Eyvaz Zeynalov: "Rafiq Tağını xatırladım"

Tarix: 25-03-2015 10:48
Baxış sayı: 2173

 

Salam, Rafiq Tağı!

Təəssüf ki, birlikdə çox həvəslə çapına hazırlaşdığımız “Yazı” jurnalımızın dünyaya gəlişini görə bilmədin. Amma jurnalın qapağını qaldıran hər kəs redaksiya heyəti arasında sənin şəklini, bir səhifə sonra yenidən şəklini və hekayələrini gördü. Səni bizim aramızda gördü.

Saytlardan birində qızının yazdığı bir cümlə heç zaman yadımızdan çıxmayacaq. Yazmışdı ki, qatilin səni tanısaydı, əli qalxmazdı öldürməyə.

Üç mərasimində mağarın qırağında dəstə-dəstə dayanmış səni yaxşı tanıyan qələm adam-larının da söz-söhbətində kəlməbaşı elə bu vurğulanırdı. Yəni qatil bilsəydi ki, Rafiq Tağı necə sadəlövh, xeyirxah, ürəyimyuşaq adamdı, onu öldürmək missiyasını heç zaman boynuna çəkməzdi. Tofiq Abdin yana-yana deyirdi ki, bir yerimiz ağrıyanda, təzyiqimiz qalxanda ona zəng edirdik, əlac istəyirdik. O birilər də təsdiqləyirdilər ki, tanımaza-bilməzə hamıya canıyananlıqla yanaşardın. Həmin gün xatırlanan xatirələr arasında biri sənin xarakterini daha bariz əks elətdirir. Dəqiq yadımda deyil bunu Tofiq Abdinmi, yoxsa Maarif Soltanmı danışdı. Bir də, nə fərqi var! Haçansa bir uşaq sadəlövhlüyü ilə özün danışmısan bunu.

Moskvada həkim işlədiyin vaxtlarmış. Qarlı bir qış günündə metrodan çıxarkən görürsən ki, bir kişi zənbilini aparmaqda çətinlik çəkir. Yaxınlaşıb köməyini təklif edirsən, zənbilini götürüb düşürsən yanına. Adam metrodan aralananda, küçədə əliynən yaxınlıqdakı binanı göstərir ki, orda yaşayır. Yəni yükünü oracan aparmalısan. Sən də narazılığını-filanını bildirmədən aparırsan. Girişlərin birindən içəri keçirsiniz. Görürsən ki, adam yükünə yenə yaxın durmur, pilləkənləri də qaldırmağa başlayırsan. Birdən səndən irəlidə gedən bu adam geri dönür, başındakı papağı qəfildən qapıb pilləkənlə yuxarı mərtəbələrə qaçır. Papaq o zaman çox dəbdə olan bahalı “norka” papaqmış, aldığın da üç-dörd günmüş. Əlindəki ağır zənbili (papağını qapıb qaçan adamın zənbilini) yerə qoymağı belə unudaraq zənbilli-zadlı düşürsən bu xırsızın dalınca. Bir mərtəbə, iki mərtəbə, birdən dayanırsan. Fikirləşirsən ki, əşi, cəhhəm olsun papaq. Çox da bir ətək pul saymısan, bir fəsil başına qoymamısan heç. Namərd oğlunun cibində bıçaqdan-zaddan olar, qayıdar qorxusundan bıçaqlayar səni. Yalnız bu zaman əlindəki köhnə zənbil yadına düşür, açıb baxırsan ki, zir-zibil, bir də iki-üç kərpicdi içindəki...

Sonralar bu hadisəni danışanda təsadüfdü, ya nədi, qəribə bir fikir səsləndirmisən. Guya hə-min an qorxmusan ki, namərd oğlu bıçağı sinənə, ağ ciyərinə soxar. Ağ ciyər çox köpəyoğlu şeydi, demisən. Uşaqlar vurğulayırdılar ki, bu, çox qəribə, faciəvi bir təsadüfdü. Sən ağ ciyərin-dən qorxurdun (elə bil ürəyinə nəsə damıbmış), illər keçəndən sonra elə ağ ciyərindən də bıçaqlandın. Bəlkə qatil bıçaqla üstünə cumarkən məhz bu qorxunun nəticəsində əlindəki qovluğu sinənə sıxmış, köksünü, ağ ciyərini qorumağa çalışmış, amma qatil kürəyini hədəf seçmişdi. Moskvadakı o qeyri-müsəlman yenə bu müsəlman qatildən insaflıymış. Canına qıymamış, bir papaqla kifayətlənmişdi...

Yayda sən, mən, Əlabbas, Azad Qaradərəli, Aslan Quliyev Rəhim Əliyevin Türkandakı bağında olarkən həbsxanadkı qəribə müşahidələrindən danışdın. Təəccübləndik ki, nə əcəb bun-ları yazmırsan? Zarafatdı, ya gerçəkdi, dedin ki, başına gələnləri adətən 5-8 il keçəndən sonra yaza bilirsən, hələ vaxtına var. Bu söz də təsadüfi bir söz deyildi. Sən öləcəyinə inanmırdın. İnanmırdın ki, özünü sivil kimi qələmə verən bir dövlətdə fərqli fikrə görə adamı öldürə bilərlər. Bilə-bilə ki, biz hələ sivil dövlətdə yaşamırıq. Gurultu və görüntü ilə sadəlövhləri aldatmaqla məşğuluq...

Bu qısa duyğularımı bir hekayəmin sonluğu ilə qurtarmaq istəyirm. “İnsаn göz qırpımındа, birdəncə ölüb itmür. Nə bilim, bəlkə hеç ölmür, fоrmа və məzmun dəyişikliyinə uğrаyır. Ölsə də birdən deyil, tanış-bilişlə tədricən, adam-adam ölür, özü qeyb olan, ancaq yüz illərlə işığı üzülmə-yən, tükənməyən, hələ də gözümüzə yaşarı görünən uzaq, sirli ulduzlаr kimi. Nə qədər çох tаnınırsа, о qədər gеc əriyir-itir. Əvvəl dоğmаlаrındа, sоnrа dоst-tаnışlаrındа rаhаtlıq tаpаn ruhu ахırıncı tаnış, yахud хаtırlаyаn ölən zаmаn sаğlığındа sаhibi dünyаdа ən çох nəyə mеyl, mеhr-məhəbbət sаlıbsа (gülə-çiçəyə, аğаcа, оtа, suyа, lаp еlə dаşа-kəsəyə..), оnа köçür. Yox, öləndən sоnrа ruhumuzun bədəndən ayrılaraq göylərə uçmasına inanmıram, bu, cəfəngiyyаtdı. Mаddi, cismаni vаrlıqlа dоğulаnın, оnа bаğlı оlаnın, yеrdə insаni ömür sürənin və sürdürənin yаbаnçı bir bоşluqdа nə işi vаr?.. “

Rafiq Tağı, sənin ruhun da doğmalarında, qohum-əqrəbanda, dost-tanışlarında, bir zaman müalicə etdiyin insanlarda və nəhayət yazılarında yaşayır. Deməli, sən yaşayırsan. Hətta, səni cismən öldürən o qatilin də yaddaşında. İstədi, istəmədi bundan belə ömrü uzunu səni özündə yaşatmağa məhkumdu...

Digər xəbərlər

Оt tayası ili

Elmin Həsənlinin Rafiq Tağı ilə söhbəti

Faciə janrlı puplisistika

Rafiq Tağı ilə "Demokrat" qəzetinin əməkdaşı, gənc yazar Xuraman Hüseynzadə söhbətləşib

“Konformizm “ Konspekt

Şərhlər