“Əbədiyyətə çıxışlar” Konspekt

Tarix: 13-06-2024 00:15
Baxış sayı: 189

Azərbaycanda uşaq vaxtı rəssam, böyüyüb arvad alanacansa şair olurlar, həri,
arvadla poeziya sönür. Sən canın, fikir ver, adına müqəddəs deyilən ailə poeziya
ölüsündən törənir. Hərçənd indi bir az tərsinə olub: həyat xarablaşdıqca
şairlərimiz çoxalır və onlar hətta arvad alırlarsa da, şairlikləri davam edir. Eşq
onların başına artıq həmişə vurur. İlham quşu – daimi qonaqlarıdır. Mismar kimi
düz misraları qəlblərdə iri deşiklər açır. Respublika şeriyyətilə motal kimi
doldurulur. Amma total poeziyadan sonra ümummilli ölüm gəlir. Həri, artıq
poeziya aqonal durum göstəricisidir. Mən şerə yoxluq preludu deyərdim.
Qardaşlar, poeziya fonunda Azərbaycan xalqı tarix səhnəsindən bilmərrə silinə
bilər. Tarix səhnəsi nədir ki – orda tez-tez bu və ya digər millətə “bas bayıra”
deyirlər.
 
Azərbaycan əbədiyyətə ədəbən sözlə çıxmağa çalışıb. Halbuki ora qədim misirlilər
kimi ehramla-zadla da çıxmaq olardı. Torpağımıza ağırlıq salardısa da, hər halda,
ehram Azərbaycanı hörmətə mindirərdi. Görün sizə nə deyirəm, əbədi daşlar
arasında dürlü sirlə gizlənər. I Pyotrdan əbədiyyətə Sankt-Peterburq qaldı, Heydər
Əliyevdənsə qaçqın şəhərcikləri qalacaq. Ancaq bunlar heç.
 
Qardaşlar, Azərbaycandan əbədiyyətə çıxışlar bağlanmışdır: öz taxt-tac rekviziti ilə
ora yalnız padşah, o da dal qapıdan keçə bilər. Azərbaycandan əbədiyyətə yeganə
dal qapı çıxışı qalmışdır. Kimin də könlündən əbədiyyət keçirsə, əvvəl padşahın
dalına keçməli, yalnız oradan ora sevişməlidir. Çifayda, əbədiyyətə padşahımızdan
özgə layiqlisi qalmamışdır. Çün hamının canı xəstə... Əbədiyyətdə qanad çalmaq
kosmosa uçmaq kimi bir şeydir. Bizim distrofiklərsə uçmağa qapı tapa bilməz,
tapsalar da, o qapını aça bilməzlər. Artıq azərbaycanlılarda qapı açmağa taqət
qalmamışdır.
 
...Amma əbədiyyətdən gələn işıq dal qapıdan yalnız padşahın dalına düşür. Dal
padşahda başdan işıqlıdır.
 

Qardaşlar, mən əbədiyyətə taqqa sümüklərlə də çıxa bilərəm. Gələcəyə oyun
havalarımız qalacaqsa, zərif said və incik sümüklərim nağara çubuqları yerinə
işlədilə bilər. Said və inciklərim xalq musiqində, yoğun qamışlarımsa estradada
tətbiqini tapar, inşallah. Xəyyam və Hafizin ardınca kəlləmi mən də cam yerinə
təklif edərdim. Hərçənd bir Azərbaycan türkünün kəlləsi cam üçün layiq
bilinərmola?
Mənim kəlləm uca məclislər camına yarayarmola? Hər halda, mən sümüklərimin
gərək olacağı sənət sahələrinə rəğbətimi gözlətmir, onlara dünya durduqca
durmaq arzulayıram. Səmimiyyətimə inanın ki, indi mənim əbədiyyətə çıxış
imkanım yalnız oyun havalarıyladır. Gümanım bu qeyri-ciddi şeyədirsə də, Ətağa
cəddi, özüm ciddi oğlanam. Hələ ta Sovet vaxtından o qədər ciddiyəm ki,
bayramlara-zada nifrət edirəm. Mən yalnız qul əməyimlə şövqlənirəm. Hə,
əbədiyyətə süzə-süzə olmasa da, nağara və təbillərə ağ-ağ sümüklərimlə çırpıla-
çırpıla gedərəm, inşallah. Bir də skeletimin işlədilə biləcəyi anatomiya muzeylərinə
ümidliyəm. Ümumiyyətlə, anatomiyaya eşq olsun! Onu desəm ayıb olmaz,
deməsəm ayıb olar ki, elə mənim əbədiyyətə əsas çıxışım da anatomikliyimdədir.
Hüquq cəhətincə demirəm, anatomikliyimlə mən də növi-bəşərəm. Dəlmə-deşik
cəhətcə də hamıyla bərabərəm. Dəlmə-deşiklərim hətta padşahlarınkıyla da
eynidir. Səmimiyyətimə inanın, hər hansı padşahla məni paralel uzatsalar, hər
yerimiz simmetrik olar. Ya, məsələn, mənim ora-burama baxmaqla padşahınkıları
asanca fərz etmək mümkündür. Gör ki, günlərin bir günü padşah xəstələnəndə
mənim səviyyəmə enmişdi. Paralel xəstələnmişdik. Hərçənd o bunun hikmətinə
varmadı. Hikmət onun üçün həvəssiz şeydir. Padşahımız əsasən müşavirə
hikmətlərinə aludədir. Hə, həm də onu desəm yerinə düşər, deməsəm yerinə
düşməz ki, skeletlərimiz mifik bazarlara çıxarılmış olsalar, mənimkinə kərgədan
buynuzu kimi padşahınkından yüksək qiymət qoyarlar. Hər halda, cavan skeleti
rövnəqli olar. Əlbəttə, bunlar da heç.
 
Mən əbədiyyətə istəklim siyasətlə çıxmaq istərdim. Səmimiyyətimə inanın ki,
siyasət mənim üçün şux Karmen yerindədir. Ancaq Azərbaycanda hətta
padşahlığın da siyasətə dəxli yoxdur. Azərbaycanda padşahlığa siyasətlə yox,
fövqəlfırıldaqçılıqla gəlirlər. Bizdə padşah seçkisi beş ildə bir qanuni baş verən
dövlət çevrilişləridir. İndi hərbi yox, seçki çevrilişləri dəbdədir. Həri, Azərbaycanda
bicliyə siyasət, bicnəqulu adama siyasətçi deyilir. Qardaşlar, indi bizdə siyasət beş-
on yumuruqla susdurulası səviyyədədir. Azərbaycanda iqtidar-müxalifət

beynəlxalq dekorasiyası bərqərardır. Azərbaycanda siyasət məişət dedi-
qodularının hipertrofik formasıdır. Əsrin sonunda Azərbaycanda siyasət milli
əxlaqın təzahürü, sankim onun fotosu kimi ortaya çıxdı. Milli əxlaq siyasətimizlə
bədnam oldu. Bazarlarımızdakı əyri tərəzilər iqtidar fövqəlavaralarımızın
əməllərində mifikləşdi. Azərbaycanın siyasi səhnəsində birinci pərdədəki
hetmofroditik öpüşmə və qucaqlaşmaqlardan artıq hamı çiyrinmişdir. Son
pərdədə hökmən söyüşmə və didişmələr, tutdu-basdılar olur. Hərçənd ölkədə beş-
üç əclaf az, beş-üç çox  - bizim üçün nə fərqi. Hə, həm də bizdə hərdən göyçəklər
siyasətə itələnir. Halbuki göyçəkliklə müharibə-zad udulmaz. Göyçəkliklə heç sülh-
zad da bağlanmaz. Göyçək siyasətçiyə uzaq başı seks təklif oluna bilər.
 
Azərbaycanda siyasət məqsədsiz, həm də iclas kimi bir şeydir. Bu siyasətdə ilahi
məram yoxdur. Azərbaycanda indiki hakim siyasət ümumrespublika selektor
müşavirələri səviyyəsindədir.
 
Həri, deyəsən, mənim əbədiyyət imkanlarım tükənməkdədir. Əbədiyyət yalnız
ümumbəşəriliklə mümkün ola bilərdi. Şairliyim “alkaş” tərcüməçilərlə
Azərbaycana qandallanmışdır. Azərbaycan sivilizasiyanı daim passiv tərzdə qəbul
edib. Azərbaycan sivilizasiya səmtinə özü bircə addım da atmamışdır. Xalq
fırıldaqlarla təkərlənib və hələlik tarix səhnəsində bu təkərlərlə hərlənir. Məni
bağışlayın, avaralanır. Bir gün Azərbaycan xalqının fırıldaqlara da heyi qalmasa,
total məhv qaçılmaz olacaqdır. Səmimiyyətimə inanın, mən bundan qorxuram.
 
 
“Müsavat”, 25.03.1999

Digər xəbərlər

SAL­­YAN "DUS­­TA­Ğ"I

Klassik üslubu sevənlər

Yadlar

KÜ­­LƏK AĞ­­ZIN­­DA YAR­­PAQ

Rafiq Tağının "Mərkəz" qəzetinə müsahibəsi, söhbətləşdi Cəlil Cavanşir

Şərhlər