Tarix: 02-04-2018 16:51
Baxış sayı: 1878
Traktat əvəzi
Qardaşlar, mən qədimlərdə “ömr etmiş” olsaydım, bəşəriyyətə dürlü traktatlar qoyub gedəcəkdim. Ancaq neynəməli, artıq qədimlər mənsiz nöqsanlıdır. Mən gecikib XX yüzildə dünyaya göz açmış bir Şərq mütəfəkkiriyəm. Həri, kamilliyi üçün qədimlərin cəmi bir mütəfəkkiri çatmır. İndilikdə mən traktat əvəzi xırda-mırda şeylər yazmaqla məşğulam.İxtiyarımda traktatlıq zaman yoxdur. İnformasiyalara güclə vaxt tapıram.
***
Qardaşlar, kim həyata “şirin” deyirsə, haqlıdır. Mən də təsdiqləyirəm ki, zarafatsız, həyat onu vətən-zad uğrunda bada veməmək dərəcəsində şirindir. Bənzəyişi azdırsa da, onu desəm olar, deməsəm olmaz ki, erotika qatqılı həyatda xoruzların yar bildiyi anlardakı toyuq şirinliyi var. Di gəl, Erosun belini əxlaq qırır. Həm də, Erosdan uzaq qocaların ölüm arzulamalarını hamımız görüb. Bir iş var ki, iki əməl, əxlaqı güclü insan erotik effekti qeyrətdən almağa məcburdur. Ancaq Ətağa cəddi, əxlaq Allahın nəzərdə tutmadığı şeydir. Hərçənd Allah ondan xəbərdardır. Əxlaq Allahın kamil bilib yaratdığı insana sonrakı məcburi düzəlişlər cəhdidir. Əxlaq qanunvericilikdə təsbit olunmuş zorakılıq aktıdır. Azərbaycanda əxlaq birbaşa həyata qarşıdır və onu rədd edir. Allah üzümüzə baxıb, yoxsa biz öz yaratdığımız və üstəlik, öyündüyümüz əxlaqa tam riayət etmiş olsaydıq, bir millət kimi çoxdan zırbazır olub getmişdik. Amma əbədi də yox, həndəsi silsilə üzrə çoxalmışıqsa, sən demə, onda əxlaqa lotuluq və kələk vasitəsi kimi baxmışıq. Həri, Azərbaycanda əxlaq həyata münasibətdə səhvdir. Yaxud belə deyək, dominant əxlaq müqayisəsində Azərbaycanda həyat cinayət tərkiblidir. Həyat Azərbaycanda əxlaqla, ıxlaqsa həyatla ləkəli. Sizə bir bədyə danışım. Heç vaxt dost olmaq istəmədiyim gombul bir tanışım gözlərimin önündəcə qocalanacan yaşadısa da, başqası arvadın dörd-beşini alır, bu heç birini də almadı. O, bütün arvadlara, hətta fahişələrə də anam-bacım deyə-deyə ömrü yelə verdi. Fahişələrə də müqəddəs münasibətində Lev Tolstoyun Nexlyudovuna bənzəyişinə əsasən, mən onda iç bir xristianlıq aşkar etmişdim. O, zahirdə mübarək bir müsəlman, batindəsə iyrənc bir xristiandı. Arvad almağı şorgözlük sandı, bu işi ar bildi. Bə öz millətinə qarşı namussuzluq necə olar, evlilik barəsində həmişə belə deyərdi (burda bədyə bitir). Qardaşlar, əxlaq ictimai-sosial yalançı, ancaq guya bəşəri bir dəyərdir, insanların (yenə guya) dinc yanaşı yaşaması istəyindən doğur. Həri, əxlaq ölüvay sülhsevərlərin qəlbindən pırr eləyib qalxan topal bir göyərçindir. Əxlaq həm də ölüvayların qəddarlığı əlamətidir.
Əlbəttə, həyat müharibəni labüd edir. Əslində müharibə həyat uğrunda çalışmadır. Həyatın parametrləri müharibə və sülh ölçülərindən genişdir. Həyat fövqündə əxlaq bəzəkli çərçivələr şəklində görsənir. Əxlaq qorxudan törənmə şeydir və məndə heç cürə ehtiram doğurmur. Lakin həyat, əbədiyyətə səmtləndiyindən hörmətin hər cürəsinə layiqdir. Albert Şveytser fəlsəfəsinin də, kim demiş, ana xətti “həyata ehtiram” idi. İsa peyğəmbər də əslində həmişə həyatı təsdiq edib. Bəşər mədəniyyəti həyat naminə, onun xatirinə yaradılıb. Biz çağdaş sivilizasiyanın da həyata sürətli xidmətinin şahidiyik.
Qardaşlar, mənim içimdə həyatı ucaldıcı əxlaq imperativləri var. Mən qəhrəmanlıqdakı şəhidlik komponentinin ixtisarı arzusundayam. Mən yazıqlıq cizgilərini silməklə əxlaqı həyata uyğunlaşdırmaq niyyətindəyəm. Mənim amalım həyat bəxş etməklə - düşməni yalnız bu yolla alçaltmaqdır. Məsələ düşmənin varlığında yox, ona verilən həyatın alçaldıcı rolundadır. Həyatla kontakt həmişə sevinc gətirir. Düşmənə bəxş olunan həyat onun günahlarının çoxalmasına məsrəf edilmiş sayılmalıdır. Mən günahdan çəkdiyi əzabları düşmən üçün ölümdən üstün tuturam. Həri, əxlaq həyatın yalnız parlaqlığı üçün gərəkli ola bilər. Əxlaqın ancaq həyat eşqini artıranı məqbuldur. Yalnız dionisik əxlaq xoşbəxtliyə səmtlənir. F.Nitsşe əxlaqı həyatdan imtina üçün əsas görmürdü. Həyat işartı şəklində də gözəldir. Həyatın mikroskopik ölçüsündən də bərk yapışmaq lazımdır.
Yalnız həyat qələbə üçün gərəklidir.
Şərqdə əxlaq həyata müvafiq deyil. Şərqdə əxlaq insan xarakterinə, onun mahiyyətinə uyğun gəlmir. Bu əxlaq Kitab yazanların qoca təfəkküründən nəşət tapır. Əxlaq qoca başların uydurmasıdır. Qərb həyatın maksimal təsdiq məkanıdır. Qərbdə əxlaq Şərqdəkindən fərqli despotik deyil. Qərbdə əxlaq daha həyati və azadlıqla daha çox süslüdür. Qərbdə insan əxlaqla şarlatanlıq etmir, Şərqdəsə - edir. Şərqdə əxlaq dekor rekvizitidir. Şərqdə əxlaq ölümə sürükləməklə fanatik kütləni aldadır da, Qərbdəsə - aldatmır.
Qardaşlar, mən ölməzliyi əxlaq norması seçirəm. Mən bu dünyada əbədi yaşamağa gəlmişəm. Əbədiyyət – ömrümün uzunluğudur. Mən insanlar üçün şəhidliyi yox, yalnız həyatı əxlaqdan sayardım. Millət yalnız həyat vasitəsilə tərəqqi tapır və bu tərəqqi şəhidliyi heçə endirir. Şəhidlik bəşəriyyətin hələ də primitiv yaşam tərzini rəmzləndirir. Millətin öz eyiblərinə şəhidliklə haqq qazandırması, məğmunluğunu şəhidliklə əsaslandırması əxlaqsızlıqdır. Şəhidliklə riyakarlıq etməyək, gəlin həyatı uca tutaq.