Tarix: 21-05-2019 12:30
Baxış sayı: 1268
Nəsir müəllim necə qocalmışdısa, adama elə gəlirdi ki, əl atıb dərisini palıd qabığı kimi qoparmaq olar. Bığı üzündə tənha şibyəyə bənzəyirdi.
O, uşaqlığı keçən yerdə qocalığı da keçən adam nümunəsi idi.
Həmyaşları da baş-göz ağardıqca, fillər sayağı ölkənin ora-burasından - Rusyətdən-Ukraynadan öləcəkləri yerə - vətənə dönürdülər. Yad yer qoca saxlamaz.
Bir ucdan ölürdülərsə də, qocalar dəmir yolu stansiyasından hey çeşmələnib üzə çıxırdılar. Hər gün də gah biri xəstələnir, gah o biri. Gah o, gah bu.
Çöl divarları əhəngdən işıldayan aptek uçan boşqab kimi kəndin ortasına qonmuşdu.
Hə, qocalar sanki mühasirədəydilər. Gözəgörünməz güllələrdən də hər ay, hər həftə bir-ikisi yerə sərilirdi.
Nəsir müəllim səhər yuxudan duran saat:
- Nə təzə xəbər? - soruşdu.
Yəni ölən varmı? Həmişəki bu adidən adi sual sanki artıq arvadla salamlaşmaq əvəzi idi. Vərdiş elədiyindən, keyvənisi də kefini-halını pozmadan, səsini-zadı ucaltmadan:
- Darıxma, hələlik hamının nəfəsi gedib-gəlir, - dedi.
- Heç kəsə heç nə olmayıb?
- Olmalı idi?
- Bə yox?..
- Heç burunları da qanamayıb.
- Canları bərkdi də-ə... Rusyətdə bərkiyiblər.
Elə ki soruşmadı, tərslikdən kimsə ölürdü. Haçandan-haçana qulağına çatardı ki, tutalım, İmran çoxdan əfn-dəfn olunub, ya Fəttahın qırxı bir qırx bundan əvvəl çıxıb; Sərdarınsa narıncı soxulcanlara yem olduğu heç yada gəlmir. Nəsir müəllimin fikrincə, bəzi adamlar, hətta seyidlər də, biclik işlədib dünyadan gizlincə köçür ki, onları hələ sağ bilsinlər. Öləndən sonra da "həyatda qalmaq" onlara xoşdur.
İş burasındadır ki, Nəsir müəllim qocaların ölmələrini eşidəndə də, həmin ölümləri tez unudur; elə ona görə ucdantutma hamını sağ bilir. Bəli, hamı "sağdır". Axı, bir məktəb oxuyub, bir müharibənin iştirakçısı olublar - onları necə ölmüş biləsən!
Amma cavanlardan kim öldüsə, eləcə biryolluq ölür. O, cavanların ölənini həqiqətə uyğun ölmüş bilir, ölməyənini - diri.
Bir gün gedib yaddaşındakı ölülərlə qəbiristanlıqdakıları tutuşdurdu. Qəfil yoxlamaların hər sahədə faydası var. Amma qəbiristanlıqdakılar yaddaşındakılardan artıq çıxdı. Baho, insanların ondan xəbərsiz gəlib qəbrə girmələri nə demək ola?.. Ya bəlkə kənddə siyasi terror-zad var, adamları leş eləyib, lal-dinməz gətirib quylayırlar bura?
Qocaların hamısını sağ bildiyindən, hətta ölənlərin də iş-gücünü onların oğul-uşağından soruşacaq. Xasiyyətinə bələd olmayanlar daha durub deməyəcək ki, yox, ölən - sağdır, eləcə deyirdilər ölüb. Onda kişi evə cumub arvada çatdıracaq:
- Qurbanın öldüyünü bilirdin?
- Bə yox? Guya sən bilmirdin!
Ya:
- Binəva Dilavərin getdiyini mənə niyə deməmisən?
- Qorxurdum ürəyin tutar.
Arvadın dolamaq üçün dediyi sözləri o, həqiqət kimi götürür.
- Sənə min yol demişəm: kim ölsə, mənə də de. Ürək - mənə kar eləməz.
- Ədə, ay huşsuz, Dilavəri də demişəm, özü də bir dəfə yox.
- Səncə, bə yasına niyə getməmişəm?
- Getmisən.
- Getmişəmsə, onda səni dolayıram?
- Elə çıxır.
Ancaq sabahacan ölənlər təzədən "dirilirdilər". Elə olurdu ki, "dirilən" günü bəzisi yenə ölürdü - bir günlüyə. Axır camaat Nəsir kişinin boş damarını tutdu: o, ölənlərin kef-əhvalını soruşanda, "canına duası var", deyirdilər. Yəni sağ bilirsənsə, onu elə sağ bil. Bu minvalla ölənlərin çoxu daha ölməyi "tərgitdi". Qabaqlar hər gün üç-dördü "ölürdüsə", indi ölən birə-beş də yox, birə-on beş azalmışdı. Bəzən heç olmurdu. Ölən olurdusa da, günü sabah illik-ömürlük "dirilirdi".
"Yəqin xalqın rifahı yaxşılaşır".
Çaşbaş qalmamaq üçün Nəsir müəllim dama-dama şagird dəftərindən iki-qoşa vərəq qoparıb ölənlərin, bir də qalanların siyahısını tutdu. O gün camaat yatışanacan qələmin ucunu ağzına sala-sala hey fikirləşib yazdı. Onun öz statistikasında da ölənlər qalanlardan artıq çıxdı. Başının üstündə tək buynuz kimi ay, siyahıya bir də baxanda, kişini ağlamaq tutdu. Doyunca ağladı da. Doyunca ağlamaqsa lüt gəzmək kimi ayıb bir şeydir; yaxşı ki bunu görən olmadı.
- Səndə ölən niyə artıq çıxıb? - sabahı arvad soruşdu.
- Bə necə "çıxmalı" idi?
- Axı, qalanlar çoxdu...
- Elə şey yoxdu. İndiyəcənki ölənlər hesablansa, qalanlardan yüz qat, min qat artıq olar.
- Sən it ili ölənləri də bura qatırsan?
- Əlbəttə, qatıram. Öz aramızdı, sən dirilərə yaman üstünlük verirsən ha! Elə əvvəllər də belə xarab işlərin çox olub.
Artıq Nəsir müəllim rastlaşdığı adamla xoş-beş eləməmişdən qabaq cibindəki bükülü siyahıları çıxarıb baxardı. Diriləri soruşmaq üçün. Sanki onun ölülərlə arası dəymişdi. Bu xasiyyət yoluxucu xəstəlik kimi ona arvaddan keçdi. Əlbəttə, arası dəyər: çoxu ondan gizlin ölüb. Guya gizlin ölməsəydilər, Nəsir ölməyə qoymayacaq, quyruqlarından yapışıb, onları bu dünyada saxlayacaqdı.
Ancaq kişi getdikcə siyahılarla "işləyə" bilmirdi. Gərək olan vaxt onlar ya evin üst gözündəki pencəyin alt cibində qalırdı, ya alt gözdəki dolabın üst gözündə. Bundan sui-istifadə edən ölülər qohumlardan kef-əhvalları soruşulanda "dirilirdilər". O da gəlib ya üst gözdəki pencəyin cibindən, ya dolabın alt gözündən siyahıları tapıb üzərində düzəlişlər aparırdı: "dirilənlər"i ölənlər cərgəsindən silirdi. İki-üç həftəyə ölənlərin əksəriyyəti diribaşlıq edib dirildilər. Dirilər ölənləri sayca üstələdi; arvadın sözü düz çıxdı. Siyahıları özüylə götürməyə vərdiş edəndəsə, köhnə "kef-əhval vaxtı" dirilənlər təzə "kef-əhval vaxtı" təzədən ölürdülər. Günah ölənlərin özündəydi. Əşi, Allah sənə can verməmişdisə, niyə dirilirdin, axı? Lotuluq ya bu dünyada olar, ya da bəlkə o dünyada - daha iki dünyanın arasında yox ki. Üç-dörd həftə müddətində böyük bir "qırğın" düşdü. Saxtakarlıqla dirilənlərin hamısı təzədən yastılandı.
Nəsir kişinin siyahıları qaralama kimi cızıq-cızıqdılar.
Hər gün bekarçılıqda qıraqları get-gedə yeyilən vərəqləri çıxarıb baxardı: çaşıb özü də ölər. Ölənlər cərgəsində özünü görməyəndə sevinirdisə də, "qalanlar"a göz gəzdirdikcə ürəyini yeyərdi: çaşıb sağ qalar. İşə bax, nə ölməsini istəyir, nə qalmasını. Nə etməli? Bu barədə kimə nə deməli? Nə bu dünyanı istəyir, nə o dünyanı. Ancaq gah bu dünyada qalmaq istəyir, gah da o dünyada. Əlbəttə, kim eşitsə, deyəcək bunlar qocalıqdandı. Qocalarısa yavaş-yavaş aparıb yumbaladırdılar o dünyaya.
İşlətdiyi günahlar necə böyükdüsə, insan axırda həmişə yoxluqla cəzalanır. Lakin Nəsir müəllim bu cəzanı yaşamaq cəzasından yüngül bilir.
- Hüseynbaladan nə xəbər? - kişi bu səhər də dünənki, srağagünkü sualını verdi. Arvad namaza ertədən durur, odur ki, kişisi oyananacan kənddə nə xəbər olsa, yığacaq çətənəsinə.
- Ötən gecə keçinib.
- Yəni indi yuxudan durduğumuz gecə?
- Daha mən sözümü dedim.
- Onda kişini dirilər siyahısından pozuram.
- Özün bil.
- Bax, işdi, dirilərsə, günah boynunda qalacaq.
- Səni elə cibindəki siyahılarla - dəlixanaya basdırmaq gərək!
- Niyə durubsan, get basdır! Onsuz səndə qabaqlar da elə murdar əməllər görmüşəm!
Qanı it qanına döndüsə də, o, Hüseynbalanın adını "dirilər"dən çıxarıb ölülər cərgəsinə qoşanacan, hər şeyi unutdu. Sklerozun ziyanı çoxdusa da, xeyri də var: kin-küdurət yadda qalmır. Kişi Hüseynbalanın adını "ölənlər"ə ona görə saldı ki, oğul-uşağıyla rastlaşanda, bir də əhvalını soruşmasın. Yaxşı çıxmır. Hətta ayıbdır da. Durub adama ağır söz deyərlər. O bu işi düzüb-qoşub xeylaq sevindi də.
Hüseynbalanın adı bəlkə də son dəfə haradansa silinib harasa yazıldı.
- Nəsir kişi necədir?
- Hansı Nəsir?
- Bizdə bəyəm neçə Nəsir var? Sənin ərini deyirəm.
- Yəni özünü.
- Sənin məndən başqa ərin də var?
- Axı, bu beş parça kənddə Nəsirin səndən başqası yoxdur.
- Atan rəhmət.
- Onda özünü məndən niyə soruşursan?
- Doğrudan ha... Yox, ola bilsin, sən mənim haqqımda elə şey bilirsən, heç mən özüm onu bilmirəm. Bəlkə elə bu saat ölürəm? Ya artıq ölmüşəm?
- Sən ölənsən? - arvad dodaqaltı dedi.
- ...Adətən adamın öləcəyini özündən başqa hamı bilir. Hə, mən sağam, yoxsa yox?
- Yox, ölübsən. Hə.
- Haçan? Bə mənə niyə deməmisən?
- Öz yasına gedəcəkdin?
- Niyə getmirdim? Rəhmətlik yaxşı adamdı.
Tez əlini qoyun cibinə atdı ki, Nəsir öz adını ölənlər siyahısına keçirsin, arvad qoymadı.
- Bir dayan. Tələsmə.
- Deyirsən bəlkə ölməmişəm?
- Hər şey ola bilər.
Kişi öz sağlığı ehtimalına sevinmədi. Amma bilsəydi həqiqətən ölüb və adını ölənlər cərgəsinə yazsaydı, sevinərdi. Onunku - siyahının "saat kimi düz işləməsi" idi.
- İndicə gəlirəm, - arvad həyətə düşüb işlərinin dalınca getdi. Qoy kişi hələ "sağ qalsın".
- Mən o dünyadayam, yoxsa bu? Bax, qayıt mənə axır bir söz de! - kişi uşaq kimi pəncərəni şillələyə-şillələyə qışqırdı. Hərdən öz sifətinə də şillə çəkirdi.
Sonra araya arı vızıltısına bənzər bir sükut çökdü. Beşcə dəqiqə keçməmiş kişi özü pilləkənləri enməyə başladı: deyən, öldüyünü unutmuşdu.
* * *
Nəsir müəllimin böyük oğlu Qalib Bakıda hüzür yerlərinə yaman ayaq açıb. Birini də buraxmaz. Çünki qarşıda onlarda da elə birisi gözlənilir. Onlarda, yəni kənddə. Toylardan da qalmaz. Xeyirlə şər qardaşdır, deyir. Toya gedərsən, yasa gələrlər, yasa gedərsən, toya gələrlər. Hə, qulağına çatdırırdılar ki, daha kişi günü-gündən düşür. Əriyir. Özünü-sözünü bilmir. Adamları tanımır. Hərdən öz-özünə danışır, müharibədədir, deyir, guya mühasirəyə düşüb. Onları bir-bir, ikibir aparıb, hardasa başlarına güllə çaxır, o biri dünyaya göndərirlər.
Bir dəfə ondan:
"Sizdə qocalar batalyonudur?" - məsxərəylə soruşublar.
"Bəli, qocalardır..." - deyib.
"Qaçıb-eləsən çalış yıxılma ha, qocanın qol-qıçı tezsınan olur".
"Bə... görən bizimkilər düşməni mühasirəyə almır?"
"Niyə almır? Hərdən alır".
"Onda bizi dəyişdirsinlər də-ə. Burda tələf olduq-getdik..."
Ona elə gəlirdi ki, dəyişdir