Tarix: 25-03-2015 10:54
Baxış sayı: 1871
“Əsl yazıçı heç vaxt ictimai ağlaşma qurmaz”
Elşən:
- Qan Turalı Xalq Jurnalistikası projesində - “Düşünmürəm ki, dərin məna ədəbiyyat üçün vacib məsələdir”, deyib. Doğrudanmı, dərin məna ədəbiyyat üçün vacib məsələ deyil?
Rafiq Tağı:
- Qorxuram Qan Turalı haqlı ola. Məncə, bu fikri onda hikmət dağarcığı olan klassik ədəbiyyatımız doğurub. Mən özüm Nizamidən “artıq içiləndə suyun dərd verəcəyi” kimi hikmətləri öyrənib də çiyrinmişəm. Çağdaş dünyada didaktik ədəbiyyat devalvasiyaya uğrayıb. Mentorluq institutu ləğv olunmaqdadır. Allah qızılgülü, ya məsələn, sərçəni yaradarkən hansı dərin mənanı güdüb? Yazar da elə olmalı. Yazar öz oxucusunu “məna kameraları”nda dustaq etməməlidir.
Biz yaradıcılıqda təkcə Allahı təqlid edə bilsək, ədəbi üslublarımız qənirsiz olar.
Oxucu:
- Bir oxucu kimi internetdə sizin publisistikanızı, həm də hekayələrinizi oxumuşam. Nədənsə, hekayələrinizin ziyarətçi sayı publisistik yazılarınızın ziyarətçisindən az olur. Sizə elə gəlmirmi ki, publisistikanızda sözün çəkisi daha ağırdır?
Rafiq Tağı:
- Əvvəlcə ondan başlayaq ki, mən heç vaxt publisistik əsər yazmamışam. Deyəsən, esselərimi publisistikaya oxşadırsınız. Sizi qınamıram da: esselərdə publisistikaya zahiri oxşarlıqlar olur. İkincisi, ziyarətçilərin sayı ədəbiyyat meyarı deyil. Üçüncü: mənim sözümün çəkisi nəinki hekayələrimdə, lovğalıq olmasın, hətta müsahibələrimdə də ağırdır. Mənim əsərlərim indiyəcən beş cümlə nəsr höccələməmiş təsadüfi adamlar üçün yox, professional oxucu üçündür.
“Çoban” oxucu dövrü artıq arxada qalıb.
Hekayələrimi əvvəllər bəyənməmiş bəzi yazıçılar belə indi bəyənmək zorundadır. Çünki nəhayət, onlarda da yeniliyə vərdiş yaranır.
Günay:
- Ənənəvi bir sual vermək istəyirəm. Gənc yazarlardan kimi oxuyursunuz?
Rafiq Tağı:
- Məni çətinə saldınız. Burada AYO-çulardan söz salmayacağam. Onlardan desəm, özümüzü öymüş olaram. Üstəlik, Şərif Ağın da sezdiyi kimi, mən qrup maraqları adamı deyiləm.
Getdik... Bu günlərdə mənə yazılarını göndərmiş 17 yaşlı Nərmin Hüseynzadənin mənsur şeirlərini oxumuşam. Bir qədər əvvəl Pərvizin ilk nəsr kitabından sonra ilk “Hər sabah yaşam” şeir kitabını, Kənan Hacının “Özündən qaçmaq olmur”, Sevinc Mürvətqızının “Sən sevgidən yuxarısan”, quşdilixanəmirkülsoyuğunun “Osmanlı (surda gizlənən səs)” kitablarını oxumuşdum. Bu sırada Fərhad Amurun yaradıcılığı ilə tanışlığımı göstərə bilərəm. Əlbəttə, mən burada analiz aparmır, heç bir fikir söyləmirəm. Sadəcə, siz soruşursunuz, mən sadalayıram. Çalışıram da hələlik gənclərdən o yana keçməyim. Qismət olar, bir başqa vaxt “yaşlı gənclər”lə “gənc yaşlılar”dan daha geniş danışarıq. Təkcə bu yaxınlarda Aqil Abbasın “525-ci qəzet”də dərc olunmuş canlı-qanlı, qəlb göynədən “Şair xalqın xalqsız şairləri” adlı möhtəşəm yazısını qeyd etməklə səbrimi basıram.
Hə, dediklərimdən sonra gənc yazıçı Əsəd Nəsirli Qaraqaplanın “Halroman”ı gəldi. Qoy Əsədi bir az qardaşcasına tənqid edim. Bu onun yaradıcılığına ciddi münasibətimdən irəli gəlir. Onun e-mail-inə yazıb göndərdiyim bəzi məqamları sizə də çatdırıram. Roman struktur baxımından maraqlıdırsa da, müəllif duyğularının, lüzumsuz təfərrüatların içinə gömülüb. İctimai əhəmiyyət kəsb etməyən, bədii keyfiyyətlərdən uzaq bu duyğular mənə artıq görsəndi. “Halroman” sevgi yox, hələlik yalnız sevişmək təcrübəsi olan bir yazarın düşüncələridir. Bu əsər yazılası roman haqqında yazı təəssüratı oyadır. Nəsr dili sönük, publisistik ton qabarıqdır. Əlbəttə, mənim dediklərim “kanon” sayıla bilməz. İstərəm də Əsəd mənim bu sözlərimlə razılaşmaya. Onun öz baxışlarının uğuru ədəbiyyat üçün daha vacibdir.
“Halroman”dan beş-üç gün əvvəl Səlim Babullaoğlunun “İlyas Göçmənin şəkil dəftəri” adlı kitabını oxumuşdum. Yeri gəlmişkən, mən bu kitabı çox bəyəndim. Şəkillər, şəkillərə yazılmış şeirlər, şeirlərə yazılmış şərhlər. Forma məni tutdu. Ümumiyyətcə, Səlimdə müasirlik duyğusu hədsiz yüksəkdir. Bu, çağdaş yazar üçün çox önəmlidir. Səlim fikirlərini minimal sayda sözə sığışdıra bilir. Mən onun ciddi nəsrə gələcəyi vaxtı gözləyirəm.
Şərif Ağın bütün hekayələri könlümcədir. Onları oxuyanda, qəlbimin sarı simi dəmir yolları boyunca uzanan yüksək voltlu elektrik naqilləri kimi uğuldamağa başlayır.
Ara-sıra gənc yazarlardan Mövlud Mövludun, Aysel Əlizadənin əsərləri əlimə keçir. “Gənc ədiblər məktəbi” üzvlərinin yaradıcılığı ilə ətraflı tanış olmaq istərdim. “Mövlud” dedim... Onun hələ 13-14 yaşlarından “ədəbiyyat gözü” açıq olub. Həmişə də yaşca özündən qat-qat böyük yazıçılarla qart-qart ədəbiyyatdan danışdığını görmüşəm. Düzü, mən heç onun yaşında canlı şair görməmişdim də. Hayıf, namaz tutuquşuları sırasına qoşulmaqdadır. Onun da şəxsən məni “kafir”, ya “mürtəd” adlandıracağı vaxta çox qalmayıb. Axı, dindarlarda rəngbərəng yarlıqlar olur.
Elmar:
- Sizə həm Azərbaycanın Çexovu deyirlər, həm də Mirzə Cəlildən sonra ən güclü hekayə ustadı. Bu fikirlərdən hansı daha çox qəlbinizə yatır?
Rafiq Tağı:
- Bənzətmələr maraqlıdır. Ancaq mən belə sözləri əlimdə bayraq edənlərdən deyiləm. Mənim təcrübəm çox sevdiyim bu yazıçıların təcrübəsindən tam fərqlidir.
Jalə:
- Dini baxışlarınız dəyişibmi?
Rafiq Tağı:
- Dəyişməyib. Yenə dinləri nəhəng yalanlar sayıram. Bəşər tarixi dinyalanlar silsiləsidir. Dinlə bağlı elmlər süni və yararsızdır. Bəşəriyyət din adlanan cahillik içərisindədir. İşə bax, mən qafasında elm olmayan dindarları cahil adlandırıram, onlar da qafası elmlə dolu məni və mənim kimiləri. Cahiliyyə etap-etap dinlərlə bərqərar olmuşdur.
Dinlərin yalanı Allahı müxtəlif cür interpretasiya etmələrində üzə çıxır.
Tarix boyu böyük dühaların bəlkə də hamısı dinlərə şübhə ilə yanaşıb.
Vüqar:
- Bloggerlər həbs olunarkən niyə səsiniz çıxmadı?
Rafiq Tağı:
- Bloggerlərin həbsi Şərin təzahürüdür. Mənimsə Şərə savaş açanlar arasında həmişə səsim olub. Mənim savaşım nəticə ilə yox, səbəblədir.
Allah özü onların qapısını açsın, qazılar-məmurlar açan deyil.
Famil:
- Jurnalist olub ədəbiyyatla məşğul olmaq rahatdır, yoxsa ədəbiyyatçı olub jurnalistikaya qol qoymaq?
Rafiq Tağı:
- Jurnalistlərin əksəriyyəti ədəbiyyata yazı inersiyası üzrə gəlir. Nəsr mətnləri çaşdırıcıdır, uzaqdan istənilən jurnalistə “gəl-gəl” deyir və onlarda “mən də elə yazaram” kimi səhv düşüncələr, illüziyalar doğurur. Açığı, mən jurnalistikadan ədəbiyyata gələnlərin “bədii yazılar”ından ədəbiyyat iysi duymuram. Əlbəttə, bu həmişə belə deyil və istisnalar mövcuddur.
Ədəbiyyatçınınsa jurnalistika ilə məşğul olması təsadüfi hadisələr sırasındadır. Bu, bal yeyəndən sonra şirinçay içmək arzusu kimi absurd bir şeydir.
Gözünün qurdunu öldürmək üçün jurnalistin ədəbiyyatla məşğul olması nə qədər inandırıcıdırsa, ədəbiyyatçının jurnalistlik etməsi bir o qədər anlaşılmazlıqdır.
Nərmin:
- Nə vaxtsa prezident obrazını yaradacaqsınız?
Rafiq Tağı:
- Belə bir obrazın yaradılmasını heç vaxt qarşıma məqsəd qoymuram. Mən göylərdən mənə diktə olunanları yazıram. Üstəlik, mənim yaratdığım ədəbi obrazlar içərisində tək-tək “böyük adam” taparsan. Məndə “kiçik adamlar” həmişə irəlidədir. Ancaq sizin dediyiniz mövzularda da yazılarım var ki, yəqin onlara rast gəlməmisiniz. Mənim “Heydər Əliyev (qırmızı dastan)” və “Əbülfəz Elçibəy (göy dastan)” adlı portret yazılarım bir vaxt dillər əzbəri idi.
Əfsus, “Tapdaqıstan. Laplandiya” adlı hekayəm də gözünüzə dəyməyib.
Kəmalə:
- Mirzə Cəlilin hansı obrazı Azərbaycan gəncinin ruhuna uyğun gəlir?
Rafiq Tağı:
- Kefli İsgəndər. Məncə, Murad Köhnəqala müasir Kefli İsgəndərdir.
Babək:
- Həbsdə olmuş bir ədəbiyyat adamı kimi niyə məhbəslə bağlı bir yazı yazmadınız?
Rafiq Tağı:
- “Məhbəs” dediyiniz cəzaçəkmə müəssisəsi insanlara həmişə sirli görünüb. Halbuki orda da həyat təxminən “çöl”dəki kimidir. Allahın ədalətinə bax: bizi isidən Günəş eyni tərzdə dustaqları da isidir. Əsl yazıçı heç vaxt şikayətçi düşməz, təsadüfi və ötəri çətinlikləri qabartmaz, ictimai ağlaşma qurmaz. Məhbəs mövzusu müəllifə ədəbi imkansızlıqların ört-basdır edilməsi və süni yazıçı şöhrəti qazanmaq üçün ən yararlı vasitədir. Yazar “gördü, yazdı” prinsipi ilə işlədisə, batdı. Həkim həkimlikdən, hərbçi hərb həyatından, ya bir vaxt “stroybat”da olmuş yazar “stroybat”dan, məhbəsdəki məhbəsdən yazmamalıdır.
Bir də ki, mənim gördüyüm hadisələr adətən 8-10 ildən sonra, faktoloji material itdiyi, ya mənasızlaşdığı halda hekayəyə, ya başqa nəyəsə çevrilir. Mən kənd mövzusundakı hekayələrimi Moskvada, orda xeyli yaşadıqdan sonra yazmışam.
...Vaxt baxımından seytnotdayam, bəlkə məhbəs mövzularına gəlib çıxmadım da.
Aydın:
- Hökumətin qucağında oturan bir yazar ciddi nəsə yaza bilərmi?
Rafiq Tağı:
- Hökumətin qucağında oturan yazar həqiqətdən vaz keçməli olur. Ona görə də onun bütün yazdıqları söz yığınına, tartan-partana çevrilir.
Həqiqət bədii əsərdə ən vacib göstəricilərdən biridir.
Dünyada ən real və maraqlı şey həqiqətdir.
Hikmət:
- Q.Q.Markes deyir ki, ədəbiyyat olmasaydı, dünya heç nə itirməyəcəkdi, polis olmasaydı, həyat tam başqa cür olardı. Markes ədəbiyyata adi baxdığı üçünmü dünya şöhrətli yazar oldu?
Rafiq Tağı:
- Ədəbiyyat olmasaydı, bəşəriyyət heyvan sürülərinə bənzəyəcəkdi. Ədəbiyyat hətta fahişəni də gözəlləşdirir. Amma axı, ədəbiyyat olmaya da bilməzdi. Ədəbiyyat insanlığın xassəsidir. Bu anlamda Markesin “ədəbiyyat olmasaydı” ifadəsi kökündən səhvdir.
Gülər:
- Niyə əksər gənclərin şeirlərində dərin məna və bədiilik yoxdur?
Rafiq Tağı:
- Heç ola bilməz ki, olmasın. Biz gənclər haqqında heç də həmişə obyektiv fikirlər söyləmirik.
Vüsal:
- Rafiq Tağı həkim, yoxsa yazar kimi xalqa daha çox xeyir verir?
Rafiq Tağı:
- “Xalqa xeyir vermək” sovet dövrü ideoloji aldanışlarından biri idi və dövlət maşınının vintciyinə çevrilmiş insanın həyatdan kam almaq vasitəsinə çevrilmişdi. Mən bu cür komplekslərdən uzağam. Mən sadəcə, pis həkim ola bilmədiyimə görə yaxşı həkiməm. Həm də düşünürəm ki, bu sənət mənim çörək ağacımdır. Bir yazıçı kimi də heç kəsin boynuna minnət qoymuram. İndiyəcən yalnız ürəyim istədiyinə görə yazmışam. Yazdıqlarımın nəinki xalqa, hətta qohum-əqrəbama da konkret bir xeyri dəydiyini zənn etmirəm. Amma mənə bütün bunların əksini sübut etmək istəyənlər tapılır. Guya mənim hər iki sahədə millətə xeyrim dəyib. Nə deyirəm, qoy belə olsun...
Yaşar:
- Ədəbiyyat sərhəd tanıyır? Tanımırsa, niyə məmurlarla bağlı açıq hekayələr yazılmır?
Rafiq Tağı:
- Ayrı-ayrı məmurlardan hekayə yazmaq ədəbiyyat yolu deyil. Hətta padşah belə, onda qalmış konkret məmur ola, hansı ümumi obrazın içindəsə əhəmiyyət kəsb edə bilər və yalnız onda maraqlı olur. Qoqolun “Müfəttiş”ində şəhər “qlava”sı heç də hansısa konkret bir əyalət şəhərinin “qlava”sı deyil. Ancaq həm də bütün Rusiya bu cür “qlava”larla doludur.
Ədəbiyyatın ölçüləri sonsuzluq və əbədiyyətdir.
“Xalq jurnalisatikası” layihəsi
Hazırladı: Ramin DEKO
“Azadlıq” qəzeti