Homeostaz. Köhnəlmiş Mədəniyyətlər Səmtində Düşüncələrim
Tovuz- Bakı
Müharibələr mədəniyyətlərin fövqündə baş verir. Belə getsə bəşər
mədəniyyətdən üz döndərəcək. Bir yönümdə nə qədər tədris olunarsa da,
mədəniyyət öz nümunələri ilə çeşidli yönümlərdə, özü də gözlənilmədən təzahür
edəsidir. Barmaqla göstərilən istiqamətlər həmişə lüzumsuz olur. Ona görə də
mədəniyyət vasitəsi ilə bəşəriyyət istədiyinə yetməyəcək, hərçənd hələ bu istək
özü bir müəmmadır. Bütün yalan-palanları kənara qoysaq , həqiqətdə bəşərin
istədiyi utilitar şeylərdir. Bəşər mədəniyyətə zövq-səfa mənbəyi kimi baxır.
Mədəniyyət instinktlərin ödənişinə məsrəf olunur. İnsan cəmən dinc yaşamaq
üçün heç vədə yetkin qanunlar düşünə bilməyəcəyini görüb mədəniyyətə göz
dikdi. Mədəniyyət zaman-zaman antisanitar durumlu insan mənəviyyatının
təmizlənməsində, yəni ki, cinayətə sipər rolunda işləndi. Hərçənd bundan bir
fayda alınmadı. Mədəniyyətlər ideyalara, yaxud da ideoloqlara iynə ucu qədər
təsir göstərmir. Hitler Motsartı can-dildən sevirmiş. Yaxud mən bir pedofilin
klassik musiqi həsrətində bulunduğunu öz gözlərimlə görmüşəm.
Mədəniyyət nümunələri Allahla bağlı yarandığından, hörmətli bir əşya, yaxud
bəzək kimi işlənir. Qədim romada arxitektorların əməyi komfort səmtinə
yönəlmişdi. İnsan dikbaşcasına daim rahatlıq istəyir. Lakin onun bu istəyində
idbarlıq görünür. Bunda heç bir gözəllik, işıqlı fantaziya yoxdur. Rahatlıq arzuları,
azadlıq və ədalətin inkarına səbəb ola bilər.
Mədəniyyət bütün dövrlərdə güclülər tərəfindən mənimsənilib və ən yaxşı halda
əsilzadəlik iddiasına gətirib çıxarıb. Əsilzadəlik zorla alınıb mənimsənilmiş
mədəniyyətlərin təzahürüdür və göründüyü kimi onun məğzində cinayət durur.
Mədəniyyət özlüyündə müharibələri doğurur, yəni müharibələr əslində
mədəniyyətlər uğrunda gedir. Müharibələr adətən daşınası mədəniyyət əşyaları
qurtaranda qurtarır. Xüsusən bu keyfiyyət əski müharibələrə xasdır. XX yüzildə
müharibələr ideolojiləşdi. Hərçənd faşizmlə kommunizm toqquşmasında da hazır
mədəniyyətlər gözdən qaçırılmır, fürsət düşdükcə həzmi-rabedən keçirilirdi.
İndiyənəcən erməni-türk çaxnaşmalarında qədim mədəniyyət elementləri əldə
bayraq edilib. Məsələn, Mesrop Maştotsun "əlifba" adlandırdığı uşaq
cızmaqarasının qədimliyinə (b.e. v əsr) istinadla ermənilər daim böyüklük
iddiasında bulunublar. Halbuki, müharibə "teatr"-larında onların "böyüklük"-ləri
aləmə faş olub. Hər halda türklərin onların iç üzünü yaxşı görüb. Mədəniyyət
çağdaş dövrdə millətin mövcudluğuna haqq qazandırır, onun yaşamına vəsiqə rolu
oynayır. Elə binayi-qədimdən də belə olub. Mədəniyyəti oğurlanmış, yaxud
talanmış xalqlar yoxluğa məhkumdur.
Bəşəriyyət ona başucalığı gətirməyən oyun-oyuncaq tarixi ilə sübuta yetirdi ki,
mədəniyyətlə onun, heç bir üzvi bağlılığı yoxdur. Yəni mədəniyyətlər göylərdən
endirilən ideyalarla hasilə gəlir və heç biolojisində demirəm, insanın mənəvi
xromosomlarında da kodlaşa bilmir. Ona görə də mədəniyyət heç vaxt onu
dəyişdirə bilmir. Mədəniyyət bəşər tarixinin çox-çox sonrakı dövrlərində Yer üzünə
bir eksperiment kimi yollanıb. Bu eksperiment hələ də bitməyib, hərçənd insan
artıq ondan yorulub. Bir müddət insan, mədəniyyəti rövnəqləndirmək, necə
deyərlər "inkişaf etdirmək" xülyasına düşdü, lakin niyyət baş tutmadı. Mədəniyyət
Allahın təzahürü şəklində təsadüfən peyda olur. Allahsa ən ali məqamda statikdir;
bu mənada "mədəniyyətin inkişafı" təbiri gülünc səslənir. Hər halda insan
mədəniyyətə müdaxilə həvəsində çırpınıb, lakin bu amacda heç də uzağa
getməyib. Kim deyər ki, muğamlar Mədəniyyət Nazirliyinin təşkilati işi sayəsində
ortaya çıxıb.
Bəşər mədəniyyəti uzaqlara apara bilməyəndə xeyli məyus oldu. Çünki fəxarət
üçün bir səbəb qalmamışdı. Yalançı ideyaların təlqini ilə yaranmış "hər şeyə
qadirlik" inamı puça çıxırdı. Onda... sivilizasiyaya əl qatdı. Yenə ilkin niyyətdə
bulunduğu komfort xatırlandı. Baho, sivilizasiya insanı bu istəyinə asanlıqla
qovuşdurdu. Sivilizasiya faciəvi sonluqla bitəcəksə də, hələlik insanı qane edir.
Mədəniyyət Allahın verdiyi, sivilizasiya insanın uydurduğudur. Hayıf, mədəniyyət
faciə ilə bitməyəcəkdi, insan ona qədir-qiymət qoymadı. Bəşər mədəniyyətə
biganə qaldı, onun mədəniyyətə dair bütün söz-söhbətləri boşboğazlıqdan başqa
bir şey olmadı. Bəlkə elə bu səbəbdəndir ki, bəşər vaxtaşırı İlahın özünə də biganə
qalır.
Çağdaş anlamda dinlər də bəşər mədəniyyəti elementləridir. Hərçənd, dinlərdə
despotiklik var. Dinlər, insanın despotik ruhuna rəğmən, bu ruha münasib ölçüdə
göndərilib. Bəlkə də yalnız dinlərin nümunəsində mədəniyyət insanı "ram" edə
bilib. Dinlər ilahın təntənəsidir. Bununla ilah öz yaratdığını görüm dairəsindən
itirmə təhlükəsindən qurtuldu.
Bəşər mədəniyyəti epoxaları despotlar sayəsində bərqərar olub. Despotlar,
mədəniyyətlərə sahib çıxmaqla, israfın, özünütükətmənin qabağını alıblar. Azadlıq
mahiyyətcə mədəniyyətlərin ölüm məqamıdır. Azadlıq heç də mədəniyyətlərin
"çiçəklənmə"si üçün nəzərdə tutulmur. Azadlıq bəşər instinktlərinin çin olması
yoludur ki, bu da özlüyündə mədəniyyətdən önəmli məsələdir. İnstinktlər
içərisində mədəniyyətin heç izi də yoxdur, olsa da, bu artıq görünür. N. Berdyayev
azadlıqda rahatlıq təminatçısı sivilizasiyanın mədəniyyətdən üstünlüyünü göstərə
bilmişdi. Mədəniyyət uğursuzcasına insan rahatlığı naminə işlənilmişdisə də,
sivilizasiya bu mənada daha effektli alındı. Mədəniyyət bu məqamda bir qədər
kənar və ölgün təsir bağışlayır.
Müharibələrdə, ələlxüsus müharibələr arasında, mədəniyyət ədalətsiz xalqların
təkəbbür elementinə çevrilir. Almanların mədəniyyəti zaman-zaman militarizmin
əsasında durub. Mədəniyyət sonucda ekspansiya ilə mənalana bilir. Ən təzəsi
serblərin misalıdır. Ona görə də müharibəyə qurşanan xalqın ilk növbədə
mədəniyyəti beynəlxalq qanunlarla faydasız, hətta zərərli bir şey elan olunmalıdır.
Bu, cəza sayılardı. Küll halında mədəniyyətlər haçansa müharibələrə sövq etdirir.
Bir millət ərköyünlüklə başqa milləti əzmək işində öz mədəniyyətinə mənəvi
dayaqlanır. Bu mənəvi "dayaq"lar sayəsində müharibələr labüdləşir.
Həm də mədəniyyətlər göylərdən enən nurun qabağında tromba çevrilir, ilahın
inkarına səbəb olur. Ateizm adətən mədəniyyətin yüksək səviyyəsində törənir. Bir
vaxtlar İsa peyğəmbərin adına sığınmış pravoslav ruslar ədəbiyyat və
mədəniyyətin zirvəsinə çatanda, ateizmə qurşandılar. Mədəniyyətlərin plankası
endikcə insan öz yaradıcısına da çox sadiq qalır, ona asi olmur.
Ateizm bəşəriyyətin mədəniyyətlə zəhərlənməsindən törənib.
İnsan tərəqqi üçün başqa üsullar tapmalıdır. Mədəniyyətlər ümidsizcəsinə
köhnəlib, sivilizasiya isə yalnız can rahatlığı üçün yararlıdır. Yaxşı ki, bəşər Allahın
mədəniyyət eksperimentindən qurtulmağın da labüdlüyünü dərk edib. Köhnəlmiş
mədəniyyətlərin ölü ruhundan qurtulmaqla azadlığın imkanları genişlənmiş olar.
İnsan canı üçün nəzərdə tutduğu sivilizasiyadan birini də, qəlbi üçün fikirləşəcək.