İntibah Həsrəti. Sevgilər və Siyasət

Tarix: 13-06-2024 00:30
Baxış sayı: 143

Qardaşlar, leylilər-məcnunlar həmişə var. Real sevgilər irreal məhəbbət
əfsanələrini kölgədə qoyur. Məhəbbət faciələri hətta XXI əsrdə də heyranlıq
doğurur. Bəşər bu faciələrlə nə ədəbiyyata, nə də ordanıb hoppanıb əbədiyyətə
yetmək məqsədi güdür. Sevgilər ən qatı ateistə də Allahın isbatı üçün
qədərincədir. Hamıya sevgiləri ədalətlə bərabər nazil edən Allahın qüdrəti
əskilməz.                
 
Siyasətçilərin də sevgilərinə hər birimiz gündəlik rast gəlirik. Çirkab içrə insanların
bir-birində sezdiyi azacıq ləyaqət dərhal məhəbbət oyadır. Siyasətdə minimal
olum maksimal effekt doğurur. Bir növ, sevgilər siyasəti rövnəqləndirir də. Siyasət
sevgilərlə naxışlanır. Bu gizli naxışlar Şərq motivi törədir. Partiyalarda dolaşan
sevgi nağılları əsrarəngiz folklor nümunələridir. Həri, bu müvəqqəti idarələrdə
əbədi hadisələr baş verir. Həm də partiyalar sevgilərlə monolit olur,
monotonluqda qurtarır. İlahini rəmzləndirən heç də Əlif, Lam, Mim yox,
əzilənlərin bir-birinə məhəbbətidir. Əzilənlərin qovuşmaqlığı padşahların-zadın qız
alıb-verməsinə bənzəməz. Padşahların qız alıb-verməkliyi bir ticarət növüdür.
Bundan iyrənc sülhlər ortaya çıxır.
 
Hər hansı siyasi partiyada bəzən şirin-şirin məktublaşırlar da. Sevgi izharının bu
ibtidai üsulu get-gedə aktuallaşır və həm də sevginin dərinliyinə dəlalət edir.
Nağıllardan biri. Ad çəkməyəcəyəm, iki siyasətçi bir-birini bərk sevir. Buna fəlsəfi
don geyindirmirlər də. Əhvalat uzundur - hər ikisi bu sevgidə əlacsızlıq görür. Biri o
birinin şəklini, ürəyinin başında demirəm, çantasında gəzdirir. Çağdaş insan üçün
çanta ürəyin başı kimi şərafətli bir yerdir. Siyasəti qəzetdən bütöv bir vərəqi
götürüb. Ürəyindən keçir ki, sevgilisi də onun qəzetlərdə çıxan şəkillərindən birini
kəsib saxlasın. Son macal ən müxtəlif qəzetlərdə təkidlərlə şəklini verdirir ki, tez-
tez sevgilisinin yadına düşsün. Onun yadından çıxmasın. O, unudulacağından
qorxur. Unudulmaq onun üçün hər cür siyasi təbaddülatdan daha qorxunc bir iş

olardı. Açığı, siyasi partiya üzvlüyündə məhəbbəti əsas tutur. Məhəbbət havasına
mitinqlərdə başını polis zopası altına qoymağa hazırdır. Polis zopası dinc dövrün
gilyotinasıdır.
 
Qardaşlar, həmin sevgidəki sentimentallıq, görürsünüz, mənim yazıma da keçib.
Mən qripdən çox, lirikaya yoluxanam. Sevgilərlə müqayisə olunanda, siyasət solub
bir heçə dönür. Sevgi yanında siyasət adi və boz bir işdir. Məhəbbət siyasətə
ucalıqları yasaq edir. Siyasətdəki ucalıqlar əksərən sevgisizlikdən şədd eləyir.
Əslində siyasət nədir – insan bicliklərinə dair bir peşə. Siyasətdə İblisin nəfəsi
duyulur. Belə deyək, siyasət cinayətin böyük qardaşıdır. Siyasətdə məhv ehtimalı
güclüdür. Məhəbbətdəsə həyat əbədidir; qarşıdakı ölümlər hələ heç nə demək
deyil.
 
Sevgilər Allahın insanlara verdiyi əbədiyyət şansıdır.
 
Həri, bizim partiya sevəri təzə xasiyyət tapıb: qəzetlərdə cürbəcür şəkillərini
çıxartdırır ki, sevgilisi onlardan birini seçə bilsin. Bəlkə bəxti açıldı - onu gözü
tutdu, aşıqlar demiş, bir könüldən min könülə ona aşiq oldu. Hiyləgər - bir şəkildə
elə durub ki, kirpikləri qəzetdə uzun düşsün. Düşmüşdü də. Bəlkə bu ox
kirpikləriyləsə can ala. Klassik əbədiyyata inanılarsa, kirpiklərlə can almaq
mümkün işdir. Görək. İnşallah. İnamı boş-boşuna güclü idi. Hərçənd bunun
kirpikləri gözəllikdə klassik ədəbiyyatdakı kirpiklərə heç cür tay ola bilməzdi.
Bununkular avitaminozludur. Həyat bozumtuldular. Şəkildəsə nöqsan itir, hər şey
yaxşı alınırdı.
 
O, rəngdən bol qəzetlərdə yusifcamaldır.
 
Ancaq əlacsız sevgilərə hayıf... İlahidən gəlirlərsə də, həyat onlara yox deyir. Həyat
sanki vəhşi və qəddar karkaslardan quraşdırılıb. Bu karkaslar əsasən
dördbucaqlıdır. Bucaqları da düz. Düz bucaqlar iti bucaqlar kimi deşici və
amansızdır.

 
Neynək, hər halda əlacsız sevgilərdən də həyat çarpır. Bu sevgilər ağlamaq
səbəbidir. Bu bir həqiqətdir ki, ağlayanda ürək boşalır. Sevgidən ağlayan kişiyə
alçaqlıq gəlməz. Ağlayıb-ağlayıb təzədən ümidlənirsən. Onu desəm olar, deməsəm
olmaz ki, torpaqları getmiş kişilərə sevgilərdənsə qız kimi ağlamaq hədsiz vacibdir.
 
Dolub-dolub boşalan buludlara alqışlar düşür!
 
Hə, şəklini saxladığı səhifənin arxasında üç-dörd siyasətçinin “morda”sı görsənir.
Bu patoloji-kriminal lay sifətlər sevgilərdən min ağac uzaqlıqdadır. Onlar
arvadlarını da sevməyib alıblar. Onları gözəl arvadlarına xala-bibiləri calaq edib. Bu
informasiyaları mənə eləcə öz şəkilləri çatdırır. Hakimiyyət ehtirasından gözləri
domba-domba və işıltılıdır. Onlar Azərbaycanın kor seksual tipləridir.
 
...Qəzet vərəqinin bir üzü ağ dünyadır, o biri qara. O, sevgisi sayəsində - ağ
dünyada yaşayır. Sevgilisi ona ağ dünyada həyatı ölümdən üstün tutmağı tövsiyə
edir.
 
 
Politika – Cəmiyyət
№ 07 (24)  15-22 fevral 2003-cü il

Digər xəbərlər

Eklektik fikirlər

Mikelancelonun səhvləri

Azərbaycanda hüquq

Mələk

Xiffət “Hörmətli sentyabr”

Şərhlər