ƏKS-SƏDA İLƏ OYUN
B |
ədirin tikəsi Rusyətə atılıb. Yarəb, il boyu kəndə bir yol gələ, ya gəlməyə. Gəlib beş-üç həftəsini əsnəyə-əsnəyə qalıb gedəndə, camaat deyir, hə, təzə bir bəbə onun evinə səmt götürdü. Bu kişi necə insandısa, beş-üç gün qaldığı yerdə sonra hökmən uşaq peyda olur. Onun yediyi-içdiyi əvvəl-axır canlıya çevrilir. Hə, doqquz ayın tamamında bir də görürdün, budey, sonbeşik bəh-bəhlə gəlib çıxdı. Onun sonbeşiklərinin vaxt cədvəli bura qatarlarınkından dəqiqdi. Onlar balıq kimi dekabrlarda sapa düzülür, çünki Bədir özünü arvad yanına həmişə ancaq Novruz bayramlarında salası olur. Camaat onun martdakı gəlişlərinin dekabrda "səsi çıxacağ"ına artıq vərdişkardı. Hətta bir dəfə müstəntiq martda kənddə olduğunu ona dekabrda cılbağasının doğulması ilə isbat eləmişdi. ...Uşaq doğulan kimi də, deyirdilər, hə, indi bu avaranın özünü gözləyin. Gələcək, gələn kimi də təzəsini əkəcək. Bədir uşağının olmasını teleqramsız-zadsız bilir. Əksinə, atalıq borcundan çıxmaq üçün həmişə özü teleqram göndərir: təbrik, təbrik. Elə bil yaddı. Düzdü, bəzən teleqram kəndə körpədən əvvəl yetişir. Hətta bir dəfə onu uşaq olub öləndən sonra almışdılar. Belə çıxmışdı ki, o, uşağın ölməsini təbrik edir. "Martda gəlirəm", - axtarsan, 10-15 ilin bütün teleqramları bu sözlərlə qurtarır. Gələn kimi də uşağın yaş kağızını özü düzəltdirər - "dokument" məsələlərində pərgardı. Sovet hökumətindən it kimi qorxur. Həm də arvadın sənədat işinə qoşulmağını istəmir - niyə yad-yad adamlar arasına çıxsın. Haçan ayaq qoysan, kənd soveti arı pətəyi kimi ayğırlarla doludur. O, bir ilin namusunu iki-üç həftə gözləyir, yenə çıxıb gedir. El onun arvadındakı təmizliyi kəndin dəmir ənənələrindən bilirdisə, ər özü bunu üç-beş il gəlməsə, eləcə üç-beş il uşağı olmamasından güman edirdi.
Bədir əsgərlikdən Rusyətdədir: burasından vurub, orasından çıxır. Hər yerin öz ləhcəsində bülbül kimi ötür. Yalan olmasın, artıq Federasiyanın itləri də onu tanıyır və bu söz heç də məcazi deyil. Kamçatkadan Kalininqradacan, meridianlar və paralellər boyu doğma-tanış itləri var ki, onu görəndə quyruq bulayır, az qalır qucağına atılalar. Biri onu görəndə, Volqanın o tayından bu tayına uçmuşdu. İtdə sevinc insandakı kimi deyil - həqiqi və saf olur. Hə, sən demə, Rusyətdə elə it növü var ki, həyəcan vaxtı qabaq ayaqları qanada çevrilir. Xarici alimlər təkcə bu fakta əsasən Rusiyadakı güclü radiasiya barəsində bar-bar bağırırdılar. Onların fərziyyəsinə görə Rusiyanın haralarındasa uçan insanlar da mövcud olmalı idi. Uçan insanlar tapılası yerdə radioaktiv şeylər basdırılmasına şəkk elənməməlidir.
Bədir Rusyətin XIX əsrinə gecikməsinə həmişə təəssüflənib.
Hə, it "tanış"lar onu görməyəndə həsrətdən zingildəşir. Harda tək oturursa, Rusyət itlərinin zingiltisi qulaqlarını dəlir. Onda Bədir qubarlanır. Bədir indiyəcən cəmi iki-üç şer yazıb ki, elə iki-üçü də itə dair.
...Bədir haralardasa hökmən cinayət də işlədib. Heç ola bilməz ki, gəzəyən adamın əlindən bir xata çıxmasın. Çox gəzən axır bir gün nələrəsə şirnikir. Ancaq elə cinayəti ehtimalına görə də camaat onu istəyir, hörmətini tutur. Canilərin başı üzərində daim cazibəli, magik-romantik halələr fırlanır. Fərz edilən cinayət Bədirə gözəllik gətirirdi. Ondakı zirəklik də elə cinayətdən xəbər verir; axı, canilər tarixən həmişə zirək olub.
Cinayət törətməyən yalnız heykəllərdir.
Bədir təsadüfən bəbəsini beş-on gün qabaqlayır da. Amma gəlişlərini bacardıqca ondan sonraya salır. Bununla da bir gülləylə iki dovşan vurmuş olur. Həm gəlib elə bir zəhmət çəkmədən yaratdığı nağd balasını görür, həm də yerli lotular demiş, gələcək nisyə balanın "fundament"ini qoyur.
Amma kəndə uşaqdan əvvəl gəlmək ona heç cür sərf eləmir. Həm uşağı görmürsən, darıxdırıcı olur, həm də təzəsinin "fundament"ini qoya bilmirsən. Qalırsan avara. Özü də lap uşaqlıqdan bataqlıq sandığı kəndistan yerində vaxt itirmək də ta ona yaraşmaz. Kəndinki - qocalardır; orda mıxlanıb qaldığı vaxtı o, ömür-gün itkisi sayır.
Hər "toçka"sında olduğundan, təzə yerində daim ürəyi Rusyətin köhnə yerlərini çəkəcək. Deyilənlər düzdüsə, o, Rusyətin hər bucağında ən azı iki uşaq əkib. Uşaq - yəni oğlan. İki oğlu yoxsa, qızları 10-a çatsalar da, hesabdan deyildi. Deyirlər, zalım yer-zad əkmir ki - elə uşaq əkir. Çalışır hər yaşayış məntəqəsində qoçubalaları ikidən az olmasın ki, böyüyəndə bir-birinə dayaq dursunlar. Axı, bacıları da üstünə düşəsi - tək oğlan sonra əziyyət çəkər. Yalan-doğru, bir ilin mabədində Rusiyanın cürbəcür yerlərində onun səkkiz-doqquz uşağı olur. Hamısına da rəhmətliklərin - atasıyla anasının adlarını verib. Oğlanlar Qədirdilər, qızlar - Gülnisə. Qarışıq düşməsinlər deyə, dəftərçəsində yerlər göstərilməklə qeydlər aparır: Perm - 2 (iki) oğlan, 1 (bir) qız; Qorki - 3 (üç) oğlan, 2 (iki) qız. Vaxtlar da - yanlarında. Ulyanovsk - hələlik 1 (bir) oğlan, qız - yoxdur. Ancaq oğlanı 2-yə çatdırmamış Ulyanovskdan əl çəkən deyil; atasının qəbrinə and içib. Çünki təkliyinə görə oğlana yazığı gəlirdi. O yadına düşdümü, durduğu yerdə gözlərindən yaş süzüləcək. Böyüyəndə yerli alkaşlar onu şil-küt eləyə bilərdilər. Düzdü, belə şeylərin qabağını almaq üçün hər yerdə uşaqlarına alkaşlara qoşulmamağı tapşırıb. Amma çoxdan gedə bilmədiyi Qazanda bir, yoxsa iki uşağı, yəni oğlu olması özünə qaranlıqdı. Bloknotun həmin yeri cırılmışdı. Neçəliyi məlum deyildisə də, orda çoxlu qızı olduğunu nağd bilirdi. Bax, belə. Onun bir bloknotca uşağı vardı. Uşaqların "metrika"larını analarına saxlayıbsa da, "kopiya"larını özü ilə götürmüşdü. O, dünyanı bir bağlama uşaq sənədiylə gəzir. Xəstəxanaya-zada düşəndə, sənədləri başının altına qoyur - onda başı dik qalır. Uşaqlarından bəziləri şikəst doğulmuşdular: biri Maqadanın qızıl mədənlərində işləyəndə, birisə cuhudu çox olduğundan, qızılı da çox olar deyə, Lvovda yaşayanda. Həm Lvov, həm də Maqadan arvadlarının içi çürük çıxdı. Bir də yəqin uşaqların şikəstliyi qızılla bağlı bir şeydi. Hər halda, qızıldan xeyir gözləmək əbləhlikdir. Lakin yüngülündən olmuş olsa da, qalanlarının da hərəsində bir illət vardı: uşaq xəstəliklərinə azdan-çoxdan bələddi. Uşaqlar böyüdükcə də, keçirdi böyüklərinkinə. ...Balaları hey doğulurdusa, bir ucdan ölürdülər də: bloknotunda ölənlərin ayrıca statistikasını aparır. Hərçənd vicdan əzabı çəkdiyi, uşaqlara diqqətcil olduğu illərdə ölüm faizi birəbeş aşağı enirdi.
* * *
Bədirin kənddəki yeganə oğlu Qədir, beş-altı gülnisədən sonra, mənimlə bir ayda dünyaya gəlmişdi. Rusyətdəki bacı-qardaşlarından da xəbərsizdi. Bədir uşaqlarla jonqlyorluq üçün istinad nöqtəsi seçdiyi kənddə qədirləri heç cür ikiyə çatdıra bilmirdi. Amma zor-xoş çatdırmaq niyyətindəydi. Nə olsun ki, burda hamı özününkülərdi; insan əsas da elə özününkülər içində tənha qalır. Hələlik biri olmuş, biri də olası qədirlər Rusyətdəki qədirlərə başçı olacaqdılar. Burdakıların nəzəri ordakıların üstündən əskik olmamalı idi. Hayana dönə, burdakılar vətəndədilər. Amma yox, əslində elə ordakılar da - hər kəs öz vətənindədir.
Qədir Rusyətdəki bacı-qardaşlarından bircəciyinin də üzünü görməyib: onları sevmədiyini deyə bilməsə də, sevdiyini də deyə bilməzdi. Onların şəkilləri, nədənsə, sevgi törətmir. Yaxud Qədir onları gah sevir, gah sevmir. Bir gün də mənə tapmaca deyəsi: o kimdi ki, həm sevirsən, həm də yox. Tapa bilmədiyimi görəndə, elə özü - "mənim bacı-qardaşlarım", dedi. Hərdən də bacı-qardaşlarının bir çanta şəklini qabağıma töküb göstərəcək. Onların içində qaragözlülər çoxdusa da, göygözləri, yaşılgözləri, qonurları da az deyil. Hərəsində Bədir əminin bir əlaməti görsənir. Sanki Bədir əmi hissə-hissə bu uşaqlara paylanmışdı. Həmin əlamətləri yığıb - quraşdırsan, mozaik bir Bədir alınardı. Haçansa o şəkillər barəsində kənd lotularının danışdıqları indiyəcən qulaqlarımdadır: "Bunların heç də hamısı Bədirdən deyil". "Bə nə, eləsi var, hazır xoxoldur". "Yox, hamısı özününküdü, bu şəkilləri özü gətirib, axı..." Burda lotular ağzından avam söz qaçırmış yoldaşlarını məsxərəyə qoydular: "Ay-hay, bu hələ belə şeylər barəsində anlamaz qalıb".
Bədir övladlarını haçansa bir yerə cəm eləmək xəyalındaydı. Bəlkə onlara utopik bir yer-məskən düzəltdi də. Bunun üçün Azərbaycanın düzəngah bir rayonunda, Kür, ya Araz boyunda torpaq götürmək mümkündü. Orda hamı Qədir və Gülnisə olacaq. Evləri də cürbəcür arxitektura üslublarında. Rusyətin, bir az da Azərbaycanın arxitektura üslubları güzgü kimi orda əks olunacaq. Qocalanacan bu işi görməsə, övladları fələyin badına gedəsidir: avara-giriftar qalacaq, həyatda təklənəcək, yad-yad ölkələrdə qənd kimi əriyib itəcəklər. Amma indidən tez-tez görüşsələr, gələcəkdə anaları bir yerə yığışmağa qoymasalar da, uşaqlar ən azı bir-birinə isnişər, bir-birinin yer-yurdunu öyrənərdilər. Bu ona yazar, o buna. Qardaşlar bacı qeyrəti çəkməyi öyrənər, bacılar qardaş dərdi çəkməklə tərbiyələnərdilər. Gələcəkdə onların içindən ölüb-itəni, hətta tutulanı hökmən olacaq. Onda hamısı olmasa da, uşaqların bir qismi ölkənin hər tərəfindən bir-bir, iki-bir hüzürə, ya dustağa dəyməyə getməlidir. Bə nə! Ya da gedib prokurorla dil tapmalı, tutulanı buraxdırmalıdırlar. Adam öldürübsə belə, bu qədər bacı-qardaşı olan türmədə çürüyə bilməz. Çürüyəcəksə, onların milçək kimi qırılmaları yey.
Bədir uşaqlara təkcə Qədir və Gülnisə adları qoymaqda peşimandı da. Hamısı ya Qədir Bədir oğlu, ya da Gülnisə Bədir qızı idi. Böyüyəndə çaş-baş qala bilərdilər: onda gərək təxəllüs kimi hər kəs adının böyründə doğulduğu yeri də göstərə. Bircəciyi cinayətə görə Ümumittifaq axtarışında olarsa, hamısı saxlanıb dindiriləcək. Bir cinayət üstündə, Allah göstərməsin, oğlanlarının hamısı tutula bilər. Amma hamı boynundan ata bilərsə də, əfsus, qardaşlardan biri hökmən tutulacaqdı. Ancaq bu, şükür elənəsi, qurban kəsiləsi variantdı. Hərçənd belə də çıxacaqdı ki, cəmi qardaşlar bir qardaşın tutulmağına bais oldular. Haqq öz yerini tutmuş olacaqdısa da, qardaşlar öz qardaşına satqın sayılacaqdılar. ...Həm də atalarının şorgözlüyü aləmə faş olacaq. Prokurorların gözləri kəllələrinə çıxacaq: üzdən yerəbaxan, lal görünən bir insanın ərəb əmirlərindən çox arvadı var. Ən azı onu aliment üstündə ilişdirə, cəzalandıra bilərdilər. Bir də axı, kimə və necə aliment kəsilsin. Elə bir iş olarsa, uşaqların hərəsinə 1-2 qəpikdən əskik düşər ki, artıq düşməz.
Qədir və gülnisələr bir-birini dəftərçələrindəki yer qeydiyyatı ilə ayırd edə bilərdilər. Bədirin çeboksarılı, ryazan və saratovlu, hətta Moskva altındakı - metro vaqonları buraxılan Mıtişşidən olan qədir və gülnisələri vardı. Deyilənlərə görə, hər dəfə metroya minəndə, Bədirin gözləri dolur. "Bu vaqonlar buraxılan yerdə mənim balalarım olur..."
O, əsgərlikdən bəri il boyu sərgərdan gəzib Rusyətə övlad-uşaq səpələməyinə "özünü əbədiləşdirmək işi" deyir. Hər bir övladda özünün hansı əlamətisə üzə çıxdığından, guya ölümü indidən mənasızlaşdırmış olur. Axır elə olacaq, deyir, ölümdən qaçıb uzaq başı Maqadana, ya Vorkutaya getməyin çətinliyini duyacaq, di vəssalam.
* * *
Mən əks-sədanı uşaqlıqda tut ağacımızın kəlləsinə çıxandan tanımışam. "Qədir, gəl tut ye!" - qışqıranda, onlar səmtdən eləcə öz sözlərimi eşitmişdim: "Qəd-iir, gəl tu-ut ye-e!" Qədirgilin evi bizimkindən qabaqdaydı. Burda evlərin hamısı üzü qibləyə tikildiyindən, bizim həyətdən qabaqdakı evin yalnız dördbucaqlı arxası görsənərdi. Bu dördbucaqlı "ekran"da kinomexanikimiz bütün yayı kino göstərirdi. Mən pul-zad vermədən kinolara tut ağacımızın başındanca baxardım.
Amma əks-səda yaman xoşuma gəlmişdi. Hərdən "Azərbaycan" şerini burdan mən deyərdim, ordan - əks-səda. İki pişik kimi oynaqlaşardıq. Fikrim vardı, böyüyəndə "Azərbaycan"ı həm öz ifamda, həm də əks-sədanın dilindən maqnitofona yazım. Bir dəfə Qədiri əks-səda ilə ötüşdürdüm. Şərt kəsdiyimiz kimi, 1 May günü mən tutun başından "ura" qışqıranda, Qədir öz həyətlərinin ağzından biz tərəfə götürüldü. Bay, onların evindən gələn "u-ura-a" - uzun boylu bu əks-səda, onu yolun yarısının yarısındaca qoydu. "Ura" kimi həmin gün Qədir "hello" və "alo"nun da əks-sədalarına çatmadı.
Oyunda əks-səda zəfər çaldı.
Bir gün Bədir əmini bizim yoldan keçən görəndə, gözlərimə inanmadım, özüm də bilmədən qiyyə çəkdim:
- Ay Qədir! Qədir-r!
Əks-səda çataçat "Ay-y Qədi-ir"lə üstümə qayıtdı. Mən tezcənə yerə atılıb, Bədir əminin qabağına yüyürdüm.
- Bədir əmi-i! Xoş gəlib-bsən! - qaranəfəs dedim.
Vay, vay, kişi qaşlarınacan ağarmışdı. Elə bil baş-gözünə lopa-lopa qarlar yağandan sonra onu Rusyətdən zənbillə Azərbaycana sallamışdılar.
"Bə-ədir ə-əmi-i..."
- Qoçaq, əgəm bildin, bu qayıdan səsə nə deyirlər?
- Əks-səda. Nə deyəcəklər...
- Bə rusca?
- E-e, bilirdim, yadımdan çıxıb.
- Rusca buna "exo" deyirlər.
Bədir Rusyətdəki balalarının yanından burdakılara dəyməyə gəlmişdi. Artıq dörd çərşənbə də keçib qurtarıb - qabaqda ancaq Novruzdu. Nağd bilir də ki, keçən dekabrda bir Qədir, ya ən azı Gülnisəsi dünyaya gəlib. Əlbəttə, əkiz də istisna deyil. Gəlmişkən də, yəqin təzə birisinin "fundament"ini qoyacaq. Novruzlar Bədirin arvadı üçün ikiqat bayram olur: həm el bayramı, həm də özü demişkən, ərgördü.
Qədir əks-sədadan sonra gəlib çıxdı və gələn kimi dinməzcənə atasına sarmaşdı.
- Mənim tək balam... - Bədir doluxsundu və az qala özü uzunluqda olmuş oğlunu sanki əyib-büküb qucağına aldı. - Dekabrda bəlkəm genə bacı olub?.. - qorxa-qorxa soruşdu.
- Bacıdı.
- Ölməyib ki...
- Niyə ölsün?
- Biz də deyirik ölməsin.
Ancaq Bədir "Rusiya" yox, həmişə "Rusyət" dediyi yerə bir daha qayıtmadı. "Tək" balasını burda qoyub heç cür qayıda bilmədi. "Tək" balalarından barı bircəciyini xilas etməli idi. Biz böyüdükcə də, o kiçilir, dərddən yumağa dönür, ancaq özünü camaat yanında sındırmırdı. "Balacalaşmağım rütubətdəndi, deyirdi, günü sabah Rusyətə dönəm, təzədən pəhləvan olaram".
Poçtalyon Bədirə gündə bir qucaq məktub gətirir; balam, balaları onu istəyirmişlər.
Bədirin qəddi qabağa, bir az da sola əyilməkdəydi. İşə bax, Rusyət bu törə və əyiş-üyüş kişinin uşaqları ilə dolu idi. Onun həyatı nəzərdə tutduğu kimi özündən kənarda guruldamaqdaydı: qədir və gülnisələr sayəsində bir yandan nəvələri də həndəsi silsilə üzrə çoxalır. Bədir utopik ideyalardan əl çəkmişdisə də, geniş coğrafi ərazili, çoxsaylı - fantastik bir ailə sahibi idi.
* * *
Tərs kimi Bədirlə mənim xəstələnməyimiz bir günə, bir saata düşdü. Onun hayı gələndə, mən möhkəmcə titrədirdim.
- Bu s-sa-at mə-ən də g-gəl-lirəm! - dedim. - Q-qoy bir az öz-zümü d-düzəldim.
Bizdə kim varsa, hamı onlara qaçdı. Mən köynəyi bəlkə də tərs-avand, şalvarı dal-qabaq geymişdim. Corabın bir tayını tapıb dəli kimi də o birini axtarmaqdaydım.
Vay, gedib nə gördüm: mən dar kənd yolunu və onu muşayiət edən xəndəyi çəpəki aşanacan, kişi bu dünyayla o dünyanı birləşdirən gedər-gəlməz uzun bir yolu düzünə adlaya bilmişdi. O, Rusyətdə əxz elədiyi, tez-tələsik yığışıb harasa getmək qabiliyyətini bir daha sübuta yetirdi.
Əlbəttə, onun Rusyətdəki uşaqları dəfnə gəlmədilər. Teleqram vurub xristian qaydasınca oğul-uşağı iki gün-iki gecə gözlədilərsə də, it ölüsü, köpək sürüsü, barı elgözünə bircəciyisə gəlib çıxmadı. Bədiri kənd basdırdı. Onların atalarına sevgisi məktub həddindəymiş. Daldan atılan daş topuğa dəyər: qırxına yaxın yadlarınkı kimi başsağlığı məktubları axışmağa başladı. Teleqram da yox, məktub. Mənim dostum Qədirin də keçən il getdiyi bu beş addımlıq Bakıdansa sorağı çıxmadı. Yəqin heç bəd xəbər hələ ona çatmayıb da. Ya da atasının dərhal haralarasa köçüb getmə ustalığı ona da keçib: dedilər köçüb Mahaçqalaya. Mahaçqala - onun həyatında atasınınkılara bənzər ilk addım oldu.
...Qədir tək qaldı.
1997, fevral - mart