Tarix: 20-05-2019 15:41
Baxış sayı: 1146
Eldənizlə - açığam. Ürəyini deşən nə sözü ola, üstümə yüyürəcək. Qarnındakı "göy gurultuları"nı eşitdirməyə də utanmaz. Həm də guya haçansa yeniyetmələrdən biri bu "göy gurultuları"nı buludların həqiqi toqquşması bilib, ona şer də qoşub. Oğlan "Bulud" adlı həmin romantik şerin üç-dörd yerində "şimşək" sözü işlədib. Guya onu indi də kim oxuya, gözləri önünə şimşək gələcək. Sən demə, poeziya ən idbar şeydən də törənər. Gözəlliklər heç, yəqin idbar şeylər durduqca da, poeziya duracaq. Poeziyanın aktuallığı əbədidir. Bir sözlə, onun "bağırsaq"larının tarixçəsi "Bulud"un tarixçəsindən uzundu. Hə, kişi "bayır"a gah elə gedər, dişlərinə sal, sınmaz, gah da elə ki - qaşıq götür, iç. Guya qəbizlik və ishalını zərgər dəqiqliyi ilə idarə edir. Onları yaxşı idarə etdiyindəndi də, artıq elə bilir, onda idarəçilik qabiliyyəti yaranıb. Deyir, böyük bir idarəni ona versinlər, gör necə rəhbərlik edir.
Bir sirri də var ki, novruzgülülər sayağı qəlbini ancaq yazdan yaza deşib üzə çıxacaq. Yazda sanki beyninin qurdu tərpənir: onda atası haqqında dişinin dibindən çıxanı deyir. Ədəb-ərkan gözləməz. Yazda atası barəsində dilinə bir rəhmət gəlməz. Atası dirilib gələ, inan, tutub təzədən öldürər. Yazda ataya nifrətləri birə-beş də yox, birə-on beş artır. Allah göstərməsin, üz pörtür, göz bərəlir. Özü də hələ, ay ata, sən iyirmi ildi dünyada yox... Görən, ata ölüb gedəndə də ata sayılırmı? "Bəlkə onda gülə-çiçəyə allergiya var?" - həkim yoldaşları gülə-gülə bir-birindən soruşar. "Gülün ataya nə dəxli?" "Axı, atası bu qoca oğlana neyləyib?" Hə, onda yaz nifrətləri artıq bir ənənə halı alıb. Yayda-payızda quzu kimi sakitdir. Qışda - dindirsən, dinməz. Yazdakı hirs-hikkəsini qışda ona xatırlatsan, güləcək - "Dəliyəm də-ə, deyər. - Dəlinin buynuzu olmur ki".
Hə, nəyi deyirdim, sərasər on yeddi ildi ki, hər yaz ağzı basa-basa Bakıdan rayona gedər, atasının başdaşını uçurar, baltalayıb-sındırar. Ancaq heç 2-3 ay keçməmiş, təzədən qayıdıb onu əvvəlkindən də yaxşı düzəltdirəcək. Eldəniz atasının başdaşını bir dəfə "molladili" ərəb qrafikasında yazdırıb. Sovet dövründə kirilə güc verdi, Mütəllibov latına keçəndə də - latına. Namxuda, indi hər il latınca iş görür. Yox, son macal onda irəliləyiş duyulur: tutmaları yüngül keçir. Novruzlarda kişinin qəbrinə baş çəkməz, üstündə Quran oxutdurub şam yandırmaz, bununla da qurtarıb gedər. Amma sonra hamıdan çox gedəcək. Rayon da bura deyil, ora deyil ha. İldə, yalan olmasın, bir ton şam yandırır. O, şam alanda, dükançının bayramıdır. Kənd mollası da onun oxutdurduğu yasinlərlə dolanır. Allahı verib; xəstə arvadının dərman işi düzəlib.
Eldəniz təqaüdə çıxan ili atası ölmüşdü. Qocaldıqca da uşaqlaşır, oturub-durub - "atam məni evləndirmədi", - deyir. Ağsaqqal adamın hələ də evlənib-evlənməməkdən söhbət salması qəribə idi. Guya atası acıqca istəməyib, istəsəydi, onu iki daşın arasında evləndirərdi. Ata ki var - hər şey edə bilər. Ancaq ona deyən gərək: artıq həştaddasan, bə nə əcəb, vaxt-vədəsində özün özünü evləndirmədin? Nə yapışıbsan atadan? "Mən onu bağışlamıram!" - bir gün də yumruğunu düyünləyib stola çırpası, çeçələ barmağını sındırdı. Çeçələ barmaq da hələm-hələm nə sınandı, nə də sındısa, bitən. Artıq gecdi, bitişmək keçdi, barmaq əldən sınıq budaq kimi sallanır. İndi hirslənəndə, stola ancaq sol əllə vurur. Özü də stolun tən ortasına; ta keçən dəfəki kimi tininə yox. Eldəniz evlənməyini ömrü boyu atasından umub. O da bu işi həmişə yazdan qışa atıb, qışdan - yaza. Kişi bürokratın cövhəri imiş.
Yox, "oğlan" yaman düşüb, sınıxıb-xarab olub. Həkimliyindən də tək bir sənətinin adı qalır. Arxaya daraya-daraya az qala yolub qurtardığı saçı dümağdı; başına sanki bir çəngə pambıq qoymuşdular. Üzündəki qırışların da hamısı - üzüaşağı. O elə bil ağlayırdı. Əl-ayağı əsir; tərpənən kimi başı yırğalanır. İkiəlli tutduğu qab-qacaqla mətbəxə gedəndə, cingiltidən qulaq tutulur. İnan, ayağı yarpağa ilişsə, yıxılar. Göy maykasının əyrisi həmişə göbəyindən aşağıdır. Üç kəlmə sözü yan-yana düzüb-qoşa bilmirsə də, onu işdə saxlayıblar ki, dolansın. Baxma tək oğlandı; təqaüd ümidinə qalsa, acından ölər. Bəh, "oğlan" adı da hələ üstündə! Əslində də, kim evlənmirsə, ölənəcən oğlan sayılmalıdır. Düzdü, işdə bəziləri ona "qoca oğlan" deyir. "Təcili yardım"ın daş qoyanlarındandır. Onunla birgə işə başlayanların çoxu çoxdan ölüb gedib. "Mən subaylığım sayəsində sağ qaldım; evlənənlər milçək kimi qırılıb qurtardılar". Təsəllisini də yaxşı tapıb: "Subaylıq uzun yaşamağın rəhnidir", - hərdən razılıqla deyir. Bu şoğərib adenoması olmaya, heç nədən şikayətçi deyil. Gecələri beş-on kərə subaşına duracaq. Peşosu gələndə, qalxıb elə tələsik geyinər, deyirsən, xəstə üstünə tələsir. Yeyəndə də elədir: sanki dalınca atlı qovur. Beləsi arvadla yatmış olarsa, yəqin "işini" bir göz qırpımında qurtarar. Sərçə kimi. Hərçənd Eldənizi arvadla yan-yana təsəvvür eləmək olmur. Təsəvvür eləsən də, fıs vurub yatmış tərzdə. Balam, demirlər ailə övlad törətmək üçündü? Buna bir-ikicə dəqiqə, bax, buracan bəsdi.
Hesablamışam, Eldənizin peşo intervalları düz 1 saat 55 dəqiqə çəkir. Nə artıq, nə əskik. Özü deyir, sidik kisəsi onun üçün zəngli saat yerindədir. Vaxtı onunla tənzimləyər: saat qurmağa nə hacət. Hər duranda da paltarını səliqə ilə geyinəcək. Deyirsən, əlbət, gəzintiyə çıxır. Hətta dəhlizdəki "bayquş"ları şübhəyə salmamaq üçün qalstukunu da taxır. İndiyəcən hamı onu abırlı-ləyaqətli görkəmdə görüb, inşallah, axıracan da elə görəcək. Hə, dəhlizdə birinə rast düşdüsə, sanki izi itirmək üçün ayaqyolundan əks səmtə üz tutur. Oturanlar pıqqıldaşır; onsuz qalstukla tualetə getməyin bicliyini hamı çoxdan tutub. Oğurluğa gedirmiş kimi çıxıb çöldən güdəcək, yalnız əl-ayaq çəkiləndə özünü "rahatxana"ya çatdıracaq. "Oxqay, dincəl, canım, dincəl". Öz aramızdı, oranın dincliyinə heç nə çatmaz. Heç arvad da adama elə ləzzət eləmir. Sonra təzədən əlbəəl yatmağa tələsəcək - qoy rejimi pozulmasın.
Yox, Eldəniz əsl azərbaycanlıdır; "elə yer"ə adam yanında getməyə həqiqətən utanır. Mən utancaq qocanı ilk dəfə görürdüm. Adətən, qocalar utanmaz olur; "rahatxana"ya aftavanı qız-gəlin əlindən rahatca alıb gedərlər. O, qız-gəlinə ömrü boyu ana-bacı kimi baxıb. Onlar da daim onu elə belə şeyin üstündə qınayıb, ələ salıb. Hətta bir dəfə onu alacağını gözləyən birisi qabırğasına bir "eşşək" sözü yapışdırmışdı. İnsafən, kişilər ona həmişə arxa durub və yenə durur, "bir oğlan kimi nümunəvidir", - deyirlər.
Onun hökumətə xidməti artıq bircə "tabel"i qollamaqdan ibarətdi. İşdə qalması baş həkimin mükəmməl humanistliyinə dəlalət edir. Bir tək bu fakta görə baş həkimin, üzdən müsəlmana oxşayırsa da, xristianlığı ehtimal olunurdu. Hətta o, İntibah dövrü adamıdır, deyirdilər. XX əsrə təsadüfən düşüb. Evində İntibah rəssamlarının albomları durur. Hələ institutda humanist filosoflardan "qidalanıb". Camaat Marks-Engelsi əzbərləyəndə, o, Kalvinlə Erazm Rotterdamskini oxuyurmuş. "Marksı oxuyan evyıxan olar", - deyərmiş. Eldənizlə bağlı təkcə baş həkim yox, hətta hər hansı millət barəsində də fikir yürütmək mümkündü. Özü deyir, almanlar onu işdə saxlamazdılar. O, Afrikada - indiyə çoxdan ölmüşdü; Rusiyada "bomj" idi.
Hə, yeməyi də - sərçə payı. Evdən südlü xörəklər gətirər. Xörəyin içində, yalan olmasın, bir metr uzunluqda makaronlar görüblər. Yanı güllü göyümtül qazanı qazın üstə atıb yanındaca duracaq. "Qazan" demə - silindrik bir quyu. "Keşik çəkirsən?" - hərdən lağ-loğazla ondan soruşurlar. "Hə!" - o da kəsəsinə və sərt cavab verir. "Əşi, sən zarafat-zad götürmürsən?" "Di yaxşı, çıx get". Qazanın qapağını yalnız tək qalanda açar; guya bir kimsə onun xörəyini görməsin. Ancaq onsuz adamlar südlü xörək iysini artıq bir kilometrdən duyub. Əlbəttə, süd qoxusuna hamı ta bəbəlikdən bələddir. Bu "oğlan", təəssüflə deyirdilər, südlə hara gedib çıxacaq. Onun evlənməsi keçdi. Evlənmək erotika tələb edən şeydi. Süddən də nə fayda. Hərçənd Eldəniz - "Süd - uzun ömürün rəhnidir", - deyir. "Pa atonnan, hər şey həmişə nəyinsə rəhnidir", - camaat da ona şəbədə eləyir. Otuz ildi dilinə kabab tikəsi dəyməyib. Kabab onu çataçat öldürər; ət onun bədəni üçün dəmirdən betərdir. Ya ən azı qayışdan.
Yox, atası "yaxşı təşkilatçı" olmayıb. Əsas da ürək yandırmayıb. Onu subay qoymaqla böyük günaha batıb. Amma o, qəbizlik və ishalını yaxşı tənzimləməsi səbəbindən, artıq özündə təşkilatçılıq qabiliyyəti duyurdu. Ona hər hansı bir idarəni ver, kişi kimi idarə eləsin. Hətta özü evlənə də bilər.
"Bədbəxtəm, qoy elə bədbəxt də qalım", - ölüb min ilin ölüsünə qarışmış atasına hərdən sanki acıq verir. "Qoy ona ayıb olsun", - bəzən də sakitcənə deyi&sh