Sivilizasiya və Azərbaycan

Tarix: 04-04-2018 12:11
Baxış sayı: 1437

 

Azərbaycan daim patriarxal ölkə olub. Mədəniyyəti də patriarxallığa rəğmən təşəkkül tapıb. Lakin sivilizasiya ona şeytan nəfəsi kimi dəydi. Sivilizasiya Azərbaycana əsasən müharibələrlə gətirilib. İslamı ərəblər qılınc ucunda gətirdi. Dünənəcən tutuquşu kimi əzbər dediyimiz Qurandan yek kəlmə anlamazdıq. Yad mədəniyyətlər millətin iç dünyasına yönümlənmir. Bizdə imperiya biçimli, təqlid xarakterli hərbi qüvvələr heç cür bar vermir. Yəqin  hərbin xalqımızın mentalitetinə uyğun formaları tapılmalıdır.

 

Sivilizasiya Azərbaycanda ən azı ekoloji qəzalara bais olub. Artıq Sumqayıt azərbaycanlı təfəkküründə sivilizasiyanın inkarını labüdləşdirir, hərçənd bunun özü dünya ilə aramızda uçurum yarada bilər. Sivilizasiya təbiətdəki harmoniyanı pozur, insan psixologiyasındaki müvazinəti laxladır. Bunları deyə-deyə ona gəlirəm ki, sivilizasiya Qafqaz arxasındakı müdhiş addımlarıyla Azərbaycanı fəlakətə uğratdı. Qarabağ ətrafında müharibələr son iki yüz ildə daim olubsa da, erməniləyin qələbəsi məhz XX yüzilin axırında baş tutdu. Qərb bölgəmizin adamı heç də qeyrətsizlik, ya şərəfsizlikdən torpağı atıb qaçmayıb. Əsas səbəb qonşu ölkə ilə sivilizasiya disbalansıdır. Yəni sivilizasiya fövqündə quraşdırlmış hərb maşını yağı əlinə tez keçdi. Azərbaycan seytnot vəziyyətinə düşdü - sivilizasiya fərqi vaxtında aradan götürülə bilmədi. Amma nə qədər gec deyil, hərb timsalında sivilizasiyanın düşmən ölkə ilə müvazinətinə hökmən çatmalıyıq. Azərbaycan neftini satıb qarına-quruna yox, müasir silahlara verməlidir, yoxsa torpaqların ardınca millətin xarakterindən namus da silinib gedəsidir. Ermənistanı hərb sandığını boşaltmağa sövq etdirə bilmərik deyə, öz "sandığ"ımızı doldurmalıyıq. Kim nə deyir desin, sülh hərbi müvazinətdən qopub uçan "göyərçin"dir. Atom müvazinətinə əsaslanan tetçerizm sayəsində yeni Avropada sülh yarım əsrəcən uzanmışdı.

 

Azərbaycana sivilizasiya, əsasən də onun köhnəlmiş "məhlul"ları həmişə Avropadan, ya onun timsalında Rusiyadan inyeksiya olunub. Sivilizasiya üzündən, yəni əslində onun yoxluğundan məğlubiyyətlərimiz çoxdan başlayıb. Genofondumuz kasadlaşıb. Millətdə cırlaşma, fiziki cılızlaşma baş verib.

 

XX yüzilin sonunda gəlib sərhədlərimizə dirənmiş, insanın canına vəhşət oturdan dünya sivilizasiyasının bizə təzyiqi hədsizdir. Sivilizasiya Azərbaycana soxulmaq üçün Ermənistanı məkan seçib. Sivilizasiyanın nəhəng bulanıq dalğaları vaxt-bivaxt rəngarəng mədəniyyət daşlarımızı çirkabla örtür. Mədəniyyətimizlə bəşəriyyətə sübut edə bilmişik ki, Azərbaycanın dünyada yeri haradan harayancandır. Biz mədəniyyətlə kodlanmış xalqıq. Sivilizasiya yatıb yuxumuza da girməzdi. Ermənilər bunu duyub məqamında sivilizasiya ilə yaraqlandılar. Bəlkə də elə biliblər fil qulağında yatıblarsa, daha türklərə Azərbaycan lazım deyil.

 

Biz Ermənistana yox, sivilizasiyaya basılmışıq.

       

Sivilizasiya həmişə ona biganə ölkəyə ziyan gətirəndir. Postindustrial, yaxud informasion cəmiyyətlər ildırım sürətilə gələcəyə yürüməklə bizi tarixin torpaq yollarındakı tozanaqda itirir. Sivilizasiyanın regiona gəlimi Azərbaycan torpaqlarının gedimi ilə həmişə sinxron olub. Sivilizasiya qabardıqca insanlardakı əzəli ədalət hissini də əzib yox edib. İndi dünyəvi ədalət yalnız muzey cansızlığı təhərində, zahiri ölçü şəklində saxlana bilib.

 

Hər nədirsə də, adına "vəhşi" deyilməli olsa da, biz dünya sivilizasiyasına adaptasiyaya məcburuq dünya sivilizasiyasının Azərbaycana daxil olması mexanizmləri işlənməlidir. Əlbəttə, onun köhnəlmiş "məhlul"larını rədd etməliyik. Etnopsixolojimizdəki mühfizəkarlıq dəf olunmalıdır. Hər saat mistik tərzdə durub deməliyik: onsuz sivilizasiyanı esxatoloji yoxluq gözləyir. İşə bax, arzu-gümanımız bir vaxt sivilizasiyanın tükənməsinə, təzə bir Nuh tufanınadır. Belə getməz.

 

Əlbəttə, bəşər sivilizasiyadan xeyli məyus olub, tərəqqinin əvvəlki tempindən üz döndərib. Elə bunun özü bizim üçün təsadüfi tarixi imkandır. Bəlkə əl-ayaq edib bəşəriyyətin əvvəlki mümkün tərəqqi tempini mənimsəməklə dünya ilə sivilizasiya tarazlığına yetə bildik. Yox, Allaha pənah, nə bilim, Günəşə ümidlərlə mövcudluq əyyamları ötüb keçdi. Bütün mifik qüvvələr etibarsızdır. İçimizdəki özümüz quraşdırdığımız labirintlərdə xilaskar qüvvələr gizlənib. Qaraçuxamız onlardır.

 

Yeni Müsavat, N°3, 17/01/1996

Digər xəbərlər

Keçmiş və gələcək nağılı. Korrida

Əsəd Qaraqaplan: "Rafiq Tağının sağlığına" (2009)

“Ədəbiyyatda məqsədim əbədiyyətə çatmaqdır. Mən xoşbəxtliyi yalnız əbədiyyətdə yaşamaqda görürəm”

PSİ­­Xİ­­AT­­RİK KLİ­­Nİ­­KA­­DA FOR­­TE­­Pİ­­A­­NO OTA­­ĞI

Azərbaycan qatarı

Şərhlər