Düşmən dostlar

Tarix: 25-03-2015 11:24
Baxış sayı: 881

 

İran və Yəhya Taşdələn

Azərbaycanımızın təhqirlərinə dözməyək!

...Düşmənlərimizin də əksəriyyəti dostlarımız.

Biri bu İran. Apardığı müharibələrdə taktiki hərbi gedişlərlə yox, ancaq insan qırğını ilə Pirr qələbələri çala bilən dövlət. İran özünü teokratik islam dövləti elan etməklə indiyəcənki dəyərlərinin üstündən elə özü xətt çəkmiş oldu.

İran tarixi, sadəcə, nağılvari hadisələr yığnağına çevrildi. Onsuz da bu tarix gələcəyi ehtiva etmirdi. Gələcəyə işıq ötürmədiyindən darıxdırıcıdır. İran tarixi yalnız lokallıqda əhəmiyyət kəsb edir.

İran tarixçiləri narsisizmə yuvarlanıb. Farsların türklərə sürrealistcəsinə yuxarıdan aşağı baxmağa qəti ixtiyarı yoxdur.

Türklər onlardan fərqli Yer üzündə uçuşlar etmiş, düşdüyü torpaqlarda ən yeni mədəniyyətlər yarada bilmişdir.

Türklər dünyaya yeni əxlaq nümunələri verib. Türklər dünya tarixinin inkişaf gələcəyidir.

İran çağdaş dünyada qorxunc bir mif olaraq mövcuddur. Halbuki ən qorxunc miflər bir uşaq barmağı ilə də dağılandır.

İran yalnız öz vətəndaşının başına daş salmağa qadirdir. İrandakı dini rejim insan təbiətinə ziddir.

Azadlıqlar dini postulatlarla, olmayan müqəddəsliklərlə əldən alınır.

Bahar bayramını islama zidd sayan ali dini liderindən tutmuş, zəlzələlərin səbəbini hicabsızlıqda görən ayətullahına qədər, on ikinci imam Mehdi Sahib əz-zamanı İranda şəxsən özü gözləyən Mahmud Əhmədinejaddan tutmuş, Azərbaycan Prezidentinə hədə biçən qoçu generalına qədər – mücərrəd dəyərlərlə yaşayan bir dövlət uzun yaşaya bilməz. Zikrləri sonraya saxlamaq da olar, kəfən-papaqlarını qabaqlarına qoyub düşünməyin çoxdan vaxtı çatıb.

Dini dəyərlərlə dövlət idarəçiliyinin absurdluğu dünya tarixində çoxdan sübuta yetirilib. İranda savad barı bunasa da çatmadı?

Gündə milyon kərə “inşallah”-“maşallah” deməklə Allah sənə mehr salmayacaq.

Ona qalsa, səhərdən axşama namaz qılan, “inşallah-maşallah” deməkdən dili köndələn durmuş Somali vətəndaşlarının balaları skeletə dönməz, bir tikə çörəyə möhtac qalmazdı. Somali vətəndaşı zikr və dualara itirdiyi vaxtı Allaha xoş gələn real faydalı əməllərə sərf etsəydi, qarnı dalına yapışmazdı.

Dua etməklə həyat qurulmaz.

Pozitiv dövlət quruculuğu Allaha dualardan daha yeydir.

                              ***

Düşmən dostun biri də Türkiyə məskunu Yəhya Taşdələndir.

Hələ məqsədə yetmək üçün bütün vasitələri məqbul sayan digər makiavellistlərimizi,  nifrin və zəqqum dolu yazılarına bol-bol yer ayıran başqa qəzetlərimizi demirəm, 24 iyulda “Xural”ın 166,85 kv.sm-də marığa durub, Azərbaycana köhnə və paslı bir tapança tuşlamış bu insanın”xalqım” adlandırıb da bizə ürəyi yanır. “Artık uyanmalısın” – ardınca da “!!!”. Yəhya Taşdələn Azərbaycan xalqını dövlət çevrilişlərinə səsləyir. Azərbaycanda hərc-mərclik ona və onun kimilərə sərf edər, gümanındayam.

Sülh və dinclikdə yox, yalnız hərc-mərclikdə, dövlət çevrilişinə bu səsləyişində artıq cani sayılası, taşdələnlərə qazanc var. Azərbaycan sivil tərəqqi yoluna düşdükcə fırıldaqçıların imkanı azalır, getdikcə də tükənir.

Azərbaycanda mütərəqqi həyat yəhyataşdələnlərin faciəsidir.

Mikrobların inkişafı üçün münbit “aqar-aqar” mühiti Azərbaycanda yoxa çıxır, “arkadaş”!

                                      ***

Qəzetlərimizdən gileyim var. Sensasiyanın da Azərbaycana gərəkli olanı seçilməlidir.

Qonşu ölkələrdən Vətənimizə sarmaşan dılğırlara münasibətdə qəzetçilikdən üstün vətəndaşlığımız yadda saxlanmalıdır, məncə.

Sən, qəzetçi olaraq, söz və mətbuat hüquqlarını pırpız saçların üzərinə qaldırıb da, Azərbaycanı yıxmalı deyilsən.

Azərbaycan hüquqlardan üstündür.

                                          13 avqust 2011-ci il

Digər xəbərlər

Qış gəldi

Kurort zonasında müharibə

XX yüzildə qərbə son baxış konturları

Toğrulnərimanbəyov rəssamlar

Klassiklərdən sonra, Pərvizdən əvvəldə

Şərhlər