Tarix: 25-03-2015 10:48
Baxış sayı: 2327
Mərhum yazıçı-publisist, həkim Rafiq Tağının qızı Qəmər Tağılı ali məktəbə IV ixtisas qrupu üzrə qəbul imtahanında 401 bal toplayıb.
"Media forum” saytına açıqlamasında Qəmər Tağılı deyib ki, topladığı bala əsasən Bakı Dövlət Universitetinin biologiya fakültəsini seçmək fikrindədir: "Topladığım bal bu fakültəni seçməyimə imkan verir. Fikrimdə Tibb Universitetinin xəyalını qurmuşdum. Bu olmadı. Ancaq seçəcəyim ixtisasla gələcəkdə həkim kimi də işləmək mümkün olacaq.
Atamın yolun davam etdirməkdən şad olaram. Bu peşəni atamın sağlığında sevmişəm. O vaxtlar atam mənə jurnalistikanı seçməyi məsləhət görürdü. Deyirdi ki, həkimlik peşəsi çətindir.
İmtahan vaxtı ürəyimdən keçdi ki, kaş atam yanımda olaydı. Atam mənə dərsləri müəllimlərdən də yaxşı izah edirdi...
Hazırlıq müddətində müəllimlərin çox köməyi oldu. Uğur qazanmağımda çox insanın əziyyəti, əməyi var. Ancaq anam hamıdan çox əziyyət çəkdi. Hər bir ana kimi o da istəyirdi ki, övladı universitetə qəbul olunsun. İstəyirdim anamı sevindirim. Şükür edirəm ki, anamı az da olsa sevindirə bildim”.
1950-ci il avqustun 5-də anadan olan Rafiq Tağı Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirib. Moskva Tibb İnstitutunun daxili xəstəliklər üzrə klinik ordinaturasında oxuyub. Peşəsi terapevt-kardioloq, kardioloq-reanimatoloq olan Rafiq Tağı gənclik illərindən bədii yaradıcılıqla məşğul olub.
Rafiq Tağı 2011-ci il noyabrın 19-da Bakıda bıçaqlanıb, dörd gün sonra müalicə olunduğu xəstəxanada vəfat edib. İndiyədək bu cinayətə görə məsuliyyətə cəlb edilən olmayıb. Cinayət işi Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin icraatındadır.