Tarix: 21-05-2019 12:25
Baxış sayı: 1651
Əmir dünyanın hər üzünü görüb. Bircə qocalıq qalırdı, onu da gördü. Hərdən günahkar-günahkar gülümsəyər - "Mən - axıracan yaşadım", deyər.
Ölüm uşaqlıqdan başında fırlanırdısa da, ona dəymədi. Baxma, Əzrayılda da insaf olur.
* * *
Evlərinin qabağında taxta örtüklü quyuları vardı. Örtüyün də nazik nərmədanlı, vedrə ağzından azacıq enli qapısı. Qışın oğlan çağlarında quyunun suyu - elə bil ocaqda qızdırılıb - isti, yayın qızmarındasa soyuducudakı kimi bumbuz olardı.
Soyuq qalmaq üçün quyuya qarpız-yemiş, qoy xarab olmasın - ət sallayardılar.
Atası işdən gəlib, ağ kubik daşının üstə çıxar, vedrədəki təptəzə sudan qıçlarına əndərərdi. Yayın ləzzətlərindən biri də budur. Sonra postament üstündəki heykəl kimi gün ayaqlarını qurudanacan daşın üstündəcə durardı.
Hər avqustu da quyunun gözlərini arıtlatmaq onda bir adətdi. Çünki divarlar il boyu sürüşüb-oyulub tökülür dibə. Gözləri tutulduğundan, quyu dayazlaşardı. Suyu da lehmə.
Əmir tək qalanda vedrələri doldurub yan-yana düzəcək. O sulara yarpaq düşürdü, tut düşürdü. Xartut düşdüyü sahəni marqans dənəsi kimi rəngləyirdi. Əmir sularda göyə, Günəşə baxardı. Hərdən də güzgünü gətirib vedrələrin ağzı bərabərində üzü yuxarı tutur. Güzgüdəkiylə sudakı göyləri və günəşləri tutuşdurur. Güzgüdəki Günəş göydəkinə daha çox bənzəyir, nəinki sudakı. Suda Günəş islanıb soluxur, həm də çırtmalayanda ləpələnib dairəvi şəkildə çiliklənirdi. Söz yox, gözlər arıtlananda vedrədəki su güzgüdən geri qalmır.
Ağzını örtmədin ki - quyuya hökmən toyuqdan-cücədən yumbalanır. Xoruzlar belə işdə fəndgirdilər. Boyunlarını uzadıb mərcimək gözlərinin əvvəl biri, sonra o birisiylə baxır, duyuq düşüb yan ötürdülər.
Hər dəfə quyuya toyuq-zad düşdümü, atası ona itin sözünü deyəcək. Hətta günah özündə olsa da. Kişi onu ram eləməyin üsulunu yaxşı tapıb: çımxıranda Əmir quyuya girməyə mızıldanmazdı. Xoşluqla danışdısa, qaçıb duracaq uzaqda. Bəzən ata və anası onun üstündə bir-biriylə dilləşərdilər.
- Qoy uşaq boğulsun! Bir şil toyuqdan ötrü! Qoy ölsün!
- Səndən evdar çıxmaz!
- Bə səndən çıxar!
Anası quyuya əvvəl vedrə sallayardı. Bəlkə toyuq insafa gəlib vedrəyə özü girə. Tumac - girmirdi. Əksinə, qısılırdı oyuğa; üstdən heç görsənmirdi də.
- Toyuq batdı suya!
- Batmayıb, qara tökmə!
Kişi fınxıra-fınxıra quyunun həndəvərində gəzinirdi.
- Bax, səsi gəlir! - bu vaxt Əmir də "günah"ını azaltmaq hayında olur.
- Rədd ol, gözüm səni görməsin!
Əmir tək qalanda, göydəki Günəşlə quyudakını da tutuşdurardı. Hərdən elə bilir Günəş quyuya düşüb, elə quyudanca dünyanı gündüz eləyir. Onda Günəşə rəhmi gəlir. Tez-tez qanrılıb göyə baxır ki, görsün yox, Günəş öz yerindədir. Günəşi göydə görəndə sevinirdi. Yox, Günəş toyuq kimi quyuya düşməz! Düşə bilməz! Ömründə!
Bir dəfə kişi gəlib onu bu iş üstündə tutdu. Boynunun saplağından yapışıb əvvəl havaya qaldırdı. Sonra düşürüb qulağının dibində yağlı bir şillə alışdırdı.
- Bifərasət! Korafəhim! Maymaq! Bundan mənə təsərrüfatçı çıxacaq?!
Quyuya sallananda, anası köhnə-külə köynək-pencəkdən gətirib onun əyninə taxardı. Ayaqlarına - dizlərini də tutan uzun qunclu çəkmələr. Tez də ocağın üstünə su atır - uşağın çimməyinə. Qoy uşaq çıxanacan yaxşı qızsın.
Qonşu oğlanlar çəpərin o üzündən marıtdayır. Hərdən də Əmirə:
- Alman əsiri, - deyirdilər.
Bəzisi onu:
- Ey, ikinci Babaş, - deyə çağırırdı.
Babaş stansiyada yaşayan quyuqazandı ki, puluna minnət, it oğlu itin qapısında da işləyər. Qəbirdən başqa (bu işə onu layiq bilmirdilər) torpaqda nə desən qazardı - quyu, ayaqyolu, ev yeri. İşarası fasilələrdə bozbaşdan aşırıb, stəkan stəkan dalınca - samovar çayından hortuldadardı. Görənlər and içir: quyu arıtlayanda, bala-bala suya şoruldadır da. Bu da çeşməni murdarlamaqdı. İndi onu bu işə yalnız naəlac qalanda çağırır, elə hərəkəti də ona qadağan edirdilər.
Əmir üçün dünyada ayaqyolu qazmaqdan da axırıncı iş yoxdu. "Alman əsiri" çağırılmağına da dözmürdü. Anasının üstünə qışqırar ki, onu evin içindəcə geyindirsinlər, quyunun başında çənə döyməyib, tez də quyuya sallasınlar. Qoy bir kəs görməsin onu.
Uşağı quyuya sallananda, ana ürəyini yeyir; birdən torpaq quyulayıb tökülər təpəsinə. Heyvancığazın canı elə oradaca çıxar. Onda da gərək öz canı onunkundan qabaq çıxa. Ciyədən ikiəlli yapışar. Həmişə də əri tutan yerin aşağısından - birdən kişinin əlindən sürüşərsə, özü tutmağa.
Əmir özü ölüm barəsində fikirləşməzdi, çünki hələlik bundan başı çıxmırdı. Hərçənd hər iki-üç gündən bir beçə-fərələrdən bir-ikisinin kəsilməyini, başının atılmağını görərdi. Hə, atası qanadlarını qanırıb qoyur bir ayağının altına, qılçalarınısa cütləyib - o biri ayağının. Üzü qibləyə başını xırp atıb tullayar qırağa. Başqa toyuqlar gəlib özlərinkinə bənzər o başa baxar, ancaq Əmir kimi onlar da bir şey anlamayıb qağanaqlaya-qağanaqlaya yan ötərdilər. Onda Əmir elə bilərdi ki, adam ölüb-eləməz, hərçənd atası onu qorxudanda deyərdi:
- Başını kəsəcəyəm!
Ölümə inanmırdı Əmir. Ola bilməz ki, atası onun başını kəsə, anası da durub baxa. Anası - qoymaz!
Hərdən gah anası, gah da atasından eşidirdi:
- Mən getdim hüzürə.
Ya:
- Hüzürdən gəlirəm.
Anası hüzürdən həmişə gözünəmli qayıdardı: yəqin ölüm pis şeydir. Di gəl, atası - damağıçağ: yox, bəlkə də ölüm yaxşıdır. Əmir məəttəl qalmışdı.
... Qocalıq - gördüyün ölümlərin çoxluğundan törənir.
- Özün ölmək istəmirsən deyə, istəmirsən uşaq da ölə, - bir dəfə atası adamın yeddi qatından keçən sözlər dedi anasına.
- Yox, özümə görə yox...
- ...Şad-xürrəm yaşamaq üçün istəmirsən bir kəs ölə! Bu, pozğunluq əlamətidir.
Anası kəsərli sözlər tapa bilmir, dili-dodağı əsir. Atası həmişə qalib gəlir, onu ağladırdı.
Əmir geyinməyə başlayandan, ayaqlarını quyudakı boşluğa atanacan, anası dilbədil tapşırar:
- Ədə, ciyədən bərk tutursan! Bax, belə - mənə bax... Eşitdin?
Boşluq əcəb əyləncəlidir - adamın ayaqları yellənir, o yan-bu yana gedir...
O, quyuya toyuq düşməsinin şahidiydi - qanad çalır, qışqırır, quyu boyda fəzada uçmaq istəyir. Əmir indiyəcən elə bilərdi ki, uçmaq - ancaq yuxarıya qalxmaqdır. Toyuğun uçmağısa onu quyunun dibinə aparır.
Cücələr quyuya xırdaca daşlar kimi düşür, o saat da suya batırdılar. Həyatla ölümün fərqini bilmədən.
Görən, toyuğu ordan çıxarmasan, neçə günə ölər? Toyuq yaşamaq istəyirsə də, bunun üsulunu bilmir. Ancaq həyatın ölümdən üstünlüyünü bilir.
Heç Əmir özü də uşaqlıqda yaşamağın üsulunu bilməzdi.
Atası bilirdi!
Quyunun divarları taxça-taxçadır. Taxçalar bir-birinə paralel çevrələr şəklindədilər.
...Əmir qocalığı görəndən tez-tez xəyalən quyuya düşərdi. Təxminən bir metr sallananda fikirləşirsən: "Bax, qəbirlərin dibi buracandı. Artıq dünyanın ölənləri bərabərindəyəm".
Hələ yenə enirsən aşağı, bəlkə o dünyanı da vurub keçirsən. O dünyanın o tərəfindən qanrılıb yuxarı baxanda, yenə quyunun taxçaları görsənir. Hə, bir də göyün fövqündəki başlar.
Səslər sənə çatanacan oyuqlarda on-on beş dəfə əks-səda verib, dərinə-dibə də gedir, geri də qayıdır. Hər əks-səda da özlüyündə on-on beş dəfə əks-səda verir, səslər bir-birinə qarışır.
Quyunun dibindəsə toyuq sıxılıb oyuğa - qoy görməsinlər. Amma Əmir artıq onu görüb. Eləcə əlini uzadıb asanca tutur. Elə bil quyu ağacdı; ağacdan bir meyvə dərir, qoyur vedrəyə.
- Eyy, çəkin!
Vedrə ehmal-ehmal yuxarı qalxır. Bir gün toyuq vedrədən yuxarı qalxmaq əvəzinə, daş kimi onun başına düşmüşdü. Əmir toyuqların quyuya düşməsini üstdən də görmüşdü, altdan da. Üstdən qanadlarının üstünü, altdan qanadlarının altını.
Onda anasıyla atasının höcətləşmələrini eşidərdi.
- Uşaq birəli-micəli bir toyuğun badına gedəcək!
- Elə sənsən onu korlayan!
Atasının əmridir: Əmir gah çəkməsinin burnu, gah da əlləriylə quyunun dibini yoxlayar - orda palçığın çox-azlığını. İri-iri daşlardan, ya cürbəcür əşyalardan - cırıq top, mürəkkəbqabı, ətir şüşəsi - tapanda, qoyurdu vedrəyə, üstdən də çəkirdilər yuxarı. Atası hər quyuya baxanda, ona bir ağız tərif deyərdi ki, qoy ruhdan düşməsin.
Bir dəfə Əmir quyudan çıxan günün axşamı bərk üşütdü, sonra bərk qızdırdı. Yuxuda da nə görə - quyunun ensiz pəncərəyə bənzər çeşmələrindən baxır o üzə, o üzdə əcaib-qəraib heyvanlar gəzişir. Çeşməni təmizləmək istəyəndə, onun biləklərindən kəlbətin tək yapışıb qəfildən dartdılar içəri. Bəxtindən başı, bir də ayaqlarıyla quyunun divarlarına ilişib keçmədi. Anası yuxarıda ətürpədən səslə cikkə vuranda, onu buraxdılar.
Əmir quyuya hər girəndə, anası o üzündən, bu üzündən, gözlərindən öpərdi. Elə bil ondan daimilik ayrılırdı. Ərini də bu əsnada sancardı: "Pulu qəbrinə döşətdirəcəksən? Fəhlədən çox fəhlə var. Ya onları çağır, ya da zəhmət çək, özün gir".
- Uşağı korlayan sənsən!
- Heyvancığın qolunda nə güc var ki, yapışqan kimi palçığı dartıb doldura vedrəyə!
Onda atası yaşamağın ölümdən yaxşılığını da bilirdi, onun vacib üsullarını da. Quyuya girsəydi, torpaq altında özü qala bilərdi, dopdolu vedrə öz başına düşərdi. Ölsə, övladları guya heykəlini qoyacaq? Heç vaxt da ikinci dəfə doğulmayasıdı. Axı, həm də ölümə bələd adamın ölməyi rəva deyil; ölüm eləsinə çox qorxunc gəlir.
Amma Əmir quyuda ölsə (əlbəttə, Allah göstərməsin), ölümdən xəbərsiz ölər. Özü də birbaşa cənnətə düşəcək, çünki hələ günah bir iş tutmayıb. Cənnət ona atasının hədiyyəsi olar. Əmir böyüsə, elə onun özü kimi cənnət əlindən çıxasıdır.
Əmir qocalığı görəli, dünyadan köçmüş atasından küsməyə başlamışdı...
1985, yanvar - iyun