FİKİRCİL
İ |
ndi uşaqlarının öz uşaqları var.
İmranla Rəbiyyə qız köçürə-köçürə, əsgərliyə oğul yola sala-sala ayrılığa öyrəşmişdilər. Həm də öz gözləriylə görmüşdülər və etiqadları beləydi ki, ayrılıq heç vaxt daimi olmur. Ona görə ayrılanlara yaxşı da təsəlli verirdilər. Yox, övladları saf çıxmışdı, onlar xoşbəxt qələmindəydilər. Evdəki bəzi korluqlarına görə öz xoşbəxtliklərinə şəkk gətirəndə, çıxardılar adam arasına: görsələr hamı onları bəxtəvər sanır, naəlac qalıb özləri də həmin qənaətə gələrdilər.
...İmran təzə xasiyyət tapıb - adamlardan qaçır. Elə bilir sevə-sevə baxmaqla onu dolayır, hörmət-izzətlə salamlaşmaqla, ona söz atırlar.
"Rəbiyyə xoşbəxtdir, buna ixtiyarı var. Mən də xoşbəxtəm, ancaq buna ixtiyarım yoxdur".
Kənd evi necə olar - onlarınkı da təxminən hamıda olandandı.
Üst mərtəbənin günbatan gözü nahar-şam, uşaqların yazı-pozusu, axırda da hamılıqla yatmaq üçündü. Televizor da ortalıqquşu kimi orda. Günçıxan isə mer-mebelli, xalçalı-kilimli, ortası dördkünc mizli! Hayıf, mebelə taxtaqurdu düşüb; qulaq verəndə, elə bilirsən içəridə xarrat işləyir. Bura qonaq otağı idi, ancaq onlar kimliyinə baxmadan, gələn-gələni günbatana çəkirdilər. Bumbuz günçıxanda əyləşdinsə, gərək özünü rəsmi aparasan, ayrı cür danışıb, ayrı cür güləsən. Bax, İmrangil bu sarıdan məğmundular - təntənəni bacarmırdılar.
Rəbiyyə ata evində ona qoşulan xalıdan kəndin bütün yaylıqlısına - hər birinə ayrı-ayrılıqda, uzun-uzun nağıllar açmışdı. Elə indi də açır. Günçıxan gözə işıqdı xalı! Bu otaqda Nikolayın onluq qızıllarından beş ədəd, bir cüt qızıl qolbaq, bir cüt asma sırğa da saxlanır. Qara gün üçün. Ölüm haqdı, ancaq yaman xərc istəyir... Bir də sənədlərdi. Yəni uşaqların metrikaları, özlərinin kəbin kağızı, çoxuşaqlı ana medalları, bir də İmranın gənclikdə şəkli çıxan rayon qəzeti.
Uşaqların bu otağa qədəm basmaları qadağandı. Təsadüfən analarıyla ora girən atüstü divarlara göz gəzdirir, şkafları dartışdırıb yoxlamaq istəyir. Lakin şkaflar bağlı, açarlar atalarında. Bədənnüma güzgüdə öz əksləriylə azacıq zarafatlaşıb, axırda yenə uzun müddətə ayrılırdılar - uşaqlar belə-belə ayrılığı dadırdılar.
Şama oturanda, Rəbiyyə qazanın böyrünə adamın sayı qədər güllü qablar düzəcək (onsuz qablarının hamısı güllüdür). Uşaqların onu gözləməyi özgə ləzzətdi! Başqa yerlərə beş-üç günlüyə qonaq gedəndə də, bu gözləmələr üçün burnunun ucu göynəyər. Həm də yad yerdə, deyir, kiminsə qaba xörək çəkib sənin qabağına qoymağından xəcalətli iş yoxdu dünyada.
Rəbiyyə ilk əvvəl İmranın payını çəkəcək (arvadın evdə əri baş bilməsini İmran öz zəhmətinin bəhrəsi sayır). Qalan xörəyi də yeddi uşağa bölüşdürür. Qazanın dibində, ya uşaqların qabağından qalansa özünündü. Onsuz uşaqlarınkı nədi - quş yeməyi, sərçə payı. Qarınları balaca olduğundan, az da yeməlidirlər. İmran belə deyib, onlar da inanıb. İllər boyu da eləcə bir dəridə qalırlar. Kişi tez-tez üst-başdan ötrü onunla höcətləşən arvadını dərhal yerində otuzdurur.
- İndidən xam öyrədirsən, qocalanda başımıza çıxacaqlar. Deyəcəklər siz kimsiniz!
- Qocalığa çox var!
Rəbiyyə axır yumşalırdı. Gələcək-gedəcək haqqında kəlamları başqa hardan eşitsin - kişisi onun üçün canlı filosofdu. Bir də ki, heç bir ata qanı qanından, canı canından olana pislik istəməz. Amma İmran evdə olmayanda, tərbiyəni pozacaqsa da, dadlı-ləziz yeməkləri birinci uşaqların ağzına təpəcək. Nə ola-ola!
Atalarına məxsusi süfrə açıldımı, uşaqlar gözlərini zilləməlidilər kitaba. Yeyən vaxtı kim ağzına baxsa, kişi koramala dönərdi. "Belə oxumağa bir qoz!" Oğlanlara - "çoban", qızlarasa - "qabyuyan olacaqsınız!" - deyərdi.
Rəbiyyənin toyuq-cücəsi həyətdən il boyu əskilməz. Lazım gələndə, oğlanlardan, ya qızlardan cumuzdurur bir cantarağının üstünə. Uşaqlar da qovhaqov, tuthatut - biri qabağını kəsir, biri qəfildən böyürdən çıxıb əl atır. İmran da boynunu üzəndə, toplaşırlar başına.
- Pətənəsi mənim! - beçəni tutan deyir.
- Budu mənim! - qabağını kəsən deyir.
İmranın dediyisə tamam ayrı şeylərdi.
- Səni kor olasan, bıçağı tapdadın!
Yaxud:
- Ay heykəl, vedrəni yarım yox, doldurub gətirərlər!
Onsuz arxayındı ki, yeməli yerlər yüz faiz onundur; uşaqlarınkı bekara Aya hürməkdir.
Rəbiyyə balalarına çəkdiyi xörəyi bilməz necə tərifləsin. Birinə deyəcək:
- Qolların nazikdi - qanad ye, qanadlan!
Digərinə:
- Sənin boynun nazikdi, gərək boyun yeyəsən, - deyir.
Di gəl, İmranın budu yoğun olsa da, bud həmişə ona düşürdü. Uşaqlar bu tərs-məzhəb işdən heç cür baş açmırdılar.
Rəbiyyəyə daim qabırğa düşür - bax, bunu adamın ağlı kəsir: yəqin onun qabırğaları çöp kimidir.
- Şəndiri neynirəm? - bir də görürdün, Səfər küsüb çıxdı eşiyə.
- Küsənə heç nə düşmür! - bu, İmrandı.
Küsməyənlər başlayırdılar ağızlarını marçıldada-marçıldada, guya iştahla yeməyə ki, atalarının hörmətini qazansınlar.
Bəzən heç nə çatmır, Rəbiyyə quru çörəklə keçinir. Bu heç kəsin vecinə olmur; heç onun özünün də. Onda nəzirək qız məzəmmətlə anasına baxar. Ana gülüb aydırır: "Mən payımı çoxdan aşırmışam". Axı, haçan? Yoxsa bu arvad gözbağlıca göstərir?
İndi o uşaqların öz uşaqları var. Tez-tez də evə məktub yazırlar. İmranla Rəbiyyənin darıxmağa macalları yox. Birinin məktubunu oxuyub, onun ailəsindəki yeniliklərdən iki-üç gün danışırdılar ki, bay, bir də gördün o birindən gəldi. İndi onların ən əziz qonaqları məktublardı. İmran onları iki-üç həftə üstündə gəzdirir, axırda aparıb qoyur bəzəkli gözə.
Hərdən uşaqlar vurub özləri gəlir. İmranın gördüyü birinci nə olur: övladlarının balaları ata-analarından yaxşı geyiniblər, özü də, ay maşallah, top kimidilər.
Kimdənsə gec kağız gələndə, İmran xoflanır. Onda kişinin yatmağı min cür yuxu görmək olur.
"Yəqin qansızlığımı duyublar - vaxtilə yeməklərin xasını özüm tıxdığımı, onları illər boyu bir dəridə-qabıqda saxlamağımı. Yəqin məndən zənd-zəhlələri gedir. Bəlkə ədalətsizliyimi görməyimə bağışlayalar məni. Axı, mən ölməmişdən - özüm bunu gördüm..."
Məktub aldımı, elə bil buludlu havada qəfildən gün çıxır - İmranın kefi durulurdu.
"Yox, mənim uşaqlarım mərddilər. Analarını necə, məni də elə istəyirlər. Keçən il ona corab almışdılar, mənə köynək. Ona da ayaqqabı, mənə də. Ayrılanda, ikimizi də bərk-bərk qucaqladılar..."
Tək qalandasa, onu yenə qara basır. Yara kimi zoqquldayan bir fikirdən hey ölüb-dirilir. "Rəbiyyə xoşbəxtdir, buna ixtiyarı var. Mən də xoşbəxtəm, ancaq buna ixtiyarım yoxdur..."
1985, aprel - iyun