Şərif Ağayar: "Ona saplanan bıçaqlar..."

Tarix: 25-03-2015 10:48
Baxış sayı: 2191

 

Ona saplanan bıçaqlar…

Rafiq Tağı üçün

Onu təcili tibbi yardım üçün kasıb bir məhəlləyə çağırırlar. Doktor içəri girəndə görür ki, evin qadını azyaşlı uşqlarını yedirtmək üçün köhnə və quru çörəkləri ilıq suda isladır. Xəstəni vəziyyətdən çıxardığı anlarda yazıçı gözü ilə müşahidə aparır: süfrədə bu islanmış çörəkdən başqa heç nə yoxdur! Söhbət əsnasında ailənin Qarabağdan Bakıya qaçqın kimi pənah gətirdiyini öyrənir. İşini bitirəndən sonra aşağı düşür və əlində iri bir zənbil geri qayıdır. Zənbildə ailənin bir həftəlik ərzaq azuqəsi var! Evin gənc kişisi əvvəlcə tanımadığı təcili yardım həkiminin sovqatını qəbul etmək istəmir. Ancaq doktorun üzndəki təmənnasız işığı, hərəkətlərindəki səmimiyyəti görüb təslim olur.

Sonralar həmin gənc ailə başçısı qohumlarının araçılığı ilə ticarətlə məşğul olmaq üçün Moskvaya gedir, işləri avand olur və çoxlu pul qazanır. Amma həmin qəribə doktoru unutmur, bir gün yerini-yurdunu öyrənib ailəlikcə onlara qonaq gedir. 

Doktor həbs olunanda isə əlindən gələn köməyi əsirgəmir…

Oxşar hadisə bir dəfə də mənim başıma gəldi. Evdə xəstə var idi. Xətrini dünyalar qədər istədiyim, atamdan-qardaşımdan artıq özümə arxa-dayaq bildiyim dəyərli dostuma zəng vurdum, həkimlərin çoxuna inanmıram, istəyirəm xəstəyə sən də baxasan dedim: “Hara deyirsən gələk!”

Doktor azca düşünüb qərar verdi: “Mən özüm gələrəm.” 

Yolda böyük mağazaların birinin qarşısında maşını saxlatdırdı, “kontur” almalıyam deyib düşdü. Onun çox ləngidiyini görüb arxasınca getdim. Artıq böyük bir zənbili cürbəcür meyvələrlə doldurmuşdu… Etiraz etdim, üzü nura boyandı: “Sənlik deyil, mən bunu balacalar üçün alıram.”

Həmin gün qaldığımız binada bəlkə on nəfərə yaxın imkansız xəstəni müayinə edib hamısına müalicə yazdı. Bəxtəvər günlər: axşam isə Əjdər Olla görüşməliydik. Onun təklifi ilə Milli Kitab Mükafatının onluğuna düşən yazıçılar ilk dəfə bir masa ətrafına toplaşacaqdılar…

Doktor bircə dəfə gəlişi ilə evimizin əziz adamına çevrilmişdi və 23-ü günü mən işdən gələndə ailəmizdə yas gördüm. Qızım sonsuz bir kədərlə üzünü mənə tutdu: “Ata düzdü ki, Rafiq Tağını ölürüblər?” Nə deyəcəyimi bilmədim. Çünki bu xəbərə özüm də inanmırdım.

Mənə zəng vurub dedilər ölüm xəbərini. Halım pisləşdi, əlimi dərman üçün cibimə atdım: həmin dərmanı doktor özü yazmışdı mənə…  
        
Onu heç cür başa düşmədilər.

Onun nə qədər dəyərli bir insan, dəyərli bir qələm sahibi olduğunu anlamadılar.

Qarşılığında o, ilahi bir sevgi ilə sevdi bu vətəni, bu məmləkəti.

Ölümlə hədələnəndə də, qaragüruh üstünə ayaq alanda da getmək istəmədi Azərbaycandan.      

Allahı, peyğəmbəri ondan qorumağa qalxdılar. 

Ömrü insanların mənəvi və fiziki sağlamlığını qorumaqda keçən bir insanın qanına susadılar.

Allahı da, peyğəmbəri də tapdaladılar!

İndi bütün qələm dostları ona saplanan bıçaqların yarasını öz ürəyində hiss edir.

Yasında hər kəsin bir sifət qocaldığının şahidi oldum.

Hamının qəddi bir az əyilmişdi elə bil.   

Onu anlamayan, anlamaq istəməyən, üstəlik üstünə bıçaq çəkəcək qədər cahil olan bir cəmiyyətdə yaşamaq bizim üçün it əzabıdır.

Qəzamız mübarək olsun!

Digər xəbərlər

Rafiq Tağıya 13 solaxay sual

Yazıçı Rafiq Tağının ölümünün 40-cı günü tamam oldu

“İki Tağıyev İlqar” Kədərli və adsız yazı

Folklorun ölən çağı

Eklektik fikirlər

Şərhlər