim üçün çətin deyil. Çünki xasiyyətimiz oxşar idi. Bir-birimizi başa düşürdük, dar gündə güzəştə getməyi bacarırdıq.

 

- Rafiqsiz onun uşaqlarını böyütmək, tərbiyə etmək, oxutmaq necə, çətindirmi?

 

- Çətindir... (ağlayır) Ataları sağ olanda arxayın idim. Uşaqlar xəstələnirdi, heç xəbərim olmurdu. Bilirdim evdə dayağım var. Nə lazımdırsa, övladları üçün edirdi. İndi uşaqlar xəstələnəndə qorxuram.

 

- Öz səhhətiniz necədir?

 

- Rafiqin ölümündən sonra o qədər əsəbiləşib, stress keçirdim ki... Sinir sistemimdə, öd kisəmdə, başqa orqanlarda ciddi problemlər yaranıb. Hazırda xəstəxanada mənə sistem köçürdürlər. Əməliyyat olunmalıyam. Bu prosesdən də qorxuram.

 

- Uşaqların tərbiyəsindən razısınızmı?

 

- Tək mən yox, onların tərbiyəsindən hər kəs razıdır.

 

- İki ildir atasız uşaq böyüdürsünüz. Ürəyinizdən keçən hər şeyi onlar üçün edə bildinizmi?

 

- ...(susur) Eləmişəm, amma hər valideynin öz yeri var. Uşaqlar böyüyən vaxt atalarını itirdilər. Ataları da övladlarının yaxşı gününü görmədi. Qəmər qəbul imtahanı verəndə o qədər ağladım ki... Hamı imtahana atası ilə gəlmişdi. Hər cəhətdən adama pis təsir edir.

 

- Özünüzü tək hiss edirsiz?

 

- Rafiqsiz hər gün, hər an təkəm. Hara getsəm, bunu hiss edirəm. Yaxınlarım, uşaqlarım fikrimi yayındırmaq istəsələr də elə bil bir yanım Rafiqsiz əskik qalır...

 

- İstintaqın gedişindən narazısız. İyulun 22-də prezidentə yenidən müraciət etdiniz. Müraciətinizə cavab gəldimi?

 

- Heç nə yoxdur. Nə müstəntiqlərdən xəbər var, nə də müraciətimizə cavab gəldi. Heç nə ilə maraqlanmırlar... Baş prokuror Zakir Qaralov bizi çağıranda dedi ki, ola bilsin, qatil cinayəti başqa ölkədən gəlib törədib. Bu necə ölkədir ki, qatil əlini-qolunu sallaya-sallaya gəlib cinayət törədib gedir? Daxildən məlumat verilməsə, yad ölkədən gələn Rafiqin iş qrafikini nə bilir?

 

İki ay bundan öncə müstəntiq qayınlarım Rafaellə İlqara deyib ki, qardaşının işlədiyi yerdən bir qadın dindirilib. Qadın deyib ki, Rafiq işdə olanda kimsə mobil telefonuna zəng edib, o da əsəbiləşib. Səbəbini soruşanda Rafiq deyib narahat olmayın, həll elədim, mənə dəyib-toxunmayacaqlar.

 

- Sizcə, cinayətdə İranın əli varmı?

 

- Bu fikri heç yaxına buraxmıram. Amma İran da olsa, qatili tapsınlar, niyə tapmırlar? Rafiqin siyasətlə arası yox idi. Siyasi partiyalardan da çox dəvət alırdı, ancaq getmirdi.

 

- İstintaqın uzanması uşaqlarınıza necə təsir edir?

 

- Bilmirəm niyə, amma uşaqlarım utanır. Onları bu işdən uzaq saxlamaq istəyirəm. Ancaq özüm sonuna qədər gedəcəm. Qətli təşkil edən kənar adam deyil. Kənar adam nə bilir ki, Rafiq işdən saat neçədə çıxır, evi haradadır? Bu, planlı şəkildə təşkil olunub. Rafiqin düşməni yox idi. Heç kimə pislik etməmişdi. Dövləti talamırdı.

 

Rafiq yetimlərin, kasıbların adamı idi. Gecə saat 4-də də çağırsalar, durub gedərdi. Pul verəndə də götürmürdü. Xəstələri həmişə deyirdi biz həkimə hörmət etməkdən, həkim bizə hörmət edir.

 

- Ailəyə qarşı təhlükə hiss edirsizmi? Təhlükəsizliyinizin təmin olunmasından razısızmı?

 

- Bizə nə edəcəklər? İşləri yoldaşımla olub. Əvvəllər evin arxasında, önündə mühafizəçilər görünərdi. Amma çoxdandır yoxdurlar. Nə vaxt mətbuata açıqlama verirəm, ikisi-üçü gəlir.

 

- Anası Hüzrə xanımın Rafiq Tağının ölümündən xəbəri varmı?

 

- Rafiq öləndən sonra anasını görməmişəm. Məni qoymurlar yanına gedim, oğlunun ölümünü hiss etdirərəm deyə qorxurlar. Anası heç xəyalına da gətirmir ki, Rafiq ölüb. İnanır ki, xaricdədir, kitabı çıxır, ona görə gəlmir. Rafiq onun ilk övladıdır, canına and içir. Deyir Rafiq tez gəlsin, ona qurban demişəm.

 

- Yazdığı yazılara görə məsləhətləşirdimi sizinlə həyat yoldaşınız?

 

- Həmişə məni çağırırdı, nəsə soruşurdu. Onun sərt fikirlərinə qarşı çıxırdım. Hərdən məsləhətə qulaq asırdı. Bəlkə də mənsiz yazanda sərt olurdu.

 

- Rafiq Tağının elə bir yazısı olubmu ki, deyəsiz kaş onu yazmayaydı?

 

- “İran və qloballaşma qaçılmazlığı” Rafiqin son yazısıdır. Nə vaxt yazıb, xəbərim olmayıb. Amma burada Rafiqin ölümünə səbəb ola biləcək elə güclü əsas yoxdur. Hərdən deyirəm kaş onu yazmayaydı. Yenə də inanmıram yoldaşımı yazıya görə öldürsünlər.

 

Rafiq Allahı çox sevib, Allahdan başqa da heç nəyə inanmayıb. Evdə həmişə “Quran” olub, hərdən oxuyardı. Babası Masallıda məscid tikdirib. Sadəcə, Rafiqin mollaların çoxundan xoşu gəlmirdi. Deyirdi onlar “Quran” oxuyub başqa işlər görürlər. Uşaqları da inandırırdı ki, təkcə Allah var.

 

- Yoldaşınızın nə vaxtsa Azərbaycandan getmək fikri olubmu?

 

- Heç vaxt. Deyirdi öz vətənimə qurban olum. Həbs olunanda yaxınları məsləhət gördü ölkəni tərk etsin. Amma o getmədi. Deyirdi vətənimi qoyub xaricə niyə getməliyəm?

 

Evlənəndən sonra Moskvada 1 il 6 ay yaşadıq. Ancaq mən orada qala bilmədim. Bakıda ev aldıq, indi yaşadığımız evə köçdük. Rafiqin işi də tez alındı. Moskvadan buraxmaq istəmirdilər onu, deyirdilər savadlı həkimsən, qal burada işlə. Amma vətənə qayıtdığına görə heç vaxt peşman olmadı. Deyirdi Moskvada qalsaydım, bəlkə də Rafiq Tağı ola bilməzdim. Buna görə mənə də həmişə minnətdar olub.

 

- Bu evdə yaşamaq ağır gəlmir ki?

 

- İndi ağır gəlir. Qayınım deyir satın, bizə yaxın yerə köçün. Oğlum isə atasına görə bu evdən getmək istəmir. Bu evdə Rafiqin xatirələri var... Özü də buranı dəyişmək istəməyib. Ona görə evi satmağa ürəyim gəlmir.

 

http://musavat.com/news/media/Rafiq-Ta%C4%9F%C4%B1-%E2%80%93-63_159780.html

Digər xəbərlər

Rafiq Tağının "Xural"a müsahibəsi

Rafiq Tağının Anara cavabı: "Rəsul Rza Anarın Axilles dabanıdır..."

Siyasət və Ədəbiyyat

İntibah həsrəti

Molla

Şərhlər