Faciə: şərq-qərb konteksti
Faciə bəşəriyyətin səciyyəvi хüsusiyyətidir və оnun qeyri-kamilliyinə dəlalət еdir.
Bəşər mükəmməl silahlar icad еtdikcə də bu nakamillik daha bariz üzə çıхır.
Əlbəttə, faciə rəmzli insan heç də ali məхluq sayıla bilməz və оnun həyatı təbiətin
adi bir təzahürü kimi anlaşılmalıdır; mən müharibələri də təbiət hadisələri sırasına
qоşardım.
Bəşəriyyət öz yaşamını tənzimləmə qabiliyyətində dеyil: harmoniya cəhdi
əbəsdir. Ağ-qara kоntrastı tərəqqi əngəlidir. Bəşər əməllərinin məntiqi nəticəsi
sülh yox, müharibələrdir. Getdikcə də sivilizasiya daha çox cahan müharibələrinə
boylu olmaqdadır. Əslində bəşər dilinin leksik tərkibi Adəmdən üzü bəri daş, ox,
xəncər, qılınc, “kalaşnikov”, napalm, atom-neytron bombaları və bu kimi digər
mənhus ifadələrdən ibarət olub. Sülh müharibələrin par-par yanan zil qara
müstəvisində defektogen işıqlı sahələrdir. Sülh bəşəriyyət üçün konsensdir.
Faciə əzəli və əbədidir. Bəşər bu fatal sadizmlə barışıb; hətta onunla bəzəklənir də.
Ağrı artıq fəzilət,mənəvi ucalıq sayılır. Əzabsız insan mənasız, çox zaman da
yaramaz elan edilir. Buddizm, həmçinin sonradan daosizm və konfusiçilikdən
doğulan ədəbiyyatın Qərbdə uzun müddət dərk edilməməsi bu səbəbdəndi. İdeal
qəlb dincliyi-nirvana halı Qərbdə yüzillər boyu nəşət etmiş qorxunc ideyalar
fonunda gülünc görünərdi. Metafizik nirvana Qərb insanı üçün qəbuledilməzdir.
Qərbdə ədəbiyyat və sənət yalnız ağrı və əzabla süslənəndə hər hansı dəyər kəsb
edir.
Bəşər tarixi təkcə əzabdan xali İntibah dövrü sənətindən rövnəq tapdı. Odur ki,
xristian İntibahı daha parlaq, harmonik və ilahi sayılmalıdır. Sonradan əzab
əvvəldəki kimi yenə nümayiş və fəxriyyə predmetinə çevrildi. F.Dostoyevski də
daxil - əksər sənətkarlar birbaşa əzabı vəsf qılası oldular. Qərb ədəbiyyatı və
sənətində öz naqisliyindən doğulan faciə absurdcasına insanın mənasına çevrildi.
Şərq sənətində faciə maksimum batində, Qərbindəkindəsə maksimum zahirdədir.
Şərq miniatür sənətində hətta müharibə səhnəsi də əzabsız qavranılır: sənətdəki
gözəllik döyüşdəki vəhşəti üstələyir. Şərq sənəti faciədən yüksəklərə qalxmaq
əzmindədir. Nə Nizamidə, nə Füzulidə faciə göz yaşları üçün nəzərdə tutulub.
Füzuli faciəsi daim insanların estetik yüksəlişi məramında bulunub. İnsan əslində
həyatda düçar olduğu faciə ilə ədəbiyyat və sənətdə də rastlaşmaq istəməzdi.
Onsuz insan faciədən qaçmağa yer gəzir və bu yer bəlkə yalnız ədəbiyyat və sənət
ola bilər. Realizmi Qərb uydurub və realist Qərb mədəniyyəti faciələrin başı
üzərinə gözlə görünən hündürlüyə qədər enə bilib. Realizm az qala Yerə toxunub
çiliklənmə həddindədir. Realizm insanın ən biabırçı, naturalist faciələrini də sənətə
gətirib. Bəşər naqislikləri tarixə realizmlə nəqşləndi. Realist Qərb sənəti bəşər
faciələrinə əlavələr kimi ortaya çıxdı. Realizm sayəsində insan insandan bezdi.
Realizm insanın insana nifrətini artırdı.
Qərb yaşam tərzi, həmçinin Qərb mədəniyyəti dünyəvi faciələri ancaq çoxalda
bilib. Bu mənada dünya qarşısında Qərbin günahı hədsiz böyükdür. Hərçənd
Qərbdə faciənin həlli Şərqdəkindən asandır. Şərqdə faciə inkapsulyasiya halında
əbədidir. Faciə Şərq sənətində qabardılmır və bununla da sanki neytrallaşdırılmış
olur. Şərqdə realizm işləmir, Qərb isə faciəni bayrağa çevirmə nevrozuna düçardır.
Əlbəttə, çağdaş dövrdə Qərblə Şərqin bir-birini diffuziyası artıb və hələ artacaq da.
Ancaq Qərblə Şərqin homogen bir sənət məkanına çevriləcəyini ehtimal edənlər
yanılırlar. Əksinə, texniki bağlantılar nə qədər artacaq və Şərqlə Qərb zahirdə bir-
birinə nə qədər oxşayacaqlarsa da, mədəniyyətlərindəki fərqlər getdikcə daha
görüntülü olacaq. Gələcək Şərqlə Qərb kontrastını həmişə artıracaq; bu, total
Şərq-Qərb çaxnaşmalarına da gətirib çıxara bilər. Faciələrin mədəniyyətlərdən
törənənləri dözülməz və yenilməzdir. Bəşəriyyət yalnız öz içindən şahə qalxan
faciələrin qurbanı olacaq. Özü də onun faciələri hökmən axırıncı insandan
sonrayacan da qalxacaq. Yer şarının təzə qatı bəşər faciəsi çöküntülərindən
yaranacaq.
Noyabr,1997. “Müsavat” qəzeti